Yuxarıya
skip to main content

İrqi ədavət dərinləşir?/ SORĞU

24.05.2022

Mayın 14-də ABŞ-ın Nyu York ştatının Buffalo şəhərində supermarketdə atışma baş verdi.

Hadisə zamanı  ağdərili şəxs hamısı qaradərili olan 10 nəfəri qətlə yetirdi. Bu, ABŞ-da irqi ədavət zəmində baş verən cinayətlərdən sadəcə biridir. Bir çox qaradərili amerikalı üçün təhlükəsizliklə bağlı narahatlıq diqqət mərkəzindədir.

“Pew”  Araşdırma Mərkəzinin aprelin ortalarında keçirdiyi sorğusunun nəticələrinə əsasən, qaradərili respondentlərin təxminən 32%-i demək olar ki, hər gün irqi və ya etnik mənsubiyyətinə görə təhdid və ya hücuma məruz qala biləcəyindən narahatdır. 

Təhdid və hücuma məruz qalmaqdan həmişə narahatlıq keçirən  təxminən on qaradərili respondentdən üçü (28%) bu qorxular səbəbindən ötən il gündəlik cədvəllərində və ya rutinlərində dəyişiklik etdiklərini söyləyiblər.

Federal Təhqiqat Bürosunun topladığı məlumatlara görə, qaradərili amerikalıların nifrət cinayətlərinin qurbanı olma ehtimalı qeyri-mütənasibdir. FTB-nin 2020-ci il üçün nifrət cinayətləri hesabatında müəyyən edilmiş 8,263 cinayət hadisəsinin üçdə birindən çoxu (35%) qaradərililərə və ya afroamerikalılara qərəzli münasibətlə bağlı olub. Qeyd edək ki, qaradərililər ABŞ əhalisinin təxminən 12%-ni təşkil edir.  FTB-nin statistikası real göstəricidən aşağı hesab olunur.  Çünki bir çox nifrət cinayətləri barədə polisə məlumat verilmir və ya bir çox polis idarələri milli hesabat məqsədləri üçün tam məlumatıları təqdim etmir.

Qaradərili amerikalılar digər irqi və etnik mənşəli amerikalılara nisbətən silah zorakılığı və zorakı cinayətlərlə bağlı daha çox narahat olurlar.

Mərkəzin aprelin sonu, mayın əvvəllərində keçirdiyi digər bir sorğuda iştirak edən on qaradərilidən səkkizi (78%) bildirib ki, silah zorakılığı bu gün ABŞ-da böyük problemdir. 2018-ci ilin sonundan bəri aparılan sorğularda qaradərililər ispan və ağdərililərə nisbətən həm silah zorakılığı, həm də zorakı cinayətləri əsas milli problemlər kimi görüblər.  Bu ay  Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən yayımlanan digər bir hesabata görə isə qaradərili amerikalılar uzun müddətdir ki, silahlı qətillərdən qeyri-mütənasib şəkildə təsirlənirlər və bu vəziyyət son illərdə getdikcə artır. Tədqiqatın nəticələrinə görə, qaradərili amerikalıların 2020-ci ildə silahlı cinayətin qurbanı olma ehtimalları ağdərili amerikalılardan 12 dəfə çox olub.


Şəfanə İbrahimova