Yuxarıya
skip to main content

Avropalılar Ukraynada müharibənin necə nəticələnəcəyi ilə bağlı fikir ayrılığına düşüb/ SORĞU

13.07.2022

Avropada ümumilikdə pandemiyanın dəhşətli iqtisadi nəticələrindən dərhal sonra baş tutan Rusiya- Ukrayna müharibəsi ciddi narahatlıq doğurmağa davam edir. Bu səbəbdən də dünyanın ən elit sorğu şirkətləri cəmiyyətin nəbzini tutmaq üçün yeni mövzularla bağlı araşdırma aparmaqdadır. Aparılmış yeni sorğuya əsasən, avropalılar Ukrayna müharibəsinin necə nəticələnəcəyi ilə bağlı kəskin fikir ayrılığına sahibdir, bəziləri sülhə, digərləri isə "ədalət"ə üstünlük verir.

Avropa Xarici Münasibətlər Şurasının (ECFR) 10 ölkə arasında apardığı sorğu göstərdi ki, avropalıların 35%-i sülhün tərəfdarı olub, müharibənin tez bir zamanda dayandırılmasının istəyir. Respondentlərin 22%-i “ədalət” istəyib, Rusiyanı işğala görə cəzalandırmaq və Ukrayna ərazisini bərpa etmək arzusunda olduqlarını deyib.

Rəsmi Moskva bu hərbi əməliyyatların müharibə kimi qələmə verilməsini qətiyyətlə rədd edərək, bunu “xüsusi hərbi əməliyyat” adlandırmaqda israr edir. Rusiyanın bütün bu hadisələrə görə cavab verməsini tələb edən respondet sayının üstünlük təşkil etdiyi ölkə isə Polşa olub. İtaliya, Almaniya və Rumıniya hadisələrin sülh yolu ilə dayandırılmasına ən çox üstünlük verən ölkələrdir.

Həmçinin Böyük Britaniya ilə yanaşı, doqquz Aİ üzv dövlətində (Finlandiya, Fransa, Almaniya, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç) əhali arasında da sorğu keçirilib. ECFR direktoru Mark Leonardın fikrincə artıq avropalılar göstərdiyi birlikdəliklə Putini artıq heyrətləndirib.

İtalyanlar sülhə ən böyük maneənin kim olduğuna dair fikir ayrılığına düşüb.

Datapraxis və YouGov sorğuçuları tərəfindən aprel-may ayları arasında aparılan ECFR sorğusu, hazırda sülhə nəyin mane olması ilə bağlı avropalılar arasında araşdırma aparıb. Ümumilikdə, avropalıların 64%-i Rusiyanın ən böyük maneə olduğunu, 17%-i isə problemin Ukrayna, Aİ və ya ABŞ olduğunu bildirib. Kiyevin və ya Qərbin nizamlanma üçün əsas maneə olduğunu düşünən respondentlərin ən böyük faizi (35%) İtaliyada qeydə alınıb.

Finlandiya, İsveç və Böyük Britaniyada sorğu iştirakçılarının dörddə üçündən çoxu Moskvanın əsas maneə olduğunu düşünür. Münaqişənin necə bitəcəyi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Lenoard və həmmüəllif İvan Krastev Aİ liderlərini “maksimalist mövqelərə” qarşı xəbərdarlıq edərək, Rusiyaya qarşı sərt qalmalarını, lakin gərginliyin təhlükəsini dərk etmələrini təklif ediblər.

Müharibənin məsuliyyəti kimin üzərindədir?

ECFR nəticələri göstərdi ki, bütün Avropa məhz Rusiyanı müharibəni başlamaqda günahlandırır.

Polşada (83%), İsveçdə (83%), Finlandiyada (90%) və Böyük Britaniyada (83%) respondentlərin beşdə dörddən çoxu Moskvanın məsuliyyət daşıdığını deyib. Bu fikir İtaliyada (56%), Fransada (62%) və Almaniyada (66%) böyük əksəriyyət tərəfindən dəstək götüb. Aİ və ya ABŞ-ın münaqişəyə görə məsuliyyət daşıdığını düşünən respondentlərin ən böyük hissəsi İtaliyadadır.

Müharibə ilə bağlı avropalıları nə narahat edir?

ECFR həmçinin Avropa əhalisindən onları müharibə ilə bağlı nəyin narahat etdiyini soruşub.

İnsanların böyük əksəriyyəti cavablarında tədarük zəncirinin pozulması, enerji qiymətlərindəki sıçrayışlar və artan inflyasiyanı nümunə göstərib.

Belə bir narahatlıq bütün ölkələrdə mövcud olsa da, Almaniya, İtaliya və Fransadakı respondentlər müharibənin yaşayış və enerji qiymətlərinə təsirindən ən çox narahat olanlar arasında yer alıb.


Paşa Bayramov