Yuxarıya
skip to main content

İsveçrənin inflyasiya möcüzəsi

06.10.2022

Post-pandemiya dönəmində artan ərzaq və enerji qiymətlərindən yaranan inflyasiya Rusiyanın Ukraynaya müdaxiləsi ilə daha da kəskinləşməyə başladı. Hazırda qlobal iqtisadiyyat üzləşdiyi şoklar fonunda təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, həm də inkişaf etmiş ölkələrdə də tarixi problemlərə şahidlik edir. Son bir neçə dekadanın zirvəsinə yüksələn inflyasiya təzyiqlərinin səbəbləri qismində tədarük darboğazları, əmək bazarlarında problemlər, iqtisadiyyatların yenidən normallaşmasından sonra güclü istehlak tələbi, Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji və əmtəə qiymətlərinin kəskin artması kimi nüanslar daha çox önə çıxır. Bununla belə, mövcud durum özünü müxtəlif regionlarda fərqli-fərqli formalarda biruzə verir. Məsələn, son 2 ay ərzində inflyasiya ABŞ-da gerilədiyi halda, Avropada yüksəlməyə davam edir. Regionlar arası bu fərq ABŞ-ın Avropaya nisbətən müharibə zonasından daha uzaq olması ilə əlaqələndirilir.

Lakin, ayrı-ayrılıqda ölkələr üzrə təhlil apardıqda fərqli müşahidələrlə qarşılaşmış oluruq. Məsələn, statistikaya görə hazırda ABŞ-da illik istehlak inflyasiyası 8%-dən bir qədər yüksəkdir. İsveç və Almaniyada bu göstərici 10%, Kanadada 7% olduğu halda İsveçrədə rəqəm digər ölkələrdəki səviyyənin yarıya qədəridir. Belə ki, ayın əvvəli açıqlanan statistikaya görə, ölkədə illik istehlak qiymətləri ötən ilin sentyabrına nisbətən 3.3% artıb. Ötən ay isə bu səviyyə 3.5% idi. Maraqlı məqam ondan ibarətdir ki, müharibə zonasına Fransadan yaxın olan bu ölkədə inflyasiya Fransadakı səviyyədən azı 2 bənd aşağıdır.

 

Bəzi inkişaf etmiş regionlar və İsveçrənin inflyasiya göstəriciləri.

Öz təbiəti və rifah səviyyəsi ilə “möcüzəvi” brendə sahib olan İsveçrənin bəs bu sahədə spesifikliyi nədən ibarətdir?

Birincisi, hazırda dünya bazarında ən çox bahalanan enerjinin isveçrəlilərin istehlak səbətində tutumu olduqca azdır – 5%.

İkincisi, İsveçrənin elektrik enerjisinin 99%-i bərpa olunan mənbələr və ya aşağı karbon emissiyası texnologiyaları, o cümlədən nüvə enerjisi sayəsində istehsal olunur və onun qiymətinə qalıq yanacaq qiymətləri daha az təsir edir. Göllər, çaylar və dağlıq relyefi sayəsində ölkənin enerji istehsalının təxminən 57%-ni məhz hidroenerji təşkil edir.

Üçüncüsü, son qiymət müəyyən edilərkən, bir çox hallarda əsas norma kimi xammal və məhsulların qiyməti deyil, cəlb olunan əmək nəzərə alınır. Məsələn, çörəyin qiyməti unun yox, əməkhaqqının artımından daha çox təsirlənir. Ölkədə əməkhaqqı olduqca yüksək olduğundan artım qiymətlərə elə də çox təzahür etmir.

Dördüncüsü, İsveçrədə icarə haqları indeksləşdirilmir ki, bu da inflyasiya sarıdan olduqca mühim məqamdır.

Beşincisi, Almaniya ilə sərhəddin digər tayında ucuz alman qiymətləri ilə sifariş edənlər ən çox İsveçrənin "yüksək qiymət adası" olmasından bezmiş istehlakçı qruplarıdır. Cüzi haqq tələb edən “çatdırılma ünvanı” firmalarından ibarət kottec sənayesinin yaranması da bu baxımdan olduqca önəmli təsirə malik olmuşdur.

Bundan başqa, İsveçrədə tətbiq olunan mexanizmlərə görə, idxal malları daha yüksək inflyasiya olan ölkələrdən gəlsə belə, daxili bazarda bu bir o qədər də hiss olunmur. Xaricdən məhsulların idxalı yalnız o halda nəzərdə tutulur ki, onlar yerli istehsalçılar üçün birbaşa rəqabət təşkil etməsin. Ölkə əsasən yerli istehsala daha çox önəm verməkdədir.

Bununla belə, hər nə qədər aşağı səviyyədə hərəkət etsə də, istehlak qiymətləri indeksinə inflyasiya göstəricisi kimi baxmaq bütün mənzərəni birmənalı ifadə etmir. Belə ki, inflyasiya (həmçinin, pul kütləsinin şişməsi) iqtisadiyyatın müxtəlif sahələrində özünü müxtəlif formalarda göstərir. Bu mənada qiymət artımları daşınmaz əmlak və birjada satılan qiymətli kağızların qiymətlərinin artması ilə alıcılıq qabiliyyətinin itirilməsinin bir təzahürüdür. Çünki pul iqtisadiyyatın müxtəlif sektorlarına fərqli şəkildə yayılır. Nümunə üçün qeyd edə bilərik ki, İsveçrədə 2010-cu ildən bəri pul bazası 8.7 dəfə, real iqtisadiyyat 20%, birjadakı səhm bazarı isə iki dəfə genişlənib. Bu isə onu göstərir ki, ölkədə pul real iqtisadiyyata daxil olmaqdan çox, maliyyə bazarlarında qalaraq aktivlərin qiymətində artıma səbəb olmuşdur. Hazırda ölkənin pensiya sistemi 1.3 trilyon frank tutuma malikdir ki, son illər tətbiq olunan mənfi faiz dərəcələri istiqraz bazarını mənfi əraziyə salmaqla, pensiya fondlarının gəlirlərini 50 milyard frank azaltmışdır.

Dünya Bankının 2021-ci ilin yekunlarına dair statistikasına görə, İsveçrə təqribən 800 milyard dollarlıq ÜDM ilə dünyanın 20-ci ən böyük iqtisadiyyatı olmuşdur. İlin ikinci rübünün nəticələrinə görə, ölkədə real iqtisadi artım 0.3% qeydə alınmışdır. Hazırda ölkə işsizliyin 2% səviyyəsi ilə dünya sıralamasında ən qabaqcıl yerlərdən birini tutmaqdadır.

Pünhan Musayev
İqtisadçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı