Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ənənəvi enerji mənbələrinin (neft, kömür və s.) istifadə edilməsi zamanı ətraf mühitə ziyanın dəyməsi fonunda həm də tədrici tükənməsi dünyanı ekoloji cəhətdən təmiz bərpa olunan mənbələrdən geniş istifadə zəurəti ilə üz-üzə qoyur. Alternativ mənbələr sonlu və bərpaolunmayan mənbələrdən asılılığı azaltmağa kömək etmək və karbon emissiyasını azaltmaqla yanaşı, ölkələrin xarici mənbələrə güvənmədən öz enerjisini istehsal edərək enerji müstəqilliyi və təhlükəsizliyinə də təminat yaratmış olur.
Definisiya.
Əslində alternativ və bərpa olunan enerji hər iksi karbon emissiyalarını azaltmaq baxımından eyni mənaya malik olsa da, aralarında fərq də görünməkdədir. Alternativ enerjiyə təbii yolla yenilənməyən, lakin daha az karbon emissiyası yayan istənilən tullantı enerjisi kimi resurslar daxildir. Məsələn, nefti əvəz etmək baxımından təbii qazı bu kateqoriyaya aid edə bilərik. Bununla belə, əsasən, metandan ibarət olan təbii qaz ayrı-ayrı qaz yataqlarında tapılaraq qazma yolu ilə əldə edilməkdədir. Həmçinin, qalıq yanacaq kateqoriyasına daxil olmasa da, qurulmuş infrastruktur və uzunmüddətli istifadə özəlliyi nüvə enerjisini də alternativ qismində dəyərləndirməyə əsas verir. Bərpa olunan enerji növləri isə təbii formada insan müdaxiləsi olmadan formalaşan mənbədən qaynaqlanmaqdadır – biokütlə, geotermal və su resursları, günəş və külək enerjisi. Bir sözlə, bütün bərpa olunan enerji növləri alternativ sayılsa da, bütün alternativ enerjilər bərpa olunan olmurlar. Bu baxımdan da, keçid mərhələsində istifadə olunan alternativ enerjidən fərqli olaraq, bərpa olunan enerji gələcəyin əsas istiqaməti hesab olunmaqdadır.
Ən geniş yayılmış yenilənən enerji növləri.
Aşağı emissiyalı enerji modelinə kompleks keçiddə enerji səmərəliliyi və bərpa olunan enerjinin müxtəlif növləri əsas rol oynayır. Onlar birlikdə təhlükəsiz, etibarlı, sərfəli və asan əldə edilən texnologiyalardan istifadə edərək enerji ilə bağlı karbon emissiyalarını azalda bilərlər. Bu emissiyaların azaldılmasına töhfə verən enerji istehsalı və istehlakının müxtəlif yolları var. Günəş və külək enerjisi hazırda onlardan ən geniş yayılanları hesab olunmaqdadır.
Günəş enerjisi bütün enerji resurslarının ən zənginidir və bu, onu bütün dünyada insanlar üçün əlçatan edir. O, hətta buludlu havalarda da istifadə edilə bilər. Günəş texnologiyaları bir sıra tətbiqlər üçün istilik, soyutma, təbii işıqlandırma, elektrik və yanacaq təmin edə bilər ki, bu texnologiyalar günəş işığını fotovoltaik panellər və ya günəş radiasiyasını cəmləşdirən güzgülər vasitəsilə elektrik enerjisinə çevirir. Günəş enerjisinin həm də elektrik enerjisinə çevrilmə cəhətdən ən sərfəli mənbə olmasının səbəblərindən biri də son on ildə məhz bu panellərin qiymətinin kəskin şəkildə ucuzlaşmasıdır. Bu baxımdan, bütün ölkələr hətta eyni dərəcədə günəş enerjisi ilə təchiz olunmasa da, birbaşa günəş enerjisindən enerji qarışığına mühüm töhfə hər bir ölkə üçün mümkündür.
Digər geniş yayılmış alternativ enerji mənbəyi isə külək enerjisidir. O, həm quruda, həm də su hövzəsində yerləşən böyük turbinlər vasitəsilə hərəkətdə olan havanın kinetik enerjisindən istifadə edilməklə əldə edilir. Əslində yenilənən enerjinin bu növü əsrlər boyu istifadə olunsa da, quru və dənizdə külək enerjisi texnologiyaları son bir neçə ildə istehsal olunan elektrik enerjisini maksimum dərəcədə artırmaq üçün inkişaf etmişdir – daha hündür turbinlər və daha böyük rotor diametrləri ilə. Onunla da razılaşmaq olar ki, dünyanın bir çox yerində güclü külək sürəti olsa da, külək enerjisi yaratmaq üçün ən yaxşı yerlər bəzən ucqar və dəniz hövzələrinə təsadüf edir. Həmçinin, orta küləyin sürəti coğrafi relyefdən asılı olaraq fərqli olsa da, külək enerjisi üçün əksər regionlarda geniş potensialın mövcud olması da danılmaz reallıqlardandır.
Azərbaycanda bərpa olunan enerji mənbələri.
Ənənəvi enerji resursları ilə zəngin olması və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpaolunan enerji mənbələrindən istifadə Azərbaycan üçün daim prioritet məsələlərdən olmuşdur.
Respublikamızda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində layihələrin reallaşması üzrə ilk təməllər hələ 20 il öncədən qoyulmuşdur. Dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi bu məsələnin aktuallığını bir daha təsdiq etməkdədir. Zaman keçdikcə, ölkənin enerji təhlükəsizliyinin təməl hədəflərindən biri olan enerji istehsalı üçün mümkün potensialdan istifadə imkanlarının artırılması zərurəti və təbii iqlim şəraiti bərpaolunan enerji mənbələrinin genişləndirlməsinə də zəmin yaratmışdır.
Bu baxımdan, həmin dövrlər ölkəmizdə bərpa olunan enerji mənbələrinin mühüm istiqamətlərindən biri kiçik çaylarda SES-lərin tikilməsi idisə, bu gün artıq bu, külək və günəş elektrik stansiyaları ilə əvəz olunur.
Bu məqsədlə, AR Prezidentinin 22 sentyabr 2020-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi təsis olunmuş və Əsasnaməsi təsdiq olunmuşdur. Əsasnaməyə əsasən, Agentlik bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edən qurumdur. Bundan başqa, əsas hədəfləri respublikamızda 2030-cu ilə qədər elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələri üzrə payın 30%-ə çatdırılması, həmçinin işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” zonasında çevrilməsi və özəl sektorun iştirakının təmin edilməsi olan qurum bu sahədə fəaliyyətin təşkili, tənzimlənməsi, əlaqələndirilməsi ilə yanaşı investisiya cəlbediciliyinin artırılması istiqamətində də tədbirlər görməkdədir.
Bundan irəli gələrək, bərpa olunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq, özəl sektor və xarici sərmayədarların da prosesə cəlb olunması istiqamətində müvafiq addımlar atılmaqdadır. Ötən il ölkəmizin “COP29” beynəlxalq iqlim tədbirinə ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biri də elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması olmuşdur ki, bu məqsədlə də Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə 100 MVt gücündə Qobustan
Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə ilk hərrac həyata keçirilmişdir. Hərracın qalibi kilovat/saat elektrik enerjisi üzrə ən aşağı təkliflə çıxış edən Çinin “Universal International Holdings Limited” şirkəti olmuşdur. İlkin qiymətləndirmələrə əsasən, 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bununla da il ərzində 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcəyi gözlənilməkdədir.
9 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur ki, bu çərçivədə yaxın dövrlərdə 36 hektar ərazini əhatə edəcək, ölkəmizin ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməsi gözlənilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının işə salınması gözlənilməkdədir.
Nəzərdə tutulan layihələr külək enerjisi ilə kifayətlənməməkdədir. Elə 9 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında da icra müqaviləsi imzalanmışdır ki, buna uyğun olaraq “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bundan üç il sonra, 26 oktyabr 2023-cü il tarixində Xəzər regionu və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimi zamanı həmçinin Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanmışdır ki, bu müqavilələr əsasında da Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrası nəzərdə tutulmuşdur.
3 iyun 2021-ci il tarixində isə Energetika Nazirliyi və BP şirkəti arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır ki, bu çərçivədə 12 noyabr 2024-cü il tarixində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsi olan Şəfəq Günəş Elektrik Stansiyasının təməli qoyulmuşdur.
Onu da qeyd etmək lazımdır ki, istismarı nəzərdə tutulan bu stansiyaların əhatə dairəsi yalnız ölkənin quru sərhədləri ilə məhdudlaşmır. Hazırda dünyada ancaq su səthində günəş enerjisindən elektrik enerjisi istehsal edə bilən innovativ texnlogiya kimi üzən günəş panelləri layihəsi aktuallıq qazanmaqdadır. Məhz torpaqla təmas etmədən, adətən su hövzələrində - dəniz, göl və su anbarları üzərində yerləşdirilərək quraşdırıla bilir. Dünya elektroenergetika sənayesi üçün unikal hesab edilən bu yeniliyin hazırda ölkəmizdə Böyükşor gölündə quraşdırılan 100 kVt gücə malik fotovoltaik sistem nümunəsində tətbiq olunmaqdadır.
Yekun.
Beləliklə, qeyd etmək mümkündür ki hazırda respublikamızda enerji siyasəti sahəsində xüsusilə də bərpaolunan enerji resursları səmərəliliyinin artırılması istiqamətində önəmli işlər görülməkdədir. İşağldan azad oluanan ərazilər nümunəsində yaşıl enerji zonalarının elan olunması, həmçinin Günəş və külək elektrik stansiyaları üzrə böyük həcmli beynəlxalq investisiya razılaşmaları və ardıcıl təməlqoyma mərasimləri ölkənin enerji təhlükəsizliyinə töhfə verəcək bu sahənin prioritet olduğunu göstərir. O cümlədən, enerji potensialı və strategiyası ölkənin yalnız daxili tələbatının ödənilməsinə yox, eyni zamanda Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanmış çərçivə kimi də qiymətləndirilməkdədir. Bu öz növbəsində həm də ölkəmizin enerji diplomatiyası və iqtisadi dayanıqlılığı ilə yanaşı, ekoloji təhlükəsizlik siyasətini də birləşdirməklə bölgənin yeni enerji xəritəsinin şəkillənməsinə təkan verməkdədir.
İstinadlar.
https://area.gov.az/az/page/haqqimizda
https://minenergy.gov.az/az/xeberler-arxivi/00238
https://area.gov.az/az/page/layiheler/cari-layiheler/230-mvt-gunes-elektrik-stansiyasi
https://area.gov.az/az/page/layiheler/cari-layiheler/240-mvt-gunes-elektrik-stansiyasi
https://area.gov.az/az/page/beynelxalq-emekdasliq/beynelxalq-teshkilatlarla-emekdashliq/uzen-gunes-panelleri-sisteminin-inkisafina-dair-biliklerin-mubadilesi-ve-texniki-yardim-desteyi-pilot-layihesi