Hər bir millətin ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti, milli azadlığının məmzunu onun dövlət rəmzlərində öz əksini tapır. Azərbaycan xalqının milli düşüncəsində də əsrlərə söykənən dövlətçilik tarixinin xatirəsi sayılan, özünü təsdiq simvolu olan Dövlət bayrağı tariximizin ən dəyərli atributları sırasında yer tutur. Xalqımızın milli mövcudluq nişanəsi olan bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib və bu gün də hər bir azərbaycanlı dövlət bayrağına böyük ehtiramla yanaşır.
Bu gün mənəvi dünyası Dövlət bayrağıyla bağlı olan hər bir vətəndaş Azərbaycanın hər bir yerində, o cümlədən işğaldan azad olunan torpaqlarda əzəmətlə dalğalanan üçrəngli bayrağımızla qürur hissi keçirir. Prezident, Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi və müzəffər ordumuzun şücayəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə yazılan qələbə tarixi dövlətin, millətin milli qürur mənbəyi olan bayrağımızın rəmzi mənasına əlavə dəyərlər qatır. Məhz bunun nəticəsidir ki, özünütəsdiq simvolu olan bayraq həm də Qarabağda qələbənin rəmzi olaraq qəbul edilir.