Ulu Öndər tarix yaradan və ona töhfə verən Lider kimi bütün dünyada xatırlanır
Tarix hər zaman liderlər yetişdirir. Hansı xalqların ki, dünyadakı prosesləri anlayan bilən lideri var, o xalqlar hər zaman xoşbəxt olur, həmçinin imperialist hücumlara qarşı milli müqaviməti yarada bilirlər. Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının yox, bütün Türk dünyasının Lideri kimi hər zaman xatirələrdə yaşayacaq siyasi xadimdir. Azərbaycan onun sayəsində müstəqilliyini möhkəmləndirdi, bu gün isə dövlətçiliyimiz məhz Ulu Öndərin siyasi irsinin yolu ilə inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin idealları təkcə dövlətçilik deyil, xalqın varlıq və inkişaf fəlsəfəsidir. Azərbaycan xalqı onun ölkəmizə qazandırdığı töhfələri heç bir zaman unutmayacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlmasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov məqaləsində qeyd edib.
“Milli kimliyimizə qarşı yönələn təxribatların qarşısı 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi ilə alındı. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. 1969-1982-ci illərdə respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı istehsalı isə 2,3 dəfə artdı. 250-dək yeni iri sənaye müəssisəsi yara¬dıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin illərdə 800 mindən çox yeni iş yerləri açıldı, ölkə əhalisinin sosial rifahı qat-qat yüksəldi.
Ulu Öndər Heydər Əliyevin başçılığı ilə 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olub. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən dahi lider Heydər Əliyev üçün xüsusilə böyük əhəmiyyətli məsələ idi”,-deyə T.İsmayılov vurğulayıb.
Bildirilib ki, onun gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bütün bunlar da son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradırdı. Həmçinin azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.
Politoloqun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə onun Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyəti qeyd olunmalıdır. Belə ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Həmin gərgin dövrdə belə bir addımın atılmağı bütün Türk dünyası üçün mühüm stimul oldu. Məhz Ulu Öndərin səyləri nəticəsində Azərbaycan dili sovet assimilyasiyasından qorundu.
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı. Üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Həmçinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı. İlk dəfə olaraq sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı. Ulu Öndər Heydər Əliyev adı tarixin ən şanlı səhifələrində yer aldı. Azərbaycanın gələcək dövlətçilik inkişafına Naxçıvan modeli daxil edildi.
Ekspert diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev iştirak etdiyi tədbirlərdən birində Azərbaycanda Ali Hərbi Məktəbin, Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik məktəblərinin, Hərbi Akademiyanın, müxtəlif təkmilləşdirmə kurslarının mövcudluğunu və onların milli hərbi kadrlar hazırlığı istiqamətindəki fəaliyyətini məmnunluqla qeyd edirdi. Ulu Öndər deyirdi ki, artıq formalaşmış olan hərbi təhsil sistemi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün yeni zabitlər, müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayacaq. Bu da Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafına kömək edəcək.
Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə əsası qoyulmuş Cəmşid Naxçıvanski adına xüsusi internat məktəbi 1997-ci ildə Ulu Öndərin Sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Dahi lider atəşkəs dövründə dəfələrlə liseydə olmuş, orada hərbi təhsilin gedişi ilə maraqlanmışdı. Ümummilli Lider 2003-cü ilin aprelində liseyin təşkilinin 30 illiyinə həsr edilmiş təntənəli mərasimdə də iştirak etdi. Bu tipli tədris ocağının milli kadrların hazırlanması sahəsindəki əhəmiyyəti nəzərə alındığı üçün Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı təşkil edildi. 2004-cü ildə isə bu liseyin bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı.
T.İsmayılov əlavə edib ki, Ulu Öndər respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi: “Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunubdur. Siyasi plüralizm hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır”.
Ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsinə, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sırasında Azərbaycan Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı əhəmiyyətli yer tutur. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Müstəqil Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun özünün inkişaf yolunu seçib.
Ölkəmizdə ölüm hökmünün ləğvi və bir sıra vacib qərarlar dünya üçün örnək rol oynadı.
Xoşbəxt xalqıq ki, bizim Ulu Öndərimiz Heydər Əliyev olub və onun siyasi irsi layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır