Yuxarıya
skip to main content

Amerikalılar Ukraynaya yardım haqqında nə düşünür?/ SORĞU

25.05.2022

ABŞ-da aparılan yeni sorğuya əsasən, amerikalıların Rusiya-Ukrayna münaqişəsində öz hökumətlərinə olan dəstəyi azalıb. Buna səbəb olaraq göstərilən əsas məsələlər isə artıq amerikalıların öz həyatlarında hiss etdikləri bahalaşmadır.

Hər müharibədə olduğu kimi bu günün aktual olan münaqişəsi də öz iqtisadi problemləri ilə bütün dünyaya təsir etməyi bacarıb. Amerikada son zamanlar artan inflyasiya artıq heç kəsə sirr deyil. Stabilliyin ani olaraq tətbiq edilən sanksiyalarla birgə əhalinin gündəlik həyatına təsir etməsi insanlarda narahatlıq doğurmağa başlayıb.

‘’Associated Press-NORC’’ İctimai Əlaqələr Araşdırma Mərkəzinin sorğusuna əsasən, ABŞ sanksiyalarına geniş dəstək zəifləməsə də, sanksiyalara dair fikir balansı dəyişib.

Hazırda ABŞ-da yetkin insanların 45%-i ölkənin Rusiyaya mümkün qədər effektiv sanksiyalar tətbiq etməli olduğunu düşünür. 51% iştirakçı isə ABŞ-ın bu sanksiyaların iqtisadiyyata vuracağı ziyanı məhdudlaşdırmalı olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl mart ayında aparılan sorğuda Rusiyaya sanksiyaların daha böyük əhəmiyyət kəsb etdiyini düşünən insanların faiz nisbəti 55% idi.

Bu kimi kütləvi fikir dəyişikliyi artan qiymətlərin Amerika vətəndaşlarına göstərdiyi təsirin əyani sübutudur. Qaz, ərzaq və digər malların artan xərcləri milyonlarla insanın büdcəsinə təsir edib. Getdikcə daha da artan inflyasiyanın bir müddət sonra əhalidə ümumiyyətlə Ukrayna məsələsinə olan marağı azalda və hətta hökumətin Ukraynaya yardımlarına etiraz üçün president yarada bilər.

Qeyd etmək lazımdır ki, Amerika prezidenti Co Bayden Ukraynaya silah və maliyyə yardımı daxil olmaqla, əlavə 40 milyard dollarlıq maliyyə dəstəyini təsdiqləyən sənədə imza atıb. Yuxarıda qeyd edilən iqtisadi amillər prezident Co Bayden üçün vəziyyəti çətinləşdirməkdədir.

Keçirilən bu sorğu ümumilikdə ABŞ prezidenti Co Baydenin ümumxalq reytinqinin də zədələnməkdə olduğunu göstərir.

https://apnews.com/article/russia-ukraine-economy-inflation-467db62b671b1057ab867cf9a1335c93