Emal sənayesinin formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, mühüm sənaye məhsullarının idxaldan asılılığının azaldılması, əhalinin artan tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədilə Sənaye Parklarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Sənaye Parklarında vahid istehsal infrastrukturu, vergi və gömrük güzəştləri təmin edilməklə burada fəaliyyət göstərən müəssisələrin xərcləri əhəmiyyətli dərəcədə azala bilir. Bundan əlavə, sənaye və innovativ müəssisələrin əlaqələndirilməsinə görə investisiyaların cəlb edilməsi üçün Sənaye Parkları effektiv vasitədir.
Dünyada ilk Sənaye Parkı 1896-cı ildə İngiltərədə Mançester şəhərində yaradılmışdır. Həmin dövrdə bu Sənaye Parkı toxuculuq sənayesinin mərkəzi olmuş və sonralar parkın “Trafford” adlanan ərazisi müxtəlif istehsal sahələri, o cümlədən avtomobil, elektrotexnika, polad zavodları və hətta biskvit fabrikləri üçün icarəyə verilməyə başlamışdır.
Sənaye Parkları yaradılarkən əsas diqqət yetirilməli olan məsələ onun nəqliyyat logistikası sistemi baxımından yerləşməsidir, çünki nəqliyyat xərcləri dəyər zəncirində mühüm yer tutur. Avropada Sənaye Parkları müəyyən edilmiş sənaye sahələri üzrə təşkil edilmiş sənaye klasterlərində yaradılır. Məsələn, Almaniyada kimya sənayesi, metallurgiya, kağız istehsalı, sement və keramika sənayesində yaradılmış klasterlər əsasında sənaye parkları formalaşdırılıb. Əsasən, yaradılan Sənaye Parkları bu və ya digər sənaye sahəsi üzrə istehsal etdikləri məhsulları bir-biri ilə əlaqəli və bir-birini tamamlayan müvafiq müəssisələrin bir klasterdə cəmlənməsinə xidmət edir. Beləliliklə, sənayenin inkişafının əsas vasitələrindən biri regionlarda sənaye parklarının yaradılması və sənayenin klasterləşməsidir. Klasterin mahiyyəti bir ərazidə ümumi xammal bazasında fəaliyyət göstərən, bir-biri ilə əlaqəli müəssisələr və bu müəssisələri özündə birləşdirən sənayelər qrupunun yaradılmasıdır. Klasterə misal olaraq, “Silikon Vadisi”, “Airbus”, “Fujitsu Siemens Computers” və digərlərini göstərmək olar. Klasterin əsas xüsusiyyətləri əməkdaşlıq və ərazi konsentrasiyasıdır. Məsələn, neft-kimya klasteri qonşu ərazidə neft hasil edən, neft emalı, neft tullantılarını emal edən, habelə bu müəssisələrin məhsullarından digər son məhsulları istehsal edən müəssisələrin birliyidir.
Dünya təcrübəsi göstərir ki, Sənaye Parklarının formalaşdırılması mexanizmləri ayrı-ayrı ölkələrdə müxtəlif amillərin təsiri altında əhəmiyyətli dərəcədə fərqlənir. Sənaye Parklarının yaradılmasının təşəbbüskarı həm dövlət, həm də özəl investorlar, həmçinin, yerli özünüidarəetmə orqanları, öz ərazisində investisiya fəaliyyətinin stimullaşdırılmasında maraqlı olan bələdiyyələr ola bilər. Onlar coğrafi, texnoloji və infrastruktur potensialı ilə daha yaxşı tanış olduqlarına görə, Sənaye Parkları üçün biznes plan hazırlaya bilirlər. Sənaye Parklarının yaradılması və inkişafı prosesində müvafiq qurumların formalaşdırılması və biznes mühitinin, o cümlədən sənaye parkının iştirakçıları arasında tərəfdaşlıq və yaradıcı rəqabət mühitini dəstəkləyən alətlərin səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Dünyada müxtəlif region və ölkələrdə Sənaye Parklarının formalaşdırılması prosesi özünəməxsus tarixi inkişaf yolu keçmiş və fərqli təcrübələr qazandırmışdır (Cədvəl 1.).

Sənaye Parklarında müəssisələrin rezident olmaları üçün investorların, xüsusilə də xarici investorların axtarışı idarəetmə şirkətləri, bələdiyyələr, regional və dövlət orqanları tərəfindən birgə aparılmalıdır. Təbii ki, bu prosesdə əsas fəaliyyəti regional və yerli hakimiyyət orqanları həyata keçirir, lakin onların (və xüsusilə idarəetmə şirkətlərinin) xarici investorları axtarmaq və cəlb etmək üçün güclü resursları yoxdur. Xarici investorların səmərəli şəkildə axtarılması və cəlb edilməsi üçün hökumət tərəfindən müxtəlif dövlət orqanları (əsasən İnvestisiya Təşviqi Agentlikləri) yaradılır. Məsələn, bir çox qlobal korporasiyaların istehsal imkanlarını öz ərazisinə “çəkmiş” Slovakiyada bu məsələ ilə Ticarət və İnvestisiyaların İnkişafı üzrə Mərkəzi Dövlət Agentliyi (SARIO) məşğul olur. O, yerli hakimiyyət orqanlarından təklifləri qəbul edib müvafiq kataloqu (yəni, ölkədə mövcud və planlaşdırılan sənaye parklarının siyahısı) yaradır və xarici investora ən maraqlı olan variantı təklif edir. Bundan əlavə, xarici ölkələrdə uğurlu İnvestisiya Təşviqi Agentliklərinə misal olaraq Çexiyada İnvestisiyaların Təşviqi Agentliyi (“CzechInvest”), Türkiyədə İnvestisiyaların Təşviqi və Dəstək Agentliyi (ISPAT), Almaniyada Ticarət və İnvestisiya Agentliyi ("GermanyTrade&Invest") və digərlərini göstərmək olar.
İnvestisiyaların Təşviqi Agentlikləri əsasən aşağıdakı funksiyaları həyata keçirir:
• İnvestorların maraqlarının siyasi səviyyədə qorunması, onların ehtiyac və problemlərinin sistemli tədqiqi yolu ilə ümumi investisiya mühitinin yaxşılaşdırılması;
• Potensial investorlar arasında məlumatın yayılması və ölkənin əlverişli investisiya məkanı olması kimi müsbət imicinin formalaşdırılması;
• İqtisadiyyatın yüksək potensiallı sektorlarında seçilmiş investorların birbaşa hədəflənməsi / birbaşa marketinqi;
• İnvestisiyaların yatırılması zamanı investisiya öncəsi və sonrakı dəstək xidmətləri.
Dünyanın müxtəlif ölkələrində həmin ölkələrin müvafiq iqtisadi siyasitindən asılı olaraq Sənaye Parklarının inkişaf etdirilməsi üçün dövlət dəstəyi alətlərinin fərqli növləri tətbiq edilməkdədir (Cədvəl 2.).

Beləliklə, dünya təcrübəsi göstərir ki, Sənaye Parklarında istehsalın klasterləşdirilməsinin əsas iqtisadi faydalarından biri və birincisi nəqliyyat xərclərinin azaldılmasıdır. İkinci fayda bu sahələrdə çalışan insanlar arasında təcrübə və bilik mübadiləsidir. Üçüncü fayda ondan ibarətdir ki, belə koordinasiyalı istehsal daha etibarlı və dayanıqlı olur. Sənaye Parkları istehsal, anbar, ofis binaları və əlaqəli kommunikasiyalar və infrastrukturu olan mərkəzləşdirilmiş şəkildə inkişaf etdirilən və idarə olunan ərazilərdir. Sənaye Parklarının rezidentləri əsasən həmin zonalarda yaradılmış klasterin texnoloji zəncirində yer almış kiçik və orta sahibkarlıq subyektləri olur.
Sənaye Parklarının yaradılması bir tərəfdən investorlar tərəfindən biznesin həyata keçirilməsinə, digər tərəfdən isə müəssisələrin şaquli inteqrasiyasının gücləndirilməsinə şərait yaratmaqla, yerli mütəxəssislərin istehsal prosesinə fəal cəlb olunmasına, birbaşa investisiyaların həcminin artmasına, istehsal həcminin və məhsul ixracının artmasına kömək edən dövlət sənaye-investisiya siyasətinin və regional inkişaf siyasətinin səmərəli mexanizmidir. Sənaye Parkları elmi tədqiqatların intensivləşdirilməsinə, sənayenin elm tutumlu və enerjiyə qənaət edən texnologiyaların inkişafına istiqamətləndirilməsinə töhfə verməklə yanaşı, həm də sənaye obyektlərinin mərkəzdən periferiyaya yenidən bölüşdürülməsinə imkan verir, ərazi differensasiyası və yerli resurslardan optimal istifadə probleminin həllinə kömək edir.
1. https://ekonomika.snauka.ru/2017/05/14837
2. https://xn--11-nmc.xn--p1ai/news/industrialnie-parki-i-technoparki-mirovoy-opit
3. https://ijoness.com/article/104716/ru -International journal of new economics and social sciences ISSN: 2450-2146E-ISSN: 2451-1064, Volume: 2, No.: 2, 2015
Elmir Mehdiyev
STM-in Sosial-iqtisadi təhlil departamentinin aparıcı məsləhətçisi