Yuxarıya
skip to main content

Hansı ölkələrdə bu nəqliyyatla gediş-gəlişə üstünlük verilir?

20.06.2022

Velosipedin nəqliyyat vasitəsi kimi istifadəsi sərfəlidir - ekoloji cəhətdən təmizdir, insanların sağlamlığına müsbət təsir göstərir, infrastrukturu ucuz başa gəlir, tıxacların və hərəkət sıxlığının aradan qaldırılması üçün də ən effektiv alternativlərdən biridir.

Buna baxmayaraq, qızmar yay günlərində enişli-yoxuşlu yollarda pedal çevirmək çətinləşir. Belə zamanlarda işə velosipedlə gedənlərin sayı azalır.  Ümumiyyətlə, dünyada pandemiyanın əvvələrində velosiped satın alanların sayı artsa da, indi vəziyyət dəyişib.

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin Avropada İctimaiyyətlə Əlaqələr üzrə Direktoru Christine Tresignie bildirir ki, bir çox belçikalı koronavirus böhranı zamanı velosiped və ya elektron velosiped alıb, lakin əksəriyyəti işə artıq maşınla getməyə üstünlük verir.

Ipsos Qlobal Məsləhətçisinin keçirdiyi sorğunun nəticələrinə görə, Belçikada böyüklərin yalnız 12%-i iş və ya məktəbə velosipedlə getdiklərini bildirib.

Hollandiyada velosipedlə gediş-gəliş göstəricisi isə demək olar ki, bundan üç dəfə çoxdur. 25 mart - 8 aprel tarixləri arasında 28 ölkədə keçirilən sorğunun nəticələrinə görə bu ölkə siyahıda velosipeddən istifadəyə görə liderdir (30%).

Ipsos tədqiqatçıları bunu belə izah edir ki, Hollandiyanın ərazisi Belçikayla müqayisədə düzdür, üstəlik bir çox belçikalıların avtomobili var və işəgötürənlər yanacaq xərclərini ödəyir, hökümət velosiped infrastrukturuna o qədər də sərmayə yatırmır.

Kolumbiyalıların isə təxminən 10 nəfərindən ikisi  (17%) işə və ya məktəbə velosipedlə getdiklərini söyləyir. Hollandiyalılar kimi buranın hökuməti də onilliklər ərzində velosiped infrastrukturu və mədəniyyətinə sərmayə yatırıb.

Malayziyadan sorğuda iştirak edənlərin yalnız 6%-i iş yerinə və ya məktəbə velosipedlə getdiyini qeyd edir. Tədqiqat mərkəzinin bu ölkədəki nümayəndəsi vurğulayır ki, isti və rütubətli iqlim, çuxurlu yollar burada velosipedi bir yerdən başqa yerə aparan nəqliyyat vasitəsindən çox, istirahət, əyləncə fəaliyyətinə çevirir.

Cənubi Koreyada da vəziyyəti bənzərdir. Burada respondentlərin yalnız 7%-i işə, məktəbə velodisedlə gedib gəldiklərini bildirir və velosiped sürməyə daha çox istirahət fəaliyyəti kimi baxılır. Böyük şəhərlərində ayrıca velosiped zolaqları da yoxdur. Velosiped sürənlər avtomobillərlə, motosikletlərlə eyni yolu bölüşməlidir ki, bu da təhlükəli ola bilər.

 

Cənubi koreyalıların yarısından bir qədər çoxu (53%-i) düşünür ki,yaşadıqları ərazidə bir yerdən digərinə velosiped sürmək çox təhlükəlidir.

Sorğuda iştirak edən kolumbiyalıların 70%-i hesab edir ki, öz ərazilərində isti və təpələr nəzərə alınmasa da, velosiped sürmək təhlükəlidir. Buna baxmayaraq, kiçik qəsəbələrdəki ferma işçilərindən tutmuş, böyük şəhərlərdə ofislərdə işləyənlərə qədər işə velosipedlə gedir, çünki gediş-gəliş üçün ən  ucuz və sürətli vasitə kimi görünür.

Sorğunun nəticələri göstərir ki, 35 yaş və ondan kiçik yetkin insanların işə və ya məktəbə velosipedlə getmək ehtimalı iki qat artıqdır.