Yuxarıya
skip to main content

Ruslar asudə vaxtlarını necə keçirir?

10.08.2022

Asudə vaxt cəmiyyətin fəaliyyətində önəmli rol oynayır və onun məzmunu həm insan həyatının keyfiyyətinin, həm də cəmiyyətin inkişaf səviyyəsinin göstəricisidir.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi  (VCİOM) rusların asudə vaxtlarını necə dəyərləndirmələri ilə bağlı sorğu keçirib və 30 il əvvəlki göstəricilərlə müqayisə edib.

1992-ci ildə rusların ən sevimli 5 məşğuliyyəti təbiətdə gəzmək (57%), yatmaq (51%), yemək bişirmək (49%), dostlarla içmək (45%), xəyallar və fantaziyalar qurmaq (42%) olub.

30 il ərzində rusların asudə vaxtlarını keçirmə formaları müxtəlifləşsə də, açıq havada gəzintilər hələ də lider mövqe tutur və bu göstərici 30% artıb - 87%.

Yemək bişirmək ikinci yerdədir – 73%. Bu gün yemək reseptləri 30 illə müqayisədə müxtəlifdir, yemək bişirmək çoxları üçün hobbi, yaxınlarına qayğı forması, kulinariya bacarıqlarını üzə çıxarmaq üsuluna çevirib.

Rusların sevimli fəaliyyətləri arasında üçüncü yerdə, eyni anda iki variant var - xəyal qurmaq və özləriylə tək qalmaq - 70%.  Buna həyatın yüksək tempi və indi xəyal edə biləcək daha çox həyat ssenarilərinin, imkanlarının və perspektivlərinin olması  təsir edə bilər.

Rusların ən sevimli 5 məşğulliyətinə krossvordlar da daxildir – onların 69%-i krossvord həll etməyi xoşlayır. 30 ildə bu rəqəm 2,5 dəfə artıb (1992-ci ildə 28% olub).

Respondentlərin 67%-i yatmağı sevdiyini etiraf edib, onların içərisində 18-34 yaş aralığında olanlar üstünlük təşkil edir. Gəzintilərin, səfərlərin  populyarlığı 30 ildə iki dəfə artıb (31%-dən 61%-ə).

Bu gün hər iki rusdan biri rəqs etməyi sevir (53%), dostlarla içməyi sevənlərin göstəricisi də bənzərdir – 51%. Mahnı oxumağı sevənlər isə bir qədər az - 48%-dir.

Mağazaların sayının artması ilə alış-verişi sevənlər də artıb. 1992-ci ildə onların göstəricisi 31% idirsə, bu gün 45%-dir. Onların arasında qadınlar və gənclər üstünlük təşkil edir.

Rusların 34%-i isə boş vaxtlarında şahmat oynamağı və məktub yazmağı xoşlayırlar.

Şəfanə İbrahimova