Giriş
Enerji təhlükəsizliyi yeni geoiqtisadi münasibətlər sistemində ölkənin enerjiyə olan tələbatının həm kəmiyyət, həm də keyfiyyət baxımından qarşılanması ilə müəyyən edilərək, ölkənin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri kimi qəbul edilir.
Avropa Birliyinin iqtisadiyyatı üçün sərfəli və etibarlı enerji təchizatı həyati əhəmiyyət kəsb edir, lakin Avropa Birliyi ölkələri enerjiyə olan tələbatlarını tam qarşılamaq üçün kifayət qədər enerji resurslarına malik deyildir. Hazırda, Avropa Birliyinin xam neftə olan tələbatının təxminən 90%-i və təbii qaza olan tələbatının təqribən 70%-i idxal hesabına ödənilir. Avropa Birliyi idxal etdiyi təbii qazın təxminən 40%-i bir təchizatçıdan - Avropa Birliyi ilə gərgin münasibətləri olan Rusiyadan alır. Bu asılılıq Avropa Birliyinin Rusiya kimi təchizatçı ölkələr qarşısında mövqeyini zəiflədən, bəlkə də ən əsas xarici amildir.
Avropa Birliyinin səylərinə baxmayaraq, enerji təhlükəsizliyi narahatlıq doğurur. Mənzərə həm müsbət, həm də mənfi tendensiyalara malik olmaqla çox qarışıqdır. Bir tərəfdən, bərpa olunan enerji mənbələrinin artması Avropa Birliyinə uzunmüddətli perspektivdə öz təmiz enerji mənbələrini inkişaf etdirmək imkanı verir. Digər tərəfdən, qısa və ortamüddətli perspektivdə Avropa Birliyi xam neft və təbii qazın idxalından həmişəkindən daha çox asılı olacaq.
Yeni geoiqtisadi münasibətlər sistemində Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşlardan biri Azərbaycan dövlətidir ki, müstəqil xarici siyasət yürütməklə Avropanın enerji ilə təmin edilməsi üçün mühüm strateji infrastruktur layihələrini yüksək səviyyədə gerçəkləşdirməyə nail olur. Həmçinin, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində də kifayət qədər işlər görülməkdədir.
Azərbaycanda xam neft, təbii qaz və elektrik enerjisinin istehsalı
və onların ixracı dinamikası
(2025-ci ilin İyul - Dekabr ayları ərzində)
Azərbaycan brendi olan “Azeri Light” markalı neftin dünya bazarında 1 barel qiymətinin 2025-ci ilin iyul-dekabr ayları ərzində dinamikasına nəzər yetirdikdə görünür ki, iyul ayında orta aylıq qiymət 70 ABŞ dolları olmuş, bu qiymət tədricən azalaraq 64 ABŞ dollarına çatmışdır. (Diaqram 1.).
Diaqram 1.
“Azeri Light” markalı neftin 1 barel qiyməti, ABŞ dolları (2025-ci il İyul – Dekabr)

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi - https://maliyye.gov.az/
Azərbaycan qazının dünya bazarında 1000 kub metrinin qiyməti 2025-ci ilin iyul-dekabr ayları ərzində təqribən 240-250 ABŞ dolları civarında olmuşdur.
2025-ci ilin iyul-dekabr ayları ərzində xam neft hasilatının orta aylıq həcmi 2 – 2,4 mln. ton olub. Neft ixracına gəldikdə, həmin dövr ərzində 1,6 – 1,8 mln. ton xam neft ixrac edilmişdir. (Diaqram 2.).
Xam neft hasilatı və ixracı (2025-ci il İyul-Dekabr)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
2025-ci ilin iyul-dekabr ayları ərzində qaz hasilatının orta aylıq həcmi 2,9 – 4,4 mlrd. kub metr olub. Qazın ixracına gəldikdə, həmin dövr ərzində 1,3 – 2,1 mlrd. kub metr təbii qaz ixrac edilmişdir. (Diaqram 3.).
Təbii qaz hasilatı və ixracı (2025-ci il İyul-Dekabr)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Azərbaycan qazının ölkələr üzrə ixracına gəldikdə ən çox Avropaya təbii qaz ixrac edilir ki, bu da təqribən 0,7 - 1.1 mlrd. kub metr təşkil edir. (Diaqram 4.).
Təbii qazın ölkələr üzrə ixracı, mlrd. kub m. (2025-ci il İyul-Dekabr)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Elektrik enerjisi istehsalında İES-lərin payı daha yüksəkdir. Bərpa olunan enerji mənbələri arasında SES-lərin xüsusi çəkisi üstünlük təşkil edir. (Diaqram 5.).
Diaqram 5.
Elektrik enerjisi istehsalı, mln. Kvts (2025-ci il İyul-Dekabr)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Elektrik enerjisinin ixracına gəldikdə, 2025-ci il iyul-dekabr ayları ərzində elektrik enerjisinin ixracı və idxalı sabit olmuşdur. (Diaqram 6.).
Elektrik enerjisinin ixracı və idxalı, mln. Kvts (2025-ci il İyul-Dekabr)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Azərbaycanda enerji təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı görülən işlər (2025-ci ilin İyul-Dekabr ayları ərzində)
01.07.2025-ci il tarixində Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC arasında "Yaşıl Dəhliz Birliyi" MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib. Energetika nazirinin müavini Elnur Soltanov COP29 tədbiri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının əhəmiyyətindən bəhs edib. “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC tərəfindən Bakıda fəaliyyət göstərəcək Birgə Müəssisə - “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradıldığı qeyd olunub. Bildirilib ki, layihənin icrası enerji təhlükəsizliyinin təmin edilməsində, ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” gündəliyinə nail olunmasında mühüm rol oynayacaq. İclas zamanı Birgə Müəssisənin fəaliyyətinə dair müzakirələr aparılıb. Sonra “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənədin imzalanma mərasimi keçirilib. Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.
08.07.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Lyublyana şəhərində nazir Bojan Kumer, eləcə də Sloveniyanın aparıcı enerji şirkətləri - “Geoplin”, “Petrol Group”, “Plinovodi” və “HSE” ilə görüşlər keçirilib. Görüşdə Sloveniyanın enerji siyasətinə dair prioritetləri, Azərbaycanın enerji strategiyası və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, qaz tədarükünün artırılması üçün infrastrukturun inkişafı, uzunmüddətli müqavilələrin imzalanması və maliyyələşmə kimi zəruri şərtlərin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. 2026-cı ildən başlayaraq Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz tədarükünün 1,2 milyard kubmetr artırılması planı çərçivəsində, habelə uzunmüddətli əsasda Sloveniyaya qaz tədarükü imkanları, hasilat və nəql layihələrinin inkişaf perspektivləri, regional enerji təhlükəsizliyi və qarşılıqlı məsləhətləşmələrin gücləndirilməsi müzakirə olunub. Görüşdə, həmçinin Azərbaycanın Avropa ilə enerji inteqrasiyası “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi”, “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan” interkonnektoru və “Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi” layihələri kontekstində dəyərləndirilib. Bu layihələrin Xəzər dənizi vasitəsilə yeni ticarət yolları, enerji təhlükəsizliyi və regional əməkdaşlıq üçün böyük imkanlar açdığı qeyd olunub, Sloveniya ilə “yaşıl enerji” üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Neft, təbii qaz və “yaşıl enerji” təchizatı üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokelj ilə görüşdə də davam etdirilib. Sloveniyanın enerji istehlakı, neft, qaz və elektrik enerjisi ilə təminatı, qonşu ölkələrlə təbii qaz ötürücü əlaqələrin qurulması və gücləndirilməsi, habelə bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş və külək enerjisindən elektrik istehsalını artırmaq istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Sloveniyanın enerji şirkətləri Azərbaycanın “yaşıl enerji” layihələrində investor və bu enerjinin alıcısı qismində iştiraka dəvət edilib.
10.07.2025-ci il tarixində Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib. Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+ formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib. Söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.
04.09.2025-ci il tarixində İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib. Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Həmçinin enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb. Yekunda “Türkiyə-Azərbaycan IV Enerji Forumunun Protokolu” imzalanıb.
04.09.2025-ci il tarixində İzmirdə Azərbaycan-Türkiyə IV Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) İdarə Heyətinin sədri İbrahim Erden və “Nordex Qrupu”nun İdarə Heyətinin üzvü İbrahim Özarslan arasında görüşlər keçirilib. Görüşlərdə şirkətlərin külək enerjisi sahəsində fəaliyyəti, o cümlədən külək turbinləri və komponentlərin istehsalı, texniki xidmət və kadrların hazırlanması sahələrində təcrübəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələri barədə məlumat verilib. Külək turbinlərinin və avadanlıqlarının yerli istehsalı perspektivləri və bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib. Külək turbinləri və avadanlıqlarının yerli istehsalı perspektivləri, habelə bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər mövcud vəziyyəti və tərəfdaşlıq potensialını yerində dəyərləndirmək məqsədilə Azərbaycana dəvət olunub.
24.09.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Ənənəvi və bərpa olunan enerji, elektroenergetika infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı olduğu “yaşıl enerji” dəhlizləri və digər potensial layihələr nəzərdən keçirilib. Layihələrin digər beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və gələcək potensialı müzakirə edilib.
26.09.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang ilə görüşüb. Görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması və enerji sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel və sentyabr aylarında Çinə səfərlərinin mühüm rolu vurğulanıb. Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyi qeyd olunub. “PowerChina Resources Ltd” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası, həmçinin 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrasının mövcud vəziyyəti müzakirə edilib. Layihələrin inkişaf perspektivləri şəbəkəyə inteqrasiya və ixrac imkanları çərçivəsində qiymətləndirilib. Hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə əlavə bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkə tədqiqatlarının aparılması, həmçinin Türkiyə və Avropa istiqamətlərində enerji interkonnektorlarının qurulması barədə məlumatlar diqqətə çatdırılıb. “PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang bildirib ki, Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də bazar potensialı və iqtisadi biznes mühiti baxımından əlverişli ölkədir və şirkət yeni investisiya layihələrinə maraq göstərir. Görüş zamanı bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
02.10.2025-ci il tarixində 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib. Bildirilib ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.
10.10.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclas keçirilib. Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, Naxçıvan Enerji MMC, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi, eləcə də “Nobel Energy” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutan iclasda Naxçıvanın elektroenergetika sahəsində mövcud vəziyyət və planlaşdırılan layihələr müzakirə olunub. Bu çərçivədə il ərzində elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, habelə “Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa Enerji Qovşağı” üzrə həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən 50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb. Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerji potensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarının genişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə, qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq hazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verilib. Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracının konseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanı Naxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracının bölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb. İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.
27.10.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə şirkətlə enerji sahəsində hərtərəfli strateji tərəfdaşlığa uyğun gündəlikdə olan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb. Dövlət başçısının istehlak və ixrac məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji zonaları”nın yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasəti qeyd olunub. “China Energy Engineering Corporation Limited” şirkəti ilə çoxşaxəli əməkdaşlığın Azərbaycanda bərpa olunan enerjinin inkişafına yeni impuls verəcəyi vurğulanıb. Bu xüsusda, yeni güclərin elektrik şəbəkəsinə inteqrasiya potensialının müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə həyata keçirilən tədqiqatların əhəmiyyəti, həmçinin “Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Müzakiələr zamanı dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş enerjisi layihələri üzrə əməkdaşlığın cari vəziyyəti dəyərləndirilib, növbəti addımlar müəyyənləşdirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının inşası və avadanlıqlarla təchizatında şirkətin fəaliyyəti yüksək qiymətləndirilib. Bundan başqa, görüşdə Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin inkişafı ilə bağlı məsələlər və şirkətlə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.
28.10.2025-ci il tarixində Energetika nazirinin müavini Orxan Zeynalov və Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında neft, qaz və elektrik enerjisi sahələrində mövcud əməkdaşlığın uğurlu inkişafı yüksək qiymətləndirilib. Azərbaycanın iştirakı ilə həyata keçirilən dörd enerji interkonnektor layihəsi barədə məlumat verilərək, bu layihələrin ölkəmiz və regionun enerji dayanıqlılığında əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Naxçıvandan və Azərbaycanın digər bölgələrindən Türkiyəyə “yaşıl enerji”nin ixracı layihələrinin icrası nəzərdən keçirilib. Həmçinin Azərbaycan-Türkiyə Enerji Forumu, “Şəfəq-Asiman” layihəsi, İğdır-Naxçıvan qaz kəməri və Azərbaycan qazının Suriyaya ixracı kimi uğurlu təşəbbüslərin ölkələrimiz arasında enerji tərəfdaşlığını yeni səviyyəyə yüksəltdiyi bildirilib. Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi, Türkiyənin COP31-ə namizədliyi və digər perspektivli istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb.
05.11.2025-ci il tarixində Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısı dərc olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49 saxlama layihəsi daxil edilib. Bu layihələr 2025-ci ilin aprel-may aylarında keçirilmiş ilk müraciət mərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib. ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarına uyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin də tələblərə cavab verdiyi təsdiqlənib. Növbəti mərhələdə, ikinci müraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləri arasında açıq olub və ideya mərhələsində olan layihələri hədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabr ayında inzibati və texniki yoxlamadan keçiriləcək. 2026-cı il ərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrə xərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq. Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq. Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən həyata keçirilir.
12.11.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazovla “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu vurğulanıb. “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda 100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji saxlanc sistemi və “Yaşıl Enerji Dəhlizi” layihələrini, həmçinin Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz külək enerjisi və “Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən keçirilib. Aparılmış tədqiqatlar, külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi istiqamətlər üzrə fikir mübadiləsi edilib. Həmçinin günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlər dəyərləndirilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.
14.11.2025-ci il tarixində Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və qarşılıqlı etimadın uzunmüddətli tərəfdaşlığın əsasını təşkil etdiyi və hər iki ölkə liderlərinin münasibətlərinin birgə layihələrin uğurla icrasına və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına zəmin yaratdığı vurğulanıb. Çoxşaxəli ikitərəfli enerji əməkdaşlığının Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas sütunlarından olduğu və ölkəmizin Gürcüstanın enerji ilə təchizatında bir nömrəli tərəfdaşı olaraq qaldığı qeyd edilib. İndiyə qədər SOCAR tərəfindən Gürcüstana yatırılan 2 milyard ABŞ dollarından çox investisiya, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənub Qaz Dəhlizi layihələri, karbohidrogen və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq enerji əlaqələrinin töhfələri kimi dəyərləndirilib. Görüş zamanı qaz və elektrik enerjisinin tədarükü, tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətini genişləndirməsindən irəli gələn məsələlər, habelə planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Enerji tərəfdaşlığının yeni layihələrlə möhkəmləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu bildirilib. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni enerji əlaqəsi kimi strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel inkişaf etdirilir və hər iki layihə arasında koordinasiyanın gücləndirilməsi iştirakçı dövlətlər və şirkətlər arasında əməkdaşlığı artırmaqla icra prosesinin effektivliyini təmin etməyə, hər iki layihənin Avropa İttifaqı və maliyyə institutlarından maksimum dəstək qazanmasına imkan yarada bilər. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqəsini və ticarətini genişləndirməyə xidmət edən interkonnektorun da texniki-iqtisadi əsaslandırma tədqiqatının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
14.11.2025-ci il tarixində Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) də təmsil olunub. Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. COP29 zamanı Bakıda Energetika Nazirliyi ilə AEBA arasında imzalanmış enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və bu çərçivədə Agentliklə əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətlər, habelə hüquqi çərçivənin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Azərbaycanın “təmiz enerji” sahəsində planları və AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb, məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.
14.11.2025-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası keçirilib. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boglarka İlles, Rumıniyanı isə Energetika Nazirliyinin dövlət katibi Cristian Busoi təmsil edib. İclasda, həmçinin Bolqarıstan, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO), “CESI” və dörd ölkənin elektrik enerjisi şirkətlərinin nümayəndələri də iştirak ediblər. İclasda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icra vəziyyəti, texniki-iqtisadi əsaslandırma (TİƏ) üzrə görülən işlər və növbəti mərhələyə dair planlar, biznes modellər, layihənin qoşulma sxemləri, fiber-optik kabel (FOC) komponenti, Bolqarıstanın layihəyə qoşulması, xarici investisiyanın cəlbi, eləcə də Aİ ilə maliyyələşmə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. GECO və CESI-nin təqdimatları, həmçinin “Qara Dəniz Sualtı Kabel” layihəsinin gedişatı nəzərdən keçirilib. Regionda bərpa olunan enerji sahəsində son yeniliklər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
05.12.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edib. Tədbirdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin kimi ölkələrlə yanaşı, Azərbaycanla da birgə həyata keçirdiyi layihələr telekörpü vasitəsilə təqdim edilib. Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.” Nazir onu da əlavə edib ki, daha bir strateji və regional əhəmiyyətli layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan və Qazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdə Azərbaycanın tranzit rolu əsasında genişlənərək Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin ötürülməsi üçün yeni imkanlar yaradacaq. Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistanda yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” “və Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
08.12.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib. Görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub.Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və “Xlinks” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu GECO şirkətinin icraçı direktoru Fərhad Məmmədov və “Xlinks” şirkətinin icraçı direktoru Ceyms Hamfrey imzalayıblar. Sənəd iki şirkət arasında sualtı kabel layihələri və əlaqədar infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılması kimi məsələləri ehtiva edir. Memorandum hüquqi öhdəlik yaratmır və hazırda GECO “Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması mərhələsindən sonrakı dövr üzrə potensial tərəfdaşlarla danışıqlar aparır. Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir. “Xlinks” şirkəti isə irimiqyaslı bərpa olunan enerji və uzaq məsafəli ötürmə xətləri layihələri üzrə ixtisaslaşmış Böyük Britaniya şirkətidir. Şirkətin texniki heyəti Böyük Britaniya-Norveç arasında 720 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “North Sea Link” (Şimal Dənizi Linki) və Böyük Britaniya-Danimarka arasında 765 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “Viking Link” (Vikinq Linki) interkonnektorlarının inşasında təcrübəyə malikdir.
10.12.2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası keçirilib. İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın təşkilata sədrlik dövrü Prezident cənab İlham Əliyevin “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır” çağırışına uyğun şəkildə türk dövlətləri ilə strateji əlaqələrin hərtərəfli möhkəmlənməsi ilə xarakterizə olunur. Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması və Orta Dəhlizlə Şimal-Cənub marşrutunu tamamlayan Zəngəzur Dəhlizinin açılması istiqamətində atılan addımlar türk dövlətləri arasında birliyi daha da gücləndirəcək. Regional layihələr kontekstində Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşdüyü vurğulanıb. ““Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” vasitəsilə ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsi, Zəngəzur dəhlizi vasitəsilə isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün formalaşacağı qeyd edilmişdir. İclasda təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər müzakirə edilib, “Texnologiyalar və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz” və “Enerji Səmərəliliyi üzrə Ekspertiza Şurası”nın yaradılması razılaşdırılıb. Nazirlərin növbəti iclasının Özbəkistanda keçirilməsinə qərar verilib.
13.12.2025-ci il tarixində Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt, ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel və Ağ Evin Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə bağlı məsələlər müzakirə edilib. ABŞ-nin uzun illərdir Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaşı kimi çıxış etməsi, habelə regionda və Avropada enerji təhlükəsizliyinə xidmət edən nəhəng infrastruktur layihələrinin reallaşmasına verdiyi davamlı dəstək məmnunluqla qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda, Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyası, habelə TRIPP marşrutunun enerji sahəsində də yeni ikitərəfli və regional xarakterli əməkdaşlığa təkan verdiyi vurğulanıb. Enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq neft-qaz, elektrik enerjisinin ixracı-tranzit marşrutları, TRIPP və digər interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsinin iştirakçısı olan “ExxonMobil” şirkəti ilə əməkdaşlığın genişlənməsi, eləcə də “SOCAR Trading”in Hyustonda çoxşaxəli fəaliyyəti nəzərdən keçirilib. ABŞ şirkətləri ilə texnologiyalar, data mərkəzi də daxil olmaqla müxtəlif istiqamətlərdə mümkün tərəfdaşlıqlar, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və enerji əməkdaşlığının əhatəli yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
17.12.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov və Oman Sultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al Saqri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Omanın neft və qaz sahəsinə davamlı investisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünya üçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb. Bildirillib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına investisiya edir və bu sahədə regionun əsas ixracatçılarından biri olmağı hədəfləyir. Həmçinin ölkədə artıq dörd böyük günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cı ilə qədər enerji ehtiyaclarının 40%-ni bərpa olunan mənbələrdən təmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton “yaşıl hidrogen” istehsalını planlaşdırdığı qeyd olunub. Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, günəş panelləri və külək turbinlərinin istehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
Avropada enerji təhlükəsizliyi
ilə bağlı keçirilmiş bəzi mühüm tədbirlər
(2025-ci ilin İyul-Dekabr ayları ərzində)


Nəticə
2025-ci ilin iyul-dekabr aylarında Azərbaycan və Avropa Birliyi enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində bir çox işlər görülmüş və tədbirlər keçirilmişdir.
İlin birinci yarısında olduğu kimi, ikinci yarısında da Azərbaycan üçün daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerjinin istehsalının artırılması öz aktuallığını saxlamışdır. Həmçinin, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün əhəmiyyətli rol oynamaqdadır.
Beləliklə, hazırkı yeni və mürəkkəb geoiqtisadi münasibətlər sistemində Azərbaycan həm özünün, həm də Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsi potensialına malikdir.
Mənbə:
European Parliamentary Research Service “Energy security in the EU's external policy” 2020
Azərbaycan Respublikası Maliyyə Nazirliyi - https://maliyye.gov.az/
Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Elmir S. Mehdiyev
Sosial-İqtisadi Təhlil Departamentinin aparıcı məsləhətçisi
Sosial Tədqiqatlar Mərkəzi (STM)