Azərbaycanın yaşıl iqtisadiyyat potensialının qiymətləndirilməsi

19.11.2025

Azərbaycan zəngin təbii ehtiyatları və inkişaf etmiş sənaye sahələrinə sahibdir. Bu baxımdan Azərbaycanda 11 iqlim tipindən 9-na rast gəlmək mümkündür. Bundan əlavə, ölkə neft və qaz, faydalı filiz və qeyri-filiz yataqları ilə də zəngindir. Meşə və su resursları da daxil olmaqla, bioloji ehtiyatlar bu zənginliklər sırasına daxildir.

Təbii ehtiyatlarla zəngin olan ölkə olmasına baxmayaraq, Azərbaycan davamlı olaraq ekoloji dayanıqlılıq və “yaşıl iqtisadiyyat" kursunun inkişafına geniş şəkildə diqqət ayırır.  Hələ 1999-cu ildə bu istiqamətdə iki qanun – “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında”, 2000-ci ildə isə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edilmişdir.

2001-ci ildə “Ətraf mühitin mühafizəsi haqqında” qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”sini təsdiq etmişdir. Həmin il ölkəmizdə həm də ləğv edilmiş Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsis edilmişdir. Bundan başqa, müxtəlif illərdə qəbul edilmiş “Atmosfer havasının mühafizəsi haqqında” (2001),  Ətraf mühitə dair məlumatlar haqqında” (2002), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” (2002), “Yaşıllıqların mühafizəsi haqqında” (2014) və “Ətraf mühitin təsirinin qiymətləndirilməsi haqqında” (2018) qanunvericilik aktlarında da ekologiya sahəsi ilə bağlı hüquq və vəzifələr, səlahiyyətlər müəyyənləşdirilmişdir.

Ümumilikdə, ölkədə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası dayanıqlı inkişaf konsepsiyasının ayrılmaz hissəsinə çevrilmişdir. Bununla əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi üzrə BMT-nin bütün ikitərəfli və çoxtərəfli formatlarında əməkdaşlıq edir. Bu çərçivədə Dünya Mədəni və Təbii İrsinin Qorunması üzrə YUNESKO Konvensiyası, İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyası, Vəhşi Faunanın Qorunması üzrə Konvensiya, Səhralaşmaya qarşı Mübarizə üzrə BMT Konvensiyası, Transsərhəd Məzmunda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiya, Avropada Vəhşi Təbiət və Ətraf Mühitin Mühafizəsi üzrə Avropa Konvensiyası, o cümlədən Ozon Təbəqəsini Məhv Edən Maddələr üzrə Monreal Konvensiyası, Bioloji Müxtəliflik üzrə Konvensiya, Zəhərli Tullantıların Ötürülməsi və Ləğv edilməsinə Nəzarət üzrə BMT Çərçivə Konvensiyası və digərləri daxil olmaqla, Azərbaycan ətraf mühit üzrə 20-dən çox çoxtərəfli beynəlxalq konvensiya və protokollara qoşulmuşdur.

Eyni zamanda, ölkəmizlə müxtəlif ölkələr arasında 30 ikitərəfli saziş və anlaşma memorandumları imzalanmışdır. Həmin ölkələr sırasına, xüsusən, qonşu ölkələr olan Gürcüstan, Türkiyə, İran İslam Respublikası, eyni zamanda, Mərkəzi Asiya respublikaları, Moldova, Almaniya, Koreya, Çin, Çex Respublikası, Latviya və digərləri daxildir.

Hər il Azərbaycanda 5 İyun “Ümumdünya Ətraf Mühiti Günü" təntənəli şəkildə qeyd olunur1.

2003-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" (2003-2010) və "Meşələrin bərpa edilməsi və artırılmasına dair" (2003-2008) iki Milli Proqram təsdiq olunmuşdur2,3.

2006-cı ildə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq etməsi isə ekoloji tədbirlərin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsinə səbəb olmuşdur4.

Ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində 2007-ci ildə  başlayan Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir5.

2010-cu ilin ölkədə "Ekologiya ili" elan edilməsi bu sahəyə diqqəti daha da artırmışdır. Görülən tədbirlər, həyata keçirilən məqsədyönlü ekoloji siyasət nəticəsində son illərdə ölkəmizdə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınmışdır ki, bütün bunlar ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər6.

Bu istiqamətin məntiqi davamı olaraq 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq olmuşdur7,8.

2020-ci ildə Respublikamızda ətraf mühit və təbii ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən ekoloji baxımdan torpağın münbitliyinin qorunması, bioloji müxtəlifliyin, flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi, atmosfer havasının çirklənməsinin qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması sahələrində (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaradılmışdır9.

Dövlət başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiq olunmuşdur ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən birini məhz ölkəmizin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olması təşkil etmişdir10. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Milli Prioritetlərdə qeyd edilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzindədir.

Həmçinin, Milli Prioritetlərdən irəli gələn “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində isə qarşıya qoyulmuş yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı kimi məqsədlər çərçivəsində dövrün sonuna elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 17.3%-dən 24%-ə əsas indikator olaraq nəzərdə tutulmuşdur11.

25 dekabr 2023-cü il AR Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur12.

Onu da qeyd etmək lazımdır ki, artıq bir neçə ildir ki ətraf mühitin mühafizəsinə dəstək olmaq məqsədilə “Bakı Metropoliteni” QSC ictimaiyyət üçün aktual olan növbəti ənənəvi sosial əhəmiyyətli layihəsi çərçivəsində metro stansiyalarında “Plastik tullantılara yox deyək!” və “Gələcək bizimlə gələcək!” şüarları ilə maarifləndirici posterlər, monitorlarda elektron məlumatlandırma çarxları nümayiş etdirir. Stendlərlə sərnişinlərə məlumat xarakterli müxtəlif statistik rəqəm və faktın təqdim edildiyi ekoloji məsələlərə həsr olunmuş bu layihənin əsas məqsədi aktuallaşmaqda olan problemlərin diqqətdə qalmasına dəstək olmaq, insanların bu barədə daim məlumatlı olması, maariflənməsidir. Hazırda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji təmizliyin təbliğatı prosesi ekoloji mövzuda 12 stansiyada 34, düzgün tərbiyə mövzusunda isə 10 stansiyada 13 posterin monitorlarda yayımlanması ilə davam etməkdədir13,14.

Müxtəlif dövlət orqanı və qurumlar tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən, məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitin sağlamlaşdırılmasına artırmaq olan ağacəkmə tədbirləri həyata keçirilməkdədir.

Azərbaycanın "yaşıl iqtisadiyyat"ı təşviq etməsi strategiyasında əsas istiqamətlərdən birini işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən edilən inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi təşkil edir. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş, bundan irəli gələrək 3 may 2021-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2620 nömrəli Sərəncamı imzalanmışdır15. Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edilmişdir16.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçə və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur17.

İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilmişdir.

Qeyd edilənlər Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir. Lakin buna baxmayaraq, ölkəmizdə yaşıl iqtisadiyyata keçidin sübutlarının sistematik və diqqətli qiymətləndirilməsi üzrə tədqiqat hələ hazırlanmamışdır. Bəzi elm adamlarının "yaşıl" iqtisadiyyata nail olmaq üçün insanların düşüncələrini dəyişdirməyə çağırmalarına baxmayaraq bu kimi amillərlə bağlı real araşdırmalar azdır.

COP29: iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıq sammiti.

2023-cü ilin dekabr ayında verilən qərarla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulmuşdur18. Onu da qeyd etmək lazımdır ki, COP29-a qədər indiyədək 2010-cu ildə Qəbələ şəhərində UNEP-in və Azərbaycan tərəfinin təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunmuş Avropa Ətraf Mühit Nazirlərin yüksək səviyyəli Konfransı, 2012-ci ildə Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü iclası2016-cı ildə BMT-nin 7-ci Enerji Forumu kimi digər ekotədbirlərə də məhz Azərbaycan evsahibliyi etmişdir.

COP29-a evsahibliyi isə Azərbaycanın beynəlxalq ekoloji dəyişikliyə müsbət töhfə verməsi, eləcə də bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərmək vəzifəsi də hesab oluna bilər. Bu onunla əlaqələndirilə bilər ki, respublikamız 1990-cı illə müqayisədə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırılmasını, is­tixana qazlarının miqdarının isə 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəfləməklə artıq “yaşıl enerji” iqtisadiyyatı­nı əməli fəaliyyəti ilə yeni müstəvidə formalaş­dırmaq qərarını qətiləşdirmişdir.

İki həftə ərzində Bakıda təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilk günlərdə ev sahibinin Misir və Dubayda aparılan danışıqlardan sonra ardıcıl üçüncü il yenə də neft dövləti təyin edilməsi əks-reaksiyalara səbəb olsa da, 80 ölkədən dövlət və hökumət başçılarının iştirakı ilə ümumilikdə, 200-dək ölkədən 76 minə qədər iştirakçının qatılması tədbirə marağın böyük olduğundan xəbər verirdi. Konfransın əsas gündəliyinin aşağı gəlir qrupunda olan həssas ölkələrə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində lazımi maliyyənin təmin edilməsi məsələlərini əhatə etməsi isə “COP29”-un həm də “Maliyyə COP”-u təəssüratı yaratmasına səbəb oldu.

Cari sessiyanın özəlliklərindən biri də ondan ibarət idi ki, əvvəlki COP-lardan fərqli olaraq Bakı Sammiti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən dərc edilmiş iştirakçı siyahılarını əks etdirən cədvəllər təqdim etməklə şəffaflıq yanaşmasını bir qədər irəli aparmış oldu. Bundan başqa, tədbir COP sessiyaları tarixində 9881 nəfər qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərlə üçüncü, 3575 media nümayəndəsinin təmsilçiliyi ilə isə ikinci (COP3-dən sonra) ən böyük COP tədbiri kimi tarixə keçdi19. COP29 həmçinin son dövrlər aktuallığı artan gender məsələləri baxımından da unikal platformaya çevrilməklə, Tərəflər Konfransının sessiyaları tarixində balansın ən optimal səviyyədə qeydə alındığı tədbir oldu – 60/40%. Bununla belə, ev sahibi olaraq Azərbaycan nümayəndə heyətinin cəmi 26%-nin qadınlardan ibarət olması da diqqət çəkən məqam olmuşdur.

Texniki tərəfləri ilə yanaşı, COP29-la bağlı önəmli məqamlar, əlbəttə ki, danışıqların nəticəsindən irəli gələn razılaşmaların əldə olunması idi. 24 noyabrda 33 saat davam edən müzakirələrdən sonra plenar iclasın davamında kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin gözlədikləri tarixi qərarlar qəbul olundu:

1. İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi Əvvəlki 100 milyard dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxil olmaqla, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1.3 trilyon dollarlıq iqlim maliyyəsinin təmin edilməsi naminə Bakı Maliyyə Məqsədi elan olundu. Yeni maliyyə hədəfinin unikallığı həm də ondan ibarətdir ki, əvvəllər rəsmi iqlim maliyyəsi təmin etməyən Çin kimi ölkənin könüllü ianələri üçün qapı açıq qoyuldu.

2.  Karbon bazarları – 10 il davam edən müzakirələr və iki həftə ərzində baş verən müzakirələrin nəticəsi kimi, Paris Sazişinin 6.2 və 6.4-cü maddələri üzrə tərəflər emissiyaları səmərəli şəkildə azaltmaq, şəffaflığı və yeni maliyyə axınları potensialını artırmaq məqsədləri daşıyan ticarət emissiyalarının azaldılması üçün müddəaları və mərkəzləşdirilmiş karbon kreditləşdirmə mexanizmini razılaşdırdılar. Hesab edilir ki, bu ticarət iqlim hədəflərinə çatmaq üçün ildə 250 milyard dollar qənaətə səbəb ola bilər.

3. Zərər və İtki Fondu Misirdə keçirilmiş COP27 zamanı yaradılması qərara alınan Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi”,“Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”lərin imzalanması ilə və ümumi maliyyə dəstəyi məbləğinin 731.15 milyon dollara çatdırılması nəticəsində tam olaraq institutlaşdırılaraq hazır vəziyyətə gətirildi.

4.  Şəffaflıq çərçivəsi Paris Sazişinin 13-cü maddəsindən irəli gələrək İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir.

5.  Bakı Adaptasiya Yol Xəritəsi COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

Bundan başqa, COP29 tərəflərin iddialı milli hədəflər təyin etməyə və xalis sıfır istixana qazı emissiyası hədəflərini sürətləndirməyə çağırışları ilə də yadda qaldı. Paris Sazişinin şərtlərinə uyğun olaraq,  2025-ci ilin fevral ayına qədər Milli Müəyyən edilmiş Töhfələri (NDC) yeniləməli olan ölkələrdən Birləşmiş Krallıq, Braziliya və Meksika hədəflərini erkən təyin etdilər.

Plenar iclasda eyni zamanda, “Gender və iqlim dəyişikliyi”, “Uyğunlaşmaya dair qlobal hədəf”, “Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı” da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqləndi, İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi, enerji üzrə öhdəliklər və bəyanatlar, həmçinin dünya ölkələrinin ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək digər razılıqlar əldə olundu.

COP29-da xüsusilə alqışlanan digər məqam isə dünyanın ən yaxşı çoxtərəfli inkişaf banklarının (MDB) aşağı və orta gəlirli ölkələr üçün iqlimin maliyyələşdirilməsini 2030-cu ilə qədər ildə 120 milyard dollara çatdırmaq barədə elan oldu.

Diqqətçəkən məqamlar arasında bəzi ölkələrin (Hindistan və Nigeriya) COP29-un sədrliyini xaotik son dəqiqə danışıqlarının ardınca, onların müvafiq razılığı olmadan sazişi həyata keçirməkdə ittiham etməkdən çəkinmədikləri vəziyyət də yer aldı20,21.

Bununla belə, plenarın sonunda iştirakçı tərəflərin yekdilliklə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi COP29-un iqlim maliyyələşməsi ilə bağlı daha ambisiyalı və ciddi öhdəliklərlə bağlı müsbət presedent yaratdığını göstərmiş oldu22.

İstinadlar.

https://minenergy.gov.az/az/maariflendirici-melumat/umumdunya-etraf-muhit-gunu

https://faolex.fao.org/docs/pdf/aze183217.pdf

https://eco.gov.az/frq-content/plugins/pages_v1/entry/20190425123220_24687700.pdf

https://e-qanun.az/framework/12395

https://heydar-aliyev-foundation.org/az/content/view/95/715/

https://old.xalqqazeti.com/az/news/social/5890

https://e-qanun.az/framework/25029

https://e-qanun.az/framework/33717

https://president.az/az/articles/view/36263

https://president.az/az/articles/view/50474

https://static.president.az/upload/Files/2022/07/22/5478ed13955fb35f0715325d7f76a8ea_3699216.pdf

https://president.az/az/articles/view/62737

https://metro.gov.az/az/news/829/tebieti-qoruyaq-sabahimiza-sahib-cixaq

https://metro.gov.az/az/social-platform/3675/yasil-dunya-namine-hemreylik-ili-cercivesinde-ekoloji-temizliyi-tebligati-prosesi-davam-edir

https://e-qanun.az/framework/47397

https://nk.gov.az/az/senedler/serencamlar/%E2%80%9Cazarbaycan-respublikasinin-isgaldan-azad-edilmis-arazilarinda-2022-2026-ci-illarda-%E2%80%9Cyasil-enerji%E2%80%9D-z-6209

https://area.gov.az/az/page/layiheler/yasil-enerji-zonasi/yasil

https://cop29.az/az

https://docs.google.com/spreadsheets/d/1323XC-AOuNSMiDhITv-Ks082PTAwcMOAVOctoYNbr1I/edit?pli=1&gid=0#gid=0

https://bsky.app/profile/drsimevans.carbonbrief.org/post/3lbnljpwu522v

https://bsky.app/profile/drsimevans.carbonbrief.org/post/3lbnmfcedqk2v

https://cop29.az/az/media-hub/news/breakthrough-in-baku-delivers-13tn-baku-finance-goal

 

Pünhan Musayev, 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı.

Pünhan Musayev

İqtisadçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı