Yuxarıya
skip to main content

Sahibsiz heyvanlarla necə davranmalı? - Sorğu

22.06.2022

İstanbul Ekonomi Araştırma” şirkəti Türkiyədə sahibsiz heyvanlara yanaşma ilə bağlı sorğu keçirib.

Sorğuda Türkiyənin 12 bölgəsindən 1500 nəfər iştirak edib. Respondentlərin 57%-i bu heyvanları təhlükəli hesab etmədiyini bildirib, 43%-i isə bunun əksini ifadə edib.

Cavablar cinsə görə qiymətləndirilirsə, kişilər az bir faizlə də olsa, sahibsiz heyvanları qadınlardan daha təhlükəli hesab edirlər. Bu heyvanları təhlükəli saymaqla bağlı yaşa görə paralellik müşahidə olunur. 18-24 yaş qrupunun təxminən 70%-i sahibsiz heyvanları təhlükəli hesab etməsə də, bu nisbət hər yaş qrupunda azalır. 65 və daha yuxarı yaşda olanlarda bu göstərici 40%-ə  qədər düşür.

Respondentlərin yarıdan çoxu (53%-i) sahibsiz heyvanların sığınacaqlara göndərilməli olduğunu, 23%-i isə öz hallarına buraxılmalı olduğunu bildirir. İştirakçıların 21%-i isə bu heyvanların qısırlaşdırılaraq yaşadıqları yerə qaytarılmalı olduğunu düşünür.

Kişi iştirakçıların təxminən 60%-i sahibsiz heyvanların sığınacaqlara göndərilməli olduğunu desə də, qadın iştirakçılar üçün bu göstərici 50%-ə yaxındır.  Yaş qrupları incələndiyi zaman 35-44 yaşlarda olanların az qala 60%-i sahibsiz heyvanların sığınacaqlara göndərilməsinin lazım olduğunu düşünür. 18-24 yaş qrupunda isə  bu göstərici ən aşağıdır.

Respondentlərin 70%-i sahibsiz heyvanların təhlükəli olduğunu və sığınacaqlara göndərilməli olduğunu düşünərkən,  40%-i heç bir təhlükə görmədiyi halda bunun doğru olduğunu hesab edir.  Bu heyvanları təhlükəli saymayanların 40%-i onları öz hallarına buraxmaq gərəkdiyini qeyd edir, təhlükəli sayanların  isə cəmi 10%-i bu qənaətdədir.