Yuxarıya
skip to main content

Ekspert Rəyi | İctimai-siyasi məsələlərə dair müsahibə:

03.12.2021

#EkspertRəyi #Hərbi #Siyasi #Şərhlər

“AZƏRBAYCAN DÜNYA ARENASINDA ƏHƏMİYYƏTLİ SƏVİYYƏYƏ YÜKSƏLMƏKLƏ ÖZÜNÜ MƏNTİQLİ İDARƏETMƏYƏ MALİK GÜCLÜ VƏ STABİL DÖVLƏT KİMİ MÜƏYYƏN ETDİ”

BARUX LEVİEV

İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist



Suallar:

  • Azərbaycanın Qarabağ zəfəri dünya siyasətində hansı mənzərə yaratdı?

Qafqazlı və bir Azərbaycan əsilli yəhudi olaraq hesab edirəm ki, Azərbaycanın Qarabağ zəfərinin dünya siyasətində yaratdığı mənzərəyə fərqli baxış bucaqlarından diqqət yetirmək mümkündür. Dünya Azərbaycanlıları ilə oxşar hissiyyatı bölüşərək qardaş xalqın nailiyyət və qələbələrilə fəxr edirəm. Müxtəlif ölkələrdə fərqli mədəniyyət və inanclara malik insanların düşüncələrinə nəzər yetirməklə məsələyə obyektiv yanaşdıqda isə, qeyd edə bilərəm ki, İsrail kimi kiçik bir dövlət olan Azərbaycan dünya arenasında özünü məntiqli idarəetməyə malik güclü və stabil ölkə olaraq müəyyən etdi.

Azərbaycanın regiondakı rolu daha yaxşı qiymətləndirilməlidir. Əlbəttə, burada Prezident İlham Əliyevin peşəkarlığı, həyata keçirdiyi beynəlxalq siyasi fəaliyyət mütləq qeyd olunmalıdır. O, mürəkkəb bir geo-strateji məkanda balans siyasəti saxlamaqla olduqca soyuqqanlı və savadlı şəkildə ölkəsinin maraqlarını qoruyur, bir çox müsəlman dövlətlərilə müqayisədə, müxtəlif dinləri, mədəniyyətləri təmsil edən insanlarla ünsiyyət qurur. Heç şübhəsiz və mübaliğəsiz, Azərbaycan dövlət olaraq beynəlxalq siyasətdə də malik olduğu yüksək standartlara bağlı qalmaqla onları tətbiq edir. Bütün bu hallar İsraildən aydın şəkildə belə müşahidə edilir.

  • Azərbaycan-İsrail münasibətlərinin indiki vəziyyətini necə şərh edirsiz?

Məlumdur ki, Azərbaycan-İsrail münasibətləri inkişaf xətti izləməklə getdikcə möhkəmlənir. Münasibətlərin formalaşmasında əvvəllər diaspora üzvləri olan Qafqaz-Azərbaycan əsilli insanlar daha fəal rol oynayırdılarsa, hal-hazırda, köklü İsrail vətəndaşları da bu prosesdə iştirak etməklə Azərbaycana qarşı anlayışlı mövqe nümayiş etdirir, hər iki dövlətin qarşılıqlı əlaqələrini müsbət dəyərləndirirlər. Təkcə iqtisadi, hərbi və s. maraqlara söykənən standart dövlətlərarası münasibətlərdən fərqli olaraq, Azərbaycana yönələn simpatiyanın özünəməxsus cəhətləri vardır. Əlbəttə ki, sözügedən mənada, dialoq naminə indiyədək görülən işlər və xüsusən, bu ölkəyə gələn turistlərimizə nümayiş etdirilən qonaqpərvərlik də özlüyündə vacib amillər kimi çıxış edir.

  • Erməni yalanlarına qarşı dünyadakı yəhudi lobbiləri də xeyli fəallıq göstərirlər. Sizcə, daha nələr etmək lazımdır?

Hər zaman qeyd edə bilərəm ki, yəhudi xalqı sülh və ədaləti dəstəkləyən, o cümlədən, daim təmin etməyə çalışan xalqdır. Buna baxmayaraq, bizim də tariximizdə qara xətlər mövcuddur. Digərləri kimi, İsrail dövləti və yəhudi xalqı da dəstəyə, eyni zamanda, davamlı inkişaf və müxtəlif sahələrdə təşviqə ehtiyac duyur. Biz xalq olaraq heç bir zaman durğunluğu qəbul etməyərək bütün sferalarda proqresə nail olmağı mühüm hesab edirik. Bu baxımdan, İsraildə kifayət qədər yaradıcı düşüncə və yüksək istedada malik insanların və müxtəlif sahələrdə əhəmiyyətli ölçüdə yeni ideya və müasir texnoloji inkişafın, bir çox patentlərin olması xüsusilə diqqətəlayiqdir. Belə xüsusiyyətlər nəzərə alındıqda, ölkələr arasında kommersiya əməkdaşlığı da münasibətlərin vacib amilini təşkil edə bilər. Bununla bərabər, qeyd olunmalıdır ki, yəhudi lobbisi hər hansı ölkədə necə hiss etməsinə, onlara yönələn yanaşmaya olduqca diqqətlidir. Məhz bu perspektivdən də, Azərbaycan bir çox ölkələr üçün nümunədir.

  • Azərbaycandakı multikulturalizm və tolerantlıq İsraildən necə görünür?

“Azərbaycanda multikulturalizm yüksək səviyyədədir. Bunu ölkəyə səfər edənlər mütləq bildirirlər. Orada yaşayan yəhudilər də eyni fikri asanlıqla təsdiq edir. İnsanlar bu ölkədə bir-birilə rahatlıqla ünsiyyət qurur, kommunikasiyanın bütün formaları mövcuddur. Ümumiyyətlə, həqiqət heç vaxt gizlənilə bilməz. Ona görə də, İsrail vətəndaşları üçün bugün bu mövzuda hər hansı təbliğata ehtiyac yoxdur. Doğrudur, yəhudi xalqının kədərli təcrübələrə malik olması səbəbilə, hətta israillilər üçün də sözügedən Azərbaycan reallığı əvvəllər nisbətən təəcüblə qarşılanırdı...

Təəssüflər olsun ki, hal-hazırda da dünyanın hər yerində antisemitizm və azlıqlara qarşı ayrı-seçkilik halları müşahidə olunur.  Ümid edirik, Azərbaycanda tolerantlıq ənənəsi hər zaman qorunacaq və provokativ meyillərə məruz qalmayaraq ikitərəfli münasibətlərimiz daim mənfi təsirlərdən uzaq olacaqdır. Lakin istənilən halda,məlumdur ki, cəmiyyətlərimiz arasındakı dostluğa qarşı mənfi niyyətdə olan qüvvələr də az deyil”.

  • Sosial tədqiqatlar aparan İsrail mərkəzləri və Azərbaycanın tədqiqat mərkəzləri birlikdə hansı işlər görə bilərlər?

Birgə fəaliyyət və inkişaf üçün hər hansı maneələr yoxdur. Sadəcə vətəndaşlarımızın bu istiqamətdə daha çox məlumatlı və ünsiyyətdə olmasına ehtiyac vardır. Bununla bağlı, əlverişli şəraitin yaradılması isə təsirlidir. Bürokratik əngəllərin qarşısının alınması, bu halda, məsələnin digər vacib tərəfidir. Hər iki dövlət üçün daim müvafiq təkliflərə baxılması əhəmiyyət kəsb edir. Forumlar, sərgilər və digər formatlarda müxtəlif tədbirlərin həyata keçirilməsi olduqca faydalıdır.

Belə mövzuda davamlı dinamikanın olması önəmli olub, təkcə mərkəzə bağlı qaydada deyil, həm də regionlarda və munisipal səviyyələrdə də əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi üzrə təşəbbüslər əhatə olunmalıdır. Əslində, elmdən biznes sahələrinədək bir çox şəxslər bu istiqamətdə sadəcə onlara müraciət edilməsini gözləyirlər və hər iki cəmiyyətdə bu hal müşahidə edilə bilər. Bu səbəblə, media burada müəyyən mənada həlledici rola malikdir.


Müsahibəni apardı: 

STM-in Baş məsləhətçiləri Aytən Babayeva və Tural İsmayılov