Yuxarıya
skip to main content

Brüssel görüşünün nəticələri və gözləntilər/ TƏHLİL

24.05.2022

Avropanın siyasi paytaxtı Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ümumilikdə 5 saat çəkməsi göstərir ki, bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonrakı bəyanata nəzər salanda görürük ki,  bəyanatda Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib. 

Üçtərəfli görüşdə Azərbaycanın mövqeyi:

• Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsas götürülməlidir;

• İşğaldan azad edilmiş ərazilərimizdə mina problemi həll edilməlidir;

• Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsi vacibdir;

• Ermənistan üçtərəfli bəyanatlara əməl etməlidir

Aprelin əvvəllərində Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra tərəflərin nəticəyönümlü cəhdlərinin şahidi olsaq da, ümumilikdə, proseslərin ləng getdiyini gördük. Putinin Paşinyanla telefon danışığı və görüşü, daha sonra Ermənistan tərəfinin “Artsax” məsələsini yenidən danışıqların predmetinə çevirməsi Rusiyanın prosesə təsirləri kimi dəyərləndirilə bilər. Digər tərəfdən, son günlər sərhəd xəttində də atəşkəsin pozulması halları ilə rastlaşırıq. Aydın məsələdir, Ermənistan ordusunda Rusiya dövlətinin sifarişlərini yerinə yetirən kifayət qədər hərbi qulluqçu var və Rusiya lazım gələndə onları işə salır. 

Bu formatda keçirilən üçüncü görüşün nəticəsi olaraq humanitar sahədə olan məsələlərə gəlincə qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi görüşdə müzakirə olunub. UNESCO ilə bağlı fikirlər də bəyanatda yer almır və görünür ki, bu məsələ gündəlikdən çıxır. Digər tərəfdən, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində  Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, aprelin 6-da keçirilmiş görüşdə razılaşdırılmışdı ki, sözügedən komissiya aprelin sonuna kimi çağırılacaq. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbində komissiyanın çağırılması baş vermədi. 

  • Azərbaycan Avropa üçün əhəmiyyətlidir. Çünki, zəngin enerji resursları var;
  • Ermənistan da Avropaya lazımdır. Gümrü bazasından rusları çıxarmamış Cənubi Qafqazda Rusiya təsirlərini azaltmaq olmaz; 
  • Cənubi Qafqaz Rusiyanın caynağından xilas olandan sonra Orta Asiyanın enerji resurslarını daha rahat Avropaya daşımaq olacaq. Bununla, Avropanın Rusiyadan enerji asılılığı da minimuma enəcək. 

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan regional kommunikasiyaların açılması və sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlaması barədə razılığa gəliblər. Bununla yanaşı, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Qeyd etməkdə fayda var ki, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılıq ifadə olunub.

Avropanın ATƏT-in Minsk Qrupundan fərqli formatda aktivliyini artırması və Minsk Qrupundan fərqli olaraq daha məhsuldar təsir bağışlaması müsbət hal kimi dəyərləndirilməlidir. 

Yekun bəyanatda olan sözlərə dərindən nəzər salaq:

- Qarabağ, “Dağlıq Qarabağ” yox!!! – simvolizm və linqvistik məzmun üçün mühüm əhəmiyyət kəsb edir.

- “Xalq” deyil, əhali!!! – bu vacibdir, əhalinin statusu olmadan da hüquqları və təhlükəsizliyi olmalıdır. Gələcəkdə ola bilsin ki, “status” məsələsi qanunun və təhlükəsizliyin təmin edilməsi mexanizmi kimi irəli sürüləcək. Ancaq buna sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər. Ancaq rəsmi Bakının mövqeyi onların siyasi və hüquqi azadlıqlarının Azərbaycanın daxili işi olması ilə bağlıdır. Reinteqrasiya ilə bağlı böyük konsepsiyanın irəli sürülməsi bütün sualları aradan qaldıra bilər!

Humanitar məsələlərlə bağlı: diversantların azad edilməsi, minalardan təmizlənməsi və itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi. YUNESKO ilə bağl bir kəlmə də yoxdur!

Dəhlizlər haqqında. Ş.Mişelin dekabrda dövlətlərin kommunikasiya üzərində suverenliyin qorunması haqda bəyanatda qeyd olunan prinsipin təsdiqi yoxdur. “Azərbaycan üçün maneəsiz Zəngəzur dəhlizi”, yoxsa Zəngəzurda Ermənistanın, Laçın dəhlizlərində isə Azərbaycanın nəzarəti məsələsi bir qədər müəmmalı qaldı...

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, sərhəd komissiyasının ilk birgə iclası yaxın günlərdə baş tutacaq. Görək, Rusiyanın prosesə müdaxiləsi necə olacaq.

Beş saat davam edən danışıqlar göstərir ki, siyasi gündəlikdə olan məsələlər və onların icrası ardıcıllığı çox geniş müzakirə olunub. Görüşün nəticələrinin şərhindən çox şey asılı olacaq. Qeyd edək ki, Brüssel sülh gündəliyi ilə bağlı böyük proses elan olunub, lakin müxtəlif mövzularda qərarlar qəbul olunmasa, proses istənilən vaxt pozula bilər. 

Digər məsələ sülh müqaviləsi ilə bağlıdır və Brüssel sülh formatının özəlliyini əks etdirir. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olunub. İqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi və Avropa İttifaqının  əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də göstərir ki, Aİ regionda sülhün və təhlükəsizliyin dayanaqlı olmasında maraqlıdır. 

Üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı da razılıq əldə olunub. Növbəti görüş bu formatda iyul və ya avqust aylarına planlaşdırılıb.

Bəyanatın tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.consilium.europa.eu%2Fen%2Fpress%2Fpress-releases%2F2022%2F05%2F23%2Fpress-statement-by-president-michel-of-the-european-council-following-a-trilateral-meeting-with-president-aliyev-of-azerbaijan-and-prime-minister-pashinyan-of-armenia%2F%3Ffbclid%3DIwAR3yn1weGXAB3lTBd_Dx8EoNTd710kb7QoZ3CaIHQX2oErKSs71mXzCX3pc&h=AT3aLHfoy5dQoI9_Xpy3vI8qeBMMiIfZ7JT7Q2BG5IipvIwqrYATz0XDu028Qz6E12_2_UcJTHBoR23uoKnOYSo_xQf0UnbyygDEnujWwJttesK2jdmTgUn_g9iROs-jlatE&__tn__=H-R&c[0]=AT2u2kXMQt5cXQEAOx-E7B9br6Gkkv_kgX9181oXa7Gztr_wAffYbDJMA9t3QIKwjFLGp_CRyqdJR5GmNATA84n9ICXrL474BqXs9exV4mllzDJ-7DYMh9UtizoAbtxF2H25mebp-ViZjHuekk7bHE3WXA


İlyas Hüseynov