Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Sosial və siyasi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Aybəniz Rüstəmova milli prioritetlərin sosial-siyasi kontekstdə aktuallığını vurğulayıb. Aybəniz Rüstəmova çıxışında qeyd edib ki, Azərbaycan 2030-cu ilə doğru irəliləyən dövrdə yeni çağırışlarla üz-üzədir və bu çağırışların adekvat qiymətləndirilməsi, sosial-siyasi idarəetmədə innovativ və çevik mexanizmlərin tətbiqi mühüm zərurətə çevrilib.

Daha sonra Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d. Sevil Bəhmənova Böyük Qayıdış proqramının ölkənin gələcək sosial-siyasi arxitekturasında mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial həyatın bərpası və həmin bölgələrin insan potensialı ilə yenidən canlandırılması baxımından strateji önəm daşıyır.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə ölkənin sosial siyasətində yeni mərhələ ilə bağlı fikirlərini bölüşüb. O, son illər həyata keçirilən sosial islahatları qiymətləndirərək vurğulayıb ki, dövlət siyasətinin humanist və inklüziv xarakteri cəmiyyətin bütün təbəqələrinin rifahına yönəlib.

Daha sonra Sosial və siyasi fənlər kafedrasının dosenti, t.ü.f.d. Pərinaz Sadıqlı, dosenti, t.ü.f.d. Günay Pənah, Aygün İsmayılova və Ümumi fənlər kafedrasının dosenti, t.ü.f.d. Jalə İsmayılova mövzuya uyğun təqdimatlarla çıxışlar ediblər.
Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar elmi yanaşmaları dəyərləndirərək fikir mübadiləsi ediblər.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib.






