Sosial Tədqiqatlar Mərkəzində “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi çərçivəsində videoçarxın nümayişi keçirilib

03.11.2025

Sosial Tədqiqatlar Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanmış “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi çərçivəsində videoçarxın nümayişi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı (Rəhimova) çıxış edərək layihənin məqsədləri, sosial və humanitar əhəmiyyəti barədə məlumat verib. Layihənin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov layihənin ideya istiqamətləri və hazırlanma prosesi barədə təqdimatla çıxış edib.  Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev çıxış edərək, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Orucun adından tədbir iştirakçılarını salamlayıb və deportasiyanın tariximizdə yaratdığı faciələr haqqında geniş məlumat verib. 


Tədbir zamanı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanmış, rejissor və operator Rahim Sadıqbəyli tərəfindən çəkilmiş videoçarx nümayiş etdirilib. Videoçarxda fiziki məhdudiyyətləri olan qaçqın qadınların həyat hekayələri, onların üzləşdiyi çətinliklər, həyat mübarizəsi və cəmiyyətə inteqrasiya səyləri əks olunub.


Videoçarxın nümayişindən sonra keçirilən müzakirələrdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli, Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov, DOST Agentliyinin nümayəndəsi Şahin Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüləri Nurəddin Mehdiyev, Zaur İbrahimli, “Dədə Ələsgər Ocağı” QHT-nin sədri Xətai Ələsgərli, hüquqşünas Əliməmməd Nuriyev,   "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, əslən Qərbi Azərbaycanın Zəngibasar mahalından olub hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan Heyran Abbasova, Finlandiyada yaşayan Arzu xanım və digər natiqlər çıxış ediblər.


Çıxış edən natiqlər layihənin ictimai, mənəvi və elmi əhəmiyyətini vurğulayaraq, bu kimi təşəbbüslərin Qərbi Azərbaycan həqiqətlərinin və əlilliyi olan qadınların səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd ediblər.


Tədbirin sonunda layihənin eksperti Səidə Qurbanova tərəfindən beynəlxalq təşkilatlara və diplomatik korpus nümayəndələrinə müraciət edilərək “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Bəyanatı səsləndirilib. Bəyanatda layihənin məqsədləri, qadınların hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və Qərbi Azərbaycan qaçqınlarının tarixi həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyi vurğulanıb.


Tədbir iştirakçılara təşəkkür bildirilməsi və xatirə fotosessiyası ilə yekunlaşıb.