Yuxarıya
skip to main content

Daşınmaz əmlakın sığortası niyə vacibdir?- Ekspert Rəyi

25.12.2019

2020-ci ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası sahəsində nəzarət tədbirləri artırılacaq.

 

Bunun üçün daşınmaz əmlakla bağlı məlumat bazasının İcbari Sığorta Bürosunun sisteminə inteqrasiyası prosesi gedir. Yanvar ayının 1-dən etibarən hansı daşınmaz əmlakın sığorta olunduğu, hansı əmlakın sığorta olunmadığına sistem vasitəsilə nəzarət etmək mümkün olacaq.

 

"İcbari sığortalar haqqında" Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. 

 

Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

 

Yanğın; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. sığorta hadisəsi hesab olunur.

 

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

 

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.

 

"İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.

 

Daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - Şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur.

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş,eləcə də , tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

 

 

Əmlak məsələləri üzrə eksperti Elnur Fərzəliyev hesab edir ki, daşınmaz əmlakın icbari sığortası sahəsində nəzarəti zəruri edən məqamlar var:

 

“Hər hansı təbii  fəlakət halı baş verən zaman dəymiş zərərlər həmin əmlakların  sığortası olmadığına görə dövlət büdcəsi tərəfindən ödənilirdi.  Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ hadisələri, Bakıda bir neçə ticarət mərkəzində yanğınlardan sonra vətəndaşların kütləvi dövlətdən kompensasiya tələbi sığortanın aktuallığını ortaya qoymuş oldu”.

 

Ekspert bildirir ki. daşınmaz əmlakın icbari sığortasına mane olan cəhətlərdən biri çıxarışsız mənzillərdir:

 

“Əksər yaşayış binalarında və fərdi həyət evlərində çıxarış yoxdur. Çıxarışı olmayan mənzillər sığorta şirkətləri tərəfindən sığortalanmır. Cənab Prezidentin son tapşırıqlarından sonra artıq bu ilin əvvəlindən başlayaraq 300-ə qədər çoxmənzilli yaşayış binaları qeydiyyatdan keçərək cıxarışlarla təmin olunub. Bu prosesin sürətlənməsi həmin binalardakı mənzillərin də sığortalanacağından xəbər verir”.

 

Əmlakın elektron qeydiyyat forması yekunlaşdıqdan sonra sənədli evlərdə də avtomobillərdəki kimi sığortası olmayanın cərimələnməsi prosesi avtomatikləşəcək. Yəni, İnzibati Xətalar Məcəlləsinə əsasən sığorta etməyən fiziki şəxslər 30 manat miqdarında cərimələnəcəklər və bu proses hər 20 gündən bir sığorta olunana qədər davam edə bilər.

 

Elnur Fərzəliyev düşünür ki, bu halda cərimə məbləği olduqca çox ola bilər:

 

“Elə mənzillər var ki, onların sahibləri bölgələrdə və ya Azərbaycandan kənarda yaşayırlar. Məlumatları yoxdur. Təklif edərdim ki, bu mənzil sahiblərini 20 gündən bir cərimələməkdənsə, vətəndaşın evi sığortaılansın, sığorta haqqının müəyyən müddət ərzində bank hesabına ödənilməsiylə bağlı onlara məktub göndərilsin. Məbləğ nə vaxxt ödənilsə, o vaxtdan sığorta tətbiq olunsun”.

 

Ekspert vurğulayır ki əmlak sahiblərinin məlumatlandırılmasına ehtiyac var:

 

“Bütün çıxarışlı mənzillər barədə Əmlak Məsəslələri Dövlət Komitəsində məlumatlar var. Onlara məktubla, zənglə və ya mesajla xəbərdarlıq edilə bilər”.

 

Bakı şəhərində icbari sığorta ödənişi maksimum 25 min manatdır.  Ekspert bildirir ki, evin qiyməti bahadırsa, qalan məbləğ könüllü sığortalana bilər: “Əlavə sığorta paketləri var. Vətəndaş könüllü sığortadan istifadə edə bilər.  Bu zaman sığorta ekspertləri evin bazar dəyərini, əşyalarını qiymətləndirir, hər hansı hadisə baş verərsə, qiymətləndirilmiş məbləğ sığorta şirkəti tərəfindən ödənilir. Seçim vətəndaşın özünə buraxılır”.

 

Elnur Fərzəliyev sığorta sahəsinin inkişafının önəminə diqqət çəkir: “Bu gün çox ciddi şəkildə artan, böyük bir yaşayış fondumuz var. Hər hansı təbii fəlakət, yaxud fors-major halları baş verərsə, artıq mənzilləri sığortalanmış vətəndaşların kompensasiyasını  dövlət qurumları deyil, sığorta şirkətləri qarşılayacaq. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, dəymiş zərəri qiymətləndirən zaman vətəndaş sığorta şirkətinin hesabatı ilə razılaşmadıqda, hər hansı mütəxəssisə müraciət edib dəymiş zərəri hesablatdıra bilər”.

 

Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən  müşavirədə də daşınmaz əmlakın sığortalanmasının zəruri olduğunu vurğulayıb:

 

“Yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir?”

 

Şəfanə İbahimova

    stm.az