Son onillikdə qlobal miqyasda iqtisadi-siyasi qeyri-sabitliyin, miqrasiya və qaçqın axınlarının, münaqişələr və terrorizmin, ümumilikdə dövlətlərin siyasətində yaşanan böhranların artması fonunda həm yeni sağ, həm də sol siyasi-ideoloji cərəyanlar, o cümlədən onların radikal təzahürü olan hərəkatlar formalaşmaqdadır. Ənənəvi siyasi partiyaların nüfuz itirdiyi bir dövrdə bu cərəyanlar narazılığın ifadə forması olaraq meydana çıxıb mühüm siyasi təsir formalaşdıra bilir. Bir sıra hallarda dağıdıcı xarakterinə görə təhdid ünsürləri olaraq qəbul edilən və fəaliyyəti məhdudlaşdırılan bu yeni siyasi formasiyalar, konstruktiv siyasi iştirakçılıq nümayiş etdirdikdə isə dövlət idarəetməsinin bir parçasına çevrilə bilirlər. Bu, mühüm ölçüdə onların idarəçiliyin təşkilinə yanaşmalarından, xarici təsir agentləri olub-olmamasından asılı olaraq dəyişir. Bu məqalədə dünyadakı sağ və sol siyasi-ideoloji cərəyanların formalaşması tarixçəsi və yeni radikal hərəkatların nümunələri təqdim olunaraq, onların yüksəliş səbəbləri və siyasətə təsir imkanları araşdırılır.
Radikal hərəkatların formalaşmasına nəzəri-siyasi baxış
Radikalizm ictimai-siyasi sistemdə köklü dəyişikliklərə çağıran və ənənəvi ideoloji çərçivələrdən kənara çıxan düşüncə tərzidir. Radikal hərəkatların güclənməsinə səbəb olan əsas amillər olaraq aşağıdakılar qeyd oluna bilər: iqtisadi qeyri-bərabərlik və işsizlik, miqrasiya və qaçqın böhranı ilə paralel artan mədəni inteqrasiya problemləri, postmodernist ideoloji meyillərin milli dəyərlər baxımından təhlükə olaraq dəyərləndirilməsi, islamofobiya, dünya miqyasında artan münaqişə və terror təhlükələri, vahid Avropa siyasətinə və qloballaşmaya qarşı çağırışlar, ənənəvi partiyalara qarşı inamsızlıq, müasir medianın manipulyativ imkanları və s. Sağ radikalizm daha çox millətçiliyin yüksəlişi, miqrantlara və qaçqınlara qarşı mövqe və konservativ dəyərlərlə səciyyələnirsə, sol radikalizm iqtisadi bərabərlik, antikapitalizm və sosial ədalət prinsipinlərinin qabarması ilə müşayiət olunur.
Sağ siyasi-ideoloji tendensiyanın yüksəliş tarixçəsi
Sağ hərəkatların siyasi səhnədə rolu müxtəlif dövrlərdə dəyişsə də, onların ideoloji kökləri XVII-XIX əsrlərə, yəni Avropada modern milli dövlətlərin formalaşdığı dövrlərə gedib çıxır. Zamanla bu hərəkatlar müxtəlif ideoloji formalar alaraq sağ-mühafizəkar, sağ-populist, ultrasağ və neofaşist cərəyanlara ayrılmışdır. “Sağçılıq” termini ilk dəfə Fransız İnqilabı (1789) dövründə istifadə olunmağa başlamışdır. İnqilab zamanı parlamentdə kral və kilsə tərəfdarları sağda, islahatçılar isə solda oturduqları üçün bu anlayış yaranmışdır.
Ənənəvi sağçılığın əsas xüsusiyyətləri monarxiyanın və dini institutların müdafiəsi, iyerarxik sosial quruluşun qorunması, əmlak hüququnun və fərdi azadlıqların vurğulanması, inkişaf edən burjuaziya ilə aristokratiya arasında kompromisin əldə olunması idi. XIX əsrdə Avropada mühafizəkar sağ ideologiya Edmund Burke kimi filosofların fikirləri ilə inkişaf edərək radikal dəyişikliklərə qarşı ehtiyatlı yanaşmanı təbliğ edirdi. Sənaye inqilabı, urbanizasiya və işçi sinfinin yüksəlişi fonunda sosialist və sol hərəkatlara qarşı sağ qüvvələr sərt reaksiya göstərməyə başladılar. Bu dövrdə millətçilik gücləndi və sağ ideologiyaya daxil oldu. Yeni sağ ideologiya əsasən etnik millətçiliyin güclənməsi (xüsusilə Almaniya və İtaliyada), yəhudilər əleyhinə ritorikanın və irqçiliyin artması, antikommunist və antiliberal düşüncələrin formalaşması ilə müşayiət olunmağa başladı. Xüsusilə I Dünya müharibəsindən sonra Avropada yaranan siyasi və iqtisadi xaos ultrasağ hərəkatların yüksəlişinə şərait yaratdı. Bu dövr sağ radikalizmin ən ekstremal forması olan faşizm və nasizm ilə səciyyələnir. Bunun əsas nümunələri İtaliya, Almaniya və İspaniyada yarandı: İtaliyada Benito Mussolininin rəhbərliyi ilə Faşist Partiyası 1922-ci ildə hakimiyyətə gəldi və korporativ, totalitar dövlət qurdu. Almaniyada Adolf Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) 1933-cü ildə hakimiyyətə gələrək nasist rejimini qurdu. İspaniyada isə Fransisco Franko 1939-cu ildən etibarən ultrasağ avtoritar diktaturasını yaratdı.
Beləliklə, bu dövrdə sağ hərəkatlar avtoritar liderlər ətrafında toplaşaraq demokratiyanı ləğv etdilər, azlıqlara qarşı repressiyalar həyata keçirdilər və II Dünya müharibəsinə səbəb oldular. II Dünya müharibəsindən sonra faşizm və nasizm dünyanın verdiyi qəti bir qərarla tarixin arxivində qalmağa məhkum edildi. Lakin sağ ideologiya ümumilikdə liberal demokratiya çərçivəsində yenidən təşkil olundu.
Yeni sağ dalğa anglo-sakson ölkələrdə, xüsusilə ABŞ və Birləşmiş Krallıqda neoliberal sağ ideologiya formasında yüksəldi. 1980-ci illərdə Ronald Reyqan (ABŞ) və Marqaret Tetçer (Britaniya) rəhbərliyində azad bazar, vergi azaldılması və dövlətin rolunun məhdudlaşdırılması prioritetləri elan edildi. Bu mərhələdə sağçılıq əsasən iqtisadi yönümlü idi və mədəni mühafizəkarlığı da özündə birləşdirirdi.
Sovet İttifaqının süqutu və kommunist təhdidin aradan qalxması sağ ideologiyaya yeni istiqamətlər verdi. 1990-cı illərdən etibarən gedərək güclənməkdə olan yeni sağ əsasən antimiqrant ritorikası, antiislami düşüncə, milli identikliyin itirilməsi və milli maraqların tapdanması qorxusu ilə vahid ittifaq əleyhinə yönələn, məsələn, anti-Avropa İttifaqı siyasətləri, iqtisadi qloballaşmaya qarşı çıxışlar üzərinə köklənərək öz ideoloji sütunlarını formalaşdırmağa başladı. Bu mərhələdə bir çox Avropa ölkəsində sağ populist partiyalar siyasi meydanda aktivləşməyə başladı. Məsələn, Avstriyanın Azadlıq Partiyası (FPÖ), Fransada Milli Cəbhə (National Front), Hollandiyada Azadlıq Partiyası (PVV) və s. qeyd oluna bilər.
Beləliklə, sağ hərəkatlar tarixi-siyasi şəraitin diktəsi ilə müəyyən dəyişikliklərdən keçərək mahiyyət baxımından yeni ideoloji çərçivəyə düşmüş, sosial-iqtisadi və mədəni proseslərə uyğun şəkildə formasını dəyişmişdir. Bu hərəkatlar zamanla ənənəvi mühafizəkarlıqdan avtoritar faşist rejimlərə, liberal sağa və nəhayət, populist və radikal sağ hərəkatlar kimi formalara keçid etmişdir.
Sol siyasi-ideoloji tendensiyanın yüksəliş tarixçəsi
Sol hərəkatların formalaşması Avropada sənaye kapitalizminin və sosial bərabərsizliklərin güclənməsi ilə paralel şəkildə inkişaf etmişdir. Bu hərəkatlar cəmiyyətin iqtisadi və sosial strukturunda fundamental dəyişikliklərə çağıraraq tarixin müxtəlif dövrlərində inqilablar, sosial hərəkatlar və siyasi ideologiyalar şəklində ortaya çıxmışdır. Sol ideyanın ilkin rüşeymləri Maarifçilik dövrünə gedib çıxır. İnsan hüquqları, bərabərlik və azadlıq prinsipləri bu dövrdə formalaşmışdı. 1789-cu il Fransız İnqilabı bərabərlik ideyasını siyasi gündəmə gətirdi və solun siyasi simvoluna çevrildi. XIX əsrin əvvəllərində sənayeləşmə və kapitalizmin güclənməsi ilə sosial bərabərsizliyə qarşı düşüncələr yayılmağa başladı. Bu dövrdə utopik sosializm (Saint-Simon, Fourier, Oven), kommunizm və elmi sosializm (Karl Marks və Fridrix Engels) nəzəriyyələri ilə sol siyasi-ideoloji hərəkatın əsası qoyuldu. Marksizm sinfi mübarizənin zəruriliyini və proletariatın inqilabla burjuaziyanı devirməli olduğunu əsaslandırmaqla sol radikalizmin ən güclü nəzəri əsası hesab olunur. XX əsrin əvvəllərində sol radikalizm artıq konkret siyasi və təşkilati formalar almış, əsas yüksəlişi isə 1917-ci ildə baş verən Oktyabr Sosialist İnqilabı ilə baş vermişdi. Bu inqilab dünya miqyasında sol hərəkatlara böyük təsir göstərdi. Sovet İttifaqının - Kommunist Partiyasının rəhbərliyində birpartiyalı sosialist sistemin qurulması, Komintern (Kommunist İnternasional) – dünya üzrə kommunist partiyaların koordinasiyası və radikal solun qlobal yayılmasını nəzərdə tutan təsisatın yaranması yeni dövrdə qlobal siyasətdə sol hərəkatların yüksəlişini göstərən ən vacib hadisələr idi. Bu dövrdə sol radikal ideyalar təkcə Rusiyada (SSRİ-də) deyil, Almaniya (Spartakistlər), Macarıstan (Bela Kun), İtaliya və Çində də inqilabi hərəkatlara yol açmışdı.
XX əsrin birinci yarısında sol hərəkatlar həm də faşizmə qarşı ideoloji və silahlı mübarizədə ön cəbhədə oldular. İspaniya Vətəndaş müharibəsi (1936–1939) bu baxımdan əlamətdardır. Burada solçular, anarxistlər və kommunistlər birləşərək general Frankoya qarşı döyüşürdülər. Bu dövrdə bir çox Avropa ölkəsində işçi sinfinin təşkilatlanması, sol ideoloji düşüncəni yayan qəzetlər və təbliğat vasitələrinin artması, geniş xalq təbəqələrinin radikal sola meyli müşahidə olunurdu. Lakin nasist Almaniyasının və faşist İtaliyanın güclənməsi ilə radikal sol qüvvələr çox vaxt yeraltı fəaliyyətə keçməyə məcbur oldular. II Dünya müharibəsindən sonra dünyanın iki qütbə bölünməsi – kapitalist Qərb və sosialist Şərq – sol hərəkatlara həm imkanlar, həm də məhdudiyyətlər gətirdi. Şərq bloku, yəni Sovet İttifaqı və onun peyk dövlətləri radikal sol ideologiya üzərində qurulmuşdu, lakin bu ideologiya praktikada avtoritar sistemə çevrildi. Qərbdə isə sol hərəkatlar müxtəlif formalarda inkişaf etdi: Yeni sol 1960-cı illərdə Qərbdə ortaya çıxaraq klassik kommunist partiyalardan fərqli olaraq daha çox insan hüquqları, qadın azadlığı, ətraf mühit və antiimperializm mövzularına fokuslandı. Yeni solun ən məşhur hərəkatlarına nümunə olaraq 1968-ci ilin mayında Fransada tələbə və işçilərin etiraz aksiyaları, 1964-cü ildə ABŞ-da Berkli tələbə hərəkatını, Qərbi Almaniyada 1970-ci illərdə formalaşan, 1998-ci ilədək mövcudiyyətini qoruyan radikal sol hərəkat - Qızıl Ordu Fraksiyasını (Red Army Faction) göstərmək olar. Bu hərəkatlar imperializmə, kapitalizmə və nasizmə qarşı etiraz olaraq yüksəlirdi. Bu dövrdə həmçinin müxtəlif silahlı solçu qruplar da meydana çıxmışdı. Məsələn, İtaliyada 1970-ci illərin sonundan 1980-ci illərədək Qırmızı Briqadalar (Brigate Rosse), Almaniyada artıq qeyd olunan RAF, Yaponiyada Yapon Qırmızı Ordusu (Japanese Red Army) qeyd oluna bilər. Lakin bu qruplar antikapitalist və antiimperialist ritorika ilə çıxış etsələr də, onlar əsasən zorakı metodları təbliğ etdiklərinə görə aid olduqları cəmiyyətlərin böyük hissəsi tərəfindən qəbul edilmədi və tarixi şəraitin də diktəsi ilə siyasi səhnədən silinib getdilər.
1991-ci ildə Sovet İttifaqının dağılması radikal sol ideologiyanın legitimliyinə ciddi zərbə vurdu. Kommunizm bir çox ölkələrdə “keçmişin səhvi” kimi damğalandı. Bu dövrdə sol radikal partiyalar və qruplar ya radikal-marjinal qruplara çevrildi, ya da siyasi xətlərini yumşaldaraq mərkəz sola yaxınlaşdılar, məsələn, Almaniyanın “Die Linke” partiyası kimi.
Müasir sağ və sol radikal meyillər
Son onillikdə radikal sağ və sol hərəkatlar daha da populyarlaşmış, bir çox ölkədə siyasi hakimiyyətə qədər yüksəlmişdir. Məsələn, İtaliya, Polşa, Macarıstan, Hindistan nümunələrindən göründüyü kimi hazırda sağ meyillər bir sıra ölkələrdə həm də hökumətin kursudur. İtaliyada Corcia Meloni hökumətinin əsas şüar olaraq “Allah, Vətən, Ailə” seçməsi, Polşada uzun on illər iqtidarda olmuş Hüquq və Ədalət Partiyasının əsas şüarının “Milli Suverenlik” olması, Macarıstan hakimiyyətinin 2017-ci ildə “Xaricdən maliyyələşən təşkilatların şəffaflığı haqqında” qanun qəbul etməsi, 2018-ci ildə “Stop Soros” siyasət paketini elan etməsi, 2023-cü ildə “Milli Suverenlik Aktı”nı qəbul etməsi, 2024-cü ildə Suverenliyin Qorunması Ofisini yaratması, 2025-ci ildə “Pride Parad”ları qadağan etməsi və belə paradlarda iştiraka görə 485 avro cərimənin müəyyən olunması – bütün bunlar yeni sağın yüksəliş tendensiyaları kimi qiymətləndirilə bilər.
2016-2020-ci illərdə ilk dəfə ABŞ Prezidenti olan və 2025-ci ilin yanvarında yenidən hakimiyyət başına geri dönən Trampın “Öncə Amerika” (America First) şüarını seçməsi yeni dövrün aparıcı tendensiyasının kollektiv təşkilati maraqlardan daha çox milli maraqlar üzərində təşəkkül tapacağına ən mühüm işarədir. Bu isə, təbii olaraq, yeni sağın inkişafını öz bərabərində gətirir. Nəticə olaraq yeni dövrdə, xüsusilə Qərbdə sağ populist partiyalar artıq marjinal qüvvələr deyil, bir çox hallarda aparıcı siyasi aktorlara çevrilməkdədir. Məsələn, Fransada Marine Le Penin rəhbərlik etdiyi Rassemblement National (Milli Birlik) partiyası 2022-ci ilin prezident və 2024-cü ilin parlament seçkilərində böyük səs topladı. Partiya antimiqrant ritorikası və "Fransa üstünlüyü" kimi şüarlarla seçicilər arasında populyarlıq qazanıb. , İsveçdə ultra-sağ İsveç Demokratları (Sverigedemokraterna) 2022-ci il parlament seçkilərində üçüncü ən böyük partiyaya çevrilərək mərkəz sağ hökumətə qeyri-rəsmi dəstək verdi. İtaliyada Corcia Meloninin rəhbərlik etdiyi iqtidar “İtaliya Qardaşları” partiyası sağ populist koalisiyanın başında yer alaraq 2022-ci ildə hakimiyyətə gəldi. Postfaşist köklərə sahib olan partiya Avropa İttifaqı ilə münasibətləri daha praqmatik, milli maraqlara əsaslanan mövqe üzərindən qurmağa çalışır. Macarıstanda Viktor Orban və onun Fidesz partiyası "illiberal (qeyri-liberal) demokratiya" anlayışı ilə tanınır. Orban miqrasiya əleyhinə sərt siyasəti və milli suverenliyin qorunmasını ön plana çəkir və vahid Avropa siyasətinə ən sərt qarşı çıxanlardandır. Rusiyada rəsmi olaraq ultra-sağ radikal partiyalar zəif olsa da, Kremlin siyasətində anti-Qərb ritorikası, pravoslavlıq və Rusiya millətçiliyi güclü yer tutur, “Z” hərəkatı və hökumətyönlü gənclər təşkilatları dövlətin ideoloji alətlərinə çevrilib.
Lakin bir sıra hallarda zorakı çağırışlarına görə aidiyyəti ölkələrin hökumətləri tərəfindən ləğv edilən sağ hərəkatlar da vardır. Məsələn, Yunanıstanda 2023-cü ildə irqçi şüarlarla hakimiyyəti zor istifadə etməklə devirməyə çağıran partiyanın (Yunanların Milli Partiyası) seçkilərdə iştirakının qadağan olunması, Fransada 2021-ci ildə konstitusional nizamın pozulmasına çağırış edən qrupun (Generation Identitaire) ləğv edilməsi qeyd oluna bilər. Həmçinin digər ölkələrdə bənzər hərəkatlar göstərilə bilər: Almaniyada “Identitare Bewegung” dövlət təhlükəsizlik qurumlarının nəzarəti altında alınıb və ictimai legitimliyini böyük ölçüdə itirib. Avstriyada “Identitare Bewegung” hüquqi məhdudiyyətlər və maliyyə problemləri səbəbindən zəifləyib və marginallaşıb. İtaliyada “CasaPound” 2019-cu ilədək aktivliyini qorusa da, geniş ictimai dəstək qazana bilməyib və siyasi həyatdan kənara atılıb. Göründüyü kimi, konstruktiv dövlət quruculuğuna töhfə verə bilməyən yeni sağ-radikal hərəkatlara dövlətin siyasi həyatında meydan tanınmayıb.
Bununla yanaşı, dünyada, o cümlədən Avropa və ABŞ-da sol radikal elementlər daşıyan partiya və hərəkatların müasir siyasi idarəetmədə iştirak nümunələri də vardır. Məsələn, Yunanıstanda Syriza Partiyası 2008-ci il maliyyə böhranından sonra sürətlə yüksəldi və 2015-ci ildə hakimiyyətə gəldi. Partiya sərt iqtisadi islahatlara qarşı siyasət apararaq xalq arasında geniş dəstək qazanıb. İspaniyada Podemos Partiyası "15-M" vətəndaş hərəkatının davamı olaraq quruldu. Onların əsas gündəmi sosial bərabərlik, pulsuz təhsil və səhiyyə, zənginlərdən daha yüksək vergi toplamaq kimi sol ideyalardır. Almaniyada artıq adı qeyd olunan Die Linke (Sol Partiya) iqtidarda yer almasa da, Şərqi Almaniyadan qaynaqlanan solçu ənənəni qoruyur. Fransada Jan-Luk Melanşonun rəhbərlik etdiyi La France Insoumise (“Əyilməz Fransa”) güclü sosialist və antikapitalist ritorika ilə çıxış edir. Bu və digər sol partiyaların birləşdiyi Yeni Cəbhə (New Popular Front) 2024-cü il seçkilərində parlamentdə ən çox deputat sayı əldə edib. Həmçinin, ABŞ-da Berni Sanders və “Amerikanın Demokratik Sosialistləri” hərəkatı sosial-demokratik sol ideyaları gündəmə gətirir. Lakin ABŞ-da kapitalizmin yaradığı iqtisadi bərabərsizlik əleyhinə 2011-ci ildə formalaşan radikal “Wall Streeti işğal edək” (Occupy Wall Street) hərəkatı 1 aya yaxın müddətdə ciddi etiraz aksiyalarını koordinasiya edə bilsə də, siyasi proseslərdə iştirak və təsir imkanları qazanmadı, təşkilatçıları isə cəzalandırıldı. Braziliyada “Sosializm” və “Azadlıq Partiyası” kimi sol-radikal partiyalar Lula da Silva hökumətində yer alırlar. “Torpaqsız İşçilər Hərəkatı” (MST) siyasi partiyaya çevrilməsə də fəaliyyəti nəticəsində Braziliyada torpaq reformalarına nail oldu. Lakin, məsələn, sol-mərkəz ideologiyaya malik olan, amma siyasi baxımdan Rusiya təsiri altında olduğu aşkar edilən Moldovanın “Şans” və “Moldovanın Ürəyi” kimi partiyaların fəaliyyəti qadağan olundu, onlar qeyri-qanuni maliyyələşmə iddiaları ilə bağlandılar. Beləliklə, postsovet ölkələrində sol hərəkatlar daha zəif inkişaf etməkdədir. Bunun səbəbi Sovet keçmişinin yaratdığı tarixi sosial və siyasi travmalar, o cümlədən kommunizmə qarşı ümummilli nifrətdir. Bununla yanaşı, Rusiyada sol ritorika daha çox nostalji kommunist ritorika ilə, həmçinin, postsovet ölkələrində sol ideyalar daha çox Rusiyanın təsirinin yayılması ilə əlaqələndirilir. Gürcüstan, Ukrayna və digər ölkələrdə müəyyən sol yönümlü hərəkatlar (anti-faşist, feminist, “no-war”çu, ətraf mühitin mühafizəsi və s. ilə bağlı) formalaşdırılmağa çalışılır. Göründüyü kimi, yeni sol hərəkatlar klassik çərçivəsindən çıxaraq daha çox identiklik, feminizm, ətraf mühitin müdafiəsi, antifaşizmə, antimilitarizmə və qlobal ədalətə fokuslanır. Lakin burada da bir sıra hallarda xaricdən (bu və ya digər qlobal güclərdən) maliyyələşmə elementləri müşahidə edilir.
Nəticə
Yeni ultra-sağ və sol radikal hərəkatlar bir tendensiya olaraq müasir dünyanın siyasi reallığına çevrilməkdədir. Ənənəvi partiyalar bu hərəkatlara ya güzəştə getməli, ya da onların ritorikasını, siyasi gündəliyə çıxardığı məsələləri mənimsəməli, təhlil etməli olurlar. Lakin bu, demokratiyanın gələcəyi üçün həm imkan, həm də təhdid yaradır. Əsas çağırışlar demokratiyanın populizmə qurban verilməsi riski, sosial qütbləşmənin dərinləşməsi, əsas imkanlar isə ənənəvi partiyaların yenilənməsi, cəmiyyətin real problemlərinin siyasi müzakirəyə çıxarılması, yeni nəsil vətəndaş fəallığının formalaşması olaraq qeyd oluna bilər. Bu hərəkatlar bir tərəfdən əhalinin sosial narazılıqlarını ifadə etməyə imkan verir, digər tərəfdən isə demokratik institutlara təzyiq göstərir. Onların yüksəlişi həm siyasi liderlər, həm də vətəndaş cəmiyyəti üçün dərindən təhlil edilməli və cavab verilməli bir çağırışdır. Gələcəyin siyasi mənzərəsi, məhz bu yeni qüvvələrin necə idarə olunacağından asılı olacaqdır.