Yuxarıya
skip to main content

Münhendə söz dueli: qalib hansı tərəf oldu?

18.02.2020

Avropa ədəbiyyatından və tarix dərslərindən duelin bir zamanlar mühüm əhəmiyyət kəsb etdiyini öyrənmişik. Keçmişdə bir insan təhqir edildiyini düşünürdüsə, bu zaman şərəf və ləyaqətini qorumaq üçün qarşı tərəfi duelə çağırırdı. Nəticədə duel “vəhşi Qərb”ə qədər yayılmış, bir çox ölkənin mədəniyyətində iz buraxmışdı. Əsrlər boyu mövcud olmuş duel beynəlxalq idman növü belə, sayılırdı.

Müasir dövrdə beynəlxalq əlaqələrdə silahlı dueldən deyil, söz duelindən istifadə edilir. Əslində, söz dueli daha güclü vasitədir. Bu haqda bir az düşünün. Hər hansı dövlət liderinin sözləri beynəlxalq aləmdə onun ölkəsinin mövqeyini gücləndirə, yaxud əksinə, zəiflədə bilər. Beynəlxalq media orqanları öz növbəsində, dünya liderlərini izləyir, onlardan söz almağa çalışır. Çünki alınacaq hər hansı söz tarixin axarını belə, dəyişməyə qadirdir.

 

Bu gün söz duellərinin keçirildiyi əsas arenalar BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı və sairdir. Dünya liderləri mütəmadi olaraq bu təşkilatların və forumların iclaslarına sanki kiməsə “meydan oxumaq” üçün qatılır. Məsələn, illik Münxen Təhlükəsizlik Konfransı 60 ildir təşkil edilir. Orada beynəlxalq əlaqələrə və təhlükəsizliyə dair çox sayda məsələ müzakirə olunur. Sosial şəbəkələrin informasiya ilə bağlı bütün mümkün sərhədləri aşdığı dövrdə, Münxen Təhlükəsizlik Konfransı demək olar ki, bütün liderlər üçün son dərəcə önəmli meydana çevrilib. Onlar beynəlxalq arenada mövqelərini gücləndirməyə, müəyyən məsələlərdə üstünlük qazanmağa çalışır və bu baxımdan belə arenalar xüsusi əhəmiyyət daşıyır.

 

Bu il fevralın 14-16-da keçirilmiş Münhen Təhlükəsizlik Konfransı postsovet ölkələrinin vətəndaşları üçün xüsusilə önəmli olub. Orada xüsusilə uzun müddətdir davam edən münaqişələr və təhlükəsizlik məsələləri müzakirə edilib. Konfransın ən əlamətdar hadisələrindən biri isə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələr olub. Paneldə iki ölkə liderləri Cənubi Qafqazda 30 ildən çoxdur davam edən münaqişə haqda danışıblar.

 

İki ölkə rəhbərliyi arasında ötən ilədək aparılmış müzakirələr münaqişənin həlli baxımından hec bir nəticə verməyib. Odur ki, liderlər Münxendə problemin nə üçün həll edilmədiyini izah etməyə çalışıblar. Yeri gəlmişkən, moderatorun söz duelini yaxşı idarə etdiyini söyləyə bilərik. O, həm Azərbaycan prezidenti İlham Əliyevə, həm də Ermənistanın baş naziri Nikol Paşinyana faktları istədikləri kimi ortaya qoymaq imkanı yaradıb. Azərbaycan və Ermənistan liderləri ölkələrinin Qarabağ üzərində suverenliyini sübut etmək üçün qədim tarixdən misallar belə, gətiriblər. Lakin Ermənistanın baş naziri dueldə heç bir əsası olmayan, əksi təsdiq olunmuş fikirləri təkrarlamaqdan başqa bir iş görə bilməyib: guya ermənilər Cənubi Qafqazın yerli əhalisi olub, Qarabağ tarixi Ermənistan ərazisidir və s. Əlbəttə ki, Azərbaycan lideri bu iddiaları təkzib edərək, tarixi faktların əslində başqa cür olduğunu söyləyib.

 

Paşinyanın bu regionun tarixilə bağlı əsas mülahizəsi belə olub: 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu öncə Dağlıq Qarabağın Ermənistana verilməsi haqda qərar çıxarıbmış. Onun fikrincə, sonradan bu qərarı Stalin dəyişibmiş. Erməni baş nazir bunu Stalin, Lenin və Atatürk arasında gizli sövdələşmə kimi belə, təqdim edib. Guya məhz bu sövdələşmə nəticəsində Qarabağ Azərbaycana “verilib”.

 

Qeyd edək ki, Paşinyanın bu fikirləri tarixi faktlarla üst-üstə düşmür. Beləliklə, erməni baş nazir sadəcə, tarixi təhrif edir. Yeri gəlmişkən, Bolşevik partiyasının Qafqaz Bürosunun tərkibində azərbaycanlılardan çox ermənilər olub. Onlar ilk öncə Dağlıq Qarabağın Ermənistana verilməsi haqda qərar qəbul etsələr də, 1921-ci il iyulun 5-də qərarı ləğv edilib. Çünki Bolşevik partiyasının Qafqaz Bürosu Qarabağın Ermənistanla deyil, Azərbaycanla daha güclü əlaqələrinin olduğu qənaətinə gəlib. Ustəlik, Büronun Azərbaycanla bağlı qərarında “verilmək” sözündən deyil, “saxlanılmaq” felindən istifadə edilib: “Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələri nəzərə alınaraq, Dağlıq Qarabağ ASSR (Azərbaycan Sovet Sosialist Respublikası) tərkibində saxlanılsın, muxtar vilayətin tərkibində saxlanılan Şuşa şəhəri onun inzibati mərkəzi olsun və bölgəyə geniş vilayət muxtariyyəti verilsin”.

 

Bu, Qarabağın artıq həmin dövrdə Azərbaycanın tərkibində olduğu anlamına gəlir. Demək, büro Qarabağın Ermənistana verilməsinə deyil, Azərbaycanın tərkibində saxlanılmasına qərar verib.

 

Yeri gəlmişkən, Paşinyanın bu fikirlərinə rişxəndlə yanaşan Azərbaycan prezidenti auditoriyada əyləşən şəxsləri sadəcə internetə daxil olaraq, bu faktları yoxlamağa çağırıb.

 

Ermənistanın baş naziri daha sonra beynəlxalq hüquqdan danışmağa başlayıb. Paşinyanın çıxışını izləmiş bir çox ekspert onun beynəlxalq hüquqdan zərrə qədər anlayışının olmadığını rahatlıqla söyləyə bilər. Onun iddiasını diqqətinizə çatdırırıq: “Azərbaycan Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etsəydi, müstəqil dövlət olmazdı. Demək, Azərbaycan da Dağlıq Qarabağın müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşçalıdır”.

 

Paşinyan hesab edir ki, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxmaq hüququ, azərbaycanlıların Sovet İtttifaqından çıxmaq hüququ ilə eynidir. Beynəlxalq hüquqdan anlayışı olmayan baş nazir anlamır ki, Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibində olub və Sovet Konstitusiyasına əsasən, respublikanın tərkibindən çıxmaqla bağlı qərar həm Azərbaycan SSRİ-nin, həm də Sovet İttifaqının Konstitusiyalarına uyğun olmalı idi. Yəni Azərbaycan SSR-in və Sovet İttifaqının qanunverici orqanları Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq müstəqil olması və ya Ermənistana birləşdirilməsi haqda qərarı təsdiq etməli idi. Amma bunların heç biri baş verməyib: bu qərarı nə Azərbaycan SSR, nə də Sovet İttifaqı parlamenti təsdiqləyib.

 

Azərbaycan prezidenti İlham Əliyev Paşinyanın bu söylədiklərinin doğru olmadığını, faktlara söykənmədiyini dəfələrlə dilə gətirib.

 

Ermənistan baş nazirinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrini müzakirə etmək istəyi də uğursuz seçim sayıla bilər. Paşinyanın sözlərinə görə, bu qətnamələrin əsas məğzi atəşkəsin qeyd-şərtsiz və dərhal elan edilməsilə bağlıdır. Halbuki, Azərbaycan liderinin də söylədiyi kimi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində faktiki olaraq erməni hərbi birləşmələrinin hərbi əməliyyatları dayandırması, həmçinin Azərbaycanın işğal altındakı ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına imkan yaradılması tələb olunur.

 

İlham Əliyev çıxışında deyib ki, Paşinyan BMT Təhlükəsizlik Şurası qətnamələrinin mənasını uğursuz şərh edir: “O, BMT Təhlükəsizlik Şurası qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur”.

 

Azərbaycanın dövlət başçısı bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu Ermənistanın qeyri-konstruktiv mövqedən imtina etməsi, real danışıqlara başlaması üçün Yerevana təzyiqi artırmalıdır: “ATƏT-in Minsk qrupunun həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!”.

 

Paşinyan isə bildirib ki, ölkəsi “Dağlıq Qarabağ rəhbərliyi”nin münaqişənin həllilə bağlı danışıqlarda iştirakını istəyir. Erməni baş nazir o qədər uzağa gedib ki, hətta bu təkliflərini “mikroinqilab” belə, adlandırıb. Sanki o, yeni bir şey təklif edirmiş. Əslində, Yerevan “Dağlıq Qarabağ rəhbərliyi”nin danışıqlarda iştirakına 20 ildən çoxdur çalışır. Bakı isə üçtərəfli formatdan imtina edir. Məsələ ondadır ki, münaqişənin danışıqlar formatında əsas tərəflər (Ermənistan və Azərbaycan) və iki maraqlı tərəfi (Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icması) yer alır. Beləliklə, Azərbaycan tərəfi hesab edir ki, Yerevanın Xankəndidə hakimiyyətə gətirdiyi “Dağlıq Qarabağın erməni rəhbərlər”i legitim deyil. Çünki orada aparılmış hərbi əməliyyatlar zamanı regionun azərbaycanlı icması etnik təmizləməyə məruz qalıb.

 

 

Əliyev fikirlərini belə davam etdirib: “Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıb. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80%-dən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”.

 

Bu arada, Paşinyan özü də dərk etmədən, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan hərbi qulluqçularının xidmət apardığını etiraf edib. O, açıq şəkildə deyib ki, oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir. Bununla baş nazir, əslinsə, erməni təbliğatının Qarabağ ermənilərinin “özünümüdafiə ordusu” ilə müdafiə olunduqlarına dair yalanı ifşa edib.

 

Azərbaycan prezidenti moderatorun Dağlıq Qarabağ münaqişəsinin həll yolları haqda sualını belə cavablandırıb: “Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik – ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır”.

 

İlham Əliyevin sözlərinə görə, azərbaycanlılar işğal altındakı ərazilərdə, həmçinin Şuşada etnik təmizləməyə məruz qalıb, üstəlik, ermənilər işğal altındakı ərazilərdə azərbaycanlılara aid bütün mədəni irsi məhv edib: “Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur”.

 

Azərbycan prezidenti Ermənistanın baş nazirinin iddilarına cavab olaraq söyləyib ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır”. O, vurğulayıb ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib : “Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.

 

Beləliklə, söz duelinin Paşinyan üçün yaxşı qurtarmadığını söyləmək olar. Əliyevin dediklərindən sonra o, çox ağır yaralanıb. Ermənistanın baş naziri Azərbaycan prezidentinin faktlara əsaslanan fikirlərinə cavab verə bilməyərək, məğlubiyyətə düçar olub.

 

Erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu 1992-1994-cü illərdə işğal edib. Nəticədə 30 mindən çox insan həyatını itirib. Bu gün Dağlıq Qarabağı müstəqil dövlət və ya Ermənistanın suveren ərazisi kimi tanıyan bir dənə də dövlət və ya beynəlxalq qurum yoxdur. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesisə indiyədək nəticəsiz qalıb.


Robert Horoviç

The Usa Tribune