Yuxarıya
skip to main content

ABŞ nəşri: “İkinci Qarabağ müharibəsi təkcə xəritəni yox, həm də lüğəti dəyişdi”

22.04.2021

“Ötən il Ermənistan və Azərbaycan arasında müharibə təkcə xəritəni yox, həm də lüğəti dəyişdi. İşğal olunanlar “azad olundu” və ya kimin üçünsə əksinə. Azərbaycan geri qaytardığı torpaqlara yanaşmada incə, lakin əhəmiyyətli bir dəyişiklik elan etdi.

 

Bu cümlələr ABŞ-ın “Eurasianet” nəşrində dərc olunan İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, Dağlıq Qarabağ terminin aradan qalxması ilə bağlı məqalədəndir.

 

Yazıdan əsas hissələri tədim edirik:

 

 

...“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır” deyən İlham Əliyev bildirib ki, artıq Dağlıq Qarabağ termini işlədilməməlidir.

 

Qarabağ düzənlik və dağlıq hissələriylə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ermənilər onun sadəcə bir hissəsində yaşayırlar.

 

Bu açıqlamadan əvvəl də, İlham Əliyev və digər dövlət rəsmiləri, Azərbaycan mediası “Qarabağ” və ya “Qarabağ bölgəsi” ifadələrini geniş işlətməyə başlamışdı.

 

Məsələn, fevral ayında Laçına səfəri zamanı İlham Əliyev bildirib: “Biz Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik”. Dekabr ayında Qubadlıya səfəri zamanı isə o söyləyib: “Bu gün mən Ali Baş Komandan kimi əsgərlərimizlə azad olunmuş ərazilərimizdə görüşürəm. Artıq bu bölgənin-Qarabağ bölgəsinin bərpası üçün konkret addımlar atılır”.

*****

Bu bölgəni təsvir etmək üçün işlədilən “Qarabağ” termini yeni deyil, ancaq müharibədən əvvəl o siyasi leksikonda nadir hallarda istifadə olunurdu. Daha çox dar termin olan “Dağlıq Qarabağ” yayğın idi.

 

 

1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik toqquşmalar və Ermənistanın DQMV-nı öz tərkibinə birləşdirmək tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə çevrildi.

 

Qarşısında sifət olmayan Qarabağ Dağlıq Qarabağın şərqindəki Aşağı Qarabağ adlanan düzənlik ərazini də əhatə edən,  geniş bir coğrafi ərazidir.

 

*****

Azərbaycan prezidenti Dağlıq Qarabağın artıq bir termin kimi işlədilməməsi gərəkdiyini açıqlamasından əvvəl bir mətbuat konfransında “status-kvo artıq tamamilə gündəmdən çxarılmalıdır" fikrini ortaya qoydu.

 

Müharibədən əvvəl İlham Əliyev və digər rəsmilər bildirirdilər ki, əgər Ermənistan birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi torpaqları geri qaytararsa, bölgədəki ermənilərə mədəni muxtariyyət verilə bilər. Ancaq müharibə başladıqdan sonra vəziyyət dəyişdi. İlham Əliyev müharibə zamanı çıxışlarında bildirdi: “Biz onlara muxtariyyət təklif etdik, ancaq onlar hər şeyi rədd etdilər”. Döyüşlər Ermənistanın kapitulyasiyası ilə bitdikdən sonra isə o yaddaqalan bir tərzdə ifadə etdi: “Cəhənnəmə getdi status, gora getdi status”.

 

İndi isə nəinki Dağlıq Qarabağda status məsələsi ortadan qalxıb, terminin özü də aradan qalxır. 

 

Tərcümə: Şəfanə İbrahimova