Giriş
Enerji təhlükəsizliyi yeni geoiqtisadi münasibətlər sistemində ölkənin enerjiyə olan tələbatının həm kəmiyyət, həm də keyfiyyət baxımından qarşılanması ilə müəyyən edilərək, ölkənin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri kimi qəbul edilir.
Avropa Birliyinin iqtisadiyyatı üçün sərfəli və etibarlı enerji təchizatı həyati əhəmiyyət kəsb edir, lakin Avropa Birliyi ölkələri enerjiyə olan tələbatlarını tam qarşılamaq üçün kifayət qədər enerji resurslarına malik deyildir. Hazırda, Avropa Birliyinin xam neftə olan tələbatının təxminən 90%-i və təbii qaza olan tələbatının təqribən 70%-i idxal hesabına ödənilir. Avropa Birliyi idxal etdiyi təbii qazın təxminən 40%-i bir təchizatçıdan - Avropa Birliyi ilə gərgin münasibətləri olan Rusiyadan alır. Bu asılılıq Avropa Birliyinin Rusiya kimi təchizatçı ölkələr qarşısında mövqeyini zəiflədən, bəlkə də ən əsas xarici amildir.
Avropa Birliyinin səylərinə baxmayaraq, enerji təhlükəsizliyi narahatlıq doğurur. Mənzərə həm müsbət, həm də mənfi tendensiyalara malik olmaqla çox qarışıqdır. Bir tərəfdən, bərpa olunan enerji mənbələrinin artması Avropa Birliyinə uzunmüddətli perspektivdə öz təmiz enerji mənbələrini inkişaf etdirmək imkanı verir. Digər tərəfdən, qısa və ortamüddətli perspektivdə Avropa Birliyi xam neft və təbii qazın idxalından həmişəkindən daha çox asılı olacaq.
Yeni geoiqtisadi münasibətlər sistemində Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaşlardan biri Azərbaycan dövlətidir ki, müstəqil xarici siyasət yürütməklə Avropanın enerji ilə təmin edilməsi üçün mühüm strateji infrastruktur layihələrini yüksək səviyyədə gerçəkləşdirməyə nail olur. Həmçinin, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində də kifayət qədər işlər görülməkdədir.
Azərbaycanda xam neft, təbii qaz və elektrik enerjisinin istehsalı
və onların ixracı dinamikası
(2025-ci ilin yanvar-iyun ayları ərzində)
Azərbaycan brendi olan “Azeri Light” markalı neftin dünya bazarında 1 barel qiymətinin 2025-ci ilin yanvar-iyun ayları ərzində dinamikasına nəzər yetirdikdə görünür ki, yanvar ayında orta aylıq qiymət 81 ABŞ dolları olmuş, bu qiymət tədricən azalaraq may ayında 66 ABŞ dolları təşkil etmiş və iyun ayında nəzərəçarpacaq dərəcədə artaraq 74 ABŞ dollarına çatmışdır (Diaqram 1.).

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi - https://maliyye.gov.az/
Azərbaycan qazının dünya bazarında 1 kub metrinin qiymətinin 2025-ci ilin yanvar-iyun ayları ərzində dinamikasına nəzər yetirdikdə görünür ki, yanvar – aprel aylarında orta aylıq qiymət 0,36 - 0,38 ABŞ dolları arasında olmuş, bu qiymət tədricən azalaraq may ayında 0,36 ABŞ dolları təşkil etmiş və iyun ayında nəzərəçarpacaq dərəcədə azalaraq 0,34 ABŞ dollarına enmişdir (Diaqram 2.).
Təbii qazın 1 kub m. qiyməti, ABŞ dolları (2025-ci il Yanvar – İyun)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
2025-ci ilin yanvar-iyun ayları ərzində xam neft hasilatının orta aylıq həcmi 2,2 – 2,4 mln. ton olub. Maksimum həcmdə xam neft hasilatı 2,4 mln. ton mart ayında qeydə alınmışdır. Neft ixracına gəldikdə, həmin dövr ərzində 1,7 – 2,1 mln. ton xam neft ixrac edilmiş, maksimum ixrac həcmi 2,1 mln. ton qeydə alınmışdır (Diaqram 3.).
Xam neft hasilatı və ixracı (2025-ci il Yanvar-İyun)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
2025-ci ilin yanvar-iyun ayları ərzində qaz hasilatının orta aylıq həcmi 3,9 – 4,5 mlrd. kub metr olub. Maksimum həcmdə təbii qaz hasilatı 4,5 mlrd. kub mart ayında qeydə alınmışdır. Qazın ixracına gəldikdə, həmin dövr ərzində 1,8 – 2,2 mlrd. kub metr təbii qaz ixrac edilmiş, maksimum ixrac həcmi 2,2 mlrd. kub metr qeydə alınmışdır (Diaqram 4.).
Təbii qaz hasilatı və ixracı (2025-ci il Yanvar-İyun)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Azərbaycan qazının ölkələr üzrə ixracına gəldikdə ən çox Avropaya təbii qaz ixrac edilir ki, bu da 1 – 1.1 mlrd. kub metr təşkil edir (Diaqram 5.).
Təbii qazın ölkələr üzrə ixracı, mlrd. kub m. (2025-ci il Yanvar-İyun)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Elektrik enerjisi istehsalında İES-lərin payı daha yüksəkdir. Bərpa olunan enerji mənbələri arasında SES-lərin xüsusi çəkisi üstünlük təşkil edir (Diaqram 6.).
Elektrik enerjisi istehsalı, mln. Kvts (2025-ci il Yanvar-İyun)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Elektrik enerjisinin ixracına gəldikdə, 2025-ci il yanvar-iyun ayları ərzində maksimum həcmdə elektrik enerjisi ixracı yanvar ayında qetdə alınmışdır. (Diaqram 7.).
Elektrik enerjisinin ixracı və idxalı, mln. Kvts (2025-ci il Yanvar-İyun)

Mənbə: Azərbaycan Respublikası Energetika Nazirliyi - https://minenergy.gov.az/
Azərbaycanda enerji təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı görülən işlər (2025-ci ilin Yanvar-İyun ayları ərzində)
22.01.2025-ci il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilmişdir. İclasda “Yaşıl enerji məkanı” məqsədi üzrə aidiyyəti qurumlar tərəfindən yerinə yetirilmiş tədbirlərin icra göstəriciləri barədə məlumat verilib, dənizdə külək enerjisi potensialının araşdırılması, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, enerji saxlanc sistemlərinin və karbon tutulması texnologiyasının tətbiqi, müxtəlif sahələrdə enerji səmərəliliyinin təmin edilməsi, yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün infrastrukturun qurulması, iqlim dəyişmələri üzrə milli məlumat bazasının yaradılması və digər istiqamətlər üzrə icra olunan tədbirlər müzakirə edilib.
08.02.2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclası keçirilmişdir. İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb. Həmçinin, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsinin müzakirəsinə həsr olunmuş geniş tərkibli görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonasının inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması istiqamətində görülən işlər haqqında məlumat verilib, BCG məsləhətçi şirkətinin ekspertləri, “Azərenerji” ASC-nin və Türkiyənin TEİAS şirkətinin nümayəndələrinin də iştirakı ilə yaşıl enerjinin ixracını dəstəkləyəcək infrastruktur layihələrinin texniki və iqtisadi əsaslandırılmasından irəli gələn məsələlər müzakirə olunub.
08.03.2025-ci il tarixində Belçikanın Brüssel şəhərində Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun növbəti iclası keçirilmişdir. Avropa Komissiyası və Slovakiya Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıb. Həm təbii qazın tədarükü, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub. Tədbirdə ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Nazir müavini Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində strateji rolundan bəhs edərək Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa ölkəmizin töhfə verməyə hazır olduğunu bildirib. İclasda bərpa olunan enerjidən istifadənin inkişafı və ixrac planları haqqında məlumat verilib, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin reallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Həmçinin, Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq, Mərkəzi Asiyadan “yaşıl enerji” tranziti də daxil olmaqla Avropaya bərpa olunan enerjinin müxtəlif marşrutlarla tədarükü məsələsi müzakirə olunub.
10.03.2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib. İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponentlə əlaqədar məsələlərin TİƏ-nin iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd imzalanıb.
04.04.2025-ci il tarixində Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
04.04.2025-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub. Azərbaycan, Qazaxıstan, Özbəkistanın energetika nazirləri tərəfindən imzalanmış sənədə AİB və AİİB-nin təmsilçiləri də qoşulub. Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini dəstəkləmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.
04.04.2025-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində üç günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb. Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb. Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb. Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi isə energetika nazirinin müavini Elnur Soltanov və “Nobel Energy Limited” şirkətinin baş direktoru Vüqar Səmədli tərəfindən imzalanıb. “Yaşıl enerji zona”larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 mln. kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 mln. kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
04.04.2025-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Sloveniyanının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında görüş olub. Görüşdə təbii qaz sahəsində enerji şirkətlərinin əməkdaşlığı və Sloveniyanın qazla təchizatı üzrə əməkdaşlığa başlanması enerji əlaqələrinin inkişafı aspektində dəyərləndirilib. Yeni istiqamətlər üzrə əməkdaşlığa maraq ifadə edilib. Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Memorandum enerji sahəsində, o cümlədən enerji təhlükəsizliyi və qaz təchizatının şaxələndirilməsi, hidrogen də daxil olmaqla yaşıl enerji texnologiyaları üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bərpa olunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsini ehtiva edir. Sənəddə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsində qəbul edilmiş enerji siyasətləri və təşəbbüsləri üzrə əməkdaşlığın da gücləndirilməsi nəzərdə tutulur.
04.04.2025-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası ilə paralel olaraq “Dənizdə külək enerjisinin inkişafı” mövzusunda növbəti Azərbaycan-Avropa İttifaqı dəyirmi masası təşkil edilib. Energetika naziri Pərviz Şahbazov, Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dicksonun iştirakı ilə keçirilən tədbirdə Avropanın külək sənayesinin aparıcı şirkətləri və maliyyə institutları geniş tərkibdə təmsil olunub. Xəzər dənizinin Azərbaycan seqmentində beş sahənin müəyyənləşdirilməsi, ölçmə və müşahidə işlərinin aparılması və enerji şirkətləri ilə həyata keçirilən layihələr barədə məlumat verilib. Dənizdə külək enerjisi istehsalının ilkin mərhələdə 4 QVt-nın “Xəzər-Qara Dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Avropaya ixrac ediləcəyi, həmçinin planlaşdırılan digər interkonnektorların da məhz Avropa ölkələrinə istiqamətləndiyi qeyd olunub. Bildirilib ki, Avropa şirkətləri külək enerjisinin istehsalı və ötürülməsi layihələrində iştirak etmək üçün geniş imkanlara malikdirlər. Avropanın texnoloji imkanları və investisiyaları ilə Azərbaycanın zəngin enerji resursları və strateji coğrafi mövqeyi birləşərək mühüm irəliləyişlərə yol aça bilər. Dəyirmi masada Azərbaycanın dənizdə külək enerjisi potensialının inkişafı üzrə Azərbaycan-Aİ əməkdaşlığına qarşılıqlı maraq bir daha vurğulanıb. 2024-cü ildə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “WindEurope” arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müzakirə olunub.
10.04.2025-ci il tarixində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İki ölkə arasında enerji sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib. Görüş çərçivəsində energetika naziri Azərbaycanda təbii qaz və bərpa olunan enerji sahələrində görülən işlər, xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya yaşıl enerji ixracı ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında reallaşdırılan Yaşıl Enerji Dəhlizi haqqında danışılıb, bu istiqamətdə gələcək əməkdaşlıq imkanlarına toxunulub. Nazir Vladimir Bolea təbii qaz tədarükü də daxil olmaqla bir sıra sahələrdə prioritet əməkdaşlıq istiqamətlərindən danışıb. Qaz təchizatında uzunmüddətli müqavilələrin enerji təhlükəsizliyi və davamlılıq baxımından əhəmiyyəti vurğulanıb. Moldovada bioenerji və bioqaz sahələrində investisiya əsaslı əməkdaşlıq imkanları, ölkədə mövcud yaşıl güclər, həyata keçirilən bərpa olunan enerji hərracları barədə ətraflı məlumat verilib, Azərbaycan şirkətlərinin bu istiqamətlərdə reallaşdırılacaq layihələrdə iştirakı üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.
12.05.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazovla Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında görüş olub. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib. 2021-2024-cü illər ərzində Azərbaycanın Aİ-yə qaz ixracının 57 faizdən çox artdığı vurğulanaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması üçün investisiyalar və uzunmüddətli müqavilələrin vacibliyi qeyd olunub. Aİ-nin qaz layihələrinin maliyyələşdirilməsinə dair siyasəti nəzərdən keçirilib. Baş direktor Qert Yan Kupman tərəfindən Orta Dəhliz kontekstində regionla Aİ arasında enerji və elektrik ticarətini artırmağa yönəlmiş planlar çərçivəsində Azərbaycanla əməkdaşlığa, xüsusilə “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə xüsusi maraq ifadə edilib. Söhbət zamanı layihənin texniki-iqtisadi əsaslandırma mərhələsində olması, Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün həyata keçirilən proseslər, dəhlizin elektrik enerjisi ilə yanaşı, fiber-optik komponenti, həmçinin növbəti mərhələdə “yaşıl enerji”nin tədarük imkanları barədə məlumat verilib. Bu dəhlizin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə əlaqələndirilməsi perspektivi diqqətə çatdırılıb. Nazir Pərviz Şahbazov bildirib ki, layihə Avropa ilə Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə birləşdirə bilər, bu da gələcəkdə Qazaxıstan və Özbəkistandan böyük həcmlərdə enerji resurslarının Avropaya ötürülməsini təmin edə və Ai-nin enerji təchizatının şaxələndirilməsi baxımından mühüm rol oynaya bilər. Görüşdə, həmçinin Azərbaycan-Aİ enerji dialoqunun üçüncü iclasının keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.
28.05.2025-ci il tarixində OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq. İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb. OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının cari ilin 30 noyabr tarixində keçirilməsi razılaşdırılıb.
30.05.2025-ci il tarixində Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms arasında görüş olub. Görüşdə Almaniyanın enerji sahəsində diversifikasiya, rəqabətqabiliyyətli qiymətlərin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi siyasəti, eləcə də Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi istiqamətində həyata keçirdiyi kurs çərçivəsində tərəfdaşlığa dair müzakirələr aparılıb. Alman şirkətlərinin Azərbaycanda təxminən 20 layihə üzrə əməkdaşlıq planlarının olduğu, bunların bir qisminin enerji sahəsini əhatə etdiyi qeyd olunub. Kiçik miqyaslı bərpa olunan enerji layihələri, enerji səmərəliliyi, enerji tələbatının idarə olunması istiqamətləri ilə yanaşı, dənizdə külək enerjisinin inkişafı, “Xəzər - Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “yaşıl enerji” tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bildirilib ki, hazırda Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisindən əlavə, növbəti mərhələdə “yaşıl hidrogen”in nəqli də nəzərdə tutulur. Bu dəhlizlə ixrac olunacaq həcmlər gələcəkdə Almaniyanın enerji tələbatını qarşılamaq üçün də istifadə oluna bilər. Söhbət zamanı hazırda icra olunan digər “yaşıl enerji” interkonnektorları, dünyada “yaşıl texnologiyalar və hidrogen sənayesinin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.
02.06.2025-ci il tarixində Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov və bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin iştirakı ilə 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası (GES) və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb. Şəfəq GES layihəsi üzrə yekun investisiya qərarı “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkətinin səhmdarları – bp (50,01%), SOCAR Green (39,99%) və Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) tərəfindən, STEL layihəsi üzrə yekun investisiya qərarı isə Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, Lukoil, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies tərəfindən təsdiqlənib. Sənədlər Səngəçal terminalının elektrik enerjisi şəbəkəsinə həm terminalın daxilində, həm də onun hüdudlarından kənarda inşa ediləcək yeni qurğular, o cümlədən 220 kV-luq yeni elektrik yarımstansiyası vasitəsilə qoşulmasını nəzərdə tutur. “Virtual enerji ötürülməsi” modelinin tətbiqi ilə Şəfəq GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaq.
02.06.2025-ci il tarixində Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını, həmçinin Energetika Nazirliyi ilə Maire Tecnimont S.p.A. arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
02.06.2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin vitse-prezidenti Bo Wang imzalayıblar. Saziş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşün nəticəsi olaraq əldə edilmiş razılaşmaların hüquqi çərçivədə təsbit olunmasını təmin edir. Məqsəd Azərbaycanda təmiz enerji və müasir enerji sistemlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirmək və bu sahədə konkret layihələr icra etməkdir. Sənədə əsasən, “China Energy Engineering Corporation Limited” şirkəti ilə 160 MVt gücündə Füzuli Günəş Elektrik Stansiyası, Xəzər dənizində 200 MVt gücündə külək enerjisi, hidroenergetika və “Yaşıl Enerji Dəhlizi” layihələri üzrə əməkdaşlıq ediləcək. Saziş, həmçinin enerji planlaşdırılması və şəbəkə tədqiqatlarının həyata keçirilməsi, “yaşıl enerji”dən istifadənin inkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması, bərpa olunan enerji sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əməkdaşlığı əhatə edir.
02.06.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero ilə görüşüb. Görüşdə Azərbaycanla Avropa İttifaqının strateji enerji tərəfdaşlığının enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib. Bu tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib. Azərbaycandan Avropaya təbii qaz və bərpa olunan enerji enerjinin tədarükü ilə bağlı infrastrukturların inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib. Bu xüsusda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi prosesi, həmçinin “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan”, “Mərkəzi Asiya - Azərbaycan” yaşıl enerji interkonnektorları layihələri ilə bağlı məsələlər müzakirə edilib. Görüş zamanı yaxın günlərdə Brüsseldə keçiriləcək Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun 3-cü iclasının gündəliyindəki prioritet məsələlər barədə də fikir mübadiləsi aparılıb.
03.06.2025-ci il tarixində Bakı Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb. Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi - Faza-1 layihəsinin icrası müzakirə edilib. Bu mərhələdə yataqdan qaz hasilatına başlanması və müvafiq həcmlərin ixraca yönəldilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Görüşdə Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə külək, enerji saxlanc sistemləri layihələri və metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın cari vəziyyəti və planlaşdırılan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Nazir Pərviz Şahbazovun Pakistanın federal energetika naziri (neft məsələləri üzrə) Ali Pervaiz Malik ilə də görüşü olub. Bu ilin fevralında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri, may ayında isə Laçında üçtərəfli sammit çərçivəsində iştirakı zamanı enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb. Azərbaycan - Pakistan Enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Söhbət zamanı Pakistanın enerji sektoruna investisiya imkanları və potensial əməkdaşlıq layihələri barədə müzakirələr aparılıb. Həmçinin ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. “ACWA Power” şirkətinin təsisçisi və İdarə Heyətini sədri Mohammad Abunayyan ilə görüşdə isə bu il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” KES, Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 QVt külək elektrik enerjisi istehsalı layihəsi üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən və planlaşdırılan addımlar müzakirə olunub. Həmçinin quruda inteqrasiya olunmuş 200 MVt-lıq külək enerjisi və batareya enerji saxlanc sistemi layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər nəzərdən keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiya regionu və Türkiyə üzrə energetika departamentinin direktoru Sule Kilic ilə görüşdə bankla uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə edilib. AYİB-in 230 MVt gücündə “Qaradağ” GES, 240 MVt gücündə "Xızı-Abşeron" KES, 315 MVt “Bankə” GES və 445 MVt gücündə “Biləsuvar” GES-ə uzunmüddətli kredit ayırması yüksək qiymətləndirilib. Azərbaycanda daxili istehlak və ixrac məqsədilə həyata keçirilən layihələr barədə məlumat verilib. Enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi imkanları müzakirə edilib. Eyni zamanda “yaşıl enerji” interkonnektorlarının həyata keçirilməsi mərhələsində Bankla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizlərinə maliyyə dəstəyi imkanları müzakirə edilib.
04.06.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti cənab Yingming Yang arasında görüş keçirilib. Görüşdə enerji sahəsində AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji gündəliyinin əsas prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bankın enerji balansının şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji əlaqələrinin qurulmasına önəm verən siyasəti çərçivəsində əməkdaşlıq imkanlarına maraq göstərilib. Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsi başa çatmaq üzrədir və bu mərhələ çərçivəsində 2027-ci ilədək enerji sisteminə 2 QVt həcmində “yaşıl enerji” güclərinin inteqrasiyası planlaşdırılır. Bundan başqa, Xəzər dənizində külək enerjisindən istifadə ilə bağlı layihələr, Avropa, Türkiyə və Mərkəzi Asiya istiqamətlərində müxtəlif “yaşıl enerji dəhlizləri”nin inkişafı istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Bu xüsusda AİB-in “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına maliyyə dəstəyi yüksək qiymətləndirilib. Görüş zamanı qeyd olunub ki, dənizdə istehsal ediləcək enerjinin bir qisminin ölkənin enerji sisteminə inteqrasiyası, digər hissəsinin isə ixraca yönəldilməsi planlaşdırılır. Bu baxımdan, dəniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə AİB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sahil infrastrukturlarının qurulması və Avropaya təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı əməkdaşlıq təkliflərinin AİB tərəfindən müsbət qarşılandığı bildirilib. Enerji interkonnektorları və istilik təchizatı sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb.
12.06.2025-ci il tarixində Brüsseldə enerji səmərəliliyi üzrə beynəlxalq tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla görüşüb. Fatih Birol Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu, bu xüsusda əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Söhbət zamanı Agentliklə COP29-un təşəbbüslərinin təşviqi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb. Enerji təşəbbüslərinin icra vəziyyətinin izlənilməsi və irəliləyişlərin Agentliyin müvafiq hesabatlarında əks etdirilməsi, eləcə də əməkdaşlığın gələcək inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb. Həmçinin qlobal enerji bazarında mövcud tendensiyalar və proqnozlara dair fikir mübadiləsi aparılıb.
13.06.2025-ci il tarixində Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncü iclası olub. Energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə keçirilən iclasda Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG ENER), Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin “CESI” şirkəti təmsil olunub. Görüşdə enerji tərəfdaşlığının Cənub Qaz Dəhlizi və enerji keçidi prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanın qaz hasilatı və ixrac perspektivləri, Aİ-nin qaz təchizatı ilə bağlı mövcud vəziyyəti və AYİB-in enerji sektoru ilə bağlı strategiyası çərçivəsində qaz nəqli infrastrukturunun maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib. Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən həyata keçirilir.
17.06.2025-ci il tarixində Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub. Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi və iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Ötən ildən etibarən Azərbaycandan Şimali Makedoniyaya təbii qaz təchizatının uğurla davam etdirildiyi, bu əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsinə maraq göstərildiyi və enerji tərəfdaşlığının inkişafına Şimali Makedoniya parlamenti tərəfindən tam dəstək ifadə olunduğu bildirilib. Söhbət zamanı Azərbaycan tərəfindən Avropa İttifaqı və üzv ölkələrlə həyata keçirilən enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, “yaşıl enerji dəhliz”ləri və bərpa olunan enerji mənbələrinin inkişafı barədə məlumat verilib. Azərbaycanın 2027-ci ilə qədər ölkə üzrə quraşdırılmış enerji gücündə bərpa olunan mənbələrin payını 33%-ə, 2035-ci ilə qədər isə 44%-ə çatdırmaq planları və Avropa bazarına “yaşıl enerji” ixracı istiqamətində atılan addımlar müzakirə olunub. Bu kontekstdə “yaşıl enerji” tədarükü imkanları da dəyərləndirilib.
26.06.2025-ci il tarixində Energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda çıxış edib. Dialoq tərəfdaşı olan Azərbaycanın ŞƏT-lə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyi vurğulanaraq bildirilib ki, Prezident cənab İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu ilin aprelində Pekində imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanatın isə Azərbaycan-Çin münasibətlərində yeni mərhələ olmaqla yanaşı, təşkilatla da əməkdaşlığın güclənməsinə təkan verdiyi qeyd edilib. Bu platformada ölkələrin fosil ehtiyatları, bərpa olunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif üstünlüklərinin bir-birini tamamlayaraq çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli zəmin yaratdığı, xüsusilə Çinin qabaqcıl texnologiya və innovasiyaların tətbiqi ilə bu prosesə mühüm töhfə verdiyi vurğulanıb.
27.06.2025-ci il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclası çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi ilə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafının Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatda hər iki ölkənin enerji keçidinin təşviqinə və bərpa olunan enerji sahəsində fəal əməkdaşlığın genişləndirilməsinə hazır olduğu öz əksini tapıb. Bu səfər zamanı Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrinə dair imzalanmış sənədlərin hazırda uğurla icra edildiyi bildirilib. ŞƏT tədbiri çərçivəsində isə “China Datang Overseas Investment Co. Ltd” şirkəti və Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə imzalanmaların “yaşıl enerji” tərəfdaşlığına töhfə verəcəyi qeyd olunub. Söhbət zamanı bərpa olunan enerji layihələri ilə yanaşı, Çin şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirak perspektivləri və “Kəmər və Yol” təşəbbüsü kontekstində regionlararası “yaşıl enerji dəhlizləri”nin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Vanq Hongzhi tərəfindən Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığının bütün istiqamətlər üzrə gücləndirilməsinə dəstək ifadə edilib. Azərbaycan Energetika Nazirliyi ilə Çin Milli Enerji Administrasiyası arasında əlaqələrin gücləndirilməsinə dair müvafiq təkliflər də nəzərdən keçirilib. Çinin Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi Azərbaycana səfərə dəvət edilib.
Avropada enerji təhlükəsizliyi
(energy security) ilə bağlı keçirilmiş bəzi mühüm tədbirlər
(2025-ci ilin Yanvar-İyun ayları ərzində)

Nəticə
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan və Avropa Birliyi enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində bir çox işlər görmüş və tədbirlər keçirmişdir. Bu müddət ərzində keçirilmiş ən mühüm tədbir “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi olmuşdur. Bu toplantıda qeyd edilmiş vacib məqam o olmuşdur ki, 2022-ci ildə energetika sahəsində Azərbaycan və Avropa Komissiyası arasında strateji tərəfdaşlıqla bağlı memorandum imzalandıqdan sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artmışdır. Eyni zamanda, o da qeyd olunmuşdur ki, əgər Azərbaycan üçün daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Bu da onu göstərir ki, Azərbaycanda yaşıl enerji mənbələri hesabına elektrik enerjisi istehsalının artırılması aktual məsələdir. Belə ki, Azərbaycanda bərpa olunan enerji sektorunu inkişaf etdirmək məqsədilə zəngin külək və günəş potensialı mövcuddur və ondan istifadə edilir.
Beləliklə, qeyd edilən məqamlar onu göstərir ki, hazırkı yeni və mürəkkəb geoiqtisadi münasibətlər sistemində Azərbaycan həm özünün, həm də Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsi potensialına malikdir.
Elmir S. Mehdiyev
Sosial-İqtisadi Təhlil Departamentinin aparıcı məsləhətçisi
Sosial Tədqiqatlar Mərkəzi (STM)