Yuxarıya
skip to main content

Uzunmüddətli (“Longitudinal study”) sosioloji tədqiqatlarla bağlı maraqlı faktlar

07.12.2019

Maraqlı uzunmüddətli tədqiqatlara bütün dünyada rast gəlmək olar. Onlar ümumi konsepsiya, iştirakçıların sayı və tərkibi, tədqiqatın keçirilməsinin miqyası ilə fərqlənir, lakin hamısı müxtəlif amillərdən asılı olaraq iştirakçıların həyat trayektoriyalarının necə dəyişdiyini başa düşməyə yönəlmişdir.

 

 

Ən uzunmüddətli sosioloji tədqiqatlardan biri – Wisconsin Longitudional Study” (WLS) – 1957-ci ildən başlayıb və bu günə qədər davam edir. Layihənin ilkin məqsədi Medison Universitetinin məzunlarının gələcəyi ilə bağlı planlarını öyrənmək idi. Lakin sonradan araşdırmanın əsas predmeti karyera, sağlamlıq, qocalma və s. mövzular da daxil olmaqla həyat münasibətlərinin və trayektoriyalarının öyrənməsi oldu. Hazırda "WLS" layihəsi boşanmış kişilərin və dul qadınların, həmçinin onların övladlarının taleyini izləməyə davam edir. Bu tədqiqatın nəticələrinə əsasən 400-ə yaxın kitab və məqalə yazılıb.

 

Ən genişmiqyaslı və uzunmüddətli tədqiqat Yeni Zelandiyanın universitetlərinin məzunları arasında keçirilmiş “The Graduate Longitudional Study New Zealand” (GLSNZ) olmuşdur. Burada sonuncu kursda təhsil alan 8600 tələbə iştirak edib. GLSNZ-in əsas məqsədi Yeni Zelandiyanın məzunlarının uğurlarını təyin edən amilləri müəyyən etmək olmuşdur. Tədqiqatla bağlı olaraq sorğular 2011, 2013 və 2016-cı illərdə keçirilib. Növbəti sorğu 2021-ci ildə baş tutacaq.

 

 

Təhsil sahəsində ən geniş yayılmış uzunmüddətli tədqiqata Böyük Britaniyanın tələbələrinin təhsil səviyyəsi ilə sonrakı karyerası arasında əlaqəni öyrənən “Futuretrack”-i aid etmək olar. Bu araşdırma 2008-ci ildə başlanıb və burada 130 minə yaxın respondent iştirak edib.

 

 

Britaniyanın ev təsərrüfatını öyrənən “Understanding Society” (Cəmiyyəti anlamaq) uzunmüddətli sosial tədqiqatı dünyada ən böyük layihələrdən biridir. Bu layihə Britaniyanın 40 min ev təsərrüfatında insanların sosial-iqtisadi vəziyyətini öyrənmək və ümumi olaraq 100 min nəfəri əhatə etmək məqsədi daşıyır. Bu layihə həm də dünyanın ən bahalı sosial araşdırmalarından biridir (Böyük Britaniyanın ən bahalı tədqiqatıdır), 2015-ci ilə qədər hesablanmış büdcəsi demək olar ki, 49 milyon funt sterlinq olmuşdur. Tədqiqata 2009-cu ildə start verilmişdir və beş mərhələdən ibarətdir.

 

Yalnız tibb bacılarının iştirak etdiyi ən kütləvi layihə - “Nurses’s health study” (Tibb bacılarının sağlamlıq araşdırması) – ABŞ-ın Harvard Universiteti tərəfindən başlanılmış və 1976-1989-cu illərdə keçirilmişdir. Ümumi seçmə 238.000 təşkil edib. 

 

Ən çoxmillətli və uzunmüddətli tədqiqatlardan biri - “The Children of İmmigrants Longitudional Study”-yə – (Mühacirlərin uşaqlarının uzunmüddətli tədqiqatı) (ABŞ) 77 millətin uşaqları cəlb olunub. Bu uşaqların ən azı birinin valideyninin Amerika vətəndaşı olması əsas tələb idi.  

 

Dünyada ailələr ilə bağlı uzunmüddətli araşdırması “Panel Study of İncome Dynamics” (Gəlir dinamikasının panel araşdırması) Miçiqan Universitetinin (ABŞ) mütəxəssisləri tərəfindən həyata keçirilib. 1968-ci ildən 2011-ci ilə qədər davam edən tədqiqatın ilk mərhələsində 5 min ailədən təxminən 18 min nəfər iştirak edib. Bu tədqiqatı çoxmərhələli tədqiqat da adlandırmaq olar. Çünki bu araşdırma 1968-ci ildən 2011-ci ilə qədər 37 mərhələdə keçirilib.

 

 

Ölkələrin iştirak sayına görə ən böyük tədqiqat “Luxembourg İncome Study” (Lüksemburq gəlir araşdırması) qeyri-kommersiya layihəsidir. 1983-cü ildə başlanan layihənin adı tədqiqatların mənzil qərargahının yerləşməsinə görə seçilib. 2006-cı ilə qədər 4 qitədə yerləşən 30 ölkə üzrə 30 illik dinamika üzrə mikroiqtisadi məlumatları toplamaq mümkün olub.

 

Ən çox sayda elmi nəşrlərin yer aldığı araşdırmaya “National Child Development Study” (Milli Uşaq İnkişafı Tədqiqatı) (Böyük Britaniya) uzunmüddətli sosial-tibbi tədqiqatını aid etmək olar. 1958-ci anadan olan uşaqları əhatə edən tədqiqatla bağlı olaraq 1700-dən çox məqalə dərc olunub. 1965-ci ildən 2008-ci ilə qədər davam edən araşdırma fərdlərin sosial-iqtisadi vəziyyəti ilə sağlamlıqları arasındakı əlaqəni aydınlaşdırmaq məqsədi daşıyırdı.

 

 

 Qonşu Rusiyada isə ən böyük uzunmüddətli tədqiqat layihəsinə Ümumittifaq, daha sonra 1983-cü ildən 1999-cu ilədək eston professor M.X. Titmanın rəhbərliyi altında davam edən “Nəsillərin yolları” beynəlxalq tədqiqatı aid etmək olar. Qeyd olunan tədqiqat, Rusiya, Belorusiya və Latviyanın şəhərlərində keçirilmiş və fərdlərin sovet, daha sonra isə postsovet cəmiyyətindəki həyat yollarını öyrənməyə yönəlmişdir.    


 

Mətni hazırladı:

Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi

                 İlyas Hüseynov