Yuxarıya
skip to main content

İfrat proqnozlar 2022: İnqilab

21.12.2021

Qlobal maliyə bazarında investisiyalara imkan verən onlayn ticarət platforması təmin edən Danimarkanın Sakso Bankı (Saxo Bank) hər il olduğu kimi 2022-ci il üzrə dünya iqtisadiyyatı üçün “şokedici proqnozlar” təqdim edib. Bu dəfə bank Feyzbuk və Spotifayın tənəzzülü, ABŞ-da böhran, qadın treyderlərin üsyanı və tibbdə köklü sıçrayış olacağını proqnozlaşdırır.

Platformanın belə proqnozlarının reallıq səviyyəsi yuxarı qiymətləndirilməsə də, ümumilikdə növbəti dövrdə cəmiyyət üçün sarsıdıcı hadisələrin baş verə biləcəyi haqqında xəbərdarlıq edir. Ehtimalları təqdim edərkən Sakso Bankın baş iqtisadçısı və baş investisiya direktoru Stin Yakobsen qeyd edir ki, 2022-ci ilin əsas mövzusu “inqilab”dır və əsas sual qaçınılmaz qlobal dəyişmələrin baş verməsi ehtimalı ilə deyil, nə zaman və hansı formada baş verəcəyi ilə bağlı olmalıdır. Çünki hazırki səviyyədə dünya artan bərabərsizlik problemini həll edə bilmir. Sosial uçurum təkcə zənginlər və kasıblar arasında deyil, həm də gənc nəsil və yaşlılar, qadınlar və kişilər arasında, eyni zamanda, aşağı və yuxarı təhsilli işləyən sinif, mütərəqqi solçu və mərkəzçi solçular, sosial media və real dəyişikliklər, qiymət kəşflərinin baş verdiyi real bazarlar və hökumət müdaxiləsi, inflyasiya və deflyasiya arasında da genişlənir. Fosil yanacaqlardan istifadə tendensiyası ilə yaşıl enerjiyə keçiddə artan uçurum da digər tərəfdən dəyişiklikləri zəruri edir. O qeyd edir ki, istənilən böhranda qazanan və itirənlər olur. Əsas məqam ondan ibarətdir ki, hazırki sistem özünü dəyişə bilmirsə, “inqilab” dedikdə nəzərdə tutulan sosial və maliyə çevrilişləri yeganə çıxış yolu olaraq meydana gələcəkdir. Bu baxımdan, Yakobsenin fikrincə, 2022-ci il bazarlar üçün daha az ümid, lakin daha çox dəyişiklik vəd edir.

Keçən il “Saxo Bank” Çin tərəfindən rəqəmsal yuan buraxılacağını, korporativ kağızlar üzrə defolt sayının artması və ifrat stimullaşdırma nəticəsində yüksələn inflyasiya və iqtisadiyyatın gərginləşməsini, inkişaf etməkdə olan iqtisadiyyatların isə böyüyəcəyini proqnozlaşdırmışdı.

Maliyə bazarları üçün rəsmi olmayan aşağıdakı 10 fərziyyə əslində bu hadisələrin reallaşmasına yalnız bir faizlik dərəcədə etibar edən investorlar arasında sadəcə risklərin potensial səhv bölüşdürülməsinə qarşı xəbərdarlıq xarakteri daşımaqla, həmçinin, pandemiya böhranı fonunda maksimum nələrin baş verəcəyini təxmin etməklə bağlı bir növ test kimidir (çünki belə proqnozlar, baş verəcəyi təqdirdə, maliyə bazında şok dalğa effekti yaratma qabiliyyətinə malikdir):

  • Üzvi yanacaqlardan istifadənin sonlandırılması yoxlama məzmunludur. Yüksək inflyasiya və yaşıl enerjiyə keçid prosesinin qeyri-real zamanlaması fonunda dövlətlər iqlimin normallaşdırılması məqsədlərindən geri çəkilə bilərlər.
  • Gənclərin platformadan kütləvi köçü (çıxması) nəticəsində Feysbuk çökəcəkdir. Şirkətin daxili araşdırmalarına əsasən yeniyetmələrin TikTok və Snəpçat (Snapchat) kimi platformalarda daha çox vaxt keçirmələri Feyzbuku daha çox yuxarı nəsillər üçün olan şəbəkəyə çevirə bilər. İnvestorlara görə isə şirkətin gələcək gəlirliliyi təhlükədə olduğu üçün Feyzbuk Meta şirkəti yuxarıdakı platformaları almağa və eyni zamanda milyardlarla dollar vəsait ayırdığı Metavers (Metaverse) meqaplatformasını qurmağa çalışır.
  • ABŞ-da aralıq seçkilər konstitusional böhrana səbəb olacaq. Bununla yanaşı, ABŞ şərq ölkələrinə daha ciddi iqtisadi və hərbi rəqiblər kimi baxmağa başlacaq ki, nəticədə, ABŞ-ın Avropa və Asiyadakı müttəfiqlərinə hərbi və digər təhdidlərdən qorunmaq şəklində verdiyi zəmanət – “təhlükəsizlik çətiri” kiçilməyə başlayır, hətta mövcudluğunu tamamilə dayandırmaq təhlükəsi ilə üzləşir.
  • Əmək haqqı spiralında ABŞ-da inflyasiya səviyyəsi 15%-i keçəcəkdir. 2022-ci ildə Federal Rezerv Sisteminin rəhbəri Cerom Pouel 1960-cı illərdə sələfi Makçesni Martinin səhvini təkrarlaya bilər. Belə ki, əmək bazarının həddən artıq stimullaşdırılması inflyasiyanın kəskin artmasına səbəb olub. Pouell, amerikalıların pandemik şərait zəiflədikdən sonra işyerlərinə qayıtmasını və 10.4 milyon açıq vəzifənin əksəriyyətini dolduracağını gözləsə də, bu, baş verməyə bilər. 2023-cü ilin əvvəlinə qədər ABŞ-da inflyasiya illik 15%-i keçə bilər ki, bu, İkinci Dünya Müharibəsindən bəri ölkə tarixində ilk dəfə təkrarlanan hal olacaqdır. Ölkənin fond və kredit bazarları son dərəcə qeyri-sabit vəziyyətdədir, FRS isə pul siyasətini sərtləşdirməyə gec başlayır.
  • Avropa Birliyi iqlim, enerji və müdafiə məqsədlərini prioritetləşdirən Super Fond yaradacaqdır. Fransa tərəfindən yaradılması təklif olunan bu Fond, qurulacağı halda, 40 yaşdan yuxarı işləyənlərin fərdi təqaüdləri hesabına maliyələşəcəkdir. Avropada istiqraz gəlirləri isə tarazlığa düşərək, alman qiymətli kağızları üzrə gəlirlərin geriləməsinə səbəb ola bilər. Aİ-nin müdafiə, tikinti və yeni enerji şirkətlərinin isə yüksəlişə keçməsi proqnoz edilir.
  • Qadınların “Reddit” (bax: “Reddit” nədir?) ordusu marketə gender bərabərliyi gətirəcəkdir. Getdikcə daha çox qadınların investisiyalara marağı artır. Dəyişikliklərin baş vermədiyindən yorulan qadınlar, insan hüquqlarını pozan şirkətləri cinsiyyətçi, rasist və yaş ayrı seçkiliyi etmək praktikasını ləğv etməyə məcbur edərək sosial media vasitəsilə fond bazarlarına təsir etməyə başlayırlar. Beləliklə, Reddit-in qadın ordusu yaranır: qadın treyderlər idarəetmə və liderlikdə ən yaxşı qadın təmsilçiliyi olan şirkətlərə vəsait yönəltməklə ən “patriarxal” şirkətlərin səhmlərinə təsir yaradırlar. Dünyanın hər yerindən siyasətçilər isə bu hərəkatı dəstəkləyir, köhnəlmiş patriarxal baxışları olan şirkətlərə daha da təzyiq edirlər. Prosesə uyğun, şirkətlərin hədəf qiymətləri kəskin şəkildə aşağı düşür ki, bu da onları dəyişməyə sövq edir. Beləcə, proqnoza əsasən Reddit Qadın Ordusu bazarlarda gender paritetinin intibahının başlanğıcını qeyd edir.
  • Hindistan səs verməyən üzv olaraq Körfəz Əməkdaşlıq Şurası və ya digər azad ticarət zonasına qoşulur. Bu, ölkəyə enerji təhlükəsizliyini artırmaq və investisiya cəlb etmək imkanı verir. Eyni zamanda, Körfəz ölkələri də bununla etibarlı satış bazarı əldə edə bilər. Dünyada Çin və ya ABŞ-dan asılı qalmamaq üçün yeni ittifaqlar yaradılır. Ona görə də sözügedən əməkdaşlıq Körfəz ölkələrinin gələcəyini neft və qaz sənayesindən kənarda planlaşdırmaq üçün zəmin olacaqdır. Hindistan mədən yanacaqlarının idxalı ilə yanaşı, infrastruktura da irimiqyaslı  investisiyalar ayırmaqla və artan kənd təsərrüfatı məhsuldarlığı hesabına inkişafını sürətləndirmək fürsəti əldə edir. Bütün bunların da davamlı post-karbon gələcəyə yol açacağı bildirilir.
  • Spotifay (Spotify) platforması “NFT” (non-fungible tokens) – dəyişdirilməyən jetonlar (bax: NFT nədir? –Rəqəmsal dünyanın yeni trendi) əsasında işləyən rəqəmsal platformalarla mübarizədə zərbə alacaq. Artıq NFT platformasından istifadə edərək sənətçilər musiqini SpotifyApple Music kimi mərkəzləşdirilmiş vasitəçi platformalarla deyil, dinləyicilərinə özləri birbaşa təqdim etməyə başlayırlar. Bu, onlara pulun çox hissəsini axın xidmətlərinə ödəmək yerinə, real vaxt rejimində qazanclarını izləməyə və gəlir əldə etməyə imkan verir. 2022-ci ildə yeni NFT əsaslı xidmət həyata keçirən şirkət müxtəlif ulduz sənətçilərin musiqilərini təklif edəcəkdir. Digər görkəmli sənətçilər də artıq öz musiqilərini "ənənəvi" axın platformalarından çıxarmağa başlayırlar. İnvestorlar etiraf edirlər ki, Spotify-ın gələcəyi qaranlıqdır, belə ki, şirkətin səhmlərinin 2022-ci ildə 33% ucuzlaşacağı proqnoz edilir.
  • Yeni hipersonik texnologiya kosmos yarışı və yeni soyuq müharibəyə təkan verəcək. 2022-ci ildə hipersəs və kosmik qarşıdurma ABŞ və Çin arasında rəqabəti daha gücləndirəcəkdir. Digər tərəfdən, Rusiya, Hindistan, İsrail və Aİ də bu prosesə daxil olmaqla qabaqcıl hərbi texnologiyaya malik digər böyük oyunçular kimi çıxış etməyə səy göstərəcəklər. Hipersəs texnologiyası mövcud silah arsenalına inqilabi təhlükədir. Nüvə müharibəsi zamanı qarşılıqlı təminatlı məhvetmə doktrinası pozula bilər ki, bu, nüvə müharibəsinə başlamağın mənasızlığı deməkdir, çünki düşmənin eyni dərəcədə dağıdıcı əks-hücum üçün kifayət qədər vaxtı vardır. Yeni texnologiyalar sayəsində üstün müdafiəolunma ilə hücumun qarşısı tamamilə alına bilir və hətta ilk zərbə üçün yeni imkanlar da yaranır. Gedişatda, kosmosa çatdırma qabiliyyətinə malik hipersəs texnologiyaları quran Reyteon (Raytheon) kimi şirkətlər əlavə maliyə qazana bilərlər. Təyyarə və gəmiqayırma sahəsində bahalı ənənəvi avadanlıq istehsal edən şirkətlərin isə onlardan geri qalacağı təxmin edlir.
  • Tibbdə sıçrayış. 2022-ci ildə tibbdə böyük irəliləyiş olacağı güman edilir. Daha dəqiq, qeyd edilir ki, alimlər hüceyrə səviyyəsində prosesləri tənzimləyən və insan ömrünü 25 il və ya daha çox uzadacaq dərman vasitələri, "cavanlıq kokteyli" yaradacaqlar. Yeni agent həm qocalmanı ləngidə, həm də qocalmış hüceyrələri cavanlaşdıra bilər. Gözlənilən ömür uzunluğunun artmasına digər təsiredici amillər kimi əksər xəstəliklərin azalması və hətta aradan qaldırılmasının mümkün olması göstərilir. Bu proses potensial təhlükəli olanlar da daxil olmaqla, mövcud hüceyrələrin “yenidən yazılması”, yəni, DNT redaktəsi sayəsində mümkün olacaqdır. Kəşflə yanaşı, digər tərəfdən, cəmiyyətdə belə “kokteyl”in mövcudluğu, planetin bütün resurslarının və sistemlərinin insan ömrünün uzadılmasına hazır olması kimi sualları meydana gətirə bilər.

Nəticə etibarilə, proseslərə fərqli bucaqdan yanaşılarsa və proqnozlara skeptik baxılmazsa, yuxarıdakı hadisələrə dair ehtimalların reallaşma imkanı ümumi gedişata uyğun olaraq qeyri-mümkün olmaya bilər.

İstinad: Outrageous Predictions 2022: Revolution