Yaşıl iqtisadiyyata keçidə dair əsas bençmarklar

06.10.2025

Bəşəriyyət qarşıdakı onilliklərdə ciddi problemlərlə üzləşir: iqlim dəyişikliyi, biomüxtəlifliyin itməsi, artan bərabərsizlik və s. Bu sistemli qlobal böhranları ayrı-ayrılıqda həll etmək mümkün deyil, çünki onların hamısı bir-biri ilə sıx bağlıdır.

Ətraf mühitin sürətlə dəyişməsi və pisləşən iqlim şəraiti təbiətin idarə olunmasının effektiv alətləri kimi yeni və unikal siyasətlərə etibar etmək zərurətini artırmışdır. Dəyişən vəziyyət cəmiyyətdəki müxtəlif maraq qrupları – ilk növbədə ekoloqlar, ardınca tənzimləyicilər, qərar qəbul edənlər, texnoloqlar, menecerlər, vətəndaş cəmiyyəti üzvləri və hətta iqtisadçılar arasında əhəmiyyətli araşdırma və müzakirələrə təkan vermişdir. Beləliklə, ətraf mühiti çirkləndirən emissiyaların artması, iqlim dəyişikliyi və digər qlobal ekoloji problemlər yaşıl iqtisadiyyata keçid məsələsini son dərəcə aktual etmişdir.

Yaşıl iqtisadiyyat ekoloji risk və ekoloji çatışmazlıqları azaltmağı hədəfləyən və ətraf mühiti pisləşdirmədən davamlı inkişafı hədəfləyən bir sistemdir. Onu əvvəlki iqtisadi sistemlərdən fərqləndirən xüsusiyyət təbii kapital və ekoloji xidmətlərin iqtisadi dəyər kimi başa düşülməsidir.

Yaşıl iqtisadiyyat aşağı karbonlu, resursdan səmərəli istifadə etməklə sosial cəhətdən inklüziv hesab edilir. Konsepsiya iqlim dəyişikliyi, resurs qıtlığı və ətraf mühitin deqradasiyası kimi qlobal problemlərin həllində getdikcə aktuallaşır. O, karbon emissiyalarının azaldılması, enerji və resurs səmərəliliyinin artırılması, biomüxtəlifliyin və ekosistem xidmətlərinin qorunmasını əhatə edən bir yanaşma təklif edir. Yaşıl iqtisadiyyata keçid davamlı inkişafa nail olmaq, iqtisadi artımı ətraf mühitin mühafizəsi ehtiyacı ilə balanslaşdırmaq üçün əsas strategiya kimi qiymətləndirilir.

Yaşıl iqtisadiyyatın qrafiki təfəkkürün ənənəvi iqtisadi modellərdən ekoloji davamlılığı prioritetləşdirən modelə keçidi ilə xarakterizə olunur. O, təbii sərvətlərin məhdud təbiəti və gələcək nəsillər üçün ətraf mühitin mühafizəsi zərurətinin artan şüurunu əks etdirir. Ətraf mühit hesabına iqtisadi artımı təmin edən ənənəvi iqtisadi modellərdən fərqli olaraq, yaşıl iqtisadiyyat resursların davamlı istifadəsini vurğulayır. Ənənəvi modellər resursların tükənməsi və ətraf mühitin pisləşməsinin uzunmüddətli nəticələrini nəzərə almamağa meylli olduğu halda, əksinə, yaşıl iqtisadiyyat planetimizin resurslarının məhdud təbiətini dərk edərək iqtisadi inkişaf və ekoloji davamlılıq arasında tarazlıq tapmağa çalışır. Dünya iqlim dəyişikliyi və resursların tükənməsi kimi aktual problemlərlə üzləşdiyi üçün yaşıl iqtisadiyyat daha davamlı və firavan gələcəyə doğru yol təklif edir.

Yaşıl iqtisadiyyat iqtisadi inkişafın ətraf mühitə zərər vermədən necə davam edə biləcəyi üçün cəlbedici bir çərçivə təqdim edir və daha çox resursdan daha səmərəli və az karbon tutumlu, ətraf mühitə daha az ziyan vuran və daha çox sosial inklüziv cəmiyyətlər təmin etməyi vəd edir. Buna görə də son on beş il ərzində iqtisadi, ekoloji və sosial məqsədlərin uzlaşdırılması vasitəsi kimi yaşıl iqtisadiyyata keçid ideyası geniş spektrdə siyasət hazırlayan təşkilatlar arasında rəğbət qazanaraq milli və qlobal miqyasda siyasət gündəmlərinə daxil edilmişdir.

Definisiya

Yaşıl iqtisadiyyat termini ilk dəfə 1989-cu ildə Böyük Britaniya hökuməti üçün bir qrup iqtisadçı tərəfindən Yaşıl İqtisadiyyatın Planı (Pearce, Markandya və Barbier, 1989) adlı qabaqcıl hesabatda istifadə edilmişdir. Hesabat Böyük Britaniya hökumətinə "dayanıqlı inkişaf" termininə konsensus tərifinin olub-olmaması və iqtisadi tərəqqinin ölçülməsi, layihələrin və siyasətlərin qiymətləndirilməsi üçün davamlı inkişafın təsirləri barədə məsləhət vermək məqsədilə hazırlanmışdır. Hesabatın başlığı istisna olmaqla, yaşıl iqtisadiyyata dair başqa heç bir istinad olmadığından görünür ki, bu termin müəlliflər tərəfindən yalnız fikir olaraq istifadə olunmuşdur.

Son nəşrlərdə Yaşıl iqtisadiyyatın bir neçə müxtəlif tərifi müəyyən edilsə də, beynəlxalq səviyyədə razılaşdırılmış tərifi olduqca məhduddur. Məsələn, BMT-nin Ətraf Mühitin Proqramı yaşıl iqtisadiyyatı insan rifahının və sosial bərabərliyin yaxşılaşdırılması ilə nəticələnən, eyni zamanda ekoloji risk və çatışmazlıqları əhəmiyyətli dərəcədə azaldan bir iqtisadiyyat kimi təsvir edir ki, beləliklə o, aşağı karbonlu, resurs baxımından səmərəli və sosial baxımdan inklüziv kimi müəyyən edilmişdir (UNEP, 2011). Bu tərif BMT-nin Ətraf Mühitin İdarə Edilməsi Qrupu və OECD də daxil olmaqla bir sıra təşkilatların yeni hesabatlarında istinad edilmişdir.

Yaşıl İqtisadiyyat Koalisiyasının (QHT-lər, həmkarlar ittifaqı qrupları və digərlərdən ibarət yaşıl iqtisadiyyat üzərində işləyən qrup) təklif etdiyi başqa bir tərif isə yığcam şəkildə yaşıl iqtisadiyyatı “planetin ekoloji sərhədləri daxilində hamı üçün daha yaxşı həyat keyfiyyətini təmin edən davamlı iqtisadiyyat” kimi müəyyən edir.

Tarix

Yaşıl iqtisadiyyatın tarixi ötən əsrin sonlarına yaxın sənayeləşmənin ətraf mühitə mənfi təsirləri ilə bağlı narahatlıqları artıran ekoloji hərəkatlara qədər gedib çıxa bilər. Bu narahatlıqlar dayanıqlı inkişafa ehtiyacın getdikcə daha çox tanınmasına və yaşıl iqtisadiyyat konsepsiyasının ortaya çıxmasına gətirib çıxarmışdır.
1990-cı illərdən isə beynəlxalq razılaşmalar (məsələn, 1992-ci il Rio Sammiti) ekoloji davamlılığın iqtisadi inkişafa inteqrasiyasının vacibliyinə qlobal diqqəti cəlb etmiş, daha dayanıqlı və ekoloji cəhətdən təmiz iqtisadiyyatı təşviq etmək məqsədi daşıyan siyasət və təcrübələrin qəbul edilməsinə səbəb olmuşdur.
1994-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) qüvvəyə minmiş və bunun davamı olaraq 1995-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində iqlim dəyişikliyi, emissiya və inventarlarla bağlı hədəfləri nəzərdən keçirmək üçün Tərəflərin 1-ci Konfransı (COP1) baş tutmuşdur.

11 dekabr 1997-ci ildə qlobal istiləşmə və iqlim dəyişikliklərinə qarşı mübarizənin dünya ölkələrinin birgə iştirakı ilə aparılması məqsədi ilə Yaponiyanın eyniadlı şəhərində Kioto protokolu imzalanmışdır. 2005-ci ildə qüvvəyə minən protokolun istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsi üzrə birinci mərhələsi (2008-2012) başa çatdıqdan sonra 2012-ci ildə Doha şəhərində 18-ci Tərəflər Konfransında Kioto Protokolunun ikinci mərhələsi (2013-2020-ci illər) üzrə Doha əlavəsi qəbul edilmişdir.

2000-ci illərin əvvəllərində isə bərpa olunan enerji və təmiz texnologiyalara yanaşmalarda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bu dövrdən etibarən artıq hökumət və bizneslər günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə sərmayə qoymağa, enerji səmərəliliyi tədbirlərini təşviq etməyə başlamışlar. Hansı ki bu addımlar, aşağı karbonlu iqtisadiyyata keçidin başlanğıcı hesab olunur.

2008-ci ilin qlobal maliyyə böhranı isə yaşıl iqtisadiyyatın zəruriliyinə diqqəti daha da artırdı. Çünki hökumətlər iqtisadi artımı stimullaşdırmağa eyni zamanda ekoloji problemləri həll etməklə cəhd göstərirdilər. Terminin çoxsaylı qlobal böhranlara siyasi reaksiya ilə bağlı müzakirələr kontekstində yenidən canlandırılması bir çox ölkələrin iqtisadi bərpa planlarına yaşıl infrastruktura sərmayə qoymaq və davamlı sənayeləri təşviq etmək kimi yaşıl tədbirləri də daxil etməsinə səbəb olmuşdur. Beləliklə, qlobal tənəzzüllə bağlı narahatlıqlar kontekstində BMT Ətraf Mühit Proqramı “yaşıl stimul paketləri” ideyasını müdafiə etdi və irimiqyaslı dövlət investisiyalarının “yaşıl iqtisadiyyata” başlaya biləcəyi konkret sahələr müəyyən edildi. Həmin ilin oktyabrında isə BMT Ətraf Mühit Proqramı yaşıl sektorlara sərmayə qoyuluşu və ətraf mühitə uyğun olmayan sektorların yaşıllaşdırılması üçün təhlil və siyasət dəstəyini təmin etmək məqsədilə Yaşıl İqtisadiyyat Təşəbbüsünü işə saldı. Bu təşəbbüsün bir hissəsi olaraq, BMT Ətraf Mühit Proqramı orijinal müəlliflərindən birinə 2009-cu ilin aprelində dərc edilmiş və iqtisadi bərpanı stimullaşdıracaq, eyni zamanda dünya iqtisadiyyatının dayanıqlığını yaxşılaşdıracaq siyasət tədbirlərinin qarışığını təklif edən Qlobal Yaşıl Yeni Sövdələşmə (GGND) adlı hesabat hazırlamaq üçün Yaşıl İqtisadiyyat Planı sifariş verdi. GGND hökumətləri yaşıl sektorlara stimullaşdırıcı maliyyələşdirmənin əhəmiyyətli hissəsini ayırmağa çağırmaqla üç məqsəd müəyyən etdi:
(i)    iqtisadiyyatın bərpası;
(ii)    yoxsulluğun aradan qaldırılması;
(iii)    azaldılmış karbon emissiyaları, ekosistemin deqradasiyası və yaşıl stimul proqramları, eləcə də dəstəkləyici daxili və beynəlxalq siyasətlər üçün çərçivənin təklif edilməsi (UNEMG, 2011).

2009-cu ilin iyun ayında Kopenhagendə BMT-nin İqlim Dəyişikliyi Konfransı ərəfəsində BMT yaşıl iqtisadiyyatı çoxsaylı böhranların həlli üçün transformasiya kimi dəstəkləyən qurumlararası bəyanat yaydı. Bəyanatda yaşıl iqtisadiyyatın bəşəriyyətin üzləşdiyi çoxsaylı böhranlara iddialı və effektiv beynəlxalq cavab üçün dönüş nöqtəsi olacağı qeyd olunmuşdur.

2010-cu ilin mart ayında BMT Baş Assambleyası dayanıqlı inkişaf və yoxsulluğun aradan qaldırılması kontekstində yaşıl iqtisadiyyatın Rio+20 üçün iki xüsusi mövzudan birini təşkil etməsi ilə razılaşdı (64/236 saylı qətnamə). Bu, yaşıl iqtisadiyyata və əlaqəli konsepsiyalara böyük beynəlxalq diqqətin cəlb edilməsinə, konsepsiyanın daha da müəyyənləşdirilməsinə və aydınlaşdırılmasına yönəlmiş çoxsaylı son hesabat və ədəbiyyatların nəşrinə səbəb oldu.

Əsas hesabatlardan biri isə BMT Ətraf Mühit Proqramının 2011-ci ilin noyabrında Yaşıl İqtisadiyyat Təşəbbüsü çərçivəsində açıqladığı “Yaşıl İqtisadiyyat Hesabatı” idi. BMT Ətraf Mühit Proqramı beyin mərkəzləri və kommersiya qurumları (o cümlədən Deutsche Bank) ilə tərəfdaşlıq edərək, iqtisadi təhlillərə etimadı artırdı. Əhəmiyyətli olan odur ki, hesabat o vaxtdan bəri çoxsaylı digər nəşrlərdə istinad edilən “yaşıl iqtisadiyyat”ın işlək tərifini də təqdim edirdi.
2011-ci ilin dekabrında BMT-nin Ətraf Mühitin İdarə Edilməsi Qrupu (BMT-nin 40-dan çox ixtisaslaşmış qurumları, proqramları və orqanlarından ibarət sistem miqyaslı əlaqələndirici orqan) yaşıl iqtisadiyyatın istifadəsi və digər əlaqəli anlayışlarını müəyyənləşdirən və izah edən sistem miqyaslı perspektivini dərc etdi – Balanslaşdırılmış və İnklüziv Yaşıllığa doğru iş. Bu hesabat BMT Ətraf Mühit Proqramı tərəfindən 2011-ci il Yaşıl İqtisadiyyat Hesabatında verilmiş tərifi qəbul edirdi.

Bu təşəbbüs və digər qurumların işi sayəsində dayanıqlı inkişaf və yoxsulluğun aradan qaldırılması kontekstində yaşıl iqtisadiyyat 2012-ci ilin Rio+20 gündəliyinə salındı. Məqsədi  davamlı inkişaf üçün yenilənmiş siyasi öhdəliyi təmin etmək və 1992-ci ildə keçirilən Yer Sammitindən sonra əldə edilmiş tərəqqini qiymətləndirmək olan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən konfransın mərkəzi mövzusu Yaşıl iqtisadiyyat iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və qlobal miqyasda davamlı inkişafın təşviq edilməsi potensialı ilə bağlı müzakirələr idi.

25-27 sentyabr 2015-ci il tarixlərində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkilatın 70 illik yubileyi ilə əlaqədar bir araya gələn ali nümayəndələr biri inklüziv yaşıl iqtisadiyyat olmaqla 17 məqsəd və 169 hədəfi əhatə edən 2030 Dayanıqlı İnkişaf Gündəliyi haqqında qərar qəbul etdi.

2015-ci il dekabr ayının 5-də Fransanın Paris şəhərində keçirilən 21-ci Tərəflər Konfransında (COP21) 196 tərəf (195 ölkə və Avropa ittifaqı) arasında məqsədi qlobal temperatur artımını məhdudlaşdırmaq və karbon emissiyalarını azaltmaq olan Paris İqlim Sazişi imzalandı. Qlobal istiləşməni 2100-cü ilədək sənayeləşmədən əvvəlki temperaturdan 2°C-dən artıq olmamaqla 1.5 dərəcəyə qədər cilovlamağı nəzərdə tutan Saziş 4 noyabr 2016-cı il tarixində qüvvəyə minmişdir.

O vaxtdan bəri yaşıl iqtisadiyyat inkişaf etməyə və böyüməyə davam etdi. O, bərpa olunan enerji, davamlı kənd təsərrüfatı, yaşıl tikinti və eko-turizm kimi müxtəlif sektorları əhatə edir. Son illərdə bir sıra qeyri-hökumət təşkilatları və tərəfdaşlıqlar da inkişaf etmişdir ki, onların məqsədi yaşıl iqtisadiyyatı bir konsepsiya kimi təşviq etmək və araşdırma, təhlil və məlumatlandırma işləri aparmaqdır. İndi hökumətlər, bizneslər və fərdlər yaşıl sənayelərin iqtisadi potensialını, dayanıqlı və möhkəm iqtisadiyyata keçidin vacibliyini daha çox dərk edirlər.

Ədəbiyyat.

Son bir neçə onillikdə ekoloji davamlılıq və iqlim dəyişikliyi ilə bağlı qlobal diskurs iqtisadi paradiqmalarda dərin transformasiyanı katalizləmiş və yaşıl iqtisadiyyat konsepsiyasını ortaya çıxarmışdır. Yaşıl iqtisadiyyata elmi maraq və tədqiqat məhsuldarlığı artdıqca, geniş ədəbiyyatlar arasında naviqasiya getdikcə çətinləşmişdir. BMT 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyini qəbul etdikdən sonra bütün dünyada akademiklər arasında yaşıl iqtisadiyyata maraq artıb və bu mövzuda ədəbiyyat çoxalır.

Dəyişikliyə artan maraq və ətraf mühitin tədqiqi üçün resursların artırılması “Yaşıl İqtisadiyyat” hərəkatının istiqamətinə, inkişafına və nəticələrinə təsir edən ən tanınmış tədbirlər və təcrübələrin hərtərəfli mənzərəsini təqdim edən ədəbiyyatın həcminin artmasına səbəb olmuşdur. Tədqiqatçılar davamlı inkişaf konsepsiyasına və yaşıl iqtisadiyyata keçid məqsədilə institusional dəstəyi gücləndirmək üçün ardıcıl ekoloji siyasətin həyata keçirilməsi ehtiyacına əsaslanaraq biznesi sosial və ekoloji məsuliyyətə çağırırlar. Bəzi alimlər hesab edirlər ki, “yaşıl iqtisadiyyat”ın əsas məqsədi texnoloji bazanın yaşıllaşdırılmasından əlavə, həm əhalinin, həm də hər şeydən əvvəl mütəxəssislərin, menecerlərin və səlahiyyətli şəxslərin şüurunun yaşıllaşdırılmasıdır.

İstixana effekti haqqında əsas elmin XIX əsrdə Furye, Tyndall və Arrhenius tərəfindən qoyulmasına baxmayaraq, insanların onun gücləndirilməsində və buna görə də qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb olan mümkün rolu ətrafında müzakirələr 1970-ci illərdə ciddi şəkildə başladı. Ən azı on il ərzində iqlim dəyişikliyi əsasən elm camiəsi və ekoloqların problemi kimi qalaraq, mütəxəssis konfranslarında və şəbəkələrində müzakirə edildi.

Hər il iqlim dəyişikliyi ilə bağlı minlərlə elmi məqalə dərc olunur. Bu qədər araşdırmanın bir hissəsi təbii olaraq heç bir iz qoymadan başa çatır. Ancaq, elə sənədlər də vardır ki, öz sahəsinin mərkəzinə çevrilir və yeni tədqiqatların aparılmasına səbəb olur. Bu baxımdan, iqlim dəyişikliyi ilə araşdırmalara nəzər yetirilərkən ən çox istinad edilən sənədlərə baxmaq kifayət edir. Belə təhlillərdən biri kimi İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin alimlərinin ən yaxşı seçimi olan 1967-ci ildə Journal of Atmospheric Sciences-də dərc olunmuş “Nisbi Rütubətin Verilmiş Paylanması ilə Atmosferin İstilik Tarazlığı” adlı elmi məqaləsidir. Syukuro Manabe və Richard. T. Wetheraldın müəllifi olduğu bu iş kompüter modelində Yer kürəsinin iqliminin əsas elementlərini təmsil edən və karbon qazının (CO2) ikiqat artmasının qlobal temperatura necə təsir edəcəyini araşdıran ilk iş idi.

Lids Universitetinin fiziki iqlim üzrə alimi və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin hesabatından birində işçi qrupunda aparıcı müəllif olan Pier Forsterə görə, bu, həqiqətən, iqlim dəyişikliyi ilə bağlı dəqiq proqnozlar verməyə imkan verən ilk fiziki cəhətdən sağlam iqlim modeli idi.
1991-ci ildə Nordhaus “To slow or not to slow: The Economics of The Greenhouse Effect” məqaləsi ilə istixana qazı emissiyalarının azaldılması siyasətlərinin xərcləri və faydalarının ilk iqtisadi təhlili olaraq bu peşəni yeni bir tətbiq sahəsinə - iqlim dəyişikliyinə açdı və dünya miqyasında əhəmiyyət kəsb edən bir mövzuda böyük ədəbiyyatın əsasını qoydu.

2000-ci illərin əvvəlində iqlim dəyişikliyi siyasəti ilə bağlı qiymətləndirmələr üçün diskont dərəcəsinin seçiminə ədəbiyyatlarda geniş yer verilməsi ciddi fikir ayrılığına səbəb oldu. Belə ki, 2006-cı ildə Sternin (The Economics of Climate Change, 2006) istixana qazları emissiyalarının hər il təxminən azaldılması üçün indi pul xərcləməyin uzaq gələcəkdə yaranacaq faydalar kimi modelləşdirməsi böyük diqqət cəlb etdi. Sonralar icmalın son dərəcə aşağı uçot dərəcələrini qəbul etməsi bir çox iqtisadçı, o cümlədən Gollier (2006), Nordhaus (2007) və Weitzman (2007) tərəfindən empirik sübutlara və nəzəri əsaslandırmaya zidd olaraq tənqid edildi.

Xüsusi olaraq, Stern və Nordhausun arasında buna dair bir mübahisə simvolik hala gəlməklə böyük diqqət qazandı. Hər iki iqtisadçı İnteqrasiya edilmiş Qiymətləndirmə Modellərindən (müvafiq olaraq PAGE və DICE modeli) İstixana Qazı siyasətinin azaldılması ilə bağlı xərclər və faydaların ən dəqiq təxminlərini vermək üçün istifadə edir. Əsas məqsədi istixana qazı emissiyalarının sosial dəyərinin azaldılması ilə qeyri-müəyyənlik və risk altında sosial rifahı maksimuma çatdırmaqla siyasətlərin iqtisadi xərclərə uyğunlaşdırması olan Stern və Nordhaus tərəfindən istifadə edilən modellər eyni nəzəri əsasların əksəriyyətini paylaşsa da (“10$ a ton of carbon? The Stern-Nordhaus Controversy: Methodological and Ethical Issues. Mathieu Guigourez. 2023), diskont dərəcəsinin dəyərini təyin edərkən tamamilə fərqlənirlər və buna görə də köklü əks nəticələrə gəlirlər.

Nordhausun “bir universitet mətbuatı tərəfindən dərc olunsa belə, standart akademik təhlil deyil, lakin yaxın müddətdə istixana qazı emissiyalarının kəskin şəkildə azaldılmasını müdafiə edən siyasi sənəddir” hücumu ilə başlayan bu debat 2008-ci ildə Amerika İqtisadçıları Assosiasiyasının illik toplantısındakı mühazirəsində Sternin bu fərziyyələrin fəlakətli iqlim dəyişiklikləri üçün real imkanlar ehtiva etdiyini ifadə edən akademik bir məqalə nəşr etməsinə gətirib çıxardı.

Stern və Nordhaus bu gün də bir-birlərinin əsərlərindən sitat gətirməyə davam edirlər.

Məsələn, 2023-cü ildə Stern və Stiglitz iqlim fəaliyyəti ilə böyümə arasındakı əlaqə haqqında birgə yazdıqları məqalədə iqlim dəyişikliyi ilə mübarizənin iqtisadiyyatdan yüksək qiymət alacağını - iqlimə çox diqqət yetirməyin böyüməyə və uzunmüddətli rifaha zərər verəcəyini göstərən "ənənəvi müdrikliyin" əksinə, bu cür arqumentlərin çox vaxt sadələşdirilmiş standart modellərdən asılı olmaqla, bu kontekstdə dərindən yanıltıcı olan bazarların işləməsi ilə bağlı fərziyyələri özündə cəmləşdirdiyini göstərərək daha sonra iqlim dəyişikliyi ilə güclü və məqsədyönlü mübarizənin gətirdiyi innovasiya, investisiya və sistem dəyişikliyinin yeni, cəlbedici və davamlı inkişaf hekayəsi yarada biləcəyinə dair arqumentləri təqdim etdilər.
Dekarbonizasiyanın əhəmiyyəti onilliklər ərzində qəbul edilmiş və xeyli irəliləyiş əldə edilmişdir. Ancaq yaşıl iqtisadiyyat bundan daha artığıdır. Son on ildə alimlər yaşıl iqtisadiyyata daha çox diqqət ayırıblar.

Termin kimi Yaşıl iqtisadiyyat ilk dəfə olaraq bir qrup aparıcı ekoloji iqtisadçı tərəfindən Böyük Britaniya hökuməti üçün hazırlanmış 1989-cu il Yaşıl İqtisadiyyatın Planı adlı hesabatda istifadə edilmişdir (Barbier, 2009).

Öz növbəsində, yaşıl inkişaf və yaşıl iqtisadiyyat anlayışları maliyyə və iqtisadi böhrana çarə kimi təbliğ edilməsi ilə əlaqələndirilir. Onların məqsədi ekoloji məhsullar və xidmətlər bazarına sərmayə qoyuluşunu “təbii” infrastrukturun, yəni meşələrin, su obyektlərinin və ya bioloji müxtəlifliyin inkişafına yönəldərək zəifləmiş qlobal iqtisadiyyatın dirçəlişini təşviq etməkdir (Lane, 2010).

Reilly (2012) bildirir ki, yaşıl iqtisadi artıma təkan, iqtisadiyyatı iş yerləri və iqtisadi artım yaradan, eləcə də ətraf mühitə təsiri azaldan texnologiyalara və istehlak nümunələrinə yönəltmək niyyətini ifadə edir.

Allen və Cloutha (2012) görə, yaşıl iqtisadiyyat və yaşıl inkişaf fərqli mənşəli terminlər olsa da, yəni müxtəlif təşkilatların və müxtəlif hədəf qruplarının işinin nəticəsi olsa da, bu anlayışlar arasındakı fərqlər bulanıqlaşıb və indi demək olar ki, bir-birini əvəz edir.

Diyar və digərləri (2014)  yaşıl iqtisadiyyatı emissiyaların və ətraf mühitin çirklənməsinin azaldılmasını təmin edən, enerji və resurslardan səmərəli istifadənin stimullaşdırılması, o cümlədən biomüxtəlifliyə və ekosistemə hər hansı zərərin qarşısının alınmasına yönəldilmiş dövlət və sosial sərmayələr hesabına əhalinin rifahının və məşğulluğun yüksəlişinin təmin olunduğu iqtisadiyyat kimi təsvir edirdi.

İqtisadiyyat mövzusunda əvvəlki ədəbiyyat araşdırmaları xüsusi yaşıl iqtisadiyyat problemlərini ümumiləşdirməyə və müzakirə etməyə meyllidir (Ferguson, 2015).

Shmelevə görə (2017), innovasiyalar vasitəsilə daha çox iqtisadi artımı dəstəkləmək üçün kapitalist iqtisadiyyatı əvəz edəcək yaşıl iqtisadiyyat kimi inqilabi sistemə ehtiyac var.

Digər araşdırmalar isə göstərdi ki, inkişaf siyasətlərində vahid yanaşmalar yaşıl iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyət kəsb edir (Jones et al., 2016).
Zhou və Deng (2019) yaşıl iqtisadiyyatın daha dərin izahını verir, onun əsas məqsədlərinin bütöv bir regionda iqtisadi bərabərsizlikləri aradan qaldırmaq və ekoloji cəhətdən təmiz cəmiyyətlər yaratmaq olduğunu bildirir.

Bundan başqa, yaşıl iqtisadiyyata baxışlar arasında bütün dünya ölkələrinin spesifik inkişaf siyasətlərində mühüm sahəyə çevrilməsi (Bogovic və Grdic, 2020), diqqəti təbii ehtiyatlardan davamlı istifadəyə, tullantıların azaldılmasına və ətraf mühitə dəyən ziyandan qorunmağa yönəltməsi (Vişnevski və digərləri, 2021), insanların rifahını, sosial bərabərliyi yaxşılaşdırmaq və ekoloji riskləri azaltmaq məqsədi daşıması (Chaaben et al., 2022) kimi baxışlar da aktuallığa malikdir. 
Bütün bu tədqiqatlar göstərir ki, yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi (qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün) anlayışları bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Yaşıl iqtisadiyyat iqtisadi proseslərin ətraf mühitə vurduğu ziyanı minimuma endirmək üçün qoruma tətbiq edir və ətraf mühitin mühafizəsi səmərəli və davamlı resursların idarə edilməsini təşviq etməklə yaşıl iqtisadiyyatların ayrılmaz hissəsidir.

Statistika.

İqlim dəyişikliyi insanları yoxsulluq içində saxlayan amilləri artırır. Daşqınlar şəhərin gecəqondularını süpürüb, evləri və yaşayış vasitələrini məhv edə, istilik isə açıq işlərdə işləməyi çətinləşdirə bilər. Su qıtlığı əkinlərə təsir edən faktorlardandır. Ekstremal hava hadisələri və ətraf mühit şəraiti qlobal istiləşmə ilə pisləşdikcə, onlar çoxsaylı və üst-üstə düşən böhranlara səbəb olur, insan hüquqlarını təhdid edir, yoxsulluğu və dolanışıq vasitələrinin itkisini artırır, icmalar arasında dinc münasibətləri gərginləşdirir və nəhayət, məcburi köçkünlük üçün şərait yaradır. Dünya Bankının hesablamalarına görə, iqlim dəyişikliyi səbəbindən yoxsulluğa düşən insanların sayının diapazonu əksər ssenarilərdə 32 milyon ilə 132 milyon arasında dəyişir. Beynəlxalq Köçkünlüyün Monitorinqi Mərkəzinin məlumatına görə isə, 2008-2016-cı illər arasında daşqınlar, tufanlar, meşə yanğınları və quraqlıq kimi hava şəraiti ilə əlaqədar hadisələr nəticəsində hər il orta hesabla 21.5 milyon insan məcburi köçkün olub. 2022-ci ildə isə bu rəqəm 32.6 milyona çatmışdır. Qaçqınların əksəriyyəti ən həssas və iqlim dəyişikliyinin təsirlərinə ən az uyğunlaşmağa hazır olan ölkələrdən gəlir.

Ekstremal temperatur, güclü yağıntı və quraqlıq kimi iqlimlə bağlı təhlükələr insan sağlamlığı və ekosistemlər üçün risklər yaradır və əhəmiyyətli iqtisadi itkilərə səbəb ola bilər. Bu itkilər eyni dərəcədə dövlət maliyyəsi üzərində təzyiqlər yaradır. Avropa Ətraf Mühit Agentliyinin məlumatlarına görə, hava və iqlimlə bağlı ekstremallar Avropa İttifaqında 1980-2023-cü illər ərzində 738 milyard avro dəyərində qiymətləndirilən aktivlərin iqtisadi itkisinə səbəb olub ki, bunun da 162 milyard avrodan (22%) çoxu 2021-2023-cü illər arasında qeydə alınıb.

Yaşıl iş yerləri davamlı inkişafa nail olmaq üçün açardır.

İqlim dəyişikliyi, xüsusən də inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatlara və əmək bazarlarına geniş təsirləri ilə bu gün dünyanın üzləşdiyi ən aktual problemdir. Eyni zamanda, iqtisadiyyatı karbon tutumlu istehsaldan uzaqlaşdırmaq üçün siyasət səyləri həm iş yerlərinin yaradılması, həm də məhv edilməsi yolu ilə əmək bazarlarına təsir göstərir. Əmək bazarı ilə iqlim dəyişikliyi və ekoloji davamlılıq tədbirləri arasında bu mürəkkəb qarşılıqlı əlaqəni başa düşmək siyasətçilərə və digər maraqlı tərəflərə xidmət edə biləcək təhlilin qurulması üçün bir sıra məlumat mənbələrindən və metodologiyalarından istifadəni tələb edir.
Bu məqsədlə, BƏT-in 2019-cu ildə həyata keçirdiyi simulyasiyalarında iki ssenari nəzərə alınmışdır:
1.    Qalıq yanacaqların bərpa olunan enerjilərlə əvəz edilməsindən ibarət olan enerji keçidinin ssenarisi, qalıq yanacaqların istismarı ilə bağlı 7 milyon iş yerinin məhvinə qarşı, yəni + 18 milyon müsbət saldoya qarşı 25 milyon iş yeri yaradacaq.

2.    Resursların davamlı və təkrar emal oluna bilən şəkildə istifadə edilməsindən ibarət olan dairəvi iqtisadiyyat ssenarisi məhv edilmiş 71 milyona qarşı 78 milyon iş yeri yaradacaq, yəni + 7 milyon iş yerinin müsbət saldosu.
Ümumilikdə isə, 2030-cu ilə qədər 103 milyon iş yeri açılacaq, müsbət saldo 25 milyon təşkil edəcək. 
BƏT həmçinin qarşıdakı problemlərlə bağlı iki tövsiyyə də irəli sürür:

1. İş yerləri yox ola biləcək (ekoloji keçid prosesinə görə) insanları dəstəkləyin və öyrədin ki, onlar mövcud yeni iş yerlərində zəruri bacarıqları inkişaf etdirə bilsinlər.

2. İş axtaranları və əmək bazarına daxil olan gəncləri onların da 25 milyon yeni iş yerinin yaradılması ilə bağlı imkanlardan istifadə edə bilməsi üçün öyrətmək.

Yaşıl investisiya.

Beynəlxalq Enerji Agentliyi 2030-cu ilə qədər inkişaf etməkdə olan iqtisadiyyatlarda iqlim təsirlərinin azaldılmasına investisiyaların ildə 2 trilyon ABŞ dollarına qədər artacağını proqnozlaşdırır. Bu həmin ölkələrə qoyulan ümumi sərmayənin 12 faizinə uyğun olmaqla, indiki 3 faizdən xeyli çoxdur.
Hesab edilir ki, özəl sektor inkişaf etməkdə olan iqtisadiyyatlarda iqlimin azaldılmasına investisiya ehtiyaclarının əksəriyyətini (Çinin daxil olub-olmamasından asılı olaraq 80-90 faiz arasında) ödəməlidir, çünki dövlət investisiyalarının artımının məhdud olacağı proqnozlaşdırılır. Böyük bank və sığorta şirkətlərinin iqlim siyasətləri və öhdəliklərinin hələ də xalis sıfır emissiya hədəfləri ilə uyğunlaşdırılmaması özəl maliyyə axınlarının iqlim keçidi ilə uyğunlaşdırılmasını məhdudlaşdırır. 2030-cu ilə qədər iqlimin azaldılmasına böyük həcmdə investisiyalar tələb olunur. 2050-ci ilə qədər xalis sıfır istixana qazı emissiyalarına nail olmaq üçün 2030-cu ilə qədər qlobal ümumi iqlimin azaldılmasına investisiyalar hər il təxminən 5 trilyon dollara çatmalıdır. Bu təxminlər ətrafında nəzərəçarpacaq qeyri-müəyyənliklər olsa da, ən çox istifadə edilən proqnozlar investisiya ehtiyaclarının təxminən 60-70 faizinin enerji sektorunda olduğunu göstərir.

Özəl kapital həm qlobal miqyasda, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda iqlim investisiya ehtiyaclarını maliyyələşdirmək üçün əsasdır. İqlim investisiyalarının ümumi dövlət investisiyalarında payının cari səviyyələrdən 1.5 dəfə artdığı bir ssenaridə özəl sektor 2030-cu ilə qədər inkişaf etməkdə olan iqtisadiyyatlarda iqlim investisiya ehtiyaclarının 80 faizini ödəməli olacaq.

Risk, tənqid və təhdidlər.

Yaşıl iqtisadiyyata keçidin faydaları əhəmiyyətli olsa da, əlaqəli riskləri qəbul və idarə etmək də vacibdir. Məsələn, şirkət konteksində yaşıl iqtisadiyyata keçid üçün bəzi risklərə davamlı texnologiyaların tətbiqi, işçilərin yenidən hazırlanması və ya mövcud infrastrukturun təkmilləşdirilməsi üçün yüksək ilkin xərclər aid edilə bilər.

Makro səviyyədə baxdıqda isə, müasir dünyada enerji istehlakı, texnologiya və resursların idarə edilməsi də daxil olmaqla, müxtəlif sahələrdə səmərəliliyə nail olmaq əsas məqsədə çevrilmişdir. Biz ətraf mühitə təsirimizi azaltmaq və ümumi dayanıqlığı artırmaq ümidi ilə daim daha səmərəli texnologiyalar inkişaf etdirməyə çalışırıq. Bununla belə, heyrətamiz bir fenomen olan Jevons Paradoksu, səmərəliliyin təkmilləşdirilməsinin bəzən nəzərdə tutulan mühafizədən daha çox istehlaka səbəb ola biləcəyini göstərir.

İfadə edilən narahatlıqlar arasında inkişaf etməkdə olan ölkələrin nümayəndə heyətləri tərəfindən “yaşıl iqtisadiyyat” anlayışının sui-istifadə olunma və ya kontekstdən çıxarılma ehtimalları da yer almaqdadır.

Digər bir risk, Yaşıl İqtisadiyyat konsepsiyasının merkantilist maraqlar üçün cəbhə kimi istifadə oluna biləcəyi qorxusu, yəni ətraf mühitdən ölkələrin öz mal və xidmətlərinin digər ölkələrin bazarlarına çıxışını təşviq etmək üçün gizli üsul kimi istifadə edilməsidir. Məsələn, 2007-ci ilin dekabrında Balidə keçirilən UNFCCC iqlim konfransı çərçivəsində Ticarət Nazirlərinin görüşündə ətraf mühitin mühafizəsi mallarının və xidmətlərinin liberallaşdırılması məsələsində Braziliya Xarici İşlər Naziri Naziri Selso Amorim ilə ABŞ Ticarət Nümayəndəsi Susan Şvab arasında kəskin fikir ayrılıqlarının olduğu bildirilir. Tədbir sonrası təşkil olunan mətbuat konfransında ABŞ tərəfinin hidrogen yanacaq elementləri kimi məhsullara tariflərin ləğvi təmiz texnologiyalardan istifadəni artıracağına dair bəyanatı Braziliyalı nazir tərəfindən ABŞ-ın gömrük rüsumlarının aradan qaldırılması üçün hazırladığı ekoloji məhsulların siyahısını tənqid edərək, siyahının tam olmadığını, iqlim dəyişikliyi ilə bağlı çox şey etməyəcəyini, etanolun siyahıdan çıxarılmasının isə böyük bir təhlükə olduğuna etiraz etməsi ilə nəticələndi. Amorim əsl məqsədin iqlim dəyişikliyi olması vəziyyətində, sübut edilmiş təcrübəyə malik bu məhsulun siyahıda olmamasının "çox qəribə" olduğunu söyləmişdir.

Bir çox inkişaf etməkdə olan ölkələrin isə yaşıl iqtisadiyyata keçidlə bağlı narahatçılığı ondan ibarətdir ki, bəzi inkişaf etmiş ölkələr öz şirkətlərinə ekoloji cəhətdən sağlam texnologiyaların tədqiqatı və inkişafı (R&D) üçün böyük subsidiyalar verirlər. Bu, xüsusən də inkişaf etmiş ölkələrin subsidiyalarına uyğun maliyyə resurslarına malik olmadıqları üçün inkişaf etməkdə olan ölkələri əlverişsiz vəziyyətə salır. Onların fikrincə, subsidiyalardakı bu ədalətsiz balanssızlıq nəzərə alınmaqla, inkişaf etməkdə olan ölkələr və onların firmaları ekoloji məhsullar üzrə tarifləri aşağı salmalı olsalar, bu daha pis rəqabət şəraitinə səbəb ola bilər.

Bundan başqa, bütün ölkələrə eyni şəkildə “bir ölçü hamıya uyğundur” yanaşması da risk daşıyan faktor kimi qiymətləndirilməkdədir. Çünki bu yanaşma ətraf mühit, inkişaf və ya hər ikisi üçün uğursuzluqlara səbəb ola bilər ki, bunun üçün də ölkələrin inkişaf səviyyələri və mərhələləri, o cümlədən inkişaf etməkdə olan ölkələrin prioritetləri və şərtlərinin tam nəzərə alınması zərurəti ortaya çıxır. Hansı ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının da bu istiqamətdə fəaliyyətinin başlanğıc nöqtəsi yaşıl inkişafı təşviq etmək üçün “hamıya uyğun vahid resept yoxdur” yanaşmasıdır.
Ümumi mülahizələrlə yanaşı, ABŞ Sülh İnstitutunun iqlim, ətraf mühit və münaqişələr üzrə direktoru Tegan Blaine’a görə isə, qarşısı alına bilən olsa da “Yaşıl iqtisadiyyat” yeni münaqişələr riskini daşımaqdadır.

Yaşıl iqtisadiyyat risklərdən əlavə, zaman-zaman tənqidlərə də tuş gəlməkdədir. Belə ki, Boliviyanın BMT-dəki keçmiş səfiri və Latın Amerikasında nüfuzlu ziyalı Pablo Solo yaşıl iqtisadiyyatı mahiyyət etibarı ilə təbiəti kommersiyalaşdırmaq üçün yeni üsul yaratmağa cəhdi adlandırmışdır: “O, təkcə təbiətdəki materialları deyil, həm də təbiətin proseslərini və funksiyalarını əmtəələşdirməyə çalışır. Məsələn, gələcəkdə taxta satışa çıxarılan yeganə meşə əmtəəsi olmayacaq, meşələrin CO2-ni bağlama potensialı da bazara çıxarılan əmtəə olacaq”.
Vyana Universitetindən Ulrich Brand isə yaşıl iqtisadiyyat diskursuna və onun kapitalist cəmiyyəti-təbiət münasibətlərinin davam etdirilməsindəki roluna da tənqidi yanaşaraq, müxtəlif qlobal böhranları “təbiətin post-neoliberallaşması” haqqında düşünməyə başlamaq üçün bir fürsət kimi görür və bu böhranları təbiətin davamlı neoliberallaşmasının bir hissəsi hesab edirdi.

İstinadlar.

1.    https://www.unep.org/regions/latin-america-and-caribbean/regional-initiatives/promoting-resource-efficiency/green 
2.    https://unfccc.int/cop4/resource/cop1.html 
3.    https://sustainabledevelopment.un.org/index.php?page=view&type=400&nr=670&menu=1515 
4.    https://www.un-page.org/sustainable-development/ 
5.    https://unfccc.int/process-and-meetings/the-paris-agreement 
6.    https://historytimelines.co/timeline/green-economy- 
7.    https://www3.nd.edu/~nmark/Climate/NordhausEJ1991.pdf 
8.    Industrial and Corporate Change, Volume 32, Issue 2, April 2023, Pages 277–303, 
9.    https://documents.worldbank.org/en/publication/documents-reports/documentdetail/706751601388457990/revised-estimates-of-the-impact-of-climate-change-on-extreme-poverty-by-2030#:~:text=The%20range%20of%20the%20number,increase%20due%20to%20COVID%2D19
10.    https://www.internal-displacement.org/globalreport2016/ 
11.    https://www.ilo.org/sites/default/files/wcmsp5/groups/public/@ed_emp/documents/publication/wcms_856666.pdf 
12.    https://www.eea.europa.eu/en/analysis/indicators/economic-losses-from-climate-related 
13.    https://www.ilo.org/sites/default/files/wcmsp5/groups/public/@ed_emp/documents/publication/wcms_856666.pdf 
14.    https://www.imf.org/en/Publications/GFSR/Issues/2023/10/10/global-financial-stability-report-october-2023 
15.    Martin Khor, “Trade Ministers propose more intensive trade-climate engagement”,TWN Bali News Updates and Climate Briefings, 2008. 
16.    Brand, U. (2009), ‘Environmental Crises and the Ambiguous Postneoliberalising of Nature’. 
17.    Brand, U. (2011), ‘Green Economy – the Next Oxymoron? No Lessons Learned from Failures of Implementing Sustainable Development 
18.    Brand, U. and Wissen, M. (2012), ‘Crisis and Continuity of Capitalist Society-Nature Relationships: The Imperial Mode of Living and the Limits to Environmental Governance 

Pünhan Musayev
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi