Professor: Dilə münasibət yalnız mənəvi yanaşma ilə qoruna bilməz

03.12.2025

Milli kimliyimizi qorumaq üçün əvvəlcə ana dilimizə münasibətimizi düzgün qurmalıyıq. Ana dilinə münasibət iki aspektdə özünü göstərir. Birincisi, sosial funksiyalar, ikincisi isə siyasi funksiyalardır.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev Sosial Tədqiqatlar Mərkəzində Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib. O bildirib ki, sosial funksiyalarla bağlı müxtəlif fikirlər mövcuddur. Azərbaycan kontekstində ana dilinin təxminən 8 əsas funksiyası seçilib. Bu funksiyaların hər birinin arxasında ya qanunvericilik, ya da Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış prinsiplər dayanır.

"Dilə münasibət yalnız mənəvi yanaşma ilə qoruna bilməz. Ana dilimizin qorunması və inkişafı üçün həm də qanunçuluq və hüquqi bazanın mövcudluğu vacibdir. Azərbaycan Respublikasının qanunları və Prezident İlham Əliyevin dilimizin qorunması və inkişafına dair qəbul etdiyi müxtəlif proqramlar bu hüquqi baza və Konstitusiya prinsiplərinə xidmət edən əsas amillərdir", - deyə İ.Vəliyev vurğulayıb.