Elanlar

Çapay Sultanov adına mükafat

         

Sosial Tədqiqatlar Mərkəzi sosial-iqtisadi, siyasi mövzuda ən yaxşı yazı müsabiqəsi üçün Çapay Sultanov adına mükafat təsis edib. Mükafat ildə 2 dəfə keçirilən müsabiqənin qaliblərinə təqdim olunacaq.

 

Kimdir Çapay Sultanov?

 

Geologiya-mineralogiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü Çapay Əli oğlu  Sultanov 1936-cı ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirib. 1960-1989-cu illərdə Elmlər Akademiyasında Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda çalışıb və kiçik elmi işçi vəzifəsindən Neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçib.

 

1964-cü ildə Ç.Ə.Sultanov "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə o, bir qrup alimlə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi, Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələndirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb. 1986-cı ildə Ç.Ə.Sultanov "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələndirilməsi və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

 

Ç.Ə.Sultanovun elmi-tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neft verməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə statistik üsulların tətbiqi olub. Alim Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib.

 

Ç.Ə.Sultanov 150 elmi məqalənin, 16 kitabın, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifi olub. Onun rəhbərliyi altında 10 elmlər namizədi hazırlanıb. Görkəmli alimin ciddi elmi araşdırmalarının bəhrəsi olan çoxsaylı kitabları Azərbaycanda və onun hüdudlarından kənarda çap edilib və böyük maraqla qarşılanıb.

 

SSRİ-ni “perestroyka” möhürü ilə darmadağın edən, qanlı 20 Yanvar faciəsində birbaşa əli olan M.Qorbaçovun fəaliyyətinə həsr olunmuş “İblis damğalı…” kitabı Azərbaycan və rus dillərində çap olunub. Kitabda Azərbaycanın 90-cı illərdə erməni-azərbaycanlı qarşıdurması zamanı necə qəddar təzyiqlərə düçar olması göstərilib. Başda «İblis damğalı» Mixail Qorbaçov olmaqla anti-Azərbaycan yönümünün bütün «qəhrəmanları» ifşa edilib. Kitabın əsasını Azərbaycan üçün həmin dəhşətli illərdə yer almış real faktlar təşkil edir. Kitabda müəllif ürək yanğısı ilə yazır: “Azərbaycan 20 yanvar 1990-cı ildə olanları heç vaxt bağışlaya və ya onlara haqq qazandıra bilməz, bilməməlidir. Buna görə o zaman hakimiyyətdə olanlar cavab verməlidirlər… Qanlı yanvar faciəsində bilavasitə təqsirkar olan Qorbaçovu və onun komandasını beynəlxalq məhkəməyə vermək zərurəti çoxdan yetişib. Bunu günahsız qurbanların ruhları tələb edir…”.

 

Çapay Sultanovun iki cilddən ibarət «Нашествие», ingilis və türk dillərinə tərcümə olunmuş “İmparatorluğun son darbesi” (“The Last Blow From The Empire”) kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Kitabda illər sonra 20 yanvar hadisələrinə yenidən baxan, onu təhlil edən müəllif faktlar əsasında M.Qorbaçovun bədxah niyyətlərini, ümumiyyətlə, həmin dövrdə SSRİ-nin siyasi palitrasını açıqlamağa çalışıb. Kitabda həmçinin ermənilərin Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasəti fonunda apardıqları elan olunmamış müharibə də oxucuların diqqətinə çatdırılır.

 

2005-ci ildə müəllifin “Bakı neftinin itiriləcəyi təqdirdə SSRİ və Avropa faşizm qarşısında duruş gətirə bilərdimi?” adlı kitabı nəşr olunub. Çox keçmədən özünə böyük oxucu auditoriyası qazanan bu əsər ingilis dilində “Would The Allies Have Won Without Baku Oil?” adı ilə böyük tirajla nəşr olunub. Kitabın elektron versiyası internet saytına yerləşdirildikdən sonra  2 milyondan çox ziyarətçi tərəfindən oxunub. Bundan əlavə, həmin əsərlə bağlı bir neçə internet-forum və çoxsaylı diskussiyalar keçirilib, müəllifin elektron poçtuna xeyli şərh və təkliflər daxil olub. “Bakı nefti dünya şahmat taxtasında. 1939-1945” adlı kitab bir növ "Bakı neftinin itiriləcəyi təqdirdə SSRİ və Avropa faşizm qarşısında duruş gətirə bilərdimi?" əsərinin davamı və daha çox onun yenidən işlənmiş variantı idi. Xatırladaq ki, kitabda Böyük Vətən müharibəsi illərində dünyanın hegemon dövlətlərinə məğlubedilməz görünən faşizmə SSRİ-nin qalib gəlməsinin səbəbləri fakt və dəlillərlə izah olunub. Müharibə dönəmində Bakı nefti olmadan SSRİ-nin Hitler ordusuna qalib gəlmə imkanlarının ümumiyyətlə mümkünsüz olduğu sübuta yetirilib. Kitabdan təsirlənən Rusiyanın məşhur jurnalisti Aleksandr Qoryanin yazır: “İnsanı heyrətləndirən odur ki, müharibə ilə bağlı bayram və ildönümləri keçirilərkən keçmiş sovet hərbçilərindən kiminsə qələbədə Bakı neftinin rolunun olması barədə nəsə dediyini, ümumiyyətlə bu mövzunu qaldırdığını xatırlamıram. Yəqin ki, kimsə bu mövzunu gündəmə gətirib, amma səsini bərkdən çıxarmağa cəsarəti çatmayıb. Başqaları kimi Bakıya “qəhrəman şəhər” adını vermədilər, qəbul olunduğu kimi mükafatlandırmadılar. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır: Azərbaycan nefti olmadan müharibədə qalib gəlmək olmazdı”. Əvvəllər məxfi saxlanılan bəzi faktlar və fotoşəkillər də kitabda təqdim olunub.

 

“Нефтегазовые стратегии и политика в XXI веке” kitabını isə elm aləminin böyük nailiyyəti hesab etmək olar. “Политические и экономические етюды по Южному Кафказу (Хроника с 1850 по 2010 гг)” kitabında xronoloji ardıcıllıqla Qafqaz respublikalarının Sovet İttifaqı illərindən əvvəl, həmin illərdə və ondan sonrakı illərdə iqtisadi inkişafı təhlil edilib. Oxucular bu kitabı oxuyarkən həm elmi, həm də tarixi biliklər almaq imkanı qazana bilirlər. Bu kitablarda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın neft-qaz strategiyası əhəmiyyətli dərəcədə diqqətə çatdırılır. Xəzər dənizində neft hasilatı ilə bağlı müqavilələrin imzalanması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi prosesi bütün həcmi və dramatikliyi ilə göstərilib. Müəllif bütün kitablarında bu müqavilələrin Azərbaycanın regiondakı geosiyasi vəziyyətini köklü surətdə dəyişməsinin çox gözəl izahını verib.     Ç.Sultanov bu kitablardan əldə etdiyi vəsait hesabına özünün şəxsi saytını, internet kitabxanasını yaradıb və bütün kitablarını da www.sultanov.azeriland.com saytına yerləşdirib. Fəaliyyətdə olduğu müddətdə 62 ölkədən olan 2 milyondan artıq insan saytı ziyarət edib.

 

Ç.Sultanov həm də yazıçılıqla məşğul olub. O, asudə vaxtlarında İçərişəhər haqqında video və digər materiallar toplayıb. Özünün təhsil adığı məktəblə bağlı apardığı araşdırmalar da maraq kəsb edir. Toplanan materiallar əsasında o, “Mənim zamanım və özüm barədə” filmini yaradıb.         

 

Çapay Sultanovun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlər cavabsız qalmayıb. Belə ki, 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 75 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Prezident təqaüdü ayrılıb

 

Erməni terrorizminin işıqlandırılması istiqamətində apardığı informasiya mübarizəsinə görə Ç.Ə.Sultanov Azərbaycan Respublikası Milli Təhlükəsizliyi Nazirliyi tərəfindən S.Əsgərova adına birinci mükafata layiq görülüb.

 

Çapay müəllimin adı yalnız elm yox, şahmat tariximizə də qızıl hərflərlə yazılıb. Belə ki, o, 16 il ərzində Azərbaycan Şahmat Federasiyasına (AŞF) rəhbərlik edib. Həmin müddətdə onun rəhbərliyi ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRİ Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi İttifaq respublikalarının şahmat federasiyaları arasında bölünsün. 

 

Ç.Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənib-hazırlanıb. Bu sistemlə yaxından tanış olmaq üçün Bakıya xüsusi olaraq FİDE-nin prezidenti F.Kompamanes də səfər edib.

 

Görkəmli alimin AŞF-yə rəhbərlik etdiyi dövr ölkə şahmatının “qızıl dövr”ü hesab olunur. Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə Ç.Sultanova şahmat üzrə əməkdar məşqçi, “Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi” fəxri adları verilib. O, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub.1986-cı ildə onu FİDE-nin iki komissiyasının üzvlüyünə seçiblər.

 

Ç.Sultanov “O шахматах и только…”, “Сквоз призму шахмат…” kitablarında oxucularla özünün çoxillik təcrübəsini paylaşıb. Onun fəaliyyəti demək olar ki, bütün sferaları əhatə edib. Alimin araşdırmaları bu gün də tələbələr, aspirantlar üçün əyani elmi vəsaitdir.

 

Azərbaycan elminə misilsiz xidmətlər göstərən, gərgin əməyin və dərin intellektin məhsulu olan bir-birindən qiymətli kitabları ilə mühüm töhfələr verən, eyni zamanda, ölkə şahmat məktəbinin formalaşmasında böyük rol oynayan görkəmli alim ölümündən sonra onun nəhəng irsini qoruyub saxlamaq və böyük tədqiqatçılar ordusu formalaşdırmaq üçün başladığımız yol minlərlə insanımızın, o cümlədən, əcnəbilərin bizimlə yaxından işbirliyinə səbəb olacaqdır. Böyük alimin ölümsüzlüyü bundadır!

 

 

PAYLAŞ
Müraciət edin