Yuxarıya
skip to main content

ABŞ-da mediaya inam ən aşağı səviyyəyə düşüb

09.08.2022

Amerikalıların qəzetlərə və televiziya xəbərlərinə inamı bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb.

“Gallup” beynəlxalq tədqiqatlar mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri bunu deməyə imkan verir.

 

Sorğuya əsasən, ABŞ-da böyüklərin yalnız 16%-i qəzetlərə, 11%-i isə televiziya xəbərlərinə “çox” və ya “ olduqca çox” etibar etdiklərini bildiriblər. Hər iki göstərici ötən illə müqayisədə 5 % azalıb.

 

“Gallup” amerikalıların 1973-cü ildən qəzetlərə, 1993-cü ildən isə televiziya xəbərlərinə inamını ABŞ-ın əsas institutları ilə bağlı keçirdiyi illik sorğunun bir hissəsi kimi izləyir.

 

Amerikalıların əksəriyyəti (51%-i)  qəzetlərə yalnız bir dəfə - 1979-cu ildə güvəndiyini bildirib. Hazırda isə bu göstərici ilk dəfə 20%-dən də aşağı düşüb (16%). Qəzetlərə çox az və ya heç etibar etmədiklərini bildirənlərin göstəricisi isə rekord həddə çatıb (46%).

 

Televiziya xəbərlərinə etimad heç vaxt 1993-cü ildəki 46% göstəricisindən yüksək olmayıb və orta hesabla 27% təşkil edib, bu da indiki 11%-dən xeyli yüksəkdir. Artıq dördüncü ildir ki, televiziya xəbərlərinə inam 20%-dən aşağıdır.  Trenddə ikinci dəfədir ki, amerikalıların əksəriyyəti (53%-i) indi televiziya xəbərlərinə çox az və ya heç güvənmədiklərini ifadə ediblər.

 

ABŞ-da uzun illərdir ki, mediaya inam az olsa da, qəzetlər və televiziya xəbərləri üçün etimad reytinqləri heç vaxt indiki qədər aşağı olmayıb.  “Gallup” tədqiqatçıları ümumiləşdirərək qeyd edirlər ki, bu göstəricilər ictimaiyyətin inamını geri qaytarmaq üçün medianın çox uzun bir yolu olduğunu göstərir.