Yuxarıya
skip to main content

Plastikdən istifadəni dayandırsaq nə ola bilər?

09.06.2022

2015-ci ilin sonuna qədər istehsal edilmiş 8,3 milyon ton təmiz plastikdən 6,3 milyon tonu tullantıya çevrilib. Həmin plastik tullantıların çoxu hələ də bizimlədir, poliqonlarda basdırılır və ya ətraf mühiti çirkləndirir. Mikroplastiklər Antarktika dəniz buzlarında, okeanın ən dərin xəndəklərində yaşayan heyvanların bağırsaqlarında həmçinin içməli suda tapılıb. Əslində, plastik tullantılar indi o qədər geniş yayılıb ki, tədqiqatçılar ondan Antroposenin geoloji göstəricisi kimi istifadə oluna biləcəyini təklif ediblər.

 

Bəs sehrli bir çubuqla bütün plastikləri həyatımızdan çıxara bilsək nə olacaq? Planetin prizmasından baxsaq bu, əla olardı – lakin biz bu sayədə plastikin həyatımızın hər yerinə nə qədər sızmış olduğunu çox tez görərdik.

Bildiyimiz həyat plastiksiz mümkündürmü?

İnsanlar min illərdir ki, böcəklər tərəfindən ifraz olunan qatrandan hazırlanmış plastik kimi materiallardan istifadə edirlər. Lakin bu gün bildiyimiz kimi plastiklər 20-ci əsrin ixtirasıdır: qalıq yanacaqlardan hazırlanan ilk plastiki Bakelit 1907-ci ildə icad edilmişdir.

Ordudan kənarda istifadə üçün sintetik plastiklərin istehsalı yalnız İkinci Dünya Müharibəsindən sonra başlamışdır. O vaxtdan bəri plastik istehsalı demək olar ki, hər il artıb, 1950-ci ildə iki milyon ton olan göstəricisi 2015-ci ildə 380 milyon tona çatıb. Bu templə davam edərsə, 2050-ci ilə qədər plastik neft hasilatının 20%-ni təşkil edə bilər.

Plastik məhsullardan biz tibbdə çox geniş istifadə edirik. Plastik əlcəklərdə, borularda, şprislərdə, qan çantalarında, nümunə borularında və s. istifadə olunur. Bir araşdırmaya görə, İngiltərədəki bir xəstəxanada bir tonzillektomiya əməliyyatı 100-dən çox ayrı plastik tullantı parçası ilə nəticələnə bilər. Bəzi cərrahlar xəstəxanalarda birdəfəlik plastikdən həddən artıq istifadə olunduğunu iddia etsələr də, hazırda bir çox plastik tibbi əşyalar vacibdir və onlar olmadan insanların həyatı təhlükə altında qalacaq.

Əgər biz sintetik məhsulları bir an içində dünyadan yox etsə idik bizim qida sistemimiz də tez sıradan çıxardı. Biz qidaları qablaşdıraraq tranzit zamanı zədələrdən qorumaq və supermarket rəflərinə yerləşdirmək üçün çoxlu miqdarda plastik vasitədən istifadə edirik. London Brunel Universitetinin Ətraf Mühitin İdarə Edilməsi üzrə professoru Eleni Yakovidu deyir ki: "Tullantı məsələsi olduqca böyük dilemmadır".

Böyük Britaniyanın Tullantıların Azaldılması Xeyriyyə Təşkilatının araşdırması göstərib ki, plastik qablaşdırma brokkolinin soyuducuda saxlanma müddətini bir həftə, bananın isə otaq temperaturunda 1,8 gün uzadıb – baxmayaraq ki, alma, xiyar və kartof üçün plastik heç bir fərq yaratmayıb. Əslində, araşdırma aşkar etdi ki, insanlara yalnız ehtiyac duyduqlarını almağa imkan verdiyi üçün meyvə və tərəvəzləri boş satmaqla qida israfını azaltmaq olar.

Bəzi yollarla, qida qablaşdırmasının dəyişdirilməsi asan başlanğıc nöqtəsi ola bilər. Siz südün şüşədə olan versiyasını ala bilərsiniz, lakin süd sənayesində bu südü inəkdən şüşəyə süzmək  üçün plastik borular istifadə olunur. Tərəvəzləri boş alsanız belə, plastik malç təbəqələri onları yetişdirən fermerə suya qənaət etməyə və alaq otlarından qorumağa kömək edə bilər. Plastik olmasaydı, hazırki sənaye kənd təsərrüfatı mümkünsüz olardı.

Plastiksiz yaşamaq həm də geyim tərzimizdə dəyişiklik tələb edəcək. 2018-ci ildə dünyada istehsal olunan tekstil liflərinin 62%-i neft-kimya məhsullarından hazırlanmış sintetik liflər olub. Pambıq və çətənə kimi digər təbii liflər bəzi geyimlərimizi yaxşı əvəz etsə də, hazırkı tələbata uyğun istehsal miqyasını artırmaq çox baha başa gələcək. Pambıq artıq dünya üzrə əkin sahələrinin 2,5%-də bitir, lakin məhsul insektisidlərdən istifadənin 16%-ni təşkil edir ki, bu da fermerlərin sağlamlığını riskə atır və su təchizatını çirkləndirir. Plastik olmasa, modadan imtina edərək təkrar geyinə biləcəyimiz daha davamlı əşyalar almalıyıq.

Neft və qazın plastikə çevrilməsi havanı çirkləndirən və insanlara təsir edən zəhərli qazlar buraxır. Üstəlik, plastiklərin istehsalı zamanı əlavə edilən kimyəvi maddələr böyümə və inkişafımızı tənzimləyən hormonlar istehsal edən endokrin sistemini poza bilir. Bu endokrin pozucu kimyəvi maddələrdən (EDC) ən yaxşı öyrənilmiş ikisi, plastiki yumşaltmaq üçün istifadə edilən, lakin bir çox kosmetikada da tapılan ftalatlar və plastiki bərkitmək üçün istifadə edilən bisfenoldur.

Tədqiqatçılar indi düşünürlər ki, okeanda üzən plastiklərin əksəriyyəti nəhayət yuyulacaq və ya sahillərimiz boyunca basdırılacaq.

Neft-kimya plastikləri ilə eyni keyfiyyətlərə malik olan bio-əsaslı plastiklər artıq istifadə olunur. Qarğıdalı nişastasına əsaslanan polilaktik turşu (PLA) buna nümunədir. Bio-əsaslı plastiklər şəkər və ya qarğıdalı kimi bitkilərin yeməli hissələrindən və ya şəkər qamışını əzdikdən sonra qalan pulpa kimi istehlak üçün uyğun olmayan bitki materialından hazırlana bilər. Bio-əsaslı plastiklər bioloji parçalana bilən və ya kompostlana biləndir. Lakin bu plastiklərin əksəriyyətinin ətraf mühitdə qalmamasını təmin etmək üçün çox vaxt sənaye müəssisələrində hələ də ehtiyatlı emal tələb olunur.

Şeffild Universitetindəki həmkarlar birdəfəlik və təkrar istifadə edilə bilən qabların ətraf mühitə təsirləri araşdırıb. Onlar müəyyən ediblər ki, plastik qabın iqlimə təsiri baxımından birdəfəlik polipropilendən daha yaxşı olması üçün, hətta yuyulma da nəzərə alınmaqla, yalnız iki və ya üç dəfə istifadə edilməlidir. Paslanmayan polad qablar 13 istifadədən sonra eyni zərər nöqtəsinə çatır.

Qarşılaşacağımız ən böyük dəyişiklik, bizim təkcə əşyaları necə istehlak etdiyimizi deyil, paltar və yeməkdən tutmuş paltaryuyan maşın və telefonlara qədər istehsal tərzimiz dəyişilməlidir.


Paşa Bayramov