Yuxarıya
skip to main content

“Taliban”dan sonra Əfqanıstanda vəziyyət/ SORĞU

19.05.2022

Dünyanın nüfuzlu araşdırma və sorğu şirkətlərindən olan "Gallup International" “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstan cəmiyyətində vəziyyəti araşdırıb.

ABŞ qoşunlarının geri çəkildiyi “Taliban”ın hakimiyyəti ələ keçirdiyi zaman – avqust, sentyabr aylarında həyata keçirilən sorğu onsuz da həssas olan bu insanlar arasında əzabları üzə çıxarıb.

Tədqiqatda 2008-ci ildə aparılan sorğuyla, eyni zamanda dünyanın digər hissələri ilə müqayisədə Əfqanıstanda həyatın necə göründüyü əks olunub.

Qadınlarla və qızlarla rəftar

6-cı sinifdən sonra qızların məktəbə getməsinə icazənin ləğv edilməsi bir çox əfqanın “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra qadınlarla və qızlarla rəftarı barədə düşüncələrini təsdiqləyib.

Belə ki, “Taliban”dan sonra ölkədə qadınlar və qızlarla ləyaqətlə rəftar olunduğunu düşünən əfqanların göstəricisi 31%-ə düşüb.  Bu, 2019-2021-ci illər ərzində ən aşağı göstəricidir.

“Taliban”ın qızların təhsili ilə bağlı qərarı ölkə daxilində təxminən 1 milyondan çox qızın ümidlərini puça çıxarıb. Ancaq bu, əfqan qızları və qadınları üçün məyusluğun ən sonuncusudur. Belə ki, əfqan qadınlarına yalnız “Taliban”ın şərh etdiyi  islam qaydalarına uyğun işləməyə icazə verilir. Son aylar isə Taliban qadınların kişi qəyyumların müşayəti olmadan təyyarəylə  evdən 48 mildən uzun məsafəni səyahətini qadağan edib.

Əzab səviyyəsi

Taliban Əfqanıstanı tam ələ keçirəndən sonra əfqanların əksəriyyəti həyatlarını əzablı  sayılacaq qədər pis qiymətləndirib (94%). Bu, təkcə Əfqanıstan üçün deyil, “Gallup”ın  2005-ci ildən bəri bu göstəricini ölçdüyü istənilən ölkəylə müqayisədə ən yüksək əzab səviyyəsidir.

 

https://content.gallup.com/origin/gallupinc/GallupSpaces/Production/Cms/POLL/mq_gtbrhfue3zkowtj5kja.png

Gallup-ın araşdırması göstərir ki, “Taliban” idarəni ələ keçirəndən sonra iqtisadi durum Əfqanıstanda daha da pisləşib. Taliban qaynaqlı şiddət artdıqca əzab səviyyəsi 2017-ci ildən bəri yüksələn tendensiyadadır.

Ölkədəki qadınların 96%-i həyatlarını əzablı kimi qiymətləndirir. 2012-ci ildən bəri ilk dəfədir ki, əzab çəkən qadınların faizi kişilərdən  (92%) daha yüksəkdir. Daha öncəki “Gallup” sorğularında əzab çəkən kişilərin faizi bundan yüksək olub.

https://content.gallup.com/origin/gallupinc/GallupSpaces/Production/Cms/POLL/2gwcqge4l0gnfebcrtkjlq.png

Əfqan qadınları özlərinin  gələcək həyatlarının trayektoriyası ilə bağlı, xüsusilə, bədbindirlər. Onlardan 5 ildən sonra həyatlarını 10 ballıq şkala üzrə qiymətləndirmələri istənilib. 2021-ci ildə orta xal 1.8 olub ki, bu da “Gallup”ın hər hansı ölkədə qadınlar üçün trendində ən aşağı səviyyədir. Kişilər üçün orta xal isə 2021-ci ildə  2.1 olub.

Ümumiyyətlə, Əfqanıstanın regionlarında müşahidə olunan əzab səviyyələrində az fərq var. Heç bir bölgədə respondentlər öz həyatlarını çiçəklənən hesab olunacaq qədər yüksək qiymətləndirməyib. Bütün regionlarda əfqanların 87%-i və ya daha çoxu həyatlarını əzablı sayılacaq qədər pis qiymətləndiriblər.

“Gallup” tədqiqatçıları belə qənaətə gəliblər ki, əfqanlar görülməmiş miqyasda əzab çəkirlər. 2005-ci ildən bəri araşdırılma aparılan heç bir digər ölkədə əhalinin böyük əksəriyyəti həyatlarını əzablı sayılacaq qədər pis qiymətləndirməyib. Əfqanların vəziyyətin tezliklə düzələcəyinə dair ümidi çox azdır. Əfqan qadınları üçün qızların təhsilə çıxışı olmadan ölkədə  gələcək qaranlıqdır.

 

Şəfanə İbrahimova