Yuxarıya
skip to main content

Niyə neoliberalizmə qarşı inqilab qeyri-mümkündür?

05.08.2022

2014-cü ildə Berlində, Şaunbünedə italyan marksist filosofu Antonio Neqri və Cənubi Koreya əsilli alman filosofu Byunq Çul Han arasında baş tutan debatı – kapitalizmin iki fərqli tənqidi –  B.Çul Han özünün “Kapitalizm və ölüm impulsu” adlı kitabında işıqlandırır. “A.Neqri “imperiya”ya – hakim neoliberal sistemə - qarşı qlobal müqavimətin mümkünlüyü barəsində çox entuziastik danışırdı. Özünü “kommunist inqilabçısı” olaraq təqdim edən Neqri B.Çul Hanı “skeptik filosof” adlandırırdı. Neqriyə görə, şəbəkələşmiş inqilabi kütlələr və etiraz qrupları “imperiya”nın sonu gətirə bilər. Lakin inqilabi kommunist mövqe çox sadəlövhcə görünməklə yanaşı, reallıqdan ayrılmış bir mövqedir”. Ona görə də, Neqriyə inqilabın niyə mümkün olmadığını B.Çul Han izah edir.

Niyə neoliberal sistem belə sabitdir? Niyə ona qarşı müqavimət bu qədər azdır? Niyə meydana çıxan istənilən müqavimət tezliklə dağılır? Niyə, zənginlər və yoxsullar arasında uçurumun getdikcə böyüməsinə rəğmən inqilab mümkün deyil? Bunu izah etmək üçün iqtidar və idarənin necə funksional olmasının dərin dərki zəruridir.

Yeni dominantlıq sistemi təsis etmək üçün heç bir müqavimətin olmadığı təmin edilməlidir. Bu, neoliberal dominasiya sistemi üçün də doğrudur. Yeni idarə sisteminin inauqurasiyası üçün ehtiyac duyulan iqtidarın təsisi, irəli sürülməsidir ki, bu da əksər hallarda zorakılığı təlqin edir. Lakin bu iqtidar təsisi sistemi daxili stabillik ilə təmin edən iqtidar ilə eyni bir şey deyil. Neoliberalizmin pionerlərindən biri olan M.Tetçer həmkarlar ittifaqlarını “daxildəki düşmən” olaraq görür və onlara qarşı mübarizə aparmağa çağırırdı. Bununla belə, neoliberal agendanın bu növ zorakı təsisi və tətbiqi neoliberalizmin sistem-qoruyucu iqtidarını təşkil edən faktum deyil. İndustrial, disiplinar cəmiyyətin sistem-mühafizəedici iqtidarı oppressiv idi. Fabrik işçiləri sahibkarlar tərəfindən amansız şəkildə istismar edilirdi və bu zorakı istismar etiraz, müqavimət doğururdu. Bu situasiyada dominant istehsal münasibətlərini alt-üst edəcək inqilab mümkün idi. Bu sistemdə kimin əzən, kimin əzilən olduğu aydın idi. Konkret opponent, müqavimət hədəfi rolunu oynayan görünən düşmən var idi.

Neoliberal dominasiya sistemi tamamilə fərqli formada strukturlaşır. Sistemi mühafizə edən iqtidar oppressiv deyil, şirnikdiricidir (seduktiv). Bu iqtidar disiplinar rejimlərdə olduğu kimi aydın bir şəkildə görünə bilən deyil. Nə konkret opponent var, nə insanların azadlığını əlindən alan bir  kəs, nə də müqavimət göstərilən bir oppressor. Neoliberalizm istismar edilən işçidən azad antreprenyor (antreprenyor – gəlir əldə etmək məqsədilə mallar və xidmətlər istehsal etmək üçün əmək, kapital və təbii resursları təşkil və idarə edən, yeni biznes təşəbbüslərinin risklərini qəbul edən bir növ biznesmen. Öz biznesinə başlayan, öz hesabına öz məhsulunu yaradan bir fərd) “öz-özünün” antreprenyorunu yaratdı. Bu gün hər kəs öz antreprenyoral təşəbbüslərində öz-özünü istismar edən işçidir. Hər kəs həm ağa, həm də kölədir. Sinfi mübarizə “öz-özünə” qarşı daxili mübarizəyə transformasiya olub. Antreprenyoral addımlarında uğursuzluq yaşayanlar özlərini təqsirkar bilir və utanırlar. Onlar cəmiyyəti deyil, özlərini problem olaraq görürlər.

Zorakılıqla insanlara nəzarət etməyə, onları düzən və qadağaların sərt matriksinə tabe etməyə cəhd göstərmək səmərəsizdir. İnsanların özlərini könüllü şəkildə dominantlıq sisteminə tabe etməsini təmin edən texnologiya daha səmərəlidir. Bu texnologiyanın istisnai səmərəliyi və effektivliyi onun qadağalar və məhrumiyyətlər ilə deyil, həzz və məmnuniyyət vasitəsilə işləməsidir. O insanları itaətkarlaşdırmaq əvəzinə, onları asılı edir. Neoliberal səmərəlilik məntiqi müşahidəyə də tətbiq edilir. 1980-cı illərdə insanlar kütləvi şəkildə hələ də senzuraya qarşı etiraz edirdilər.

Bu günün perspektivindən, senzura tərəfindən tələb edilən informasiya – məşğuliyyət, kvalifikasiyalar, insanın öz işyerindən nə qədər uzaqda yaşaması -tamamilə təhlükəsiz olaraq görülür. Lakin insanların vətəndaşlardan informasiya qəsb etməyə çalışan hakim institut, dövlət ilə toqquşmalı olduğunu hiss edən dövr var idi. Bu zaman artıq geridə qaldı. Bu gün biz könüllü şəkildə öz-özümüzü ifşa edirik. 80-ci illərdə senzuraya qarşı etiraz edənlərdən fərqli olaraq, müşahidə rejiminə hər hansı əhəmiyyətli müqavimət göstərmirik. Könüllü şəkildə öz-özünü ifşa etmə könüllü öz-özünü istismar kimi eyni prinsipə bağlıdır. Kimə qarşı etiraz etməliyik? Özümüzə qarşı? Amerikalı neo-konseptualist rəssam Cenni Holzer bu paradoksal situasiyanı öz “truizm”lərinin birində belə ifadə edir: “Məni istədiyimdən qoru”.

Sistemi mühafizə edən iqtidar ağıllı, dostca bir forma almaqla yanaşı, görünməz, şübhə və mübahisəedilməz bir xarakter alıb. Subordinat subyekt öz tabeliyindən belə agah deyil. O özünün azad olduğuna inanır. Bu dominasiya texnologiyası müqaviməti neytrallaşdırmanın yüksək dərəcədə effektiv üsuludur. İnsanları əzən və azadlığı boğan dominasiya formaları sabit deyil. Neoliberal rejimi sabit edən, istənilən müqavimətə qarşı immunitetli edən amil onun azadlığı boğmaq yerinə azadlıqdan istifadə etməsidir. Azadlığın məhdudlaşdırılması dərhal müqavimət doğurur, lakin onun istismarı əsla.

Asiyada maliyyə böhranından sonra Cənubi Koreya iflic və şok vəziyyətində idi. Ardınca Valyuta Fondu prosesə daxil oldu və maliyə yardımı paketini təqdim etdi. Əvəzində, hökumət neoliberal reformları icra etməli, onun nəticələrindən ortaya çıxacaq etirazlara qarşı güc tətbiq etməli idi. Lakin belə iqtidar təsisi sistemi mühafizə edən iqtidardan fərqlənir. Belə ki, neoliberal rejimdə iqtidar özünü azadlıq formasında təqdim edir. Naomi Kleinə görə, maliyyə böhranı  kimi katastrofalardan sonra Yunanıstan və C.Koreya kimi cəmiyyətlərin yaşadığı şok halları bu ölkələri yenidən, radikal proqramlaşdırmaya tabe etmək üçün mükəmməl fürsətdir. C.Koreyada artıq bu reformlara hər hansı real müqavimət yoxdur. Əvəzində, insanlar yüksək konsensus və konformizm səviyyələrində yaşayırlar, lakin tükənmişlik və depressiya ilə birlikdə. Bu ölkə dünyada ən yüksək intihar dərəcəsinə sahibdir. Cəmiyyəti dəyişdirməyə çalışmaq əvəzinə, insanlar özlərinə qarşı zorakılıqdan istifadə edirlər. İnqilaba bir bazis verə biləcək eksternal aqressiya öz-özünə qarşı aqqressiya – avto-aqqressiya ilə əvəzlənib.

Bir qlobal etiraz hərəkatı və inqilabi bütövlük olaraq çıxış edə biləcək kooperativ, şəbəkələşmiş çoxluq yoxdur. Bu gün istehsalın cari forması eremetik, təcrid olunmuş, qopuq və qeyri-koherant “öz”ün antreprenyorluğuna əsaslanır. Pre-Neoliberalizmə qədərki dünyada bizneslər bir-birilə rəqabət aparsa da, hər bir biznes (antrepriz) daxilində vəhdət var idi. lakin bu gün hər kəs hər kəs ilə rəqabətdədir, hətta vahid biznes daxilində belə. Bu ümumbəşəri rəqabət produktivlikdə nəhəng artıma səbəb ola bilər, lakin o həmrəylik və “kommunallıq anlayışı”nı aradan qaldırır. Depressiv, bir-birindən qopuq fərdlərdən inqilabi kütlə formalaşdırmaq qeyri-mümkündür.

Neoliberalizm Marksist prinsiplər ilə izah edilə bilməz. O hətta əməkdən məşhur “yadlaşma”nı belə əks etdirmir. Biz tükənənə qədər özümüzü entuziastik şəkildə işə həsr edirik. Bu entuziazm tükənmənin ilkin mərhələsidir. Tükənmişlik və inqilab qarşılıqlı olaraq bir-birini istisna edir. Buna görə də, bir “çoxluğ”un parazitik imperiyanı destruksiya edəcəyi və bir kommunist cəmiyyət inşa edəcəyinə inanmaq yalnışdır.  

Bu gün Qərb cəmiyyətində kommunizm ilə əlaqələndirilən digər xüsus hər yerdə “paylaşma” və “topluluq”dan bəhs edilməsidir. Bölüşmə iqtisadiyyatının mülkiyyət və sahibkarlıq iqtisadiyyatını əvəz edəcəyi düşünülür. D.Eggersin “The Circle” romanından bu yana “paylaşmaq qayğı göstərməkdir” (sharing is caring) maksiması sosietal dominantlıq qazanıb. Lakin B.Çul Hana görə, gerçək şüar “caring is killing” olmalıdır. Hamımızı bir taksi sürücüsünə çevirməyə çalışan rəqəmsal “sürməyi-bölüşmə” (ride-sharing) platforması olan WunderCar öz reklamçılığında “kommunallıq” ideyasından istifadə edir. Bölüşmə iqtisadiyyatının yüksəlişi C.Rifkinin “Sıfır marginal xərc cəmiyyəti” adlı kitabında qeyd etdiyi kimi, heç də kapitalizmin sonunun və ya sahibkarlığın fövqündə bölüşmənin, paylaşmanın yüksək dəyər qazanacağı daha kommunal qlobal cəmiyyətin yaranması anlamına gəlmir. Tamamilə əksinə, paylaşma iqtisadiyyatı həyatın bütün aspektlərinin nəhayi kommersiallaşmasına yol açır.

Rifkinin təqdir etdiyi kimi, sahibkarlıqdan əlçatımlılığa keçid bizi kapitalizmdən azad etmir. Pulu az olanın paylaşma iqtisadiyyatına əlçatımlılığı da məhduddur. Hətta “əlçatımlılıq əsri”ndə belə biz maddi imkanı aşağı olanların çıxdaş edildiyi “ban-optikon”da yaşayırıq. Airbnb vakasiya rental şirkəti insanları evlərini hotellərə çevirməyə həvəsləndirməklə insan qonaqpərvərliyini belə iqtisadiləşdirir, ticariləşdirir. “Topluluq” və “kollaborativ kommunallıq” ideologiyası kommunallığın total əmtəələşməsinə səbəbiyyət verir. Sadə, məqsədsiz dostluq qeyri-mümkünləşir. Hər kəsin hər kəsi maddi olaraq dərəcələndirdiyi cəmiyyətdə dostluq da kommersiallaşır. İnsanlar daha yaxşı ticari reytinq əldə etmək üçün daha “dostyana” olur. Kollaborativ iqtisadiyyatın özəyində kapitalizmin amansız məntiqi üstünlüyünü qoruyur. Bütün bu möcüzəvi paylaşıma rəğmən heç kəs heç nəyi hədiyyə və ya ərmağan etmir. Kommunizmin özünün bir əmtəə olaraq satılmağa başlaması ilə, kapitalizm öz kuliminasiyasına çatıb. Bir əmtəə olaraq kommunizm – istənilən formada inqilabın sonu deməkdir.

 

              Ədəbiyyat:

  1. Jeremy Rifkin, The Zero Marginal Cost Society: The Internet of Things, the Collaborative Commons, and the Eclipse of Capitalism, London: Palgrave Macmillan, 2014.
  2. Transl. note: see e.g. Didier Bigo, ‘Globalized (in)Security: the Field and the Ban-opticon’, in Didier Bigo and Anastassia Tsoukala (eds), Terror, Insecurity and Liberty: Illiberal Practices of Liberal Regimes After 9/11, London: Routledge, 2008, pp. 10–48
  3. Naomi Klein., La Stratégie du choc: La Montée d'un capitalisme du désastre, Poche, 30 octobre, 2013
  4. Byung-Chul Han., Thanatocapitalisme: Essais et entretiens, PUF (13 octobre 2021)

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.