Yuxarıya
skip to main content

Fransanın Qarabağ məsələsində mövqeyi - (ŞƏRHLƏR)

27.11.2020

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev bu qətnamənin adi kağız parçası adlandırıb.

 

Bildirib ki, dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.

 

Vurğulayıb ki, ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparıb və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz.

 

Hikmət Hacıyev bu qətnamənin qəbulunu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addım kimi dəyərləndiririb.

 

Milli Məclis də Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatı qəbul edib.

 

Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib".

 

Eyni zamanda, Milli Məclis Azərbaycan Respublikası hökumətinə Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilməsi,  Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılması və dərindən təhlil edilməsiylə bağlı təkliflərlə bağlı çağırış edib.

 

Bildirilib ki, Fransa haqsızı müdafiə etməkdən əl çəkməli, haqlının yanında olmalıdır: “Azərbaycan xalqı bundan sonra da Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün çirkin əməlləri dəf etməyə qadirdir”.

 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib: “Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb”.

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim edilib.

 

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

 

Fransa hökuməti adından verilən rəsmi açıqlamada isə Senatın qəbul etdiyi qərəzli qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib. 

 

Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.

 

Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Fransa kimi nəhəng bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməli idi.

 

Bəs bütün bunlardan sonra Azərbaycan-Fransamünasibətləri necə qurulmalıdır?

 

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov stm.az-a açıqlamasında bildirib ki,  Fransa Senatının bu qərarının ikitərfli münasibətlərə təsirsiz ötüşməyəcəyi şübhəsizdir:

 

“Azərbaycan Milli Məclisi Fransa Senatın bu qərarı ilə əlaqədar bəyanat qəbul edib. Eyni zamanda, Xarici İşlər Nazirliyinin, Azərbaycanın yüksək vəzifəli dövlət rəsmilərinin də məsələ ilə bağlı mövqeyi ifadə olunub. Fransa Senatının bu qərarının ikitərfli münasibətlər təsirsiz ötüşməyəcəyi şübhəsizdir. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi, belə addımlar atmaqdan çəkinməli, neytral mövqe nümayiş etdirməliydi. Lakin Senatın qərarı Fransanın tərəfsizliyinə Azərbaycan ictimaiyyətində olan şübhələri artırdı. Artıq Fransanın həmsədr kimi qalmasının mümkünlüyü, bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına töhfə vermək imkanları ilə bağlı çox ciddi və əsaslı tərəddüdlər var. Senatın qəbul etdiyi bu qərarın heç bir hüquqi qüvvəsi olmasa belə, sənəddə əksini tapmış demək olar ki, bütün bəndlərin yalnız Ermənistanın mövqeyinə yaxın olması, onu deməyə əsas verir ki, Fransa məsələyə ədalətli yanaşmaq iqtidarında deyil”.

 

Millət vəkili bildirib ki, bu sənəd dolayısıyla həm də Fransanın milii maraqlarına qarşı qəbul olunmuş sənəddir:

 

“Azərbaycan Fransa ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uzun illərdir səmərəli əməkdaşlıq edir. Bizim bir çox istiqamətlərdə xalqlarımızın mənafelərinə xidmət edən birgə layihələrimiz var. Senatın qətnaməsi, eləcə də Ermənistanın 27 sentyabrda həyata keçirdiyi təxribatdan sonrakı dövrdə Fransanın nümayiş etdirdiyi mövqe nəticə etibarilə bizim ortaq maraqlarımıza zərbə vurur. Dolayısı ilə, bu həm də Fransanın öz milli maraqlarına qarşı qəbul olunmuş bir sənəddir. Təəssüf ki, Fransa Senatı ölkənin mövcud geosiyasi, iqtisadi maraqlarını, üzərinə götürdüyü öhdəlikləri düzgün qiymətləndirmədən, beynəlxalq hüuqu, ədaləti nəzərə almadan, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri şərtləri hesablamadan bu cür yanlış qərara imza atıb. Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır, lakin eyni zamanda, öz milli maraqlarını ləyaqətlə müdafiə etməyə qadir bir dövlətdir. Bu baxımdan hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi bəyanatda əksini tapmış çağırışlar Azərbaycan hökuməti tərəfindən mövcud reallıqlar, proseslərin gedişinə uyğun təhlillər əsasında adekvat qiymətləndiriləcək, zəruri addımlar atılacaq”.

 

Deputat Ceyhun Məmmədov hesab edir ki, Azərbaycan bu məsələyə kifayət qədər kəskin münasibətini bildirdi: 

 

“Düşünürəm ki, hazırki dövrdə bizim göstərdiyimiz reaksiyalar yetərlidir. Azərbaycan höküməti öz mövqeyini açıq şəkildə bildirdi. Milli Məclis bəyanat qəbul etdi. İndi biz prosesləri izləməli, gedişatdan asılı olaraq daha sərt mövqe nümayiş etdirə bilərik. Hazırda Azərbaycan hökümətinin atdığı addımlar adekvatdır, bu günə tam cavab verir.  Gedişata uyğun Fransa şirkətlərinin ölkəmizdə fəaliyyəti nəzərdən keçirilə bilər, səfirin məsləhətləşmək üçün geri çağırılması məsələsinə baxıla bilər və s.”

 

Deputat vurğulayır ki, təbliğat işimizi gücləndirməyə daha çox diqqət ayırmalıyıq:

 

“İndiki mərhələdə daha çox Fransa ictimaiyyəti ilə, deputatları ilə iş aparılmalıdır. Bu işdə diaporumuz, səfirliyimiz aktiv şəkildə çalışmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycanla əməkdaşlıq Fransaya daha çox töhfə verə bilər. Ermənistanın nə sərvəti, nə resursu var. İqtisadi baxımdan Fransa üçün rol oynamır. Azərbaycanın isə kifayət qədər potensialı var. Bu gün Bakıda Fransız orta məktəbi, universiteti, müxtəlif sahələr üzrə Fransa şirkətləri fəaliyyət göstərir. Bu ölkəylə müəyyən sferalarda əməkdaşlığımız var. Azərbaycan bu münasibətlərə həmişə həssas yanaşıb, qoruyub. Senatın qərarı hələlik tövsiyə xarakterlidir. Fransa XİN-nin də mövqeyi ortadır. Münasibətləri tam pozmamalıyıq. Razılaşma artıq imzalanıb. Tərəflər öz üzərlərinə öhdəliklərini götürüb. Artıq Rusiya, Türkiyə prosesdə iştirak edir. Fransa Senatının qərarı prosesə heç bir təsir etməyəcək”.

 

Şəfanə İbrahimova/stm.az