Sosial Tədqiqatlar Mərkəzində “Tədqiqat metodları” kitabının təqdimatı keçirilib

16.01.2026

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə tədqiqatçı və müəllif İnqilab Şahbazovun “Tədqiqat metodları” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında baş tutub. Təqdimatda elmi ictimaiyyətin nümayəndələri, tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllimləri, gənc alimlər və media təmsilçiləri iştirak ediblər.

Çıxışlar zamanı kitabın sosial elmlər və biznes araşdırmaları sahəsində metodoloji boşluqların doldurulmasında mühüm vəsait olduğu vurğulanıb. Bildirilib ki, nəşr həm akademik tədqiqatlarla məşğul olanlar, həm də praktik araşdırma aparan mütəxəssislər üçün faydalı mənbədir.

Müəllif İnqilab Şahbazov kitabın yazılma məqsədi, strukturu və tətbiq imkanları barədə məlumat verərək, nəşrin tədqiqat prosesində düzgün metod seçiminə dəstək verdiyini qeyd edib. Təqdimat çərçivəsində iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Tədqiqat metodları” kitabı müasir elmi yanaşmalara əsaslanaraq hazırlanıb və yenilənmiş nəşr kimi oxuculara təqdim olunub.