Yuxarıya
skip to main content

İspan jurnalist İkinci Qarabağ müharibəsində gördüklərindən danışdı (Tərcümə)

15.02.2021

İkinci Qarabağ müharibəsi sona çatsa da, nəticələri barədə hələ uzun müddət söz açılacaq. Hadisələrin şahidləri də baş verənlərin təfərrüatları barədə danışmağa davam edirlər.

 

Onlardan biri də Xankəndində və Qarabağın digər şəhərlərində döyüşlərin  qızğın vaxtlarında işləyən ispan jurnalist Pablo Gonzalezdir.

 

Reportyor Donbassda döyüşlər başlayanda da orada olub.

 

Jurnalist “lenta.ru” saytına İkinci Qarabağ müharibəsində gördükləri, başına gələnlər, yaralı həmkarlarını qollarında necə daşıdığı, səlahiyyətlilərin onun üçün hansı şəraiti yaratdığı və s. barədə danışıb.

 

Jurnalist Qarabağdan İspaniyanın “EFE” xəbər agentliyi, bask qəzeti “Gara”, Amerikanın Səsi, bir neçə Polşa nəşri və Latın Amerikası televiziyası üçün materiallar hazırlayıb.

 

Pablo qeyd edib ki, qaynar nöqtədə işləmək onun ilk təcrübəsi deyil. Donbass müharibəsini geridə qoyub və cəbhənin hər iki tərəfində çalışıb. Qarabağda isə üç həftə olub, tək özü  və Qondarma DQR-in Müdafiə Nazirliyinin mətbuat xidmətiylə döyüş yerlərinə gedib:

 

“Bölgə mənə tanışdır. 2013 və 2019-cu illərdə tanınmamış dövlətlər arasında futbol çempionatı zamanı  burada olmuşam. Müharibə barədə Varşavada işgüzar səfərdə olarkən bildim. Elə oldu ki, Qarabağa avadanlıqsız gəldim: güllə keçirməyən jilet, dəbilqə və zəruri geyim dəsti İspaniyada evdə qaldı, onları götürməyə vaxt yox idi”.

 

Müxbir bildirir ki, ona jilet verəcəkləri deyilib, ancaq verilməyib. Buna görə də, bir neçə hücum zamanı qorunmasız işləməyə məcbur olub,  ölümlə üz-üzə də qalıb. Yalnız İspaniyadakı erməni diasporu işə qarışandan sonra ona forma verilib.

 

Jurnalist vurğulayır ki, döyüşlərin başlamasından iki-üç həftə sonra mülki əhalinin təxminən 70 faizi bölgədən uzaqlaşdırılıb. Digər tərəfdən azərbaycanlılar konkret hədəflərə - məsələn, hava hücumundan müdafiə sistemlərinə zərbə vurmağa çalışıblar: 

 

“Şəhər bombalandıqda mülki obyektlərə, o cümlədən otellərə və mülki əhalinin çox olduğu yerlərə toxunmadılar. Prezident sarayına belə atəş etmədilər, baxmayaraq ki, istəsələr bunu etmək çox asan olardı - bina aydın görünür”.

 

Jurnalist qondarma qurumun Müdafiə Nazirliyinin işini də tənqid edib. Bildirib ki, iş üçün çox şeyi təmin etmədilər və jurnalistlərlə çox savadsız şəkildə ünsiyyət  qurdular: “Bizə cəbhə xəttinin yaxınlığında vurulmuş erməni texnikalarını dərc etmək qadağan edildi. Kadrların niyə yayımlanmaması qaranlıq qaldı. Bir dəfə bir dronun qalıqlarını çəkmək üçün hava limanına aparıldılar və orada qışqırmağa başladılar ki, burada heç bir şeyin şəkli çəkilməməlidir. Sonra rəhbərliyə üz tutub dedim ki, doğrudanmı azərbaycanlıların peyk şəkillərini ala bilməyəcəklərini düşünürlər?!”

 

 

Müxbir qeyd edib ki, elan edilən səfərbərlik də lazımi səviyyədə aparılmayıb. Çox şey təsadüfi şəkildə edilib. 

 

Jurnalistin fikrincə, Ermənistanın məğlubiyyəti bir neçə faktorun birləşməsindən qaynaqlandı: “Təşkilati məsələlər zəif həll edildi. Qərar vermək istəyi yox idi. Maddi-texniki təchizat zəif idi və bir çoxlarına cəbhəyə getmək imkanı verilmədi”.

 

Reportyor vurğulayıb ki, Şuşanın müdafiəsi yaxşı təşkil edilməyib: “Şuşa  Xankəndinə hücum ehtimalı açan, Dağlıq Qarabağın açar şəhəridir. Son müharibə zamanı Şuşa uğrunda döyüşlər bir neçə gün davam etdi və Azərbaycanın qələbəsi ilə başa çatdı”.

 

Müxbir müharibənin ortalarında Qarabağı şəxsi səbəblərdən tərk edib. O, yenidən bölgəyə gedib siyasi vəziyyəti nəzərdən keçirmək, əhalinin qayıdışı və cəbhə xəttində vəziyyətin necə olduğunu öyrənmək istəyir.

 

Tərcümə:

Şəfanə İbrahimova