Antik kültürlər bizə daha yaxşı bir termin çatışmazlığına görə “aristokrat” adlandırdığımız azad insanın xüsusi bir modelini miras qoyub. Yunanlar kalokagathia – fiziki gözəlliyi əxlaqi fəzilət və xarakter ilə birləşdirən bir şəxs idealı - vəsfinə sahib məziyyətli elitanı təsvir etmək üçün aristoi sözündən istifadə edirdilər. Kalokagathia Yunan şəhər idarəçilərinin can atmalı olduqları şəxsi davranışın ideal forması idi. Bu elitanın üzvləri öz ali əxlaqi statuslarına vurğu etmək üçün “ədalətli insanlar” adlandırılırdı. Bu tərif nəcabət və aristokratiyanı əsilzadə doğuluşu və ya irsi imtiyazlar ilə assosiasiya etmirdi. Reallıqda, əsilzadə irsinin bəhsi keçən aristokratiyaya nail olmaqda əngəllər təşkil etdiyinə dair inandırıcı səbəblər var idi. Sosial statusları irsən keçən aristokratlar bu məziyyətlərə sadəcə doğuluşla qazanılan haqq əsasında iddia edirdilər, onları qazandıqları üçün yox. Müəyyən bir ailədə və ya topluluqda doğulma faktı cəmiyyətdə heç bir imtiyazlı əxlaqi mövqeyi əsaslandırmırdı.
Gerçək aristokratlar Antik çağdan bəri fəlsəfi və bədii ədəbiyyat əsərlərində özünü göstərir, məsələn Aristotelin megaloprepeia (səxavətli tərzdə icra edilən böyük ictimai aktlar məziyyəti) və megalopsychia məziyyətləri barəsində analizləri. Onlar həmçinin Stoiklər, daha sonralar isə Xose Orteqa i Qasset kimi XX əsr filosoflarının əsərlərində aşkar edilə bilər. Bəzən aristokrat cəngavər və ya döyüşçü, bəzən isə mütəfəkkir və ya bir siyasətçi olaraq meydana çıxır. O heç vaxt müstəsna olaraq spesifik bir siyasi sistem və sosial struktur ilə assosiasiya edilməyib.
Aristoi konsepti çoxluq (kütlə - demos və ya hoi polloi) konseptlərinə qarşı qoyulurdu. Kütlələrin səciyyəsi ixtiyarilik, dəyişkənlik və ekksentriklik, habelə sağı-solu bəlli olmama, əsasən arzular tərəfindən motivasiya edilmə idi. Əgər ruh və bədən bölgüsü onlara şamil edilsəydi, onlar bioloji ehtiyacları və güclü, tətminedilməz iştahaları ilə bədənin zəfərini təcəssüm etdirərdilər. Yunanlar limitləri aşmaq və düzənləməyə məhəl qoymamaq tendensiyasını təsvir etmək üçün pleoneksiya (ifrat) və akolaziya (nəzarət edilə bilməzlik) konseptlərindən istifadə edirdilər.
Bu konseptlərin hər ikisi hər şeyin daha çoxuna (pleonektein) – daha çox sərvət, daha çox hökmranlıq, daha çox məmnunluq və daha çox cinsi həzzə – sahib olmaqla “özünüreallaşdırma” demos-da xüsusilə aşkardır. Pleoneksiya-ya təslim olmaq heç nəyin arzuların tətminini və daha çox arzuların meydana çıxmasını əngəlləmədiyi bir psixoloji hal olan akolaziya doğurur. Bəziləri bu halı azadlıq ilə assosiasiya etsələr də, Yunan filosofları onu köləlik ilə əlaqələndirirdilər. Çünki o, insanı tətmin edilməsi mümkün olmayan arasıkəsilməz və zəbt edilə bilməyən istəklərin itaətkarına çevirirdi.
Aristokrat azad insan idi, çünki o özünə hökm etməyə, kütlələr üzərində hakim olan ruh halı və coşğulara müqavimət göstərməyə qadir idi. Demos insan təbiətinin fiziki komponentinin zəfərini nümayiş etdirirdisə, aristokrat onun ən ali elementinin idarəsinin təmsili idi. O, ağlın ali hakimiyyətindən qaynaqlanan bilgəliyi, dərin bir şəkildə kökləşmiş məziyyətli vərdişləri, özümləşdirilmiş ədəb anlayışı ilə fərqlənirdi. Bu perspektivdən, o, fiziki həzzə tabe edilmiş həyatın illüziyonar və məmnunluq bəxş etməyən deyil sadəcə, həm də dağınıq, boş, mənasız və mənhus bir həyat olduğunu görə bilirdi. İnsan öz coşğularına, arasıkəsilməz arzularına bağlı və ya onlardan asılı olduqca özü barəsində azad və rasional qərar vermək iqtidarını itirir. Eynisi güclü bioloji drayvların və instinktlərin bütün digər tipləri – iqtidar və sərvət şəhvəti, eqotizm, ölüm qorxusu, nəyin bahasına olsun həyatda qalmaq arzusu – üçün də keçərlidir. Onlar əhliləşdirilmədikdə həyatımıza nəzarəti ələ alır, onun nizamlı və balanslı daxili konstruksiyasını dağıdır.
Ruhu yox sayaraq, bədənini sevənləri yunanlar “filozomatos” adlandırırdılar. Belə insan öz həyatında düzən qura bilməzdi, çünki həyatın tənzimləyici və nəzarətedici qüvvəsi ruhdur, bədən deyil. Özünə hökm etmək o demək idi ki, bədən insan təbiətindəki ən yaxşıları – ruh və onun mühafizləri ağıl, loqos, əxlaq normaları və ali ideallar - tərəfindən idarə edilməlidir. Ruhu barəsində düşünən, onun qayğısına qalan arsitokrat fiziki transqressiyalara aludə olmaqla ruhuna məhəl qoymayan bir kəsdən daha ali idi. Çünki məhz ruhun sağlamlığı onu kənar ehtiyaclardan mümkün olduğu qədər müstəqil edən mətinlik, dirayət, enerji, güclü özfərqindəlik hissi və vizyon aydınlığı bəxş edirdi.
Buna görə də, bir aristokrat özü barəsində fərq edilə bilən bir nəciblik elementinə sahib olurdu. Ümumiyyətlə, azad insanın yunan anlayışı - eleuteros - öz həyatını həqiqət və əxlaqi prinsiplər ilə bütövləşdirmək, şərtlərə, emosional impulslara, sıravi rəylərə, demosun keyfi istəklərinə tabe olmamaq demək idi.
Ruhun insan təbiətində ən yaxşısını təcəssüm etdirdiyi və buna görə də, onun idarəedici qüvvə olmalı olduğuna dair həm yunan, həm də Xristian baxışına şiddətlə etiraz edən Nitzşeyə görə, ruh və ali ideallar sadəcə bir yalan, həyata düşmən fantaziyadır. Onlar məqsədi insan aksiyasının təməlində yatan bədən enerjisini tabe etmək olan süni icadlar idi. Ona görə, gerçək aristokrat ruhu deyil, güclü, vital iqtidar enerjisi tərəfindən idarə olunur. Nitzşe iddia edir ki, qəhrəman cəngavərlər əsrində qeyri-adi fərqliləşmələr və iyerarxiyalar ilə nəticələnən insanın bioloji coşğululuğu metafizika və spirituallığın təsiri nəticəsində yox edilsə də, estetik formada yaradıcı güc olaraq yenidən dirçəldilə bilər. Nitzşenin ilhamlandırdığı inanca əsasən, klassik və Xristian fəlsəfələrinin mütləq şəkildə uzlaşmaz adlandırdıqları iki şey kombinasiya edilə bilərdi: bədənin ruhdan aliliyi (bununla, insanın unikal fərdiliyinin çiçəklənməsini və böyük uğurlara nail olmasını mümkün etmək) və onun estetik və intellektual təxəyyül dünyasına heyranedici bir səyahət etmək imkanına sahib olmaq. Qısacası, alman filosofu inanırdı ki, insan hər iki dünyanın ən yaxşısına sahib ola bilər: əhliləşdirilməmiş bir heyvan və eyni zamanda estetik və intellektual dəyərlərin nəcib yaradıcısı olmaq. Başqa sözlə, metafizik-düşüncəli aristokratlar qədər “demos”a nifrət edən Nitzşeyə görə, Üstüninsanın demos ilə (onun adiliyi-sıraviliyi olmadan) bədənin üstünlüyünü, ruhun metafizik aspektinə inam olmadan aristokratların əzəmətini paylaşa bilərdi.
Lakin Lequtko bildirir ki, bədənin böyük təşəbbüslərə, üstüninsani nailiyyətlərə və ya misligörünməmiş özünüyaradılışa yol aça biləcək “demiurgik” potensialı yox idi. Lakin Nitzşedən sonra “raison du corps”un getdikcə böyüyən hökmranlığı Qərb kültürünün demotik səciyyələrini keçmişdə düşünülə bilinməyəcək dərəcədə artırdı. Klassik metafizikanın modern dünyanın fəlsəfə sferasından çıxarılması Qərb insanının ağıl və düşüncəsinin eyniləşməsi-hamarlaşması prosesini sürətləndirdi.
Keçən əsrin ikinci yarısında Qərb dünyasının məruz qaldığı cinsi inqilab qədər heç nə “raison du corps”un daha yaxşı nümayişi ola bilməz. Bu inqilab və Hippilər kimi üsyankar gənclik hərəkatları filozomatoi-un ən böyük zəfəri anlamına gəlirdi. O, yeni dünyanın müjdəçisi və qədim dünya üçün əcəl zəngi idi. O eyni zamanda bədənin qədim əxlaqi narrativlərdən emansipasiyasının sonuncu fəsli idi.
Liberal-demokratik cəmiyyətdə zəruri və pozitiv aristokrat rolu üzərində heç bir fikir ayrılığı ola bilməz. Hətta Amerikanın Qurucu Atalarının və A.de Tokvilin dövründən bəri demokratiyanın perseptiv analizləri aristokratik və ya ekvivalent elementin demokratik sistemə daxil edilməsi ehtiyacına vurğu edirdi. Eqalitarianizmin müzəffər və ona qarşı müxalifətin dişsiz göründüyü dövrümüzdə bu rol daha zəruridir.
Əfsus ki, Tokvil və digərlərinin ağlabatan hipotezisləri heç vaxt yetərli diqqətə layiq görülmədi və dünya getdikcə artan sürətlə müdrik insanların əndişəverici olaraq gördüyü bir istiqamətdə hərəkət etdi. Çağdaş insanın gözündə aristokratların müəyyən təsirə sahib olmaları cadugərləri, sehrbazları və kölə sahiblərini legitimləşdirən bir dünya kimi fantastik və qəribə görünür.
İdeoloji tendensiyalarına qarşı gəlmək üçün aristokratiyanın ona töhfə verməli olduğu dörd kritik şey var: tarixi qaçılmazlığın rəddi, etik vəzifə\öhdəliklərin müdafiəsi, bədən və ruh dualizminin və ruhun daha üstün mövqeyə sahib olduğunun qəbulu və klassik utanc konsepti.
Modern qaçılmazlıq ideologiyası ilə başlayaq. Klassik doktrinalara görə, aristokratın azadlığı güclü cismani istəklər qalsın bir kənara, genişmiqyaslı sosial tərcihlərə, tarixi şərtlərə və siyasi imperativlərə baxmadan nəcib həyatın qaydalarına riayət etməkdə mükəmməl olmaqdan qaynaqlanırdı. Modern baxışa görə isə, insanın azadlıq yolu aydın təlimatlar və işarə dirəkləri ilə qeyd olunan bəsit bir yoldur. İnsani drayvları izləmək və klassik fəlsəfə tərəfindən təlqin olunan məhdudiyyətləri aşmaq, akolaziya və pleoneksiya qaçılmalı olan günahlar və ya transqressiyalar deyil, azadolmanın mühərrikləri olaraq görülür.
Bu günün azadlıq yolu cəhalət, qorxu və “irrasional sentimentlər”dən yarandığı güman edilən qeyri-əhəmiyyətli konstruksiyalara məhəl qoymadan təbiətə qayıdış kimi görünür. Bu dəyişikliyin biristiqamətli proses olduğu elan edilib, süni rahatsızlıqdan təbii rahatlığa doğru keçid. Bu mərhələyə çatdıqdan sonra geridönüş düşünülə bilməz.
Bütün bunlar da bədənin emansipasiyası prosesinə qaçılmazlıq səciyyəsi verdi. Bu qaçılmazlıq bədii ədəbiyyatdan reallığa, əlkimyadan kimyaya, bizantin etiketindən sadə davranış qaydalarına, royalizmdən demokratiyaya hərəkət kimi qarşısıalınmaz, öncədən müəyyən olunan prosesə bənzədilir. Bədənin mütləq zəfəri ilə iç-içə keçən bu prosesin insani inkişafın təbii kursu olduğuna inanılır.
Lakin Sokrat “filozomatoi”un tövsiyəsinə riayət etsəydi o, azad insan adlandırılmazdı. O sözsüz ki, bununla həyatını uzada, neqativ azadlığını xilas edə bilərdi, amma özünə yad hesab etdiyi hər şey qarşısında təslim olduğu üçün öz-özünün hökmranı ola bilməzdi.
Azadolma prosesində qaliblər sinfini təmsil edən modern liberal demokrat xüsusunda isə, onun transqressiyalar ilə bağlı öyünmələri azadlıq – olduqca çox zərurət, qaçılmazlıq, qarşısıalınmaz dəyişiklik və Tanrı tərəfindən verilən təbii drayvlar ideyası ilə uzlaşmazdır. Onun istifadə etdiyi dil tarixin axınına, ifrat adaptasiya, təslimiyyət və məmnunluq duymağa istinadlar ilə doludur. O, azad insan rolunu oynamağının əmr edildiyi bir performansda iştirak edən aktor kimidir. Gerçək aristokratın bəlli etdiyi kriteriya oldur ki, onun ruhu barəsində istənilən qərarı inqilaböncəsi və inqilabi şərtlər, demokratiya və demokratiyaöncəsi, liberalizm və illiberalizm yaxud da anaxronizm, tərəqqi, tarixi qaçılmazlıq kimi anlayışlar tərəfindən tənzimlənə\müəyyən edilə bilməz.
Aristokrat hüquqları deyil, vəzifə və öhdəlikləri tərəfindən müəyyən edilir. Bu vəzifələr zamanla asanlıqla təkamül etmirlər və tarixi dəyişiklik qarşısında nisbətən toxunulmaz qalırlar. Fəaliyyətlər və emosiyalarının geniş spektrində patriotizmin bugünkü patriotlar üçün kəsb etdiyi anlam öncəki əsrlərdə olduğu ilə eyni deyil. Uzunmüddətli sülh dövründə birisinin ölkəsi üçün ölməsi insanların ağlını məşğul etmir və absurd olaraq düşünülür. Lakin o hələ də patriotizmin canlı ənənəsini təşkil edir. Cəmiyyətlər öz vətənləri üçün çoxsaylı qurban verdikləri zaman öz daxili əzəmətini aşkar edirlər. Roma maksimasına görə, dulce e decorum pro patria mori – vətən üçün ölmək necə şirin və yaraşandır. Eynisi insanın öz ailəsi, Tanrı, şərəfi, dostları və peşəsi qarşısında vəzifələri barəsində də söylənilə bilərdi.
Keçmişdə olduğu kimi, bu gün də vəzifələrini qəbul etməkdə insan həyatının ilkin əxlaqi aspektini görür və bədən\ruh dualizmini mənimsəyir. İstər dini, istərsə də metafizik anlamda ruh yalnız bədən qarşısında suveren və tarixin axınlarından müstəqil şəkildə doğru dərk oluna bilər. İnsanın bədəni tərəfindən idarə olunmasına icazə verməsi və tarixi zərurətlərə tabe olması kölə davranışıdır. Hüquqlar daşıyıcısı olan modern insanın bədən\ruh dualizmini qəbul etmək aspirasiyası yoxdur. Hüquqlar bizə haqlarımız və iddialarımız qarşısındakı əngəllərdən mümkün olduğu qədər çox qurtulmağımızı təlqin edir.
Aristokrat həmçinin ruhun iyerarxik baxışında yer alan ilkin utanc anlayışının mühafizidir. Utanc insan təbiətinin ali elementlərinin onun inferiyor instinktlərinin hücumuna reaksiyadır. Biz bu ali standartlar ilə ziddiyyət təşkil edən bir şey dedikdə və ya etdikdə utanc hiss edirik və şirnikdirmələr, zəifliklər və ya əxlaqən şübhəli arzulara təslim oluruq. Utancın bu ənənəvi konsepti əsasən “bədən sevgisi”nin (somatofiliya) təsiri ilə uzun illər ərzində dəyişib. Bu gün ali standartları utandıran təbiətin inferiyor standartlarıdır. Bunu metaforik olaraq ifadə etsək, ruhu utanc duyulan bir hala gətirən bədəndir. Bu, din, metafizika və məziyyət etikasının öz funksiyalarından məhrum edilməsi ilə bağlıdır.
Vulqarlıq tarixi qaçılmazlığın bir elementi olaraq nəzər alındığına görə bu gün vulqar fəaliyyətlər ilə məşğul olmaq və ya onu normal görmək deyil, ona qarşı gəlməyə çalışmaq utandırıcıdır. Seksuallaşmanın hər yerdə var olması əsrimizin “azadlıq nailiyyətləri”ndən biri kimi qavranılır, ona görə də, cinsi tabuları aşmağın deyil, ona qarşı çıxmanın utancverici akt olduğu təlqin edilir.
Qeyd olunan dörd xüsus bir aristokratın həm nəzəriyyə, həm də praktikada müxtləliflik yarada bildiyi bir-birinə bağlı sferalardır. Bu, asan vəzifə deyil. Qaçılmazlıq ideologiyası məğlubedilməz görünür, çünki o, bir neçə yüzillikdir ki, zəfər yürüşündə olan eqalitarianizm qarşısında həyatda qala bilir. Vəzifələr etikasınin ən böyük düşməni bəşər tarixində ilk və gerçək ümumbəşəri din olaraq alqışlanan hüquqlar etikasıdır. Tamamilə sekulyarlaşmış mühitdə klassik ruh konseptini müdafiə etmək çətindir. Utancın klassik mexanizmi isə ruh olmadan dirçəldilə bilməz.
Ədəbiyyat:
1. Nietzsche, F. Thus Spoke Zarathustra, https://www.nothuman.net/images/files/discussion/1/9994c4af16851fe2bc691b8896cf6694.pdf
2. Legutko R., Saving The Self İn An Age Of False idols https://philpapers.org/rec/LEGTCO-6
3. The Nicomachean Ethics: Translated with an Introduction. Translated by Ross, David. Oxford: Oxford University Press, 1995