Yuxarıya
skip to main content

Dünyada qaçqınlara münasibət necədir?/ SORĞU

21.06.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi qaçqınlara münasibətlə bağlı sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, 28 ölkədən iştirakçıların 78% faizi hesab edir ki, insanlar müharibədən və ya təqibdən xilas olmaq üçün öz ölkələri də daxil olmaq üzrə digər ölkələrə sığına bilərlər. Respondentlərin 16%-i isə bu fikrə qatılmır.

Ötən illə müqayisədə bu mövzuya yanaşma ümumilikdə müsbətə doğru dəyişib. Bu, Ukrayna böhranının qaçqınlara ictimai açıqlığı artırdığını və pandemiyanın yaratdığı bəzi narahatlıqları aradan qaldırdığını göstərir.

Sorğu 22 aprel - 6 may 2022-ci il tarixləri arasında yaşı 74-dən aşağı olan 20505 yetkin insan arasında onlayn şəkildə keçirilib. Nəticələr göstərir ki, sorğu keçirilən bütün ölkələrdə əksəriyyət bu prinsiplə razılaşıb. Ən yüksək razılıq İsveçdə (88%), Braziliyada (86%), Polşadadır (85%). Ən aşağı razılaşma səviyyəsi Cənubi Koreya (61%), Malayziya (64%) və Türkiyədədir (66%).

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Ukrayna böhranı fonunda hazırda dünyada yaşadığı yerdən didərgin düşənlərin sayı 100 milyondan çoxdur.

 

Ümumilikdə, sorğu aparılan ölkələr üzrə respondentlərin 64%-i müharibədən, şiddətli münaqişələrdən qaçıb sığınacaq axtaran daha çox insanın ölkələrinə daxil olmasına icazə verilməsini dəstəkləyir, 11%-i isə buna qarşıdır.

Sorğuda iştirak edənlərin 55%-i təbii fəlakətlərin, iqlim dəyişikliyinin təsirlərindən xilas olmaq üçün sığınacaq axtaran daha çox insanın ölkələrinə gəlməsini istəyir, 14%-i isə buna qarşıdır.

Şəxsi xüsusiyyətlərə görə sığanacaq axtaranları dəstəkləyənlər isə daha azdır. Respondentlərin 41%-i irqi, etnik, milli mənsubiyyətinə görə sığınacaq axtaran daha çox insanın ölkəsinə buraxılmasını istəyir, 19%-i buna qarşıdır.  Cinsi oriyentasiyası və ya kimliyinə görə didərgin düşənlərin ölkələrinə üz tutmasını 38% insan dəstəkləyir, 23% əksini düşünür. Dini mənsubiyyətinə görə təqib olunanların öz ərazilərinə daxil olmasına sorğuda iştirak edənlərin 36%-i razıdır, 23%-i buna qarşıdır. Siyasi baxışlarına görə sığınacaq axtaranların ölkələrinə gəlməsini  respondentlərin 35%-i dəstəkləyir, 24%-i bunun əleyhinədir.

Sorğuda iştirak edənlərin 40%-i son 12 ayda qaçqınları dətsəkləmək üçün tədbirlər gördüklərini ifadə ediblər, onların çoxu bunu ilk dəfədir edir və demək olar ki, yarısını buna Ukraynadakı durum təşviq edir.

Qaçqınları dəstəkləmək üçün hərəkətə keçdiklərini ifadə edənlərin göstəricisi çox sayda ukraynalı qaçqına ev sahibliyi edən Polşada yüksəkdir. Bu ölkədə insanların 72%-i qaçqınlara dəstək üçün tədbir görüb.

BMT QAK-ın müdafiə üzrə Ali Komissarının müavini Gillian Triggs bildirib ki, Ukrayna böhranı mərhəmət, dəstək və maliyyə axınına səbəb olub: “Ümid edirik ki, bu tendensiya qorunub saxlanılar ki, yalnız bəzilərinin deyil, bütün qaçqınların müdafiəyə və dəstəyə çıxışı olsun. Çünki kimliyindən və haradan gəlməsindən asılı olmayaraq hər kəsin təhlükəsizlik axtarmaq hüququ var”.

Sorğunun bütün nəticələri qaçqınlar üçün müsbət deyil. Respondentlərin yarıdan çoxu (54%-i) ölkəsinə qaçqın kimi daxil olmaq istəyənlərin əksəriyyətinin iqtisadi səbəblərdən və ya sosial xidmətlərdən yararlanmaq üçün gəldikləri ilə razılaşır, 37%-i isə bu fikrə qatılmır.

Sorğuda iştirak edənlərin yarısı qaçqınların əksəriyyətinin yeni cəmiyyətlərə uğurla inteqrasiya edəcəklərinə inanır, 40%-i isə bunun əksini düşünür. Qaçqınların ölkələrinə müsbət töhfə verəcəyini düşünənlərin göstəricisi 47%-dir, 41% buna inanmır.

Respondentlərin 56%-i sərhədlərin qaçqınlar üçün tamamilə bağlanmasına razılaşmasa da, ölkələrinin hazırda daha çox qaçqın qəbul edə bilməyəcəyini düşünür.  

Beş nəfərdən üçü (60%) razılaşır ki, işləmək icazəsi sığınacaq axtaranlara öz ölkələrinin dilini öyrənməyə və inteqrasiya etmələrinə kömək edəcək (13% razı deyil).  Sorğuda iştirak edənlərin yarısı düşünür ki, sığınacaq iddiası ilə bağlı qərar gözləyənlərə işləmək hüququ verilməsi insanları real səbəblər olmadan ölkələrinə cəlb edə bilər.

Sorğuda iştirak edənlərin təxminən üçdə biri (36%-i) hesab edir ki, onların höküməti indiki ilə müqayisədə daha az qaçqın qəbul etməlidir, 33%-i isə düşünür ki, hökümət hazırda düzgün sayda qaçqın qəbul edir. Yalnız 15 % qeyd edir ki, hökümətləri daha çox qaçqın qəbul etməlidir.

Respondentlərin 41%-i hesab edir ki, onların hökuməti dünya üzrə qaçqınlara dəstək üçün cari xərclərin səviyyəsini saxlamalıdır, 28%-i isə hökumətin cari xərcləri azaltmalı olduğunu düşünür. Hər altı nəfərdən biri (16%-i) isə xərclərin artırılmasının lazım olduğunu qeyd edir.