Giriş, Qərbi Azərbaycanın coğrafi mövqeyi və ərazinin idarəetmə sistemi: Ermənistan adlandırılan bu diyar, əslində, Azərbaycanın ən qədim və qüdrətli xanlıqlarından olan İrəvan xanlığının ərazisidir. Qədim tarixi keçmişə və strateji əhəmiyyətə mailik olan ərazi azərbaycanlılara məxsus olmuş, bu ərazidə azərbaycanlılar özünün dövlətini yaratmışdır.
Əfşarlar imperiyasının dağılmasından sonra müstəqillik qazanan İrəvan xanlığı çox əlverişli coğrafi və strateji mövqedə yerləşirdi. Azərbaycanın qərb torpaqlarını əhatə edən xanlıq Osmanlı dövləti, Qacarlar və Gürcüstanla həmsərhəd idi. XIX əsrin başlanğıcında uğurlu siyasət yeridən İrəvan xanları bölgənin vəziyyətini xeyli yaxşılaşdırmış və xanlığın müdafiə qüdrətini yüksəltmişdilər. Xanlığı Qacarlar sülaləsindən olan xanlar idarə edirdi. İrəvan xanlığında Azərbaycan türkcəsi dövlət dili kimi istifadə olunurdu. Fars dili ancaq rəsmi yazışmalarda, zəruri olduğu hallarda istifadə olunurdu. İrəvan xanlığının idarəçilik sistemi həmin dövrdə mövcud olan digər Azərbaycan xanlıqlarının idarəçilik sisteminin bənzəri idi. Zəngin dövlətçilik ənənələri formalaşmış İrəvan xanlığında idarəçilik sisteminin başında bir qayda olaraq azərbaycanlılar dururdular. İrəvan xanlığının ərazisində yaşayan azsaylı ermənilər xanlığın idarəçiliyində təmsil olunmurdular, onlar yalnız və yalnız adi vergi ödəyiciləri idilər.
Osmanlı hakimiyyəti dövründə İrəvan əyaləti haqqında iki dəfə məlumat xarakterli dəftərlər tərtib edilib. 1728-ci ildə tərtib edilmiş Müfəssəl dəftərə görə, İrəvan əyalətində aşağıdakı inzibati ərazi vahidləri vardı: İrəvan şəhəri, Qırxbulaq, Karpi, Maku, Xınzirək, Karni, Vedibasar, Dərəçiçək, Abaran, Göycə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyələri, Şuragöl və Naxçıvan sancaqları. Bütün bunlar təsdiq edir ki. Qərbi Azərbaycan uzun yüz illər boyu azərbaycanlıların yaşadığı qədim yurd olub. Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas abarogen millət kimi yer tutub. Səfəvilər dövründə tərtib edilən inzibati-ərazi quruluşu, siyasi vəziyyətdən asılı olaraq ərazi dəyişikliyinə uğrasa da, mahalların adları, adətən, dəyişilməz qalmışdı. Xanlığın inzibati-ərazi quruluşu Rusiya işğalından (1828) əvvəl və bundan da bir qədər sonrayadək davam etmişdi.
XIX əsrdə İrəvan xanlığı, Cənubi Qafqaz Qacar və Osmanlı dövlətindən sonra Rusiyanın yaxın maraq dairəsinə girdi. Əsrin əvvəlində xanlığı idarə edən Məhəmməd xan xanlığın müdafiəsini təşkil etmiş, rus və şah qoşunlarını geri oturda bilmişdir. XIX əsrin əvvəllərindən başlayaraq xanlıq Rusiya imperiyasının hədəfinə çevrilmiş, hələ 1801-ci ildə xanlığa məxsus olan Pəmbək və Şorayel sultanlıqları Şərqi Gürcüstanla birlikdə ələ keçirilmişdi.1804-cü ildən başlayaraq rus qoşunlarının İrəvan xanlığına qarşı hücumları intensiv xarakter almışdır. Rusiya işğalı ərəfəsində xanlığı idarə edən Hüseyn xan İrəvanın son xanı olmuşdur.1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra, Rusiyanın İrəvan xanlığı ərazisi olan Göyçə gölünün şimal və şimal-şərq hissəsindəki əraziləri işğal altında saxlamaqda davam etməsi, Rusiya komandanlığının İrəvana məxsus torpaqların geri qaytarmaması Hüseynqulu xanın onlarla münasibətlərini gərginləşdirdi. Hüseynqulu xan torpaqları işğaldan azad etmək üçün həm Üçkilsəyə, həm də. sərhəddə yerləşən rus qoşunlarının gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı. Rus komandanlığı Abbas Mirzədən bu cür halların dayandırılmasını tələb etsə də, Hüseynqulu xanın onların tələblərinə məhəl qoymayıb, geri çəkilməməsi və sərhəddə yerləşən rus gözətçi məntəqələrinə təzyiqləri güclənməsi rus komandanlığını güzəştə getməyə məcbur etdi. Nəticədə, 1821-ci ildə İrəvan əhalisinə Göyçənin onlara məxsus örüş yerində mal-qara otarmağa icazə verilməsinə nail olundu.
Lakin, XIX əsrin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi dəyişdi. Rusiya-İran (1804–1813 və 1826–1828), Rusiya-Türkiyə (1828–1829 və 1877–1878) müharibələrindən və 1861-ci il kəndli islahatından sonra, Cənubi Qafqazda bu siyasət daha da sürətləndirildi. Belə ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri imzalandıqdan sonra, ermənilərin Qafqaza, xüsusilə də Azərbaycan torpaqlarına köçürülməsi bir daha rəsmiləşdirilib, erməni köçkünlərin sayı mexaniki şəkildə artırıldı. Rusiya region dövlətləri ilə müharibələr edib, əvvəlcə Şimali Azərbaycan xanlıqlarını daha sonra isə İrəvan və Naxçıvan xanlığını işğal etdi. İrəvan xanlığının süqutundan sonra yerli kübar azərbaycanlı ailələrinin bir hissəsi doğma yerlərini tərk edib Türkiyə ərazisinə köçüb.
Rusiya dövləti, Osmanlı dövləti ilə sərhəd ərazidə öz mövqeyini möhkəmləndirmək məqsədi ilə əvvəlcə İran və Rusiyadan işğal etdiyi İrəvan xanlığı ərazisinə erməniləri köçürüb, ermənilərə azərbaycanlılar üçün ən əziz gün olan 21 mart 1828-ci ildə “Erməni vilayəti” təsis edib, tədricən onun ərazisini böyüdüblər. XX əsrin əvvəllərindən başlayaraq böyük dövlətlər arasında dünyanı bölüşmək uğrunda mübarizə başladı. Bu mübarizədə əsas məqsədlərdən biri İrəvan xanlığı ərazisinə İran və Türkiyədən köçürülən ermənilərə dövlət qurmaq idi.1918-ci ildə bu dövləti “Ermənistan” adlandırmışlar.
İrandan İrəvan xanlığı ərazisinə ermənilərin köçürülməsi “erməni vilayəti”nin yaradılmasından daha əvvəl başlamışdı. Belə ki,1813-cü ildən sonra rus sərkərdələri tərəfindən İranda Rusiyanın səlahiyyətli səfiri olan A. S. Qriboyedovun köməyi ilə İrandakı ermənilərə mərhəmət göstərilərək, onları İranın Loristan vilayətindən Azərbaycanın geniş ərazisinə - Zəngəzura, Qarabağa, Vedibasara, Dərələyəzə, Zəngibasara, Göyçə mahalına köçürməsi nəticəsində əhalinin etnik tərkibi dəyişdirilmişdi. Rus yazıçı A.C.Qriboyedov bu haqda yazırdı; “Biz müsəlmanlara çox təsir etməyə çalışırdıq ki indiki vəziyyətlə barışsınlar. Hətta biz onlara bildirirdik ki, ermənilər bu ərazidə çox qalmayacaqlar. Amma onlar təlaş içində deyirdilər ki, ermənilər bu torpaqları həmişəlik ələ keçirəcəklər”.
Rus qoşunları 1827-ci ilin 1 oktyabrında İrəvanı çətinliklə işğal etdikdən sonra Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı Rusiyaya birləşdirildi. Keçmiş xanlıq torpaqlarına xaricdən köçürülən ermənilərin sayı artdıqca azərbaycanlılara qarşı törədilən təxribatlar və terror hadisələri də artmışdır.
Qərbi Azərbaycana ermənilərin köçürülməsi, erməni vilayətinin yaradılması
Ermənilərin Cənubi Qafqaza köçürülməsi siyasəti hələ 1827-ci ildə A. S. Qriboyedovun rəhbərliyi ilə hazırlanmışdı. Bu hazırlıq prosesi çərçivəsində həmin ilin mayında general Paskeviç ermənilər arasında nüfuz sahibi olan Lazaryevi (Qazros Lazaryan) çağıraraq siyasətin uğurla başa çatması üçün hazırlıq işlərində iştirak etdi. O, 1827-ci il oktyabrın 19-da Cənubi Azərbaycana səpələnmiş ermənilərin köçürülmə siyasəti ilə bağlı yayılmasına nəzarət etmək üçün oktyabrın 13-də çar Rusiyası qoşunları tərəfindən ələ keçirilən Təbriz şəhərinin komandanı təyin edildi.
Türkmənçay müqaviləsinin qarşılıqlı təsdiqindən bir gün sonra çar I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan xanlığının torpaqlarında “Erməni vilayəti”nin yaradılması ilə ermənilərin xarici ölkələrdən köçürülməsinə başlandı. Bu haqda rus alimi Nikolay Şavrov öz əsərində həmin dövrün hadisələrini təhlil edərək belə yazır: “Biz Zaqafqaziyada (Zaqafqaziyada) rusları deyil, başqalarını məskunlaşdırmaqla müstəmləkəçiliyə başladıq.1826-1828-ci illər müharibələrindən sonra, iki il ərzində 40 min İran ermənisini və 1828-1830-cu illər arasında 84 min Türkiyə ermənilərini, Gəncə və İrəvan quberniyalarında və Tiflis quberniyasının Borçalı, Axaltsike (Axaltsix) və Axalkalaki (Axalkalaki) rayonlarında ən yaxşı dövlət torpaqlarının olduğu ərazilərə yerləşditdik. Yerləşdirmələr üçün 200 min desyatin (sahə vahidi) dövlət ərazisi təsis edilmiş, 2 milyon rubl dəyərindəki şəxsi ərazi müsəlmanlardan satın alınmışdır” . Ermənilər Gəncənin dağlıq ərazilərində və Göyçə gölünün sahillərində məskunlaşmışdılar. Etiraf etmək lazımdır ki, rəsmi olaraq məskunlaşan 124 min ermənidən başqa, qeyri-rəsmi köçürülənlərin sayı 200 min nəfəri ötür. Bu əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu rəsmi mənbələrin təsdiq etdiyi kimi, bu torpağın yerli əhalisi deyildi. Bizim tərəfimizdən köçürülüb məskunlaşandır”. Ermənilərin köçürülmə prosesinin əsas icraçılarından olan Lazaryevin verdiyi məlumat Cənubi Qafqaz və Qərbi Azərbaycan ərazisində ermənilərin real demoqrafik vəziyyətini ortaya qoymaqla yanaşı, azərbaycanlıların oradan çıxarılıb saylarının azaldılmağa çalışılması ilə bağlı faktları da ortaya çıxarır.
Ermənilərin Cənubi Qafqaza köç siyasətinin birinci mərhələsi 1828-ci il fevralın 26-dan iyunun 11-dək həyata keçirildi. Erməniləri öz doğma yurdlarından, xüsusilə Urmiya, Xoy və Salmas xanlıqlarından və kürdlərin çoxluq təşkil etdiyi Qərbi İrandan köçürməyə boş vədlərlə inandırmağa çalışan Lazaryev 1828-ci il martın 30-da Qərbi kürdlərin yaşadığı İran ərazilərində ermənilərə müraciətində deyirdi: "Orada, Şimali Azərbaycanda və keçmiş İrəvan xanlığı ərazisində siz xristianların məskunlaşacağı yeni vətən əldə edəcəksiniz. Görəcəksiniz ki, İranın müxtəlif əyalətlərinə səpələnmiş ermənilər bir yerə toplaşıblar. Tələsin! Zaman qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək və bundan sonra sizin köçünüz çətinləşəcək və daha sonra sizin təhlükəsiz köçürülmənizə məsuliyyət daşımayacağıq, Bir az itkiyə məruz qalsanız da, qısa müddətdə hər şeyə nail olacaqsınız həm də əbədi."
Lazaryev üç ay yarım ərzində ermənilərin deportasiyası ilə bağlı statistik hesablamalarında bildirir ki, İrandan tarixi Azərbaycan əraziləri olan İrəvan, Naxçıvan və Qarabağa ən azı 40 min nəfəri təmsil edən 8249 xristian-erməni ailəsi deportasiya edilib. O, öz hesablamalarında Çar Rusiyası xəzinəsindən deportasiyaya 14 min manat qızıl, 400 manat gümüş xərcləndiyini də qeyd edib. Deportasiya siyasətinə Lazaryevdən başqa digər nüfuzlu ermənilər də rəhbərlik edirdilər. Bunların arasında ən fəallarından biri katolikos Nerses Ashdaragetsi idi. 1827-ci il oktyabrın 1-də İrəvan xanlığının işğalından sonra o, özünü padşah hesab edir və hesab edirdi ki, “böyük Ermənistan” xəyallarının gerçəkləşməsinin vaxtı çatıb. Lakin Çar Rusiyasının bölgə ilə bağlı planları ondan çox fərqli idi.
Çar Rusiyasının planında “Böyük Ermənistan” dövlətinin yaradılması yox, tampon erməni əyalətinin yaradılması nəzərdə tutulurdu. Bu planlaşdırılmış siyasəti başa düşən katolikos Nerses Aşdaragetsi general Paskeviçin əmrlərinə tabe olmamağa başladı və ona sadiq olan xüsusi təyinatlı hərbi birləşmələr yaratdı. Təbii ki, Nersesin fəaliyyəti çar Rusiyasının planlarına uyğun gəlmir və 1828-ci ildə I Nikolayın əmri ilə sürgün edilir. Katolikos Nersesin sürgün edilməsi “Böyük Ermənistan” dövləti arzusunda olan ermənilərin ümidlərini söndürdü.
Fəqət, ermənilərin 1890-cı ildə “Daşnaksütyun” adlı millətçi-terror təşkilatı qurub, “Böyük Ermənistan” ideyası uğrunda mübarizəyə başlaması ilə bu münaqişə yenidən alovlandı. Daşnaklar 1905-1907-ci illərdə çar Rusiyasından dəstək alıb Qərbi Azərbaycanda azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər.
Paskeviç tərəfindən ermənilərin Azərbaycan torpaqlarına, azərbaycanlıların daha sıx yaşadıqları ərazilərə kütləvi şəkildə köçürülməsini rııs tədqiqatçıları və alimləri hələ XIX əsri əvvəllərində geniş əks etdirmişlər. 1826-1828 ci illərdə müharibədən keçən iki il ərzində İran və Türkiyə ermənilərinin Yelizavetpol (Gəncə) və İrəvanın ən yaxşı torpaqlarında, Göyçə gölünün sahillərində, Vedibasar mahalında və sair yerlərdə sistemli köçürülərək məskunlaşdırılması həyata keçirilmişdir. Rusiya torpaqları adlandırılan keçmiş İrəvan xanlığı ərazisinə üç ay yarım ərzində 8. 000-dən çox erməni ailə Arazı keçiərək İrandan gəlmişdir. Lazarev İrana göndərilmişdir. Karapet adlı Ərzurumdan olan bir keşiş özü ilə 70. 000 erməni gətirmişdir... müsəlman dövlətlərindən Rusiyaya ermənilərin köçürülməsi fasiləsiz olaraq davam etdirilmişdir.
“Türkmənçay müqviləsi” və “Ədirnə müqaviləsi”ndə öz əksini tapan bir neçə şərtlə yanaşı hər üç dövlət, İran, Türkiyə və Rusiya dövlətləri, İrandan və Türkiyədən Rusiyaya, Azərbaycandan isə İran və Türkiyəyə köçən müsəlmanların yerləşdirilməsini öz üzərinə götürdü. Və beləliklə, həmin müqaviləyə əsasən, çox az bir vaxtda İrandan və Türkiyədən ermənilər kütləvi olaraq İrəvan quberniyasına və Gəncə quberniyasının dağlıq ərazilərinə köçürüldü.
Ruslar Arazın o tayındakı vilayətləri tutandan sonra heç vaxt bu bölgənin insanlarına etimad göstərmədilər. Ermənilərə qol-qanad vermək nəticəsində onlar Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrində iştirak edərək nüfuz qazandılar. Lakin, “erməni vilayəti”nin qurulmasına bütün bu himayədarlıqlara baxmayaraq, ta 1918-ci ilə qədər ermənilər nəinki Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etmirdilər, əksinə, erməni yazıçısı Anahid Ter Minasyanın dediyi kimi, fərqli təsir dairəsindən də faydalanmırdılar. Adıçəkilən yazıçı əlavə edir: "Tiflis konqresinin əsas nigarançılıqlarından biri Qafqazda konkret erməni milli nüfuzunun çatışmamazlığı idi. Yerli idarəçilik muxtariyyəti əldə etmək üçün xahişnamə ilə bərabər, zemstvolar təsis etmək üçün pərakəndə erməni camaatını əhatə edən çox məhdud miqyasda əyalət vahidlərinin planı da təqdim edildi".
Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılmasının regional və beynəlxalq siyasi proseslərə təsiri
1917-ci il Rusiya inqilabından sonra Cənubi Qafqazda yaranan böhranlı siyasi vəziyyətdən istifadə edərək Qərb dövlətlərinin təmin etdiyi siyasi və silah yardımı və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi nəticəsində ermənilər İrəvan mərkəzli “erməni dövləti” qurublar
1920-ci ildə Ваsаrkеçэr, Vedibasar mahallarının və Zəngəzur qəzasının ümumi sahəsi 9800 km2 olan hissəsi Ermənistana bağışlandı. 1922-ci ildə Göyçə, Dilican əraziləri Ermənistana verildi. 1921-ci il Moskva və Qars müqavilələrinin şərtlərinin qanunsuz pozularaq,1929-cu ildə Zaqafqaziya Mərkəzi İcrayyə Komitəsinin qərarı ilə Naxçıvanın Şərur rayonun Xaçik, Horadiz, Ordubad rayonunun Karçevan, Şahbuz rayonunun Oğbun, Sultanbəy, Ağxəç, Səs, Almalı və İtqıran kəndləri Ermənistan SSR-in tərkibinə verilir. Azərbaycanlıların soyqırım və təmizlənib, Qərbi Azərbaycana ermənilərin köçürülməsi 1828-ci ildən sonra 1905-1907-ci, 1918-1920-ci, 1947-1953-cü və 1987-1991-ci illərdə də amansızlıqla davam etdirildi. Qərbi Azərbaycandan deportasiya olunan əhalinin etnik yayılma arealı çox genişdir. Azərbaycan, Türkiyə, İran və keçmiş sovet respublikaları başda olmaqla dünyanın bir çox ölkəsində o ərazidə anadan olan və yaxud keçmişi, nəsli-nəcabəti ilə oraya bağlı olan milyonlarla Qərbi Azərbaycanlı vardır.
1923-cü il iyulun 7-də isə vaxtilə 1805, 1813, 1828-ci illərdə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınıb. Böyük dövlətlərin dəstəyi ilə Oğuz yurdu Qərbi Azərbaycanı qəsb edən gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə, izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmağa başlamışlar.
Zaqafqaziya MİK-nin 1929-сu il 18 fevral tarixli 3 sayılı protokoluna əsasən Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermenistana verildi. Bu kəndlər hesabına 1930-1931-ci illərdə Mehri rayonu yaradılaraq, Naxçıvanın Azərbaycan ilə əlaqəsi kəsilib. Sovet ittifaqı dövründə Naxçıvana nəqliyyatla gediş-gəliş mümkün olsa da, Sovet İttifaqının dağılması və Azərbaycanla, Ermənistanın müstəqilliyini elan edib, Ermənistanın, Azərbaycana ərazi iddiası üzərinə müharibəyə başlamasından sonra 35 ildən çoxdur Azərbaycanın qədim ərazisi Naxçıvanla əlaqəsi kəsilib və hal-hazırkı dövrdə də, Naxçıvan blokada şəraitində yaşayır. Bunların hamısı Azərbaycanla Naxçıvanı birləşdirən torpaqların sovet hakimiyyəti dövründə Ermənistana verilməsi nəticəsində baş verib. Azərbaycan, Naxçıvanla əlaqəsini ancaq hava nəqliyyatı və qonşu ölkə İran vasitəsi ilə qura bilir. Ermənilərin başlatdığı soyqərım aktları və qanlı münaqişələr Azərbaycanın 2020-ci ildə qalib gəldiyi 44 günlük Vətən müharibəsinə qədər davam edib. Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin bağlı olması regional və beynəlxalq ticarət əlaqələri ilə yanaşı Cənubi Qafqaz və onun ətrafındakı dövlətlərin inkişafına təsir edir.
Əfqan Vəliyev
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü
İstifadə edilmiş ədəbiyyat
Dünya Azərbaycanlıları: Tarix və Müasirlik. Bakı, 2009, s.146
Aмpaли Иcмaилов, Taйны и явъ Apмянствa,«Myaллиь» нешрий,Бaкy, 2006. Cтp., 12,
Гpибoeдова А. C. Гope oт yмa. Пиcмa изаписки. Баку, «Maapиф», 1989. Стр.. 387.
Nikolay Şavrov, Новая Yгроза PуссКому Делу в ЗаКавКазъе: ПреДстояшая PасПроДжа Мугенн ИнороДцам (Novaya Ugroza Russkomu Delu v Zakavkazie: Predstoyashchaya Rasprodazha Mugani İnorodtsam), Moskova 2011, s. 63.
Yaqub Mahmudov, İrəvan Xanlığı: Rusiya İşğalı və Ermənilərin Şimali Azərbaycan
Torpaqlarına Köçürülməsi, Azerbaycan Milli Elmler Akademiyası Yayınları, Bakı 2009, s.386
Глинкa C. H. Пepeceпения apмянъ азepбaйджских переделы POCCИИ. M., 1831, CT.,92.
Nurcan Toksoy, Revanda Son Günler, Orion Yayınları, Ankara 2012, s. 30.
Шавров H. H. Hoвaя yrpoзa pyccкому вeлy в Кафказъе: npeдсдоящая pacnpoдaжa Myraни инородцам. C. Петербypr, 1911. Cтp. 63,64
Beличко B.Jl.Kaфкaз.Pyccкoe дeлo и междуплеменные вonpocы.C.Пeтepбypr,1904,ст., 87.
Anahid Ter Minasyan. "Müasir tarixdə Qafqaz . səh. 63