Yuxarıya
skip to main content

Mədəniyyət və müasirlik

21.02.2022

Dünyada insanlar arasında ən çox ziddiyyət yaradan mövzulardan biridə mədəniyyət və müasirlik anlayışıdır. Bu anlayışların nə məna verməsi geniş əhali kütləsinin başa düşə biləcəyi tərzdə demək olar ki, müzakirə olunmamışdır.

Əsas etibarı ilə ziyalılar arasında araşdırılan bu mövzular ətrafında tam bir razılıq yoxdur. İnkişaf etmiş ölkələrin mədəniyyətinin tarixi irəliləyişində, söykəndiyi məna və qavramlar çərçivəsində mənalandırılan müasirlik anlayışı təəssüf olsun ki, bəzi mənfur təqlidçilər tərəfindən uyğun olmayan əlamətləri özündə birləşdirən sözdə mədəniyyət anlayışı geniş xalq kütləsinə müxtəlif manipulyasiyalarla tanıdılmışdır. Hər hansı ölkədə yaşayan bir nəfər, hətta intellektual olan bir çox şəxslər belə müasirlik və mədəniyyət arasındakı fərqi ayırmağa çətinlik çəkir.

Müasirlik məna və qavram çərçivəsində təbiətə və bütün insanlığa söykənən nemətdir. Bu bizə inkişaf etmək üçün bəxş olunmuş hədiyyədir. Bəzən aşılanan müasirlik böyük dövlətlərin mənfəətlərinə uyğun olan insanları tək bir tipə yönəldən, Tanrının yaratdığı və bizə bəxş olunan fərqlilik və rəngləri ortadan qaldırmağa hədəflənmiş, əsas etibarı ilə isə insanları maşınlaşdıraraq öz-özünə yadlaşdıran və onu varlığından ayıran mexaniki ruhsuz bir robot köynəyi geyindirmək məqsədi güdür.

Qərbdə xüsusilədə anqlo-sakson mənşəli millət və ölkələrdə, bizdəki mədəniyyət anlayışının qarşılığı olaraq latınca “civil” sözündən törəyən “civilization” istifadə olunur. Buna əlavə olaraq müxtəlif dillərdə işlənən “cultura-cultur” sözləri də mədəniyyət anlayışını tam ifadə etmir. Bəs onda mədəniyyət nədir?. Belə ki, bilindiyinin əksinə olaraq mədəniyyətin maddi ölçüsündən çox, daxili, mənəvi, əxlaqi və dərin bir anlamı vardır. Buna görədir ki, tanınmış elm xadimləri M.Veber, Durant və A.Sorokin mədəniyyətin özəyini dinlər təşkil edir fikirlərini səsləndirmişlər. Bəzilərinin başa düşdüyü kimi din mədəniyyətin ikinci dərəcəli ünsürü yox, məhz onun qurucu özəyidir.

Mədəniyyət öz məna etibarı ilə, iman, haqq, ədalət, ədəb-ərkan, elm, hikmət, şəffaflıq, sənət, xeyriyyə, etiraf, namus, mərhəmət, sevgi kimi anlayışları və onlara bağlı olan sosial siyasət, sosial iqtisadiyyat, memarlıq və sənət anlayışlarını həyata keçirilməsini özündə ehtiva edən bir anlayışdır. Bax əsl mədəniyyət budur. Mədəniyyətin əsas fərqləndirici xüsusiyyəti insanı pis əməl və vərdişlərdən çəkindirmək, onu əzəli və əbədi dəyərlər fonunda dəyişdirərək “kamil insan” formalaşdırmaqdır.

Müasir dünyanın bizə verdiyi texnoloji avadanlıqlardan, maşınlardan, təyyarələrdən istifadə edən insanlar özlərini insani dəyərlər, ölçülər və əxlaq anlayışı istiqamətində dəyişdirib inkişaf etmirlərsə onlar mədəni deyillər, sadəcə olaraq müasirdirlər. Buna misal olaraq bir insanı tanınmış brenddən geyindirib, qalstuk taxıb, ən son model telefon və maşın alıb verdiyimizdə onu bir saat içində müasir edə bilərik. Amma, onu bir saat içində heç vaxt mədəni insan edə bilmərik. Yaddan çıxarmayaq ki, yaşadığımız dünyada mağaralarda yaşayan neçə insanlar var ki, onlar bütün insanlığı və bütün dünyanı qana bulaşdıran müasir evlərdə yaşayan insanlardan daha mədənidirlər. Çünki, onlar qonaqpərvərdirlər, paylaşandırlar, sevəndirlər. Haqq, ədalət, sülh, sevgi anlayışlarından öz paylarını almışlardır.


Xəlil Babayev