Xülasə
Bu məqalə 2023–2025-ci illər arasında dərc edilmiş əsas beynəlxalq hesabatlar və akademik tədqiqatların sintezinə əsaslanaraq süni intellektin (Sİ) qlobal əmək bazarına transformativ təsirini təhlil edir. Mövzu ilə bağlı müasir müzakirələr, “iş yerlərinin itirilməsi” və ya “məhsuldarlıq panaseyası” kimi sadələşdirilmiş yanaşmalardan uzaqlaşaraq daha mürəkkəb və çoxsahəli perspektiv təqdim edir.
Giriş
Süni intellekt (Sİ) son illərdə qlobal iqtisadiyyat və əmək bazarlarının formalaşmasında mərkəzi rol oynayan transformativ texnologiya kimi tanınır. Qlobal iqtisadi inkişaf, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər əmək bazarının mürəkkəbliyini artırıb. Sİ isə bu dəyişiklikləri sürətləndirən əsas katalizatorlardan biri kimi çıxış edir (Brynjolfsson & McAfee, 2014). Akademik tədqiqatlar və beynəlxalq hesabatlar göstərir ki, Sİ texnologiyalarının tətbiqi yalnız iş yerlərinin sayını dəyişdirmir, həm də işçi bacarıqları, əmək haqqı bərabərsizliyi və işin strukturu üzərində geniş təsirlər yaradır (IMF, 2024; İƏT, 2023). Müasir müzakirələrdə Sİ “iş yerlərinin itirilməsi” və ya “məhsuldarlıq panaseyası” kimi sadələşdirilmiş yanaşmalarla təsvir edilsə də, real təsir daha mürəkkəb və çoxsahəlidir. Onun qlobal əmək bazarına inteqrasiyası sektorlar üzrə fərqli təsirlər göstərir. İşçilərin yaş, təhsil və cinsiyyət xüsusiyyətlərinə görə təsir dərəcəsi dəyişir və iqtisadiyyatın müxtəlif seqmentlərində həm yeni imkanlar, həm də çağırışlar meydana çıxır (Acemoglu & Restrepo, 2020). Son illərdə Sİ, innovasiya və rəqabət qabiliyyətinin formalaşmasında mərkəzi rol oynayan ümumi təyinatlı texnologiyaya çevrilmişdir. Onun tətbiqi istehsaldan səhiyyəyə, maliyyədən dövlət idarəçiliyinə qədər müxtəlif sahələrdə səmərəliliyi artırmaq, yeni biznes modelləri yaratmaq və qərar qəbuletməni dəstəkləmək potensialına malikdir (World Economic Forum, 2025).
İşin gələcəyini formalaşdıran makrotrendlər
Sİ-nin təsiri digər qlobal qüvvələrlə qarşılıqlı əlaqədə güclənir. DİF (Dünya iqtisadi forumunun) hesabatına görə, əmək bazarlarını formalaşdıran əsas makrotrendlər texnoloji inkişaf, yaşıl keçid, iqtisadi qeyri-sabitlik, demoqrafik dəyişikliklər və geo-iqtisadi parçalanmadır (World Economic Forum, 2025). Texnoloji inkişaf çərçivəsində rəqəmsal çıxışın genişlənməsi, Sİ, robototexnika və avtomatlaşdırmanın yayılması işçilərin bacarıq tələblərini dəyişdirir. İşəgötürənlərin 86%-i Sİ və informasiya emalı texnologiyalarının 2030-cu ilə qədər biznes modellərini dəyişdirəcəyini proqnozlaşdırır. Eyni zamanda, yaşıl keçid və iqlim dəyişikliyinin azaldılması və adaptasiyası sürətlə böyüyən peşələrə, o cümlədən bərpa olunan enerji mühəndisləri və ekoloji mütəxəssislərə tələbat yaradır.
İqtisadi qeyri-sabitlik, xüsusilə artan yaşayış xərcləri və yavaş iqtisadi artım, qlobal əmək bazarında təxminən 1,6 milyon iş yerinin itirilməsinə səbəb olacaq. Bu təzyiqlər həmçinin yaradıcılıq, davamlılıq, çeviklik və adaptasiya bacarıqlarına tələbatı artırır. Demoqrafik dəyişikliklər isə yaşlanan işçi əhalisi ilə səhiyyə sahəsində iş yerlərinin artımını, artan işçi əhalisi isə təhsil sektorunda iş yerlərinin genişlənməsini stimullaşdırır. Geo-iqtisadi parçalanma və geosiyasi gərginliklər təhlükəsizlik və kibertəhlükəsizlik sahələrində iş yerlərinə, həmçinin liderlik və sosial təsir bacarıqlarına tələbatı yüksəldir (World Economic Forum, 2025). Bu tendensiyalar əmək bazarında qütbləşmə effektinə səbəb olur: yüksək texnologiyalı və yaşıl sahələrdə iş yerlərinin artımı ilə yanaşı, orta bacarıqlı, rutin işlər azalmağa məruz qalır. Bu, əmək bazarında orta təbəqənin sıxışdırılması problemini ortaya çıxarır.
Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına görə, 2030-cu ilədək qlobal formal məşğulluğun təxminən 22%-i struktur dəyişikliklərinə məruz qalacaq. Bu dəyişiklik nəticəsində 14% (təxminən 170 milyon) yeni iş yeri yaranacaq, eyni zamanda 8% (təxminən 92 milyon) mövcud iş yeri itiriləcək və net artım təxminən 7% (78 milyon) iş yerinə bərabər olacaq (World Economic Forum, 2025). Ancaq, Sİ-nin sektoral təsirləri fərqlidir. Səhiyyə sektorunda yaşlanan əhali səbəbindən tibb bacıları və şəxsi qayğı köməkçilərinə tələbat artacaq. Bu sahədə iş yerlərinin sayı 9 milyon net iş yerinə qədər artacağı proqnozlaşdırılır. Təhsil sektorunda, xüsusilə ali təhsil müəllimliyi rollarında rəqəmsal çıxışın genişlənməsi nəticəsində iş yerləri genişlənəcək. Əksinə, orta bacarıqlı və rutin rollar, məsələn, kassirlər, məlumat daxil edən işçilər və inzibati katiblər, ən sürətlə azalacaq iş qruplarıdır (World Economic Forum, 2025). Texnologiya və yaşıl keçid isə Aİ, robototexnika və bərpa olunan enerji mühəndisləri kimi yüksək ixtisas tələb edən rolların artımını təşviq edir. Yaşıl sektorlarda iş yerləri 1 milyon net iş yerinə qədər artıracağı proqnozlaşdırılır. Həm də, iş elanlarında isə 2023-cü ildə yaşılla bağlı bacarıqlar üzrə tələbat 22% artıb. Bacarıqların transformasiyası əmək bazarında mühüm rol oynayır. 2030-cu ilədək mövcud bacarıqların təxminən 39%-i yenidən formalaşdırılmalı olacaq. Analitik düşüncə bacarığı işəgötürənlərin 84%-i tərəfindən əsas bacarıq kimi qəbul edilir. Həmçinin dayanıqlıq və çeviklik bacarıqları 2030-cu il üçün tələb olunan ən vacib beş bacarıq arasında yer alır. Sİ və böyük məlumat bacarıqları sürətlə artan sahələrdir. İşçi qüvvəsinin təxminən 59%-i (100 işçidən 59-u) təlim və bacarıq artırma proqramlarına ehtiyac duyacaq. İşəgötürənlərin isə 85%-i bu sahəyə sərmayə yatırmağı planlaşdırır (World Economic Forum, 2025). Makroiqtisadi və demoqrafik tendensiyalar Sİ-nin təsirini gücləndirir. Artan yaşayış xərcləri və yavaş iqtisadi artım qlobal əmək bazarında təxminən 1,6 milyon iş yerinin itirilməsinə səbəb olacaq, eyni zamanda yaradıcılıq, çeviklik və adaptasiya bacarıqlarına tələbatı artıracaqdır. Yaşlanan işçi əhali səhiyyə sektorunda iş yerlərinin artımına, artan işçi əhali isə təhsil sahəsində iş yerlərinin genişlənməsinə səbəb olur. Geo-iqtisadi parçalanma və geosiyasi gərginliklər təşkilatların təxminən 34%-ində biznes modellərinin dəyişməsinə səbəb olacaq, bu isə kibertəhlükəsizlik, liderlik və davamlılıq bacarıqlarına tələbi artırır. Digər göstəricilər, aşağıdakı infoqrafik şəkildə təsvir edilib.

Süni intellekt və məşğulluq: İMF (Beynəlxalq valyuta fondu) və İƏİT perspektivləri
İMF-nin hesabatına görə, qlobal məşğulluğun təxminən 40%-i Sİ-nin təsiri altındadır. İnkişaf etmiş iqtisadiyyatlarda Sİ-nin təsirləri daha dərhal hiss olunacaq, qadınlar və ali təhsilli işçilər inteqrasiyadan daha çox fayda əldə edə bilər. Yaşlı işçilər isə adaptasiya baxımından çətinlik çəkə bilər. Sİ həm iş yerlərinin itirilməsinə, həm də yeni imkanların yaradılmasına təsir edir. Məhsuldarlıq artımı ümumi gəlirləri yüksəldə bilər. Lakin yüksək ixtisas tələb edən və yüksək gəlirli sahələrdə bərabərsizlik riski mövcuddur (IMF, 2024). İƏT isə əmək bazarının mövcud vəziyyətini və əmək haqqı inkişaflarını təhlil edir. Hesabata görə, İƏT ölkələrində məşğulluq səviyyəsi yüksəkdir. Lakin real əmək haqları yüksək inflyasiya şəraitində azalmağa davam edir. Minimum əmək haqlarının inflyasiyaya uyğun tənzimlənməsi aşağı gəlirli işçilər üçün dəstək olunub. Sİ texnologiyaları iş keyfiyyətini yaxşılaşdırsa da, iş yerləri və əmək haqları baxımından narahatlıqlar qalır. Və əmək bazarında bərabərsizliklərin artmasına səbəb ola bilər (OECD, 2023). İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatına əsasən, ali təhsili olmayan, qadın və yaşlı işçilər Sİ-yə əsaslanan yeni əmək bazarı imkanlarından daha çox kənarda qalma riski daşıyırlar, çünki onların texnoloji bacarıqları və AI-yə çıxış imkanları məhduddur (OECD, 2023). Eyni zamanda, İƏİT-in sorğuları göstərir ki, kişilər süni intellektin əmək şəraitinə müsbət təsir göstərəcəyinə daha çox inanırlar, qadınlar isə potensial risklərə və qeyri-bərabər imkanlara daha ehtiyatla yanaşırlar (OECD, 2023; World Economic Forum, 2025). Bu fərq, gender qrupları arasında texnoloji adaptasiya və inam səviyyəsindəki uyğunsuzluqları da əks etdirir. Yaş amili də süni intellekt dövründə mühüm struktur fərqləndirici faktor kimi çıxış edir. İƏİT-in təhlillərinə əsasən, əsas işçi yaşında olanlar (təxminən 30–54 yaş qrupu) süni intellektlə daha çox təmasdadır. Çünki bu qrup texnoloji yönümlü və yüksək ixtisas tələb edən sahələrdə daha geniş təmsil olunur (OECD, 2023). Bununla belə, yaşlı işçilər (55 yaşdan yuxarı) yeni texnologiyalara uyğunlaşmaqda daha çox çətinlik çəkir. Və işəgötürənlər arasında “texnologiya bacarıqlarının məhdudluğu” ilə bağlı stereotiplərə məruz qalırlar (OECD, 2023). Bu stereotiplər, əslində, yaşlı işçilərin bacarıq artırma və yenidən ixtisaslaşma proqramlarına çıxışını məhdudlaşdıra bilər. Lakin bəzi hallarda onların uzunmüddətli təcrübəsi və təşkilati bilikləri işdən çıxarılmaya qarşı qismən qoruyucu rol oynayır.
Nəticə
Nəticə etibarilə, süni intellekt dövründə gənc və texnoloji cəhətdən aktiv işçilər yeni imkanlardan daha çox faydalanmağa meyillidir. Yaşlı işçilər isə əmək bazarında rəqabətədavamlı qalmaq üçün əlavə təlim və dəstəyə ehtiyac duyur. 2023–2025-ci illər üzrə hesabatlar göstərir ki, süni intellekt əmək bazarına həm çağırışlar, həm də imkanlar gətirir. Qlobal makrotrendlərin və demoqrafik dəyişikliklərin təsiri ilə Sİ-nin tətbiqi əmək bazarının strukturunu dəyişdirir. Yüksək texnologiyalı və sosial sahələrdə iş yerləri artır, orta bacarıqlı rutin işlər isə azalmağa məruz qalır. Bu transformasiyanın uğurla idarə olunması üçün dövlət siyasətləri, rəqəmsal infrastrukturun inkişafı və işçi bacarıqlarının yüksəldilməsi prioritet olmalıdır.
İstinadlar
Hazırladı:
Elnur Süleymanzadə
Sosial Tədqiqatlar Mərkəzinin Əməkdaşı