Yuxarıya
skip to main content

19 iyuna bir baxış

05.07.2020

Hazırki müasir dünyamızın ən böyük problemlərindən biri də ölkə ərazisində vətəndaşların çox böyük hissəsinin paytaxt və digər böyük şəhərlərə üz tutması, məhz bu şəhərlərdə sakinləşməsi, digər regionlardan kütləvi axın etməsidir. Bu problemin həlli ilə əlaqədar olaraq, dünyanın əksər ölkələrində mütəxəssis-işçi qruplarının fəaliyyət göstərdiyi qurum və mərkəzlər də təsis edilmişdir. Məsələnin aktual olduğu digər dünya dövlətləri kimi ölkəmiz də neçə illərdir belə br çətinliklə üz-üzə qalmışdır. Əvvəlki illərlə müqayisədə bu gün bu məsələdə böhranın dərinləşməsinə əsas təsiredici vasitələrdən biri də “Koronavirus” infeksiyasının artım sürətidir. Statistik göstəricilərə diqqət yetirdikdə məlum olur ki, dünyanın inkişaf etmiş ölkələrində virusun əhatə dairəsi məhz böyük şəhərlər, sıxlıq olan ərazilər üzrə genişlənməkdədir. İqtisadi-sosial məzmunundan kənarlaşmaqla, bioloji və gigiyenik xüsusiyyətləri də əks etdirən paytaxt-region məsələsi artıq ayrı-ayrı dairələr deyil, ali hökumət qurumlarının da əsas müzakirə mövzusuna çevrilmişdir.

 

Belə ki, daim öz maraqlı fikirləri ilə ölkənin ictimai-siyasi mühitində baş verən ən vacib proseslərə həssaslıqla yanaşan Zahid Oruc 19 iyun 2020-ci il tarixində Milli Məclisdə çıxışı zamanı bu problemlə əlaqədar həmişəki kimi maraqlı məqamlara toxunaraq öz fikirlərini qeyd etmişdir: “Bildiyiniz kimi, 200 il əvvəl Bakının əhalisi 5.000 nəfərdən bir qədər çox idi. Üstündən 100 il keçəndən sonra, 17-ci ildə 300.000-ə çatmışdır. İndi isə demoqrafik göstəricimiz 2.300.000, deməli, rəsmi olaraq bildirilir, amma faktiki rəqəm bundan xeyli çoxdur. Halbuki, Bakının ərazisi respublikamızın ümumi sahəsinin 2.5%-ni təşkil etsə də, ölkə əhalisinin 35%-ə yaxını paytaxtda məskunlaşır. 30 ildə bizə qərb və bir qədər “demokratik” dairələrin əliylə ittiham elədiyimiz sovet keçmişində bolşeviklərdən, kommunistlərdən o dövrdə 70 ildə Azərbaycanda kəndlərin sayı 3.800-dən çox artdı. 4 dəfə şəhər və qəsəbələr artdı və bunun nəticəsində respublikamızın hazırki dövlət vəziyyətinə gəlib çatması mümkün oldu. Sovet kəndi ! Bu məhfumun arxasında bizim ata-babalarımızın əli ilə xam torpaqlarda yaradılan abadlıq-quruculuq, maddi nemətlər bolluğu formalaşdı. Sovetlər dövründə biz Ümumi Daxili Məhsulun 40 faizini kənd və kənd rayonlarında istehsal edirdik. İndi isə bu rəqəm 5%-ə yaxındır. İndi biz müstəqilliyimizin dövrün o kəndini formalaşdırmaq vəzifəsi qarşısındayıq. Ötən iclasımızda biz Naxçıvanda iki mühüm yerə şəhər statusu verdik. Bu vacib idi. Lakin düşünürəm ki, biz eyni zamanda, müstəqillik dövrümüzün o kəndlərini də yaratmaq üçün qarşıdakı dövrdə-pandemiyadan çıxdıqdan sonra dövlət-hökumət orqanları tərəfindən yeni proqramların, yeni siyasətin həyata keçirilməsi addımlarını atmalıyıq. Çünki güclü dövlət olmaq üçün bizə abad, canlı, məskunlaşmış, müqəddəsliyi özünə qayıtmış kənd lazımdır və əminəm ki, belə olduğu halda, bizim baş infeksionistimizin arzuladığı o sıxlıq da təbii qaydada aradan qalxacaq”.

 

Həqiqətən də 30 illik müstəqillik dövrümüzdə, Zahid müəllimin də vurğuladığı kimi, kənd və rayonlarda infrasturktur baxımından ciddi yeniliklər görə bilmədik. Əvəzində isə, çox təəssüf ki, 1991-ci ildə kəndlərdə mövcud olan 4.060 kitabxana və 23.1 milyon cəmi nüsxə sayı, 2018-ci ildə müvafiq olaraq 2.526-ya və 16 milyona; 3.303 klub müəssisəsi 1.978-ə, həmçinin tamaşaçı və mühazirə zalları 456.825-dən 256.328-ə qədər azalmışdır. Xüsusən müstəqilliyimizin ilk illərində hakimiyyətin səriştəsizliyindən yaranan xaricə kapital və resurs axını, ardınca Qarabağ müharibəsi və onun nəticəsində əhalinin hər səkkiz nəfərindən birinin qaçqın statusu alması ilə nəinki region, ümumilikdə makroqtisadiyyata ziyanlı təsirlər dəymişdir. Xüsusən də, neft sənayesi və infrastrukturun regionlara nisbətən paytaxtda daha yüksək səviyyədə təşkil olunması burada da vacib əhəmiyyətli amillərdən biridir. Sözsüz ki, öz növbəsində dövlət bu cəhətdən əhəmiyyətli tədbirlər və iqtisadi siyasət həyata keçirir. Hələ ötən əsrin sonları qeyd etdiyimiz fəlakətlərdən sonra siyasi hakimiyyətə Sovetlər dönəmindən yaxşı bələd olduğumuz əməksevər Heydər Əliyev gəlməsə idi, bəlkə də bu gün nəinki kəndlər olmazdı, hətta şəhərlərimiz kəndlərdən də pis vəziyyətdə olardı. Elə bu siyasətin davamı və nəticəsi qismində son 15 il ərzində problemin həlli üçün nəzərdə tutulan və reallaşdırılan 3 böyük "Regionların sosial-iqtisadi inkişaf proqram"larının adını qeyd etmək kifayət edir. Təbii ki bu konsepsiyaların hər birinin yüksək məharətlə gerçəkləşdirilməsinə hər birimiz canlı şahid olmuşuq. Sübut kimi lakonik (yorucu olmaması üçün) təhlili misal göstərə bilərik: Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsulda 3.3, o cümlədən, qeyri-neft sektoru üzrə 2.8, sənaye üzrə 2.6, kənd təsərrüfatı üzrə 1.7 dəfə artım müşahidə olunmuşdur. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1.5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5%-ə, yoxsulluq səviyyəsi isə 5.1%-ə enmişdir.

 

 

Cədvəl. Orta aylıq əmək haqqı və yoxsulluq səviyyəsinin dinamikası (2003-2018-ci illər)

 

Göründüyü kimi, dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Lakin, çox hörmətli Zahid müəllimin də qeyd etdiyi kimi, regionlaşdırma məsələlərində müəyyən problemlər hələ də qalmaqdadır. Problemdən çıxış yolu tapmaq üçünsə, zənnimcə, iqtisadi məsələlər qədər sosial, daha dəqiq desək psixoloji amillərə diqqət yetirilməsi daha münasibdir. 

 

Eləcə də, elmi-nəzəri təhlillər də sübut etmişdir ki, istənilən yer və sahədə istehsal və ya xidmətin məhsuldar həyata keçirilməsi həmin sahədə çalışan işçilərin sərf etdikləri əməklə yanaşı, onların psixoloji əhval-ruhiyyəsindən də asılıdır. Bunun üçün beynəlxalq təcrübəyə diqqət yetirsək görərik ki, hazırda bir sıra İEÖ-lərdə artıq kənd təsərrüfatı adlanan sahə sıradan çıxmaqdadır. Bu ölkələr öz daxili bazarlarının təlabatını ödəmək üçün inkişaf etməkdə olan ölkələrdən məhsul ixrac etməyə üstünlük verirlər. Məsələn, dünyanın 1 nömrəli iqtisadiyyatı kimi qələmə verilən ABŞ-da 2017-ci ildə kənd təsərrüfatı iqtisadiyyata 1.053 trilyon dollar qatqı vermişdir. İlk baxışdan katastrofik görünən bu rəqəm əslində ABŞ ÜDM-nin sadəcə 5.4%-ni təşkil edir. Həmçinin, bu rəqəmin heç də hamısı məhsul istehsalını əks etdirmir. Belə ki, həmin il fermalarda cəmi 132 milyard dollarlıq məhsul istehsal edilmişdir ki, bu da ÜDM-də 1% pay sahibi olmuşdur. Bundan başqa, 1935-ci ildən bəri 6.8 milyondan 2.05 milyona qədər azalan fermalarda hazırda çalışan işçilərin sayı 2.6 milyondur ki, bu da ABŞ işçi qüvvəsinin cəmi 1.3%-ni təşkil edir. Halbuki, 1840-ci ildə bu göstərici 70% səviyyəsində qiymətləndirilirdi. Əksər analitik və şərhçilər bu azalmaları elmi-texniki tərəqqi və texnoloji inkişafla əlaqələndirsələr də, problemin rüşeymində başqa səbəblərlə rastlaşa bilərik. Belə ki, 2017-ci ildə ABŞ iqtisadiyyatı təkcə marixuana ticarətindən 20-23 milyard dollar qazanc əldə etmişdir. Delaver, Alyaska və həm Şimali, həm də Cənubi Dakota da daxil olmaqla doqquz ştatın ÜDM-dən çox gəlir gətirən bu sahədə 250.000 işçi çalışır ki, 2018-ci ildə onların orta əməkhaqqı 52-58 min $ olmuşdur. Həmçinin satışın 87%-nin qara bazarda rallaşdığı bu sahədə istehsal xərcləri 23-35 milyon $-a bərabər olmuş, 2018-ci ildə 10 milyard $ investisiya qoyuluşu qeydə alınmışdır. Qeyd edək ki, 2017-ci ildə ABŞ-da video oyunlar üzrə alqı-satqı 36 milyard $-a bərabər olmuşdur.

 

 

 

Cədvəl. ABŞ-da kənd təsərrüfatı üzrə dinamika (1850-2017-ci illər)

 

Beləliklə, çox hörmətli millət vəkilimizin xüsusi intonasiya ilə qeyd etdiyi “Sovet kəndi” hazırki dünyanın ən güclü iqtisadiyyatının kəndindən dəfələrlə yüksək inkişaf tempinə malik olmuşdur. Buna bariz nümunə kimi, İsmayıllı rayonunda yerləşən, bu gün belə ölkənin ağartı məhsullarına olan təlabatının böyük hisəsini ödəyən kollektiv təsərrüfatın mövcud olduğu İvanovka kəndinin adını misal çəkmək olar.

 

Pünhan Musayev

  Mingəçevir