STM-in sektor müdiri İlyas Hüseynov Minsk şəhərində keçirilən beynəlxalq konfransda çıxış edib

03.11.2025

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Minsk şəhərində 2 beynəlxalq konfransda iştirak edib. Oktyabrın 27-də Belarus Xarici İşlər Nazirliyinin iclas zalında Belarus Strateji Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə “Çoxqütblü arxitekturada Avrasiya məkanının inkişafı” mövzusunda beynəlxalq konfransda STM-in sektor müdiri İlyas Hüseynov “Cənubi Qafqazda sülh prosesi və yeni əməkdaşlıq imkanları” haqqında məruzə edib. 

Oktyabrın 28-də Avrasiya təhlükəsizliyi üzrə III Minsk konfransının açılış mərasimi “Belekspo”da Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun iştirakı ilə baş tutub. Daha sonra yüksək səviyyəli plenar iclasda Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov, Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Choe Son-hui, Myanma İttifaqı Respublikasının Xarici İşlər Naziri Tan Sve, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lintzyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi İmanqali Tasmaqambetov, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay, İranın Xarici İşlər nazirinin müavini Said Xətibzadə, Hindistanın Xarici İşlər nazirinin müavini Sibi Corc, Tacikistanın Xarici İşlər nazirinin müavini Fərrux Şərifzod, İttifaq Dövlətinin dovlət katibi Sergey Qlazev, Müstəqil Dövlətlər Birliyinin baş katibi Nurlan Seytimov, Bosniya və Herseqovina Serb Respublikasının “Müstəqil Sosial Demokratlar İttifaqı” partiyasının lideri Milorad Dodik, Özbəkistan Xarici İşlər Nazirliyinin nəzdində Xarici Siyasət Tədqiqatları və Beynəlxalq Təşəbbüslər Mərkəzinin direktoru Sancar Vəliyev çıxış edib.


Oktyabrın 28-29-da Avrasiya təhlükəsizliyi üzrə III Minsk konfransı müxtəlif tematik sessiyalarla davam edib. Tədbirə Belarus Respublikasının Xarici İşlər naziri Maskim Rıjenkov yekun vurub.


Daha sonra STM-in sektor müdiri İlyas Hüseynov Azərbaycan Respublikasının Belarus Respublikasında səfirliyinin əməkdaşları və Avrasiya təhlükəsizliyi üzrə III Minsk konfransının ölkəmizdən olan iştirakçıları ilə birlikdə qardaş Türkiyənin Cümhuriyyət bayramı münasibətilə təşkil olunmuş mərasimdə iştirak edib.
Tədbir çərçivəsində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Belarus Radiosunun Birinci Milli Kanalında çıxış edib, Belarus Respublikasının Birinci televiziya kanalına və “Belarus bu Gün” qəzetinə müsahibə verib.