Sosial Tədqiqatlar Mərkəzində Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ADA Universiteti, Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC “Elmin Populyarlaşdırılması Mərkəzi”nin rəhbəri Etibar Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor İsaxan Vəliyev çıxış ediblər.




