Sosial elmlərdə tədqiqat suallarının formulə edilməsi

19.11.2025

Xülasə

Məqalə sosial elmlərdə tədqiqat sualının müşahidələrdən başlayaraq dəqiq və ölçülə bilən elmi sorğuya çevrilmə prosesini izah edir. Tədqiqat sualının seçimi epistemoloji mövqeyə, metodoloji yanaşmaya və araşdırmanın məqsədinə uyğun olmalıdır. PICOT və FINERMAPS kimi çərçivələr sualların strukturlaşdırılmasına kömək edir. Məqalə həmçinin uğurlu tədqiqat sualının spesifik, aydın və araşdırıla bilən olmasını, uğursuz sualların isə qeyri-müəyyənlik və metodoloji uyğunsuzluqdan qaynaqlandığını vurğulayır.

Giriş

Sosial elmlərdə tədqiqat sualı adətən birdən-birə yaranmır. O, tədqiqatçının müşahidə etdiyi sosial həyatın içindən yavaş-yavaş formalaşır. Cəmiyyətdəki proseslər dəyişdikcə, tədqiqatçı da bu dəyişimin gündəlik həyatda necə göründüyünü anlamağa çalışır. Məsələn, o, diqqət yetirir ki, gənclərin evliliyə münasibəti əvvəlki nəsillərlə müqayisədə xeyli fərqlənir: bəziləri evliliyi vacib yaşam mərhələsi hesab edir. Bəziləri isə onu gecikdirir və ya ümumiyyətlə önəmsiz sayır. Bu müşahidə suallar yaradır: Gənclərin evliliyə münasibəti niyə fərqlənir? Bu dəyişimin arxasında hansı sosial, iqtisadi və mədəni amillər dayanır? Məhz belə ilkin suallar sosial elmlərdə araşdırmanın başlanğıc nöqtəsinə çevrilir. Lakin bu ilkin maraq hələ elmi deyil. O, ümumi müşahidələrdən yaranan geniş bir fikirdir. Buna görə tədqiqatçı mövzunu daraltmalı, dəyişənləri müəyyən etməli və sualı ölçülə bilən şəkildə formulyasiya etməlidir. Beləliklə, geniş müşahidə bu halda konkret elmi araşdırma istiqamətinə çevrilə bilər. Başqa bir nümunəyə müraciət edək. Məsələn, ümumi maraqdan bir sual yarana bilər:

“Şəhər gəncləri arasında sosial-iqtisadi amillər evliliyə münasibətin dəyişməsinə necə təsir göstərir?” Bu sual artıq sadə maraq deyil — elmi axtarışın istiqamət verən kompasıdır. O, tədqiqat metodologiyasını, hansı məlumatların toplanacağını və nəticələrin necə təhlil ediləcəyini müəyyən edir. Tədqiqatçı sual vasitəsilə həm araşdırmanın sərhədlərini, həm də mövzunun təbiətini daha aydın şəkildə dərk edir. Nəticədə, tədqiqat sualı geniş sosial müşahidəni dərin, sistemli və məqsədyönlü elmi araşdırmaya çevirir.

Tədqiqat suallarının strukturu və növləri

Tədqiqat sualı, hər hansı bir elmi araşdırmanın əsasını təşkil edən, məlumatların dərindən təhlil edilməsi və interpretasiyasından sonra cavab tapmaq məqsədi daşıyan mərkəzi sorğudur. Bu sualın əsas funksiyası, tədqiqatçının hansı fenomeni və ya problemi araşdırmağı hədəflədiyini dəqiq şəkildə müəyyənləşdirməkdir. Tədqiqatın ciddiliyini (rigor) qiymətləndirən  rəyçilər və ya qiymətləndiricilər layihəyə yanaşarkən ilk olaraq üç əsas sualın cavabını görmək istəyirlər: Tədqiqatın cavab axtardığı əsas sual nədir? Bu sorğunun  əhəmiyyəti nədən ibarətdir? Və potensial cavablar sahəyə hansı töhfəni verəcəkdir?. Buna görə də, tədqiqat sualının qəti, aydın və eksplisit şəkildə ifadə edilməsi, layihənin elmi əsaslılığını nümayiş etdirmək üçün fundamental əsas rolunda çıxış edir. Sosial elmlər (məsələn, sosiologiya, siyasət, beynəlxalq münasibətlər) təbiət etibarilə kompleks və çoxşaxəli olan fenomenləri araşdırır. Bu sahədə öyrənilən "legitimlik", "güc", "idarəetmə" kimi anlayışlar iştirakçıların subyektiv qavrayışlarından və müxtəlif kontekstual faktorlardan təsirlənir. Bu mürəkkəblik, tədqiqat suallarının formulə edilməsində xüsusi bir dəqiqliyi tələb edir. Tətbiqi sosial elmlər isə çevik, lakin strukturlaşdırılmış yanaşmalardan istifadə etməyi zəruri edən subyektiv fenomenlərlə məşğul olur.

Tədqiqat sualının seçimi sadəcə metodoloji bir qərar deyil, həm də tədqiqatçının fəlsəfi mövqeyini, yəni epistemoloji mövqeyini əks etdirən həlledici bir bəyanatdır . Məsələn, əgər tədqiqat sualı "Niyə Y baş verir?" kimi izahlı səbəbiyyəti hədəfləyirsə, bu, pozitivist və ya post-pozitivist çərçivələrə daha çox uyğundur. Əksinə, əgər sual "Valideynlərin xərçəng diaqnozu qoyulmuş uşaqlara qulluq etmələrinin yaşanmış təcrübələri nədir?" kimi fenomenoloji bir mövzuya fokuslanırsa , bu, reallığın subyektiv konstruksiyasını qəbul edən interpretivizmi (sosioloji tədqiqatın metodologiyası) göstərir. Bu kontekstdə, sosial elmlərdə tədqiqat sualı metod seçimi ilə deyil, hansı bilik növünün əldə edilmək istəndiyini müəyyən edən epistemoloji mövqe ilə başlayır.

Tədqiqat sualının formalaşdırılması bir növ sənət hesab edilir və bu proses sistemli şəkildə irəliləməlidir. Sualın inkişafı dörd əsas konseptual sütun üzərində qurulur: tapmacalar (puzzles), boşluqlar (gaps), real dünya problemləri (real-world problems), metodoloji ciddilik və tədqiqat prosesindən zövq almaq .  Yaxşı ideyalar sistemli akademik icmal və intellektual aydınlığın məhsuludur.  Formulənin başlanğıc mərhələsində qeyri-dəqiqlik normaldır, lakin bu qeyri-dəqiqlik proses irəlilədikcə, yəni ilkin sorğular təhlil edildikcə və kəskinləşdirildikcə aradan qaldırılmalıdır.  "Okkam Ülgücü Yanaşması" adlanan prinsipə görə, tədqiqat sadə fərziyyələrdən başlamalı və səbəbiyyət əlaqələrinin ən əsas izahlarından yola çıxmalıdır.  Ümumilikdə, "Daha az, daha çoxdur" prinsipi qəbul edilir, çünki daha az, lakin hərtərəfli araşdırılmış mövzular layihənin ciddiliyini artırır.

Tədqiqat sualları ümumiyyətlə iki kateqoriyaya bölünür : Əsas və Köməkçi suallar.  

1.    Əsas Tədqiqat Sualı (Primary Research Question): Tədqiqatın bütününü idarə edən mərkəzi sualdır. O, tədqiqatın əsas fokusunu, araşdırılacaq əsas problemi müəyyən edir və metodologiya, dizayn və analiz üçün istiqamət verir. Əsas sual əhəmiyyətli, orijinal və məhdudiyyətlər daxilində cavablandırıla bilən olmalıdır.   
Köməkçi Tədqiqat Sualları (Secondary/Sub-Research Questions): Əsas suala tabe olan, onu daha spesifik sorğulara parçalayan suallardır. Onlar əsas problemin müxtəlif aspektlərini, alt-faktorlarını və ya incəliklərini araşdırmağa imkan verir, tədqiqata dərinlik qatır. Köməkçi suallar məlumat toplama və analiz strategiyalarını daha spesifik şəkildə istiqamətləndirmək üçün faydalıdır.

Sosial elmi araşdırmalarda tədqiqat suallarının formalaşdırılması, sadəcə bir sual cümləsi yazmaqdan daha çox, tədqiqatın məqsədinə və metodoloji tələblərinə uyğun gələn spesifik bir format seçməyi tələb edir. Tədqiqatçılar Barroga, Ratan və digərlərinin  qeyd etdiyi kimi, suallar fenomenləri təsvir etmək, onları komponentlərə ayırmaq, səbəb-nəticə əlaqələrini müəyyən etmək və ya müqayisələr aparmaq kimi dörd əsas formatda qruplaşdırılır. Bundan əlavə, metodoloji yanaşmaya görə (məsələn, keyfiyyətli, kəmiyyətli, etnoqrafik, fenomenoloji) xüsusi sual növləri də mövcuddur. Bu çeşidlilik tədqiqatçılara mürəkkəb sosial hadisələri effektiv şəkildə araşdırmaq üçün lazımi dəqiqliyi və aydınlığı təmin etməyə kömək edir. Aşağıdakı şəkildə tədqiqat suallarının növləri təsvir edilib.

Tədqiqat suallarının meyarlaşdırma cəhdləri

Tədqiqat suallarının meyarlaşdırılması, xüsusilə də sosial elmlər tədqiqatlarında mürəkkəblik və ya multidissipliniarlıq tələb edən mövzularla məşğul olarkən çətinliklər yarada bilər. Tədqiqat suallarının formulyasiyası çərçivələri, təkcə əsas tədqiqat sualını dəqiqləşdirməyə deyil, həm də əsas tədqiqat probleminin araşdırılmasına hərtərəfli yanaşmanı təmin edən ardıcıl, ikinci dərəcəli sualların inkişafına yardım edir. Covvey    (2024), Metley  (2014), kimi müəlliflərin araşdırmalarına görə, FINERMAPS, PICOT çərçivəsi bu kimi digər strukturlu yanaşmalar sosial elmlərdə tədqiqat aparanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu çərçivələrin köməyi ilə tədqiqatçılar, hazırladıqları sualların bütün lazımi hissələri əhatə etdiyinə əmin ola bilir. Hər iki çərçivə tədqiqatçıya sualların dəqiqliyini artırmağa, qeyri-müəyyənliyi aradan qaldırmağa və empirik təkrarlanma imkanlarını gücləndirməyə şərait yaradır.  Belə sistemli bir çərçivədən istifadə etmək, sualların qeyri-müəyyənliyini aradan qaldırır. Və onların dəqiqliklə formalaşdırılmasını təmin edir.

PICOT tədqiqat sualı çərçivəsi ilk dəfə 1995-ci ildə Riçardson və digərləri tərəfindən klinik və səhiyyə tədqiqatları sahəsində təqdim edilib . Zamanla PICOT çərçivəsi yalnız tibbi və klinik tədqiqatlarla məhdudlaşmayıb. Sosial elmlərə də uğurla inteqrasiya edilib. Xüsusən də sosial müdaxilələrin təsirinin müəyyən zaman intervalı üzrə qiymətləndirilməsinin vacib olduğu tədqiqatlarda PICOT çərçivəsi tədqiqat suallarının ardıcıl, aydın və empirik cəhətdən ölçülə bilən şəkildə qurulmasına imkan verib. PICOT çərçivəsinin metodoloji dəyəri onun tədqiqat sualının beş əsas komponent üzrə strukturlaşdırılmasını təmin etməsindədir. Bu komponentlər aşağıdakılardır:

Population (Əhali): Araşdırmanın hədəf qrupu aydın şəkildə müəyyən edilir ki, nəticələrin kimə aid olduğu dəqiq bilinsin.
Intervention (Müdaxilə): Tədqiqatda tətbiq ediləcək təsir və ya dəyişiklik konkret şəkildə təsvir olunur.
Comparison (Müqayisə): Müdaxilənin effektivliyinin ölçülməsi üçün müqayisə ediləcək alternativ və ya nəzarət yanaşması müəyyən edilir.
Outcome (Nəticə): Müdaxilənin doğuracağı gözlənilən təsirlər və nəticələr açıq şəkildə göstərilir.
Time (Vaxt): Nəticələrin hansı zaman kəsiyində ölçüləcəyi dəqiqləşdirilir ki, davranış və ya dəyişiklik dinamikasını izləmək mümkün olsun.

Bu elementlərin birlikdə istifadəsi tədqiqat sualının həm konseptual, həm də metodoloji baxımdan tutarlı olmasını təmin edir. Beləliklə, PICOT çərçivəsi yalnız sualın strukturunu formalaşdırmır, həm də tədqiqatın dizaynını, məlumatların toplanması strategiyasını və analitik çərçivəni əvvəlcədən sistemləşdirərək tədqiqatın etibarlılığını artırır.

Nümunə:

Əsas Tədqiqat Sualı: Seçilmiş şəhər sakinləri arasında, hədəflənmiş sosial media kampaniyası 6 ay ərzində tullantıların çeşidlənməsi davranışını ənənəvi bildiriş metodları ilə müqayisədə necə dəyişir?
Əhali (Population): Tədqiqat sosial media kampaniyasının təsirini seçilmiş şəhər sakinlərinin ekoloji şüurunda necə ölçür?
Müdaxilə (Intervention): Hədəflənmiş sosial media kampaniyası iştirakçıların ekoloji vərdişlərinə hansı spesifik təsirləri göstərir?
Müqayisə (Comparison): Sosial media kampaniyasının tullantıların çeşidlənməsinə olan təsiri ənənəvi ictimai bildiriş üsullarının təsiri ilə müqayisədə statistik cəhətdən əhəmiyyətlidirmi?
Nəticə (Outcome): Müdaxilə tətbiq edildikdən sonra respondentlərin tullantıların çeşidlənməsi davranışında müsbət dəyişiklik müşahidə olunurmu?
Vaxt (Time): 6 aylıq müddət başa çatdıqdan sonra əldə edilmiş müsbət ekoloji davranış dəyişiklikləri davam edirmi?
  
FINERMAPS çərçivəsi, əvvəlcə klinik və biomedikal tədqiqatlar sahəsində ixtisaslaşan tədqiqat suallarının formulyasiyası üçün inkişaf etdirilən orijinal FINER meyarlarının genişləndirilmiş variantıdır. Həmçinin bu çərçivə daha çox sübuta əsaslanan keyfiyyət tədqiqatlarında istifadə edilir. FINER akronimi Feasible (Həyata keçirilə bilən), Interesting (Maraqlı), Novel (yenilik), Ethical (Etik) və Relevant (Aktuallıq) sözlərini ehtiva edir. Tədqiqatçı Anand və Ratan (2019) FINERMAPS modelinin tədqiqat suallarının formalaşdırılması prosesinə verdiyi strukturlaşdırıcı rolunu vurğulayaraq bildirir ki , çərçivəyə daxil edilən əlavə meyarlar tədqiqatın planlaşdırılması və həyata keçirilməsi baxımından əhəmiyyətli metodoloji üstünlüklər təqdim edir. Belə ki, bu çərçivənin genişləndirilmiş tərkibi aşağıdakı elementləri əhatə edir:

•    Feasible (Həyata keçirilə bilən): Tədqiqatın mövcud resurslar, vaxt və informasiya mənbələri daxilində praktik olaraq həyata keçirilə biləcəyini qiymətləndirir. Bu meyar tədqiqatın icra baxımından real olmasını təmin edir.

•    Interesting (Maraqlı): Sualın həm tədqiqatçı, həm də akademik icma üçün intellektual cəhətdən cəlbedici olmasını nəzərdə tutur. Maraqlı mövzular elmi diskursda daha çox müzakirə edilir və tədqiqatın motivasiya səviyyəsini artırır.

•    Novel (Yenilik): Mövcud ədəbiyyatda boşluğu doldurmağı, yeni nəzəri çərçivə qurmağı və ya müəyyən edilmiş biliklərə yeni istiqamət verməyi hədəfləyir. Yenilik elmi biliklərə real töhfə verilməsini təmin edir.

•    Ethical (Etiklik): Tədqiqatın etik normalara uyğunluğunu, iştirakçıların hüquqlarının qorunmasını və məlumatlı razılığın əldə edilməsini yoxlayır. Bu meyar sosial elmlər üçün xüsusilə kritikdir, çünki insan davranışı ilə bağlı məlumatlar çox vaxt həssas xarakter daşıyır.

•    Relevant (Aktuallıq): Tədqiqat sualının cəmiyyət, siyasət, iqtisadiyyat və ya akademik sahə üçün nə dərəcədə aktual olduğunu qiymətləndirir. Aktual suallar real dünya problemlərinə cavab verir və tətbiqi dəyər yaradır.

•    Manageable (İdarə Olunan): Tədqiqatın miqyasının və mürəkkəbliyinin idarəedilə bilən səviyyədə olmasını nəzərə alır. Bu meyar tədqiqatın resurs və zaman çərçivəsinə uyğun olmasını təmin edir.

•    Appropriate (Uyğun): Araşdırmada istifadə ediləcək metodoloji yanaşmanın tədqiqat sualına adekvat olmasını qiymətləndirir. Bu, keyfiyyətli və ya kəmiyyətli metodların seçimi ilə bağlı kritik addımdır.

•    Potential Value (Potensial Dəyər): Tədqiqat nəticələrinin nəzəri, praktiki və ya sosial dəyər yaratmaq qabiliyyətini qiymətləndirir. Yüksək potensial dəyəri olan suallar yeni elmi müzakirələrə yol açır.

•    Systematic (Sistemli): Tədqiqat sualının formulyasiyasından nəticələrin təhlilinə qədər bütün mərhələlərin məntiqi ardıcıllıqla və təkrarlana bilən üsullarla aparılmasını təmin edir. Sistemlilik tədqiqatın elmi etibarlılığını artırır.

Nümunə:

Əsas Tədqiqat Sualı: Sosial media kampaniyaları seçilmiş şəhər əhalisinin ekoloji şüurluluq səviyyəsinə necə təsir göstərir?

Həyata keçirilə bilənlik (Feasible): Tədqiqat üçün seçilmiş şəhər əhalisindən zəruri məlumatları mövcud vaxt və maliyyə resursları çərçivəsində toplamaq praktikidirmi?

Maraqlılıq (Interesting): Sosial media vasitəsilə ekoloji davranışların dəyişməsi mexanizmlərinə dair ictimai marağı və akademik marağı necə qiymətləndirmək olar?

Yenilik (Novel): Tədqiqat ekoloji şüurun müəyyən demoqrafik qruplar (məsələn, gənclər) arasında güclənməsinə dair hansı yeni elmi anlayışları təmin edir?

Etiklik (Ethical): Ekoloji vərdişlərə dair həssas məlumatlar toplanarkən iştirakçıların məxfiliyi və məlumatlı razılığı necə təmin olunur?

Aktuallıq (Relevant): Tədqiqatın nəticələri bələdiyyələrin və ya QHT-lərin gələcək ekoloji maarifləndirmə siyasətlərinin formalaşmasına nə dərəcədə təsir edə bilər?

İdarə Olunanlıq (Manageable): Tədqiqat prosesi, o cümlədən məlumatların toplanması və təhlili təyin olunmuş müddət və miqyas daxilində idarə olunandırmı?

Münasiblik (Appropriate): Ekoloji şüurluluğun dəyişməsini ölçmək üçün istifadə olunan qarışıq metodologiya (məsələn, anket və müsahibələr) tədqiqat məqsədlərinə uyğundurmu?

Sistemlilik (Systematic): Ekoloji şüurun ölçülməsi və sosial media məzmununun təhlili üçün aydın, məntiqi və təkrarlana bilən hansı təhlil prosesləri tətbiq olunur?

Nümunə əsasında uğurlu və uğursuz tədqiqat sualları

Tədqiqat suallarının formalaşdırılmasında yaranan ən ümumi çətinliklər tədqiqatın əhatə dairəsi və dəqiqliyi ilə bağlıdır . Elmi ədəbiyyat göstərir ki, geniş və qeyri-müəyyən tədqiqat sualları dəyişənləri dəqiq müəyyənləşdirməyi çətinləşdirir. Bu isə məlumat toplama və onların düzgün təhlil edilməsində problemlərə gətirib çıxarır . Eyni zamanda, tədqiqat sualının əhatə dairəsinin çox geniş olması tədqiqatın məqsədlərini yayındırır və metodoloji uyğunsuzluqlara gətirib çıxarır. Əhatə dairəsi çox dar olduqda isə tədqiqatın elmi və praktiki əhəmiyyəti zəifləyir. Bu baxımdan, tədqiqat sualının optimallaşdırılması—yəni nə çox geniş, nə də həddindən artıq dar şəkildə qurulması—sosial elmlərdə keyfiyyətli empirik araşdırmanın əsas şərtlərindən biri kimi qəbul edilir.

Aşağıda problemlər ümumiləşdirilib:

1. Qeyri-Spesifiklik və Qeyri-Müəyyənlik: Abituriyentlər və tələbələr çox vaxt geniş və ya qeyri-müəyyən fikirlərlə başlayır, lakin onları spesifik, araşdırıla bilən suallara daraltmaqda çətinlik çəkirlər. "Fayda" (benefit) və ya "yaxşılaşdırmaq" (improve) kimi qeyri-müəyyən terminlərdən istifadə etməkdən çəkinmək lazımdır, çünki bu terminlər dəqiq ölçülə bilməz.

2. Normativ Sualların Seçilməsi: Empirik tədqiqatla həll edilə bilməyən, lakin etik mühakiməyə əsaslanan sualların verilməsi ("Gərəkdirmi?").

3. Həddindən artıq sadələşdirmə: Sualın yalnız "hə" və ya "yox" cavabı ilə asanlıqla cavablandırılması. Yaxşı sual tənqidi təhlil və mürəkkəb cavab tələb edir.

4. Metodologiya ilə uyğunsuzluq: Tədqiqat sualını həyata keçirməyə çalışılan dizaynla (məsələn, kausal sualın keyfiyyətli metodla həll edilməsi) uyğunlaşdıra bilməmək.

5. Təkrarçılıq/Yenilik Çatışmazlığı: Ədəbiyyat icmalının zəif olması səbəbindən artıq cavablandırılmış mövzunun seçilməsi. Tədqiqat sualı bilikdə mövcud olan boşluğu doldurmalıdır.

6. "Problem-Yönümlü" və ya "Tapmaca-Yönümlü" Tədqiqat: Yüksək səviyyəli akademik tədqiqat, ictimaiyyətin artıq müəyyən etdiyi "problemləri" araşdırmaqdan daha çox, nəzəriyyələrdəki gözlənilməz ziddiyyətlərdən yaranan intellektual tapmacaları (puzzles) həll etməyə çalışmalıdır .

Qeyd edilən fikirlər daha praktiki olması üçün aşağıda nümunə olaraq  bir neçə tədqiqat sualı müqayisə edilib. Bu nümunələr tədqiqat sualını düzgün qurmağa kömək edə bilər.

Nümunə № 1

Uğursuz: Sosial media insanların davranışlarına necə təsir edir?

Uğurlu: YouTube-dan gündəlik istifadə 16 yaşdan kiçik uşaqların diqqət dairəsinə necə təsir edir?

Səbəb: Birinci tədqiqat sualı “sosial media”nın bir anlayış kimi qeyri-müəyyənliyi və sualın spesifik olmaması səbəbindən pis hesab olunur.  Uğurlu tədqiqat sualı konkret və diqqət mərkəzində olmalıdır. Və onun cavabı məlumatların toplanması və təhlili yolu ilə aşkar edilməlidir.

Nümunə № 2

Aşağıdakı nümunədə müəllif biokütlədən elektrik enerjisinin bərpa olunan mənbəyi kimi istifadəsinin praktiki çətinliklərindən danışır, çünki bunun üçün çoxlu ağacları kəsmək lazımdır . Beləliklə, oxucular biokütlə istehsalının daha yaxşı və daha səmərəli yollarının tapılması istiqamətində tədqiqat sualı gözlədikdə, müəllif işinin məqsədinin Biokütlə sənayesində çalışan menecerlərin səriştə tələblərini araşdırmaq olduğunu qeyd edir. Bunun müəllifin müəyyən etdiyi problem bəyanatı və tədqiqat boşluğu ilə heç bir əlaqəsi yoxdur.

Aşağıdakı misalda müəlliflər deyir ki, onların işləri biokütlədən elektrik enerjisi əldə etmək üçün yeni üsul təklif etmək məqsədi daşıyır. Bu, enerji istehsalı üçün biokütlədən istifadənin yeni yollarının tapılması probleminin tərifi ilə gözəl şəkildə uyğunlaşır.

Nəticə

Yekun olaraq, sosial elmlərdə tədqiqat sualının formulyasiya edilməsi elmi araşdırmanın ən fundamental mərhələsi kimi qiymətləndirilməlidir. Tədqiqat sualının forması və məzmunu yalnız araşdırmanın istiqamətini müəyyən etmir, həm də seçiləcək metodologiyanı, məlumatların toplanma strategiyasını və analitik çərçivəni bilavasitə formalaşdırır. Göstərilən nümunələr və nəzəri çərçivələr — xüsusilə PICOT və FINERMAPS kimi strukturlaşdırılmış yanaşmalar — sosial elmlərdə sual hazırlama prosesinin mürəkkəb, ancaq sistemli şəkildə idarə oluna bilən bir fəaliyyət olduğunu nümayiş etdirir.

Tədqiqat sualının spesifikliyi, ölçülə bilməsi və elmi aktuallığı onun keyfiyyət göstəricilərini müəyyənləşdirən əsas meyarlardandır. Qeyri-müəyyən, normativ və ya metodoloji cəhətdən uyğunsuz suallar tədqiqatın etibarlılığını zəiflədərək, həm nəzəri, həm də praktiki töhfənin məhdud qalmasına səbəb olur. Bu baxımdan, sosial elmlər üzrə tədqiqatçılar sual formalaşdırarkən həm epistemoloji mövqelərini nəzərə almalı, həm də araşdırdıqları fenomenin çoxşaxəli xarakterini diqqətlə qiymətləndirməlidir. Ümumən, yaxşı qurulmuş tədqiqat sualı yalnız mövcud bilik boşluğunu doldurmağa xidmət etmir, həm də elmi debatların inkişafına, sosial problemlərin dərindən anlaşılmasına və müvafiq siyasətlərin hazırlanmasına əhəmiyyətli töhfə verir. Bu səbəbdən tədqiqat sualının formulyasiyası elmi prosesin mərkəzi intellektual aktı kimi dəyərləndirilməli və yüksək metodoloji həssaslıqla həyata keçirilməlidir.


Elnur Süleymanzadə 
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı 

Ədəbiyyat


1.    https://wtgrantfoundation.org/wp-content/uploads/2017/04/How-Social-Science-Research-Can-Improve-Youth-Outcomes_WTG2017.pdf?utm_source= 
2.    https://www.researchgate.net/publication/388951687_Formulating_Research_Questions_in_Social_Science_Research 
3.      https://ora.ox.ac.uk/objects/uuid:dd8b83de-acc9-4bb6-8320-15474d8bf318/files/m9a3972f1a8f5c60e8334c2709528869c   
4.    https://www.researchgate.net/publication/388951687_Formulating_Research_Questions_in_Social_Science_Research   
5.    https://www.researchgate.net/publication/388951687_Formulating_Research_Questions_in_Social_Science_Research  
6.    https://www.sciencedirect.com/science/article/pii/S1551741123003741?utm_source= 
7.    https://bmchealthservres.biomedcentral.com/articles/10.1186/s12913-014-0579-0?utm_source=  
8.  https://www.researchgate.net/publication/229115669_Formulating_the_Evidence_Based_Practice_question_A_review_of_the_frameworks_for_LIS_professionals 
9.    https://www.researchgate.net/publication/330065198_Formulation_of_Research_Question_-_Stepwise_Approach 
10.    https://libguides.umgc.edu/c.php?g=709287&p=5388938#:~:text=1.%20Research%20Question%20Characteristics%20of%20Good%20and,examples%20of%20good%20and%20%22not%2Dso%2Dgood%22%20research%20questions 
11.    https://www.sfu.ca/~palys/Maxwell-2013-ResearchQuestions.pdf 
12.    https://research.com/research/how-to-write-a-research-question#:~:text=1,topic 
13.    https://www.ref-n-write.com/blog/examples-of-good-and-bad-research-questions/