Yuxarıya
skip to main content

Türkiyədə inflyasiya səviyyəsi haqqında SORĞU

07.06.2022

Koronavirus pandemiyası və Rusiya-Ukrayna müharibəsi arxa plana keçəndən sonra inflyasiya dünyanın əsas gündəminə çevrilib. Türkiyə də uzun illərdir inflyasiya ilə mübarizə aparır, və son 7 ayda  ölkədə inflyasiya səviyyəsi çox yüksəlib.

İstanbul İqtisadiyyat Araşdırma şirkəti tərəfindən may ayında keçirilən sorğuda iştirak edənlərin 61 %-i  ötən ay gəlirinin xərclərini qarşılamadığını bildirir. Respondentlərin 24 %-i isə qazanclarının xərclərini çətinliklə qarşıladığını ifadə edir. Bu iki sualının cavabının nəticəsi olaraq demək mümkündür ki, sorğu iştirakçılarının 85 %-i maddi sıxıntı yaşayır.

Sorğu Türkiyənin 12 bölgəsində 1500 nəfər arasında gerçəkləşdirilib.

 

Türkiyə Statistika Qurumunun (TÜİK) bu günlərdə yayımladığı məlumatlar isə maraqlıdır. Qurumun hesablamasına görə, istehlak qiymətləri indeksi may ayında 2.98 % artaraq 73,5 % olub və 1998-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çataraq son 24 ilin rekordunu qırıb. Bu göstərici 2021-ci ilin may ayında 16,59 % səviyyəsində idi. Başqa sözlə desək, bir il ərzində 60 % artıb. İstehsal qiymətləri indeksi isə 132,16 % artaraq son 27 ilin ən böyük  artımını yaşayıb. Bu, 1995-ci ilin ortalarından bu yana ən sürətli yüksəlişdir.

ENAG – İnflyasiya Araşdırma Qrupuna görə isə vəziyyət fərqlidir. Onun məlumatına əsasən, istehlak qiymətləri indeksi 5,46 % artıb və son 12 ayda artım 160,76 %-dir.

Türkiyə maliyyə naziri Nurəddin Nəbati isə bildirib ki, ilin sonunadək ölkədə inflyasiyanın 48-49 % səviyyəsində olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, 2023-cü ilin sonunadək bu göstəricinin 19,9 %-ə enəcəyi gözlənilir.

Nazir yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini bildirib.

Xatırladaq ki, Türkiyədə uçot dərəcəsi 14% səviyyəsində müəyyən edilib.