Ekspert rəyləri

ABŞ tarixində hər zaman xatırlanacaq hadisələrin təhlili

Mətbuatdan aldığımız məlumatlara görə hazırkı Prezident Donald Trampın çoxminlik tərəfdarları Kapitoliy yaxınlığında etiraz aksiyası keçirmiş, daha sonra onlardan bəziləri Konqres binasına soxulmuşlar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub. Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb. Bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib. Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb. Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

 

 

Həmin gün keçirilmiş prezident seçkilərin yekunu olaraq demokratların namizədi Co Baydenin nəticələrini təsdiqləyəcəkdi.

 

Co Bayden baş verənlərin demokratiyanın bütün kövrəkliyini nümayiş etdiyini bilidirib. Bayden bu hadisələrin həmçinin demokratiyanın “cəsur liderlərin” müdafiəsinə ehtiyacı olduğu faktını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu rolu yalnız yaxşı niyyətli və ümumi rifah üçün çalışan insanlar öz üzərlərinə götürə bilər. Onun sözlərinə görə Demokratiyanı şəxsi maraqlarını güdən, hakimiyyətə həris olan insanlar qoruya bilməz. Bununla yanaşı, ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib. Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb. Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.

 

Tərəfdarların hücumu, İngiltərə-Amerika müharibəsinin gedişində ingilislərin 1814-cü ildə hücumunu xatırlatdı.

 

Bir sözlə, 2021-ci ilin Vaşinqton üçün böyük problemlərlə başladığını qeyd edə bilərik.

 

D.Tramp prezident olduğu dövrdə bir çox uğursuzluqlar yaşamış, lakin bəzi uğurları da olmuşdur. Bu yazıda ultrasağçıların Şarlotsvilldəki (Virciniya ştatı) yürüşdən (Unite the Right rally), Corc Floydun öldürülməsindən, D.Trampa qarşı impiçmentdən, “Yaxın Şərq Sülh Planı”ndan, Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərindən və s. danışmayacağıq.

 

ABŞ-da keçirilən seçkilər və sonkarı proseslər ətrafında çoxlu maraqlı hadisələr olsa da, bəzi detalları tezislər üzərindən təhlil etməyə çalışacağıq.

 

 

 

1. Bütün dünyanın elektronlaşdığını və sosiallaşdığını nəzərə alaraq birinci qeyd etməliyik ki, baş verən hadisədən sonra “Facebook” rəhbərliyi “Twitter”-in ardınca Donald Trampın yeni paylaşımlarını qadağan edib. Qadağa 24 saat qüvvədə olacaq. Eyni zamanda, əgər D.Trump “Twitter”-də  “şiddət riski” xəbərdarlıq etiketləri ilə işarələnmiş mesajları silməzsə, hesabı həmişəlik bloklanacaq. Bütün bunlar hamıya demokratiya və söz azadlığı dərsi keçən dövlətdə baş verir. Paradoksdur…

 

2. ABŞ-ın keçmiş prezident Barak Obama Trampı zorakılığa təhrik etməkdə günahlandırdı. Obamanın fikrincə, baş verən hadisələr “Amerika xalqı üçün böyük bir utanc anı” oldu. Müasir ABŞ tarixində görünməmiş hadisələr cərəyan etməyə başladı. Donald Trampın tərəfdarlarının Kapitoliyi ələ keçirtməyə çalışması dünya ictimaiyyətini şoka saldı. ABŞ demokratiyasının qalası hesab olunan Vaşinqtonda bu cür hadisələrin baş verəcəyini təsəvvür etmək mümkün deyildi. Polis zabitləri nümayişçiləri Kapitol binasının içərisinə buraxmamaq üçün silahlara əl atdılar. Bununla yanaşı, gözyaşardıcı qazdan istifadə olundu. Ekstremistlər Senatdakı vitse-prezidentin yerində durur və Nümayəndələr Palatasının spikerinin masasının arxasında otururdular. Həqiqətən də 6 yanvar tarixi ABŞ-ın ən qaranlıq günlərindən biri oldu. Sözün bütün mənalarında…

 

3.  ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonu xatırlamalı olacağıq. O, 1797-ci ildə 2 dövrlük prezidentlikdən sonra könüllü şəkildə vəzifəsindən ayrılan şəxs kimi tarixə düşüb. Amma bunu etməyə də bilərdi. Qeyd edək ki, Konstitusiyaya prezidentliyi iki dövrlə məhdudlaşdıran 22-ci dəyişiklik yalnız 1951-ci ildə təsdiqlənmişdir. O dövrdə C.Vaşinqton bütün tənqidçilərin söylədiklərinə baxmayaraq vəzifədə uzun müddət qalmaq istəmədi. Həmin jestdən 200 il keçsə də bu qərar Corc Vaşinqtonun ən böyük hərəkətlərindən biri və konstitusiya demokratiyasının formalaşmasında ən əhəmiyyətli qərarlardan biri olaraq qəbul edilir. Həm də onun hakimiyyəti dövründə siyasi proseslərdə şiddətli etirazlardan daha çox qanunun aliliyinin təmin olunmasına önəm verildi. Siyasi ekspertlərin fikrincə, Donald Tramp qarşısında olan sınaqlardan çıxa bilmədi. O, könüllü olaraq və böyük lütfkarlıqla vəzifəsini tərk edə bilmədi və ya bunu etmək istəmədi.

 

4. Bu gün hətta Avropanın mətbu orqanları yazır ki, D.Tramp şiddətli etirazları dayandırmaq əvəzinə onları təşviq edirdi. Etirazçılara ünvanlanan video çox gec yayıldı və bu da kifayət etmədi. Nüfuzlu “Guardian” qeyd edir ki, Trampın çevriliş etməyə cəhd göstərib. Qəzetin fikrincə, baş verənlərin məqsədi Baydenin prezident olmasına mane olmaq idi və bu, onun prezidentliyini təmsil etmək və yeni administrasiyanın rolunu zəiflətmək kampaniyasının bir hissəsidir. Baş verənləri təsvir etmək üçün KİV-də istifadə olunan sözlər də narahatlıq doğururdu: çevriliş, üsyan, qiyam, təhrikçilik...

 

5. Demokratiya... Demokratiya, ortaq qərarların qəbul edilməsinə və nəticənin, nə olursa olsun hörmət edilməsinə imkan verən bir razılaşma sistemidir. Kapitolidə gördüyümüz zorakılıq avtoritar xarakter daşıyır. Bu, başqalarını təhrikçilərin iradəsinə tabe olmağa məcbur etmək üsuludur.

 

6. Donald Tramp çıxışlarının birində Amerikanın üçüncü dünya dövlətinə çevrildiyini elan etmişdi. İndi isə o özü daha çox qeyri-sabit ölkələrdə hakimiyyətin zorla ötürülməsi ilə bağlı həyəcan yaradı. Kapitolun içərisində konqresmenlər 1876-cı il presedentini müzakirə etdilər və Amerika Birləşmiş Ştatları Konstitusiyasının müəlliflərinin istəklərini təxmin etməyə çalışdılar. Kapitolidə baş verən insident göstərir ki, “Trampizm” heç yerə getməyib və Tramp bundan sonra da Respublika Partiyasının balanssız qalmış hissəsinin dəstəyindən istifadə edəcək, özü isə çox güman ki, Ağ Evi yalnız bir müddətlik tərk etdiyini düşünəcək. ABŞ-ın digər bölgələrindən Vaşinqtona gələnlər evlərinə dönəcək və mübarizələrini davam etdirəcəklər. Ancaq ehtimal olunur ki, respublikaçıların Trampı prezidentlikdən getdikdən sonra partiyalarının lideri kimi görmək şansları xeyli azalacaq. Ola bilsin ki, D.Trumpın məsuliyyətə cəlb olunması ilə bağlı fəaliyyət də həyata keçiriləcək. Çünki bu hadisədən sonra ABŞ-ın dünyadakı nüfuzu ciddi şəkildə sarsıldı. D.Tramp seçkinin nəticələrini heç bir rasional izahat vermədən şübhə altına aldı və Amerika cəmiyyətinə dəhşətli yaralar vurdu. ABŞ-ı çətin bərpa dövrü gözləyir. Dəymiş ziyan çox böyükdür.

 

7. Donald Trampın ətrafında lap əvvəldən qəzəb, nifaq və konspirasiya nəzəriyyələri dolaşırdı. Sonda isə məğlub olan, lakin güclü liderindən yapışaraq mübarizə aparan və ona inanan qəzəbli bir dəstəyə şahidlik etdik. İstənilən halda, “06.01.2021” Amerika Birləşmiş Ştatları tarixinin ən qaranlıq günlərindən biri olaraq xatırlanacaq. Hakimiyyətin dinc yolla ötürülməsini simvollaşdırmaq üçün nəzərdə tutulan bir gün əvəzinə, Prezident Tramp tərəfindən təşviq edilən və dəstəklənən bir izdihamın Kapitoliyə basqın edərək Nümayəndələr Palatasının qapılarının şüşələrini sındırdığı və silahlı qarşıdurma yaratdığı gün kimi xatırlanacaq.


STM-in baş məsləhətçi, politoloq İlyas Hüseynov

PAYLAŞ

Oxşarlar

“Süni intellekt bədii mətnlərə də baş vuracaqsa  “orta səviyyəli bədii stilizasiyadan” o yana keçməyəcək...”

“Süni intellekt bədii mətnlərə də baş vuracaqsa “orta səviyyəli bədii stilizasiyadan” o yana keçməyəcək...”

05 Yanvar 2021

  STM-in baş məsləhətçisi Tural İsmayılov şair Səlim Babullaoğlu ilə söhbətləşib. Həmin söhbəti təqdim edirik:   Tural … ƏTRAFLI

Qismət Rüstəmovla Mario Varqas söhbəti (Müsahibə)

Qismət Rüstəmovla Mario Varqas söhbəti (Müsahibə)

18 Dekabr 2020

Müsahibimiz yazar Qismət Rüstəmovdur. Qismət: “Lyosanı ona görə oxumaq lazımdır ki, gerçəkləyin birqatlı, birüzlü olmadı… ƏTRAFLI

“Peyvənd milliyyətçiliyi”ylə necə mübarizə aparmalı?

“Peyvənd milliyyətçiliyi”ylə necə mübarizə aparmalı?

16 Dekabr 2020

Koronavirus peyvəndinin qısa vaxtda pandemiyayla mübarizə üçün istifadəyə veriləcəyi açıqlandıqdan sonra varlı ölkələr dərman … ƏTRAFLI