İqlim dəyişiklikləri XXI əsrin ən ciddi qlobal problemlərindən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı XXI əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişikliklərini göstərib [21]. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2025-ci ilin noyabr ayında dərc etdiyi hesabatında qeyd edilir ki, ən azı 117 milyon insan müharibə, zorakılıq və təqiblər nəticəsində məcburi köçkünə çevrilib.
UNHCR eyni zamanda bu böhranın getdikcə dərinləşən iqlim böhranı ilə sıx bağlı olduğuna diqqət çəkib. UNHCR-in bəyanatında vurğulanır: “Cənubi Sudanda və Braziliyada baş verən daşqınlardan tutmuş, Keniyada və Pakistanda qeydə alınan rekord istilərə, Çad və Efiopiyada yaşanan su qıtlığına qədər ekstremal hava hadisələri onsuz da həssas vəziyyətdə olan icmaları uçuruma sürükləyir... Son onillikdə hava ilə bağlı fəlakətlər 250 milyon daxili köçkünlük halına səbəb olub — bu isə gündə təxminən 70 min, yaxud hər üç saniyədə 2 köçkünlük deməkdir. Suriyaya və Əfqanıstana qayıdanların sayının artması isə 2024-cü illə müqayisədə qlobal köçkünlük göstəricilərinin müəyyən qədər azalmasına təsir göstərib” [19].
UNHCR-in yeni hesabatında həmçinin qeyd edilir ki, məcburi köçkünə çevrilmiş insanların dörddə üçü hazırda iqlimlə bağlı təhlükələrin “çox yüksək və ekstremal”a qədər dəyişən səviyyələrdə müşahidə olunduğu ölkələrdə yaşayır [18].
İqlim göstəricilərindəki qeyri-sabitlik, temperatur anomaliyaları, su çatışmazlığı, torpaq deqradasiyası və ekstremal hava hadisələrinin intensivləşməsi yalnız ekoloji sistemi deyil, həm də sosial-iqtisadi strukturları, o cümlədən təhsil sektorunu birbaşa təsir altına alır. İqlim dəyişiklikləri ilə bağlı proseslər nəticəsində yaranan ekoloji miqrasiya həm qlobal, həm də regional miqyasda təhsil müəssisələrinin fəaliyyətinə və davamlılığına təsir göstərir. Məcburi köç, məskunlaşma dəyişiklikləri, resurs çatışmazlığı və sosial adaptasiya problemləri təhsil sistemində yeni çağırışlar formalaşdırır.
Başqa sözlə, təhsil bu gün iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası kimi planetar böhranların yaşandığı bir dövrdə hamı üçün davamlı gələcəyin təmin edilməsində əsas vasitələrdən biri kimi çıxış edir. Lakin daha yaşıl və ədalətli cəmiyyətlərin qurulmasına real töhfə vermək üçün təhsil sistemlərinin iqlim yönümlü transformasiyası bütün maraqlı tərəflərin birgə səylərini tələb edir. Buna görə də iqlim dəyişikliyi və ətraf mühit məsələlərinin təhsil siyasətinə və tədris prosesinə inteqrasiyası həm təlim nəticələrinin yaxşılaşdırılması, həm də gələcək nəsillərin XXI əsrin mürəkkəb problemlərinə hazırlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dünyanın iqlimi getdikcə daha dəyişkən və qeyri-sabit olduqca, təhsil sistemlərinin iqlimə davamlı olmasını təmin etmək, onların dayanıqlılığını gücləndirmək və gələcək nəsillər üçün davamlı bir inkişaf modeli yaratmaq üçün vaxtında və məqsədyönlü addımlar atılmalıdır [8].
Bu məqalədə iqlim dəyişikliklərinin yaratdığı ekoloji, sosial və demoqrafik proseslər çərçivəsində ekoloji miqrasiyanın təhsil sisteminə, tədris prosesinə təsiri araşdırılır.
İqlim dəyişiklikləri və ekoloji miqrasiya anlayışı
İqlim dəyişikliklərinin intensivləşməsi nəticəsində yaranan ekoloji miqrasiya insanların təbii fəlakətlər, torpaq itkisi, su qıtlığı və həyat üçün təhlükəli ekoloji şərait səbəbndən köçməsinə səbəb olan prosesdir. BMT-nin məlumatına əsasən, 2050-ci ilə qədər dünyada 200 milyona yaxın ekoloji miqrantın olacağı proqnozlaşdırılır [16, s.9].
Ekoloji miqrasiya qısamüddətli məcburi miqrasiya (sel, daşqın, quraqlıq), daimi məskunlaşma dəyişikliyi, transsərhəd ekoloji miqrasiya, şəhərləşmə və daxili miqrasiyanın artması kimi formaları əhatə edir: Bu proseslərin hər biri təhsil sektorunda resurs bölgüsünü, infrastrukturun dayanıqlılığını və tədris prosesinin təşkilini yenidən müəyyən edir.
İqlim dəyişikliklərinin təhsil sisteminə təsirlərinin qlobal təzahürləri
Dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələri (isti dalğalar, daşqınlar, tropik qasırğalar) yüz minlərlə məktəbin fəaliyyətini müvəqqəti dayandırır. Birləşmiş Millətlər Təşkilatın Uşaq Fondunun (UNICEF) 2025-ci ilin yanvar ayında təqdim etdiyi hesabatında 2024-cü il ərzində bu istiqamətdə baş vermiş hadisələrin qısa xülasəsi təqdim edilir:
2024-cü ildə 85 ölkədə və ya bölgədə ən azı 242 milyon şagirdin təhsili istilik dalğaları, tropik siklonlar, fırtınalar, daşqınlar və quraqlıqlar da daxil olmaqla ekstremal iqlim hadisələri səbəbindən yarımçıq qalıb və bu da mövcud təhsil böhranını daha da ağırlaşdırıb.
Hər 7 şagirddən ən azı 1-i iqlim təhlükələri səbəbindən təhsillərini yarımçıq qoyub.
85 ölkə və ya bölgədə məktəblər iqlimlə əlaqəli təhlükələrdən təsirlənib, 23 ölkədə isə bir neçə dəfə məktəblərdə fasilələr yaranıb.
İqlim dəyişikliklərinin təsirinə məruz qalan 242 milyon şagirdin 74 faizi aşağı və aşağı-orta gəlirli ölkələrdə yaşayır və onların orta “Uşaq İqlim Risk İndeksi” (Children’s Climate Risk IndexCCRI) göstəricisi 10 baldan 7-yə bərabərdir.
Ən çox təsirlənən region Cənubi Asiya olub – 128 milyon şagird iqlimlə əlaqəli təhsil fasilələri ilə üzləşib. Şərqi Asiya və Sakit Okean regionu isə 50 milyon şagirdlə ikinci yerdə qərarlaşıb.
Qlobal miqyasda məktəb təhsilinə ən çox təsir edən isti dalğaları olub; bu hadisələr 171 milyon şagirdi əhatə edib.
Aprel ayında qlobal iqlimlə əlaqəli məktəb fasilələri ən yüksək səviyyədə olub, istilik dalğaları Banqladeş, Kamboca, Hindistan, Filippin və Taylandda ən azı 118 milyon uşağa təsir edən əsas təhlükə olub.
Sentyabr ayında iqlimlə əlaqəli məktəb fasilələri ən çox qeydə alınıb. Dünyanın bir çox ölkəsində yeni tədrsi ilinin başlandığı bu ayda ən azı 18 ölkədə dərslər dayandırılıb. “Yagi” tayfunu Şərqi Asiya və Sakit okean bölgəsində 16 milyon uşağa təsir edərək həmin ayın ən ciddi təhlükəsinə çevrilib.
Afrikada 107 milyondan çox uşaq artıq məktəbdən kənarda qalsa da, 2024-cü ildə iqlimlə bağlı fəsadlar əlavə 20 milyon uşağı məktəbdən çıxmaq riski ilə üz-üzə qoyub [15].
Bundan başqa, UNICEF ‘Dünyada uşaqların vəziyyəti’ adlı hesabatında xəbərdarlıq etmişdir ki, 2050–2059-cu illər arasında iqlim böhranlarının daha geniş miqyas alacağı gözlənilir. 2000-ci illərlə müqayisədə ekstremal istilik dalğalarına məruz qalacaq uşaqların sayının səkkiz dəfə, ekstremal çay daşqınlarına məruz qalacaq uşaqların sayının isə üç dəfə artacağı proqnozlaşdırılır” [17].
Dünya Bankının “Groundswell” hesabatında qeyd edilir ki, istixana qazı tullantılarının azaldılmasının uğursuz olduğu pessimist iqlim ssenarisində, tədricən yaranan iqlim fəlakətləri 2050-ci ilə qədər 216 milyon insanın daxili köçkünlüyünə səbəb ola bilər Dünya Bankı iqlim dəyişikliyinin təhsilə təsirlərini “iqtisadi zaman bombası” kimi xarakterizə edir, çünki təhsilin pozulması yoxsulluqdan çıxış imkanlarını məhdudlaşdırır, daha pis sağlamlıq nəticələrinə yol açır və gələcək iqlim risklərinə qarşı müdafiəyə edilən investisiyaları zəiflədir [10].
Daxili iqlim miqrasiyası üzrə “qaynar nöqtələrin” artıq 2030-cu ildən etibarən formalaşmağa başlayacağı, 2050-ci ilə doğru isə daha geniş yayılacağı və intensivləşəcəyi proqnozlaşdırılır. Hesabatda həmçinin vurğulanır ki, qlobal emissiyaların azaldılması, yaşıl, inklüziv və dayanıqlı inkişafın dəstəklənməsi üçün təcili və əlaqələndirilmiş tədbirlər görülərsə, iqlim miqrasiyasının miqyasını 80 faizə qədər azaltmaq mümkündür [12].
Ümumilikdə məcburi köçkünlüyün səbəbi nə olursa-olsun, köçkün düşmüş uşaqlar və gənclər təhsil imkanlarında ciddi itkilərlə üzləşirlər. 2022-ci ildə qaçqın statusunda olan 14,8 milyon məktəbyaşlı uşağın 51 faizinin məktəbdən kənarda qalması bu problemin miqyasını aydın göstərir. Fəlakətlə əlaqəli köçkünlüklərin böyük hissəsi hər nə qədər qısamüddətli və daxili xarakterli olsa da, köçkünlük bitdikdən sonra belə uşaqların həyatının əvvəlki normallığa qayıtması demək deyil [11].
Pakistan nümunəsi bunu aydın göstərir. 2022-ci ildə ölkənin təxminən üçdə birini su altında qoyan dağıdıcı daşqınlar 8 milyon insanı köçkün etmiş, təxminən 3,5 milyon uşağın təhsilini yarıda kəsmişdi. Daşqından aylar sonra belə 2 milyondan çox uşaq məktəbə qayıda bilməmişdi. Bunun əsas səbəblərindən biri 7000-dən çox məktəbin uzun müddət sığınacaq kimi istifadə olunması idi. İcma liderləri Beynəlxalq Miqrasiya Təşkilatına bildiriblər ki, fəaliyyət göstərən məktəblərə çatmaq üçün məsafə, təhsil xərcləri və tədris ləvazimatlarının çatışmazlığı köçkün uşaqlar üçün əsas maneələr olaraq qalır. Bu maneələr aradan qaldırılmadıqda zamanla daha da möhkəmlənir. Məsələn, Pakistanda 2005-ci ildə baş vermiş zəlzələ göstərmişdi ki, məktəblərin cəmi dörd həftə bağlanması hədəflənmiş bərpaedici təhsil tədbirləri olmadığı halda 1,5 tədris ilinə bərabər təhsil itkisinə səbəb ola bilər. Bu cür pozuntular uşaqların formal təhsilini zəiflədir və ömürlük nəticələrə yol aça bilər [11].
2024-cü ildə Dünya Bankı tərəfindən nəşr olunan “Gələcəyimizi seçmək: İqlim dəyişikliyi üçün təhsil” (Choosing Our Future: Education for Climate Action) hesabatı da təhsilin iqlim dəyişikliyi ilə mübarizədə oynadığı strateji rolu əsas mövzu kimi təqdim edir. Hesabatın məqsədi iqlim tədbirlərinə təhsilin təsirini araşdırmaq, mövcud boşluqları müəyyən etmək və təhsilin potensialını maksimum dərəcədə reallaşdırmaq üçün təkliflər vermək olmuşdur [9]. Hesabatda qeyd edilir ki, təhsil iqlim dəyişikliyi ilə mübarizədə effektiv vasitədir. Təhsil, fərdlərin və cəmiyyətlərin iqlim dəyişikliyi barədə məlumatlılığını artırır. Hesabata görə, əlavə bir il təhsil iqlim məlumatlılığını 8.6% artırır. Təhsil təkcə məlumat vermir, həm də iqlim dostu davranışları təşviq edir. Avropada əlavə bir il təhsil iqlim dostu davranışlarında 5.8% artım yaradır. Təhsil yaşıl bacarıqların formalaşmasına töhfə verir və cəmiyyətlərin iqlimlə bağlı adaptiv potensialını gücləndirir. 2021-ci ildə qlobal iqlim maliyyəsinin yalnız 1.5%-i təhsilə yönəldilmişdir ki, bu da təhsilin potensialının tam reallaşdırılmasına mane olur [5].
Hesabatda təhsilin fərdi və sosial davranışlara təsiri də araşdırılmışdır. Məsələn, Hindistanda uşaqlara iqlim dəyişikliyi təhsili verildikdə valideynlərin iqlim dostu davranışlarında 13% artım müşahidə olunmuşdur. Bundan başqa, Avropada hər əlavə il təhsil yaşıl siyasətləri dəstəkləyən seçkilərdə 3.6% artım ilə nəticələnmişdir.
Bu nəticələr təhsilin həm fərdi, həm də cəmiyyət və siyasi səviyyədə iqlim tədbirlərinə təsir potensialını göstərir.
Hesabat təhsilin iqlim dəyişikliyinə uyğunlaşması və potensialını artırmaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:
1. Məktəb infrastrukturunun dayanıqlılığının artırılması və temperaturun tənzimlənməsi;
2. Məsafədən və çevik təhsil imkanlarının təmin olunması;
3. Müəllimlərin iqlim bilik və bacarıqlarının gücləndirilməsi;
4. Təhsilin maliyyələşdirilməsinin artırılması və investisiyaların genişləndirilməsi;
5. Məlumat boşluqlarının aradan qaldırılması və yalan məlumatların qarşısının alınması;
6. Yaşıl bacarıqların müxtəlif sahələr üzrə inteqrasiyası və əmək bazarına yönəldilməsi [9].
Təhsil həmçinin yaxınlaşan iqlim mobilliyi üçün hazırlıq vasitəsi kimi çıxış edir və ətraf mühit risklərindən uzaqlaşmaq məcburiyyətində qalan insanlara bunu daha ləyaqətli və gələcəyə ümidlə etməyə imkan yaradır. Məsələn, Dünya Bankının prezidenti Ajay Banga 2024-cü ildə Tuvaluya səfəri zamanı qeyd etmişdi ki, iqlim dəyişikliyinə cavab olaraq hərəkət etməli olacaq gənclərin müvafiq bacarıqlara yiyələnməsi üçün xüsusi təlimlərə ehtiyac olacaq. Alimlərin proqnozlarına görə, 2050-ci ilə doğru dəniz səviyyəsinin qalxması nəticəsində qismən su altında qalacağı gözlənilən Tuvalu iqlim səbəbli miqrasiyanın qaçılmaz olduğu kiçik ada dövlətlərindən biridir. Bu kontekstdə, Tuvalunun 2023-cü ildə Avstraliya ilə imzaladığı və hər il 280 tuvalu vətəndaşına Avstraliyaya daimi köç imkanı verən müqavilə gələcək yaşanmazlıq ssenarisi üçün açıq bir çıxış yolu yaradır. Lakin Avstraliyaya köçəcək tuvalular əmək bazarında uğur qazanmaq üçün yetərli bacarıqlara malik olmadıqda ciddi çətinliklərlə üzləşə bilərlər. Elə buna görə də Avstraliya həmin razılaşmanın tərkib hissəsi kimi Tuvaluda təhsil və digər sahələr üzrə inkişaf yardımını artırmışdır. Bu addım təhsilin iqlim şəraitində miqrasiyanın effektiv uyğunlaşma mexanizmi kimi rolunu daha da gücləndirir [11].
Bu funksiyanın əhəmiyyəti müxtəlif ölkələrin iqlim miqrasiyası siyasətlərində də daha geniş şəkildə tanınmağa başlayır. Məsələn, Banqladeşin iqlimə davamlı və miqrantlara açıq şəhər və qəsəbələr yaratmaq strategiyası iqlim miqrantlarını gələcək iqtisadi və sənaye inkişafı üçün potensial resurs kimi qiymətləndirir. Bu yanaşma yeni gələnlərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və mümkün çətinlikləri azaltmaq üçün təhsil və ixtisasartırma proqramlarına xüsusi önəm verir [11].
BMqT-nin Miqrasiya, Ətraf Mühit və İqlim Dəyişikliyi üzrə institusional strateji çərçivəsi (2021–2030) siyasət, bilik istehsalı, əməli fəaliyyət və tərəfdaşlığın gücləndirilməsinə fokuslanır. Bu çərçivə miqrasiyanın idarə olunmasına hüquq əsaslı və hərtərəfli yanaşmanı təşviq etsə də, məqsədləri daxilində miqrantlar üçün təhsili ayrıca istiqamət kimi nəzərdə tutmur. Bununla belə, BMqT iqlim dəyişikliyinin təsirlərini azaldan və uyğunlaşmanı dəstəkləyən şəraitin yaradılmasını öhdəsinə götürür ki, bu da təhsil kimi xidmətlərin miqrantların rifahı və dayanıqlığının gücləndirilməsi ilə əlaqələndirilə biləcəyini göstərir [13].
Onu da qeyd edək ki, beynəlxalq səviyyədə iqlimlə əlaqəli köçkünlük siyasətləri hələ də məhdud xarakter daşıyır və əsasən ikitərəfli razılaşmalar, mövcud siyasətlərin iqlim mülahizələri ilə yenilənməsi, sərbəst hərəkət protokolları, fəlakətlər zamanı geri qayıtmalara qarşı qoruma mexanizmləri və daha geniş humanitar müdafiə tədbirlərini əhatə edir. Bununla belə, təhsil bu siyasət paketlərinin yetərincə inkişaf etmiş komponenti hesab edilmir.
Aşağı səviyyəli bəzi müdaxilələr artıq bir-biri ilə kəsişən problemlərin həllinə kömək edir. Məsələn, Pakistanda baş verən dağıdıcı daşqınlardan sonra hökumət təhsilin əlçatanlığını artırmaq və tədris mühitini yaxşılaşdırmaq üçün distant təhsil modellərinə əsaslanan Milli Distant Təhsil Strategiyasını (NDES) tətbiq etmişdir. Daşqın qurbanları strategiyanın yeganə hədəfi olmasa da, hökumət bütün marjinal qruplara çatmaq məqsədilə onları da əhatə etmişdir. Hər bir əyalət və region NDES-i öz kontekstinə uyğun şəkildə həyata keçirə bilərdi və tətbiq prosesinə sektorlararası əməkdaşlıq daxil idi ki, bu da strategiyanın o dövrdə Pakistan cəmiyyətinin ehtiyaclarına adekvat olmasını təmin edirdi.
İqlimə həssas daxili və yerli inkişaf layihələrinin digər ölkələrdə də tətbiq oluna bilməsi üçün beynəlxalq maliyyələşdirmə mühüm vasitə rolunu oynaya bilər. Bununla belə, təhsil və ya mobillik kimi sahələrə yönələn iqlim maliyyələşdirilməsi çox məhduddur. 2021-ci ildə ümumi iqlim maliyyələşdirməsinin cəmi 1,5 faizi təhsil sektoruna ayrılmışdır, mobilliyə yönəlmiş layihələr isə, adətən, kiçikmiqyaslı və yeni təşəbbüslərdən ibarət olur. Nəticədə hər iki sahədə maliyyə çatışmazlığı göstərilən həll yollarının geniş və davamlı şəkildə tətbiqinə ciddi maneələr yaradır [11].
İqlim maarifləndirilməsinin artırılması
İslandiya, Finlandiya, Kanada, Yaponiya kimi ölkələr məktəb proqramlarında iqlim elmləri, ekoloji davranış formalaşdırılması, dayanıqlı inkişaf bacarıqları, yaşıl texnologiyalar kimi istiqamətləri məcburi fənn və ya modul şəklində tətbiq etmişdir.
Bundan başqa, Avropa Birliyində 2015–2023-cü illər arasında ekoloji səbəblərdən gələn miqrant uşaqların təhsil sisteminə inteqrasiya üçün ayrıca metodologiyalar hazırlanmışdır: dil hazırlığı proqramları, psixososial dəstək, mobil tədris mərkəzləri, inklüziv pedaqogika [14].
Eyni zamanda, iqlim dəyişikliyi, ekoloji maarifləndirmə, dayanıqlı inkişaf və bərpa olunan texnologiyalar kimi mövzular bəzi ölkələrin təhsil kurikulumuna daxil edilir — bu, yeni nəsillərin iqlim savadlılığına malik olmasına və gələcəkdə adaptasiya qabiliyyətinə kömək edir [5].
Ən vacib məsələlərdən biri müəllimlərin iqlim dəyişiklikləri, ekoloji risklər və adaptasiya üsulları barədə bilik və bacarıqları artırılmasıdır. Məhz bu halda təhsil sistemi uşaqların ehtiyaclarına cavab verə bilər [6].
Azərbaycan kontekstində iqlim dəyişiklikləri, miqrasiya və təhsil
Azərbaycan iqlim baxımından həssas ölkələrdən biridir. Son 20 ildə su ehtiyatlarının azalması, temperaturun orta illik yüksəlməsi, torpaq deqradasiyası, Xəzər dənizinin səviyyə dəyişiklikləri kimi proseslər müşahidə olunur. Bu faktorlar kənd təsərrüfatı regionlarında sosial-iqtisadi vəziyyətə təsir etməklə ekoloji xarakterli daxili miqrasiyanı gücləndirir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, son 100 ildə Azərbaycanda orta illik temperatur 0.4–1.3 °C aralığında artıb [7]. Bu dəyişikliklər su ehtiyatlarının azalmasına, torpaqların şoranlaşmasına, səhralaşmaya və kənd təsərrüfatında məhsuldarlığın azalmasına gətirib çıxara bilər — bu da regionlardan şəhərlərə və ya münbit ərazilərə köç motivasiyasını artırır [20].
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” [1] sənədində (-=-) müəyyən edilmiş “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü Prioritet və “Təmiz ətraf mühit və ‘yaşıl artım’ ölkəsi” adlı 5-ci Prioritet çərçivəsində hazırda 30 ilə yaxın işğal dövründən azad edilmiş ərazilərdə infrastrukturun bərpası və müasir SMART infrastruktur modellərinin formalaşdırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu çərçivədə azad olunmuş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konseptual layihələrinin hazırlanması və icrası həyata keçirilir. Həm enerji, həm də sosial-iqtisadi sahələrdə rəqəmsallaşma və dayanıqlı texnologiyaların tətbiqi regionun uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.
Bununla yanaşı, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik müstəvisində mühüm addımlar atılır. İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının qərarına əsasən “Az karbonlu inkişaf üzrə Milli Strategiya”, “Milli Adaptasiya Planı” və digər strateji sənədlər hazırlanmışdır. Bu sənədlər ölkənin iqlim risklərinə qarşı dayanıqlılığının artırılmasını və uzunmüddətli davamlı inkişafın təmin edilməsini hədəfləyir.
Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, iqlim dəyişkənliyinə ən həssas sahələr kimi kənd təsərrüfatı, su ehtiyatları, sahilyanı zonalar, enerji, meşə təsərrüfatı, turizm və səhiyyə sektorları çıxış edir. Bu sektorların xüsusilə kənd təsərrüfatı, su idarəetməsi və sahilyanı ekosistemlərdəki həssaslığı iqlim dəyişmələrinin təsirlərinə qarşı adaptasiya mexanizmlərinin gücləndirilməsini zəruri edir.
Azərbaycan hökuməti sosial və iqtisadi inkişafın və yoxsulluğun azaldılmasının ölkənin əsas prioritetləri olduğunu müəyyənləşdirmişdir. Bu məqsədlə iqlim dəyişmələrinin təsirlərinin azaldılması (mitiqasiya) və bu təsirlərə uyğunlaşma (adaptasiya) strategiyaları uzunmüddətli sənəd və proqramlarda öz əksini tapmışdır.
Bundan əlavə, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 oktyabr 2016-cı il tarixində imzalanmış Sərəncamla Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (NCCSD) yaradılmışdır [2]. Şura ölkənin davamlı inkişaf siyasətinin koordinasiyasını, beynəlxalq öhdəliklərlə uyğunlaşdırılmasını və iqlim dəyişikliyinə qarşı milli tədbirlərin səmərəliyini təmin edir [7].
Azərbaycanın bir sıra region məktəblərində su təminatı problemləri, havalandırma və temperatur tənzimləməsinin zəifliyi, yüksək temperaturda tədrisin çətinləşməsi, kənd məktəblərində texnoloji resurs çatışmazlığı kimi faktorlar iqlim dəyişikliklərinin bilavasitə təsiridir.
Hazırkı kurikulumda ekologiya mövzuları yer alsa da iqlim dəyişikliklərinin inteqrativ tədrisi, ekoloji miqrasiya mövzusu, yaşıl texnologiyalar, iqlim risklərinin idarə olunması kimi istiqamətlər üzrə ayrıca modulların yaradılmasına ehtiyac var.
Bu kontekstdə qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi də iqlim dəyişikliklərinin sosial-iqtisadi təsirlərinin araşdırılmasını daima diqqət mərkəzində saxlayır. Mərkəzdə bu istiqamətdə bir neçə mövzu araşdırılıb və hesabatlar hazırlanıb. Mərkəz COP29 — BMT-nin İqlim Dəyişikliyi Konfransı — ərəfəsində, 11–22 noyabr 2024-cü il tarixlərində ekoloji məsələlərə dair ictimai münasibəti öyrənmək məqsədilə rəy sorğusu həyata keçirib. Sorğu çərçivəsində Azərbaycanda və qlobal miqyasda ekoloji vəziyyət, ətraf mühitin mühafizəsi, əhalinin ekoloji mədəniyyət səviyyəsi və bu istiqamətdə aktuallıq kəsb edən digər məsələlər qiymətləndirilib [3].
“İqlim dəyişikliyi barədə nə düşünürsünüz?” sualına cavab olaraq respondentlərin 36,1%-i iqlim dəyişikliyini təbii proses kimi qəbul etdiyini, 25,2%-i bunun insan fəaliyyətinin nəticəsi olduğunu, 32,8%-i isə hər iki amilin təsirinin mövcudluğunu bildirib. Digər tərəfdən, 5,9% respondent iqlim dəyişikliyinin baş verdiyinə inanmadığını qeyd edib.
Tədqiqat çərçivəsində vətəndaşları narahat edən əsas ekoloji problemlər də müəyyənləşdirilib. Respondentlərin ən çox narahatlıq ifadə etdiyi məsələlər arasında aşağıdakılar üstünlük təşkil edir:
• qidaların keyfiyyətinin dəyişməsi/GMO (54,7%),
• içməli suyun keyfiyyətinin aşağı olması (50,3%),
• havanın çirklənməsi (48,9%),
• su çatışmazlığı (41%),
• su hövzələrinin (çayların, dənizin) çirklənməsi (40,6%).
Bununla yanaşı, digər geniş narahatlıq doğuran ekoloji problemlərə plastik və polietilen tullantılar (36,5%), məişət tullantılarının tənzimlənməməsi (32,7%), meşələrin və yaşıllıqların məhv edilməsi (29,6%), qlobal istiləşmə və quraqlıq (28,8%), nəqliyyat vasitələrindən atılan qazlar (28,5%), torpaqların keyfiyyətinin azalması (23,5%) və sənaye müəssisələrindən atmosferə buraxılan qazlar (23,3%) daxildir.
Nisbətən daha az səviyyədə olsa da, narahatlıq doğuran digər problemlər də qeyd edilib: bitki və heyvan növlərinin azalması (19,8%), radioaktiv çirklənmə (19,8%), səs-küy çirklənməsi (18,7%), meşə yanğınları (17,3%), yeraltı sərvətlərin tükənməsi (15,8%), qanunsuz ovlama (14,1%), daşqın və sellərin artması (12,9%), təbii resursların hasilatından yaranan tullantılar (10,2%), sürətli şəhərləşmə (10%) və digər məsələlər (2,5%) [3].
Təhsil statistikası və infrastruktura dair məlumatlar
Apardığımız araşdırmalara görə, DSK nın statistik məcmuə və hesabatlarında Azərbaycanda təhsil müəssisələrinin, təhsilalanların və müəllim tərkibinin bölgüsü, ümumi təhsil pillələri üzrə göstəricilər sistemli şəkildə toplanılır. Bu informasiya bazası iqlim dəyişikliklərindən təsirlənə biləcək regionlar üzrə demoqrafik dəyişiklikləri və təhsil infrastrukturu ehtiyaclarını qabaqcadan qiymətləndirməyə imkan verir. Lakin hal hazırda “iqlim miqrasiyası → təhsil infrastrukturu dəyişiklikləri” istiqamətində spesifik statistik göstəricilər rəsmi olaraq DSK nın ictimai hesabatlarında açıq mənbələrdə ayrı-ayrılıqda yer almadığından konkret rəqəmlər səsləndirmək mümkün deyil.
Qeyd edək ki, COP29 çərçivəsində Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində ekoloji təhsil prioritet sahəyə çevrilmişdir. Erkən yaşda iqlim və ekoloji maarifləndirmə uşaqlarda ekoloji düşüncə tərzinin formalaşmasına xidmət edir. Ümumi təhsildə də ekoloji savadlılıq üzrə tədris planlarında mühüm dəyişikliklər baş vermişdir.
• Bakı və Sumqayıt şəhərlərində 30-a yaxın orta məktəbdə ekoloji seminarlar təşkil edilmiş, iqlim dəyişikliyi ilə bağlı yeni tədris vəsaitləri şagirdlərə təqdim olunmuşdur.
• Müasir texnologiyalardan istifadə edilərək, “yaşıl” mövzular oyunlar və layihələr vasitəsilə tədris edilmiş, dərs prosesinin effektivliyi artırılmışdır.
• 5-11-ci siniflər üçün biologiya və coğrafiya dərsliklərinə “İqlim dəyişikliklərinin sosial-iqtisadi təsirləri” bölməsi əlavə olunmuşdur [4].
Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən bu yeniliklər şagirdlərə iqlim dəyişikliyinin həm qlobal, həm də lokal təsirlərini dərindən öyrənmək imkanı verir.
COP29 çərçivəsində orta ixtisas və peşə təhsili sahəsində də əhəmiyyətli inkişaflar baş vermişdir:
• “Yaşıl texnologiyalar”, “ekoloji menecment” və “bərpa olunan enerji mənbələri” üzrə yeni ixtisaslar təqdim edilmişdir.
• Peşə təhsili müəssisələrində “yaşıl” peşələr üzrə tələbə sayı son bir il ərzində 25% artmışdır.
• 2023-cü ildə 8000-dən çox tələbə bərpa olunan enerji və ekoloji təmiz texnologiyalar üzrə təlimlərdə iştirak etmişdir.
• Azərbaycan regionlarında peşə təhsili müəssisələri kənd təsərrüfatı və ekoloji turizm istiqamətində daha çox mütəxəssis hazırlamalıdır [4].
COP29-un ali təhsil proqramlarına da təsiri olmuşdur:
• Universitetlərdə iqlim dəyişikliyi ilə bağlı tədqiqat mərkəzləri və yeni ixtisas proqramları yaradılmışdır.
• Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Bərpa olunan enerji texnologiyaları” və “İqlim dəyişikliklərinin sosial təsirləri” üzrə magistr proqramları fəaliyyətə başlamışdır.
• Azərbaycan Dövlət İqtisad Universitetində dayanıqlı iqtisadiyyat mövzusunda xüsusi fənlər tədris edilir.
• Universitetlərarası əməkdaşlıq gücləndirilmiş, ADA Universiteti və BP şirkəti arasında “yaşıl biznes modelləri” üzrə tədqiqat layihələri həyata keçirilir [4].
İqtisadi təsirlər və gələcək proqnozlar
COP29 çərçivəsində yaradılan “yaşıl iş yerləri” konsepsiyası uzunmüddətli perspektivdə həm təhsil, həm də əmək bazarına əhəmiyyətli təsir göstərir:
• Dünya Bankı hesab edir ki, Azərbaycanın “yaşıl iqtisadiyyat” sahəsində potensialı illik 2 milyard dollar əlavə gəlir gətirə bilər.
2030-cu ilə qədər gözlənilən nəticələr:
• Yaşıl ixtisaslar üzrə ali və peşə təhsili alanların sayı ən azı 50% artacaq.
• Təhsildə ekoloji layihələr və texnologiyaların tətbiqi genişlənəcək.
• Azərbaycanın qeyri-neft sektorunda yeni innovativ iş yerləri yaranacaq.
• İqtisadiyyatın “yaşıl” transformasiyası təhsil və cəmiyyət üçün daha sabit və dayanıqlı gələcək təmin edəcək [4].
Gələcək üçün tədbirlər:
təhsil sisteminin iqlim dəyişikliyi və ekoloji miqrasiyaya adaptasiyası
İqlim dəyişikliyi və onun nəticəsi kimi artan ekoloji miqrasiya qlobal və regional səviyyədə təhsil sistemlərini yeni çağırışlarla üz-üzə qoyur. Bu şəraitdə təhsil siyasətinin planlaşdırılması yalnız risklərin idarə olunmasını deyil, həm də uzunmüddətli dayanıqlığın təmin edilməsini tələb edir. Aşağıdakı tövsiyələr həm qlobal təcrübəyə, həm də Azərbaycanın mövcud ehtiyaclarına əsaslanan prioritet istiqamətləri əhatə edir.
Qlobal səviyyədə tövsiyələr
Qlobal təhsil sistemlərinin transformasiyası iqlim dəyişikliyinin təsirlərinə adaptasiya olunmağı zəruri edir. Bu baxımdan aşağıdakı istiqamətlər xüsusi əhəmiyyət daşıyır:
• “Yaşıl məktəb” modellərinin genişləndirilməsi: Enerji səmərəliliyi və ekoloji təmiz infrastruktur əsasında təşkil olunan məktəblərin qlobal miqyasda yayılması dayanıqlı təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.
• İqlim risklərinə davamlı infrastrukturun inkişafı: Təhsil müəssisələrinin ekstremal hava hadisələrinə qarşı dözümlü şəkildə dizayn edilməsi fasiləsiz tədrisi təmin edən əsas şərtlərdən biridir.
• Ekoloji miqrant uşaqlar üçün inklüziv proqramların hazırlanması: Miqrasiya nəticəsində yerini dəyişən uşaqların tədris prosesinə sosial-psixoloji uyğunlaşmasını dəstəkləyən çevik və inklüziv təhsil modelləri vacibdir.
• İqlim mövzularının STEM proqramlarına inteqrasiyası: İqlim elmi, ekoloji mühəndislik və dayanıqlılıq yönlü bacarıqların STEM təliminə daxil edilməsi gələcək nəsillərin iqlim problemlərinə innovativ həllər təqdim etməsinə imkan yaradır.
• Müəllimlərin iqlim savadlılığı üzrə təkmilləşdirilməsi: Müasir iqlim çağırışlarının tədrisə səmərəli inteqrasiyası üçün müəllimlərin bilik və bacarıqlarının artırılması həlledici amildir.
Azərbaycan üçün tövsiyələr
Azərbaycan kontekstində təhsil sisteminin iqlim dəyişiklikləri və ekoloji miqrasiya proseslərinə adaptasiyası üçün aşağıdakı istiqamətlər prioritet təşkil edir.
1. Kurikulumun yenilənməsi
• “İqlim dəyişiklikləri və ekoloji miqrasiya” üzrə yeni modulun hazırlanması təhsilalanların mövzunu sistemli şəkildə dərindən mənimsəməsinə şərait yaradacaq.
• İqlim təhsili və dayanıqlı inkişaf üzrə məcburi dərslərin tətbiqi şagirdlərdə ekoloji məsuliyyət və qlobal ekosistemin qorunması ilə bağlı maarifləndirməni gücləndirəcək.
2. İnfrastrukturun iqlim davamlılığı
• Yüksək temperatur və su qıtlığına adaptiv məktəb modellərinin formalaşdırılması xüsusilə iqlim baxımından həssas regionlarda təhsil prosesinin təhlükəsizliyini artıracaq.
• Bərpa olunan enerji mənbələri ilə işləyən tədris müəssisələrinin qurulması həm enerji xərclərini optimallaşdıracaq, həm də şagirdlər üçün real ekoloji təcrübə mühiti yaradacaq.
• Ekoloji miqrasiyanın təhsilə təsirinin monitorinqi, regionlar üzrə risk xəritələrinin hazırlanması və köç edən ailələrin uşaqları üçün adaptasiya proqramlarının təşkili sosial bərabərliyi təmin edən mühüm tədbirlərdir.
3. Müəllim hazırlığının gücləndirilməsi
• İqlim savadlılığı üzrə təlim paketlərinin hazırlanması müəllimlərin iqlim dəyişiklikləri mövzusunu tədris etmək bacarıqlarını artıracaq.
• Pedaqoji profilli ali təhsil müəssisələrində “iqlim təhsili” fənninin əlavə olunması gələcək müəllim kadrlarının bu sahədə bilikli yetişməsinə xidmət edəcək.
4. Tədqiqatların genişləndirilməsi
• Ekoloji miqrasiya üzrə sosial-pedaqoji araşdırmaların aparılması təhsil sistemində ehtiyacların daha dəqiq müəyyənləşdirilməsinə yardım edəcək.
• Təhsil sisteminin iqlim risklərinə adaptasiya qabiliyyətinin qiymətləndirilməsi siyasətlərin effektivliyinin artırılması üçün elmi əsaslı qərarların qəbulunu mümkün edəcək.
Nəticə
Bu təhlil göstərir ki, iqlim dəyişiklikləri və ekoloji miqrasiya yalnız ekoloji və iqtisadi deyil, həm də sosial və təhsil sahəsində ciddi transformasiyalara səbəb ola bilər. Dünya təcrübəsində bu sahədə müəyyən təşəbbüslər olsa da, universitetlər və məktəblər üçün “iqlim adaptasiyası + təhsil təminatı” yanaşması hələ geniş yayılmayıb. Dünyada iqlim təhsili üzrə sistemli yanaşmalar formalaşsa da, inkişaf etməkdə olan ölkələrdə bu istiqamətdə institusional çətinliklər mövcuddur.
Azərbaycanda da iqlim dəyişikliklərinə uyğun milli siyasətlər, adaptasiya planları mövcuddur, iqlim dəyişikliklərinin artan təsiri gələcəkdə kompleks tədbirlərin icrasını zəruri edir. Belə tədbirlər yalnız “yaşıl gələcək” baxımından deyil, eyni zamanda sosial ədalət, inklüzivlik və davamlı inkişaf baxımından da strateji əhəmiyyət daşıyır.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
1. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər /Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir / - https://president.az/az/articles/view/50474
2. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı /06 oktyabr 2016/ - https://president.az/az/articles/view/21314
3. Azərbaycanda aktual ekoloji məsələlər: sosial aspektləri və nəticələri. Analitik hesabat. / Sosial Tədqiqatlar Mərkəzi
4. COP29-un Azərbaycan təhsil sisteminə təsirləri və gözləntilər. /23 noyabr 2024/ -https://konkret.az/cop29-un-azerbaycan-tehsil-sistemine-tesirleri-ve-gozlentiler/
5. Gələcəyimizi seçmək: İqlim dəyişikliyi üçün təhsil və onun təsirləri. /30 sentybar 2024/ - https://muallim.edu.az/geleceyimizi-secmek-iqlim-deyisikliyi-ucun-tehsil-ve-onun-tesirleri
6. İqlim dəyişikliyi və uşaqlarımız: Məlumatlı olmaq və qorunmaq üçün müəllim üçün bələdçi. - https://saglamusaq.az/site/article/406?utm
7. İqlim dəyişmələri və Azərbaycan. - https://eco.gov.az/az/hidrometeorologiya/iqlim-deyismeleri
8. İqlim mövzusu təhsildə niyə ön plana çıxa bilmir? - https://muallim.edu.az/iqlim-movzusu-tehsilde-niye-on-plana-cixa-bilmir-arasdirma
İngilis dilində:
9. Choosing Our Future: Education for Climate Action. - https://www.worldbank.org/en/topic/education/publication/education-for-climate-action
10. Climate Change Could Force 216 Million People to Migrate Within Their Own Countries by 2050. - https://www.worldbank.org/en/news/press-release/2021/09/13/climate-change-could-force-216-million-people-to-migrate-within-their-own-countries-by-2050
11. Climate Displacement Can Permanently Hamper Children’s Education and Imperil Future Prospects. /May 7, 2025/ - https://www.migrationpolicy.org/article/climate-displacement-education
12. Groundswell Part 2: Acting on Internal Climate Migration. - https://openknowledge.worldbank.org/entities/publication/2c9150df-52c3-58ed-9075-d78ea56c3267
13. Institutional Strategy On Migratıon, Environment And Climate Change 2021 – 2030. - https://roasiapacific.iom.int/sites/g/files/tmzbdl671/files/documents/2025-03/mecc-strategy-brief-english.pdf
14. Integration of migrant children. - https://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2023/754601/EPRS_BRI(2023)754601_EN.pdf
15. Learning interrupted. Global snapshot of climate-related school disruptions in 2024. - https://www.unicef.org/reports/learning-interrupted-global-snapshot-2024
16. Migration and Climate Change. /Prepared for IOM by Oli Brown International Organization for Migration/.Geneva, 2008, p.9
17. Nearly a quarter of a billion children’s schooling was disrupted by climate crises in 2024 – UNICEF - https://www.unicef.org/press-releases/nearly-quarter-billion-childrens-schooling-was-disrupted-climate-crises-2024-unicef
18. No Escape II: The Way Forwardbringing Climate Solutions To The Frontlines Of Displacement And Conflict (UNHCR) - https://www.unhcr.org/media/no-escape-ii-way-forward
19. Refugee camps set to be uninhabitable by 2050 as extreme weather worsens. - https://news.un.org/en/story/2025/11/1166318
20. Up to 250 million may migrate due to water shortage by 2100 – Azerbaijani expert /10 September, 2025/ - https://report.az/en/infrastructure/up-to-250-million-may-migrate-due-to-water-shortage-by-2100-azerbaijani-expert?utm_source=chatgpt.com
21. WHO calls for urgent action to protect health from climate change /6 October 2015/. - https://www.who.int/news/item/06-10-2015-who-calls-for-urgent-action-to-protect-health-from-climate-change-sign-the-call
Aqşin Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri