Sosial inam cəmiyyətdə mühüm rol oynayır. Daha dəqiq ifadə etsək, inam hər bir cəmiyyətin optimal funksionallığı üçün həyati dəyərdir. “Pyu” Tədqiqat Mərkəzinin (Pew Research Center) keçirdiyi sorğunun nəticələrinə əsasən, digər insanlara inananlar daha yüksək göstəricilər ilə ehtiyac zamanlarında dostlarına və qonşularına yardım edir, habelə onların dövlət institutlarına etimadı da daha böyükdür.
Lakin ABŞ-də və əksər ölkələrdə sosial inam omniprezent, yəni hər yerdə mövcud olan bir fenomen deyil. Amerikada yetkin yaşlıların 55 %-i insanların çoxuna inanıla bildiyini qeyd edirsə, onların 44 %-i bunun əksini, yəni əksər insanlara qarşı inamsız olduğunu vurğulayır.
Tədqiqatın aparıldığı 25 ölkədə sosial inam göstəriciləri bir-birindən ciddi şəkildə fərqlənir. Məsələn, İsveçdə yetkin yaşlı (18 yaşdan yuxarı) əhalinin 83 %-i, Meksikada isə cəmi 18 %-i qeyd edir ki, əksər insanlara inanıla bilər.
Sosial inam yüksək gəlirli ölkələrdə daha yüksək, orta gəlirli ölkələrdə isə nisbətən daha aşağıdır. Eyni zamanda, təhsil və yaş perspektivindən də sosial inam göstəricilərində böyük fərq olduğu tədqiqatın nəticələri arasındadır.

Avropalılarda isə bu məsələdə daha çox bölünmə özünü göstərir. İsveç, Niderland, Almaniya, Britaniya və İspaniyada respondentlərin böyük çoxluğu “əksər insanlara inanıla bilər” deyirlərsə, Macarıstan, Yunanıstan, Fransa və İtaliyada respondentlərin çoxu bunun əksini söyləyir. Asiya-Sakit Okean regionuna gəldikdə, Avstraliya, Yaponiya, Cənubi Koreya və İndoneziyada respondentlərin ən azı yarısı əksər insanlara qarşı inamlı olduqlarını söyləyirsə, yenə Hindistanda əksəriyyət (60 %) bunun əksini ifadə edir. Meksikada çox yüksək göstərici ilə 18 yaşdan yuxarı əhalinin 82%-i deyir ki, əksər insanlara inanıla bilməz.
Tədqiqatın aparıldığı Səhraaltı Afrika (Kenya, Nigeriya və Cənubi Afrika) və Latın Amerika ölkələrində əhalinin ən azı 70 %-i bildirir ki, insanların çoxuna inanıla bilməz.
Yüksək gəlirli 16 ölkə üzrə yetkin yaşlıların ortalama 59 %-i, orta gəlirli ölkələr üzrə isə 27 %-i bildirir ki, insanların çoxuna inanıla bilməz. Yüksək gəlirli ölkələr arasında sosial inamın ən yuxarı göstəriciləri İsveç və Niderlandda, orta gəlirli ölkələr arasında sosial inamın ən aşağı göstəriciləri Meksika, Kenya və Braziliyadadır.

Tədqiq edilən əksər ölkələrdə təhsilli olanların digərləri ilə müqayisədə daha inamlı olduğu müşahidə edilir. Məsələn, Fransada ali təhsillilərin 61 %-i, təhsili olmayanların isə 35 %-i bildirir ki, insanların çoxuna inanıla bilər. Yüksək gəlirli 11 ölkədə yaşlı yetkinlər gənclərə nisbətən daha inamlıdır. Avstraliyada 50 və ondan yuxarı yetkinlərin 80%-i insanların çoxuna qarşı inamlıdırsa, bu göstərici 35-49 yaşlı avstraliyalılar arasında 66 %, 34 və daha gənc yaşlılar arasında isə 55 % təşkil edib.
Sorğunun aparıldığı ölkələrin əksəriyyətində dinə görə sosial inam baxımından önəmli fərqlilənmələr yoxdur. Lakin ABŞ-də yəhudilərin 70 %-i, xristianların 56 %-i, dini mənsubiyyəti olmayanların isə 55 %-i qeyd edir ki, insanların çoxuna inanıla bilər.
İsraildə yetkin yaşlı yəhudlərin təqribən yarısı - 53 %-i, müsəlmanların isə 31 %-i insanların çoxuna qarşı inamlı olduqlarını söyləyir.
