Yuxarıya
skip to main content

ABŞ-da abort qadağan edilə bilər - Hesabatlar nə deyir?

03.06.2022

“Pew” Araşdırma Mərkəzi illər ərzində abortla bağlı sorğular keçirərək, bir sıra digər suallarla yanaşı, prosedurun qanuni olub-olmaması ilə bağlı amerikalıların fikirlərini öyrənir. Ən son keçirilən sorğuda ABŞ-da yetkin insanların 61%-i abortun hər zaman və ya çox vaxt qanuni, 37%-i isə hər zaman və ya çox vaxt qeyri-qanuni olmalı olduğunu bildirib.

 

Bəs ictimai rəy sorğularından başqa mənbələr nəyi göstərir? ABŞ-da hər il nə qədər abort qeydə alınır?

İki təşkilat - Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Guttmacher İnstitutu bu göstəricini ölçməyə çalışır, lakin onlar fərqli üsullardan istifadə edir və fərqli rəqəmlər dərc edirlər.

CDC-nin illik abortların ümumi sayını açıqladığı  sonuncu il 2019-cu ildir. Qurum bildirir ki, həmin il ölkə üzrə 629,898 abort olub ki, bu da 2018-ci (619,591) və 2017-ci ildəki (612,719) rəqəmlərdən bir qədər çoxdur. Guttmacher İnstitunun son mövcud rəqəmləri isə 2017-ci il üçün ölkə üzrə 862 320 abortdur.

Qeyd etmək lazımdır ki, hər iki qurum tərəfindən bildirilən rəqəmlərə yalnız klinikalar, xəstəxanalar və ya həkim kabinetləri tərəfindən həyata keçirilən və ya klinikalar və ya həkim ofisləri kimi sertifikatlaşdırılmış müəssisələrdə vərilən abort həblərindən istifadə edən qanuni səbəbli abortlar daxildir. Onlar kliniki şəraitdən kənarda əldə edilən abort həblərinin istifadəsini nəzərə almırlar.

ABŞ-da abortların illik sayı prosedur 1973-cü ildə qanuniləşdiriləndən sonra artıb və 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində ən yüksək həddə çatıb. O vaxtdan bəri CDC-nin təhlil etdiyi kimi desək “yavaş, ancaq sabit” tempdədir.

Guttmacher 1991-ci ildə ABŞ-da 1,5 milyondan çox abort qeydə alıb. Bu, institutun 2017-ci ildə qeydə aldığı 862,320 rəqəmindən demək olar ki, 75% çoxdur.

Yuxarıda qeyd edildiyi kimi, bu rəqəmlərə kliniki şəraitdən kənarda əldə edilmiş həblərdən istifadə edilən abortlar daxil deyil. Abort həbləri illərdir mövcuddur və "Guttmacher" İnstitutu deyir ki, əgər klinki şəraitdən kənarda (abort həblərindən istifadəylə) edilən abortlar nəzərə alınsaydı, bu rəqəm əhəmiyyətli dərəcədə artardı. Bu həblərin alınması artsa da, "Guttmacher" deyir ki, ümumilikdə, abortlarda hələ də milli səviyyədə azalma var.

ABŞ-da qadınlar arasında abort faizi necədir? Zamanla necə dəyişib?

"Guttmacher" bildirir  ki, 2017-ci ildə ABŞ-da 15-44 yaş arası hər 1000 qadın arasında 13,5 abort olub. Onun məlumatları göstərir ki, ABŞ-da qadınlar arasında abortların faizi  almaqdadır. 1981-ci ildən bəri həmin yaş aralığında hər 1000 qadına 29,3 abort düşür.

CDC-nin hesabatına əsasən isə 2019-cu ildə ABŞ-da 15-44 yaş arası hər 1000 qadına 11.4 abort düşür  (Bu rəqəmə Kaliforniya, Merilend, Nyu-Hempşir və Kolumbiya Bölgəsi daxil deyil). CDC-nin rəqəmləri də "Gutmacher" kimi zamanla abort nisbətinin azaldığını göstərir. 1980-ci ildə, CDC bütün 50 əyalət və DC haqqında məlumat verən zaman 15-44 yaş arası hər 1000 qadına 25 abort düşürdü.

Abort yaşları və ölümlər

CDC-yə 2019-cu ildə Kolumbiya dairəsi və 47 ştatdan verilən məlumata görə, abort etdirən qadınların əksəriyyəti (57%) 20 yaşlarında, hər ondan üçü (31%) isə 30 yaşlarında olub. Onların 9%-ni 13-19 yaş arası yeniyetmələr təşkil edir.  40 yaşlarında olan qadınlar isə 4%-dir.

Hesabata əsasən, 2019-cu ildə abort etdirən qadınların böyük əksəriyyəti subay olub (85%), evli qadınlar isə 15% təşkil edir (41 ştatdan və Nyu York şəhərindən alınan məlumatlar nəzərə alınaraq).

CDC qanuni abortlarda qadınların ölüm hallarını da hesablayır. 2013-2018-ci illər ərzində  ABŞ-da edilən  hər 100.000 qanuni abort üçün 0,4 qadın ölümü qeydə alınıb. CDC tərəfindən qeyd olunan ölüm halları araşdırılan ilk dövrdə (1973-1977-ci illər) ən yüksək idi, o zaman hər 100,000 qanuni abort üçün qadınların ölümü 2,1 olub.

Abortu leqallaşdıran qərar ləğv oluna bilər

Qeyd edək ki, ABŞ-da abort qanunla qadağan edilə bilər. Mayın əvvəllərində ölkənin yerli media orqanlarından olan “Politico” abortun ləğv edilməsi ilə bağlı qanun layihəsinin sürətini dərc edib. Ölkədə milyonlarla qadınının qanuni abort hüququnu itirə biləcəyinə dair sızan sənədin həqiqi olduğunu Ali Məhkəmənin sədri də təsdiqləyib. ABŞ-ın baş hakimi Con Robert bildirib ki, bu, məhkəmənin yekun qərarını əks etdirmir.

Mediaya sızan sənəddə ABŞ-da 1973-cü ildə abortu leqallaşdıran qərarın ləğvi barədə məlumat yer alıb. Prezident Co Bayden bildirib ki, əgər belə bir qərar qəbul edilsə, bu, digər azadlıqları şübhə altına ala bilər.

Sızdırılan sənədə cavab olaraq abort hüquqları tərəfdarları Birləşmiş Ştatlar boyu bir neçə şəhərdə etiraz aksiyaları başladıblar. Etirazın təşkilatçıları deyir ki, ABŞ-ın Ali Məhkəməsi ölkə boyu abortu leqallaşdıran Roe v. Wade məhkəmə qərarını ləğv etdiyi təqdirdə bu, “qəzəb yayı”na çevriləcək.

Məhkəmənin son qərarı iyun ayında verəcəyi gözlənilir ki, bu qərar ştatlara abortu qadağan etməyə səlahiyyət verə bilər. ABŞ ştatlarının yarısı qərardan qısa müddət sonra abortu ya qadağan edə ya da kəskin şəkildə məhdudlaşdıra bilər.