“Sosial Tədqiqatlar” jurnalının “2025-ci Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti xüsusi sayı çapdan çıxıb

18.11.2025

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının 10-cu bəndində Sosial Tədqiqatlar Mərkəzinə (STM) “Yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, toplu və əsərlərin, məqalələrin nəşri, kitabların buraxılması” vəzifələrinin icrası həvalə edilib. Bunu nəzərə alaraq Sosial Tədqiqatlar Mərkəzinin (STM) təsis etdiyi “Sosial tədqiqatlar” jurnalının çapdan çıxmış xüsusi sayı “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Bu sayda yerli və xarici müəlliflərin konstitusionalizmin əsas tendensiyaları və istiqamətləri, milli dövlətçilik və konstitusion sabitlik, rəqəmsal dövrdə insan hüquqları, suverenlik və sosial çağırışlar, konstitusiyamızın 30 illik yubileyi, suveren Azərbaycan konstitusiyasında bərabərlik hüququ, rəqəmsal qloballaşma kontekstində dövlət suverenliyi, Azərbaycanın sekulyar mülki qanunvericiliyinə dini hüquq institutlarının inteqrasiya perspektivləri, rəsmi dilin konstitusiyalarda tənzimlənməsi və s. mövzularda 27 məqaləsi əksini tapıb. 

Azərbaycan və ingilis dillərində olmaqla 5 bölmədə oxuculara təqdim edilən məqalələr aktuallığı, məzmun müxtəlifliyi,  əhatəliliyi və təhlil səviyyəsi ilə seçilir.

“2025: Konstitusiya və Suverenlik İli” adlı 1-ci bölmədə 6 məqalə yer alıb. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun “Konstitusiyamızın 30 illik yubileyi: Azərbaycanın dövlət suverenliyinin tam bərpasına gətirən tarixi mərhələyə Zəfərimizin 5 illik zirvəsindən baxış” adlı məqaləsində Azərbaycanda konstitusionalizmin inkişaf tarixinə və suverenliyimizin bərpasına qədər gedilən yola nəzər salınır. Qeyd edilir ki, XX əsrin 90-cı illərində SSRİ-nin süqutu ilə azadlığına qovuşan xalqların qarşısında fərqli idarəçilik formaları və quruluşları var idi. Lakin 70-ci illər Azərbaycanı faktiki müstəqil olduğu üçün onu “sovet mirası” sayıb dağıtdılar və  millətimiz layiq olduğu haqqı  çox gec qazandı. Çarizmin, kommunistlərin dövründə qurulanları yalnız ideoloji rənginə görə məhv etmək olmazdı. 1921, 1925, 1937 və 1978-ci illərin sovet konstitusiyalarının da mütərəqqi ideyaları, güclü hüquqi sistemi və milli dövlətçilik irsi var idi. Lakin meydandan birbaşa hakimiyyətə gələn milli demokratların yeni konstitusiya qəbuluna siyasi və hüquqi iradələri çatmadı. Silahlı döyüşdə məğlub olanlar Qanun yaza bilməzdilər. Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin Dəmir Əli uzun illər sonra Vətən müharibəsində Dəmir İradəyə çevrildi. Ümummilli lider Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. Qələbə Konstitusiyası artıq Zəfərimizin Manifestidir. Onun hər sətrində mübarizə, təntənə və haqqımız var. Ali Baş Komandan göstərdi ki, biz artıq itkilərin varisləri deyilik - Qayıdışın memarlarıyıq. Biz haqqımızı savaşla bərpa etdik. İndi isə onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadənin “Suveren Azərbaycan konstitusiyasında bərabərlik hüququ: milli və beynəlxalq qanunvericiliyin siyasi-hüquqi, gender ekspertizası” adlı  məqaləsində suveren Azərbaycan Respublikası Konstitusiyasının milli və beynəlxalq qanunvericilik normativlərində bərabərlik problemi, bərabərhüquqluluğun siyasi-hüquqi istiqamətləri təhlil edilir. Həmçinin, Azərbaycan Konstitusiyasında bərabərhüquqluluq probleminə aid müddəalar, eləcə də beynəlxalq konvensiyaların ratifikasiyası məsələləri, kişi-qadın qarşılıqlı münasibətlərində gender siyasətinin qanunla tənzimlənməsi, milli qanunvericilikdə milli xüsusiyyətlərin, mədəni amillərin əksinin gender strategiyasına uyğunluğu, dəyişən zaman kontekstində ölkədə gender amilinin də yenilənmələrə uyğun olaraq qanunlarda təsbiti tədqiq edilir.

Məlumdur ki, rəqəmsal qloballaşmanın müasir çağında dövlət suverenliyinin ənənəvi anlayışı köklü dəyişikliklərə məruz qalır. İnformasiya texnologiyalarının, qlobal rabitə şəbəkələrinin, kiberiqtisadiyyatın və süni intellektin sürətli inkişafı Vestfaliya sisteminin prinsiplərinə əsaslanan klassik suverenlik modelini şübhə altına alır. Müasir dünyada milli konstitusiyalar rəqəmsal korporasiyaların transmilli fəaliyyəti, kibertəhlükəsizlik təhdidləri, fərdi məlumatların qorunması və rəqəmsal fərdi hüquqların təminatı ilə bağlı problemlərlə üzləşir. Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin Sosial elmlər fakültəsinin Fəlsəfə və mənəviyyatın əsasları kafedrasının professoru, fəlsəfə elmləri doktoru Nigina Şermuhəmmədovanın “Rəqəmsal qloballaşma kontekstində dövlət suverenliyi: XXI əsrdə konstitusiya prinsiplərinin transformasiyası” adlı məqaləsində  əsas məqsəd rəqəmsal qloballaşma kontekstində konstitusiya prinsiplərinin transformasiyasının fəlsəfi və hüquqi təhlili olmuşdur. O, üç əsas sahəni araşdırır: birincisi, XXI əsrdə “suverenlik” anlayışının mütləq dövlət muxtariyyətindən onun hibrid formalarına doğru təkamülü; ikincisi, konstitusiya əsaslarında dəyişikliklər, o cümlədən qanunun aliliyi, fərdi hüquq və azadlıqlar, rəqəmsal məkanda milli təhlükəsizliyin təmin edilməsi mexanizmləri; üçüncüsü, milli maraqların müdafiəsini beynəlxalq hüquqi öhdəliklərlə birləşdirən yeni “rəqəmsal konstitusionalizm” modelinin formalaşdırılması perspektivləri. Beləliklə, tədqiqat göstərir ki, dövlət suverenliyinin gələcəyi birbaşa onun qlobal rəqəmsal çağırışlara uyğunlaşma qabiliyyəti ilə bağlıdır. Milli konstitusiyalar XXI əsrdə dövlətlərin xüsusiyyətlərini, davamlı inkişafını və beynəlxalq nüfuzunu qorumaq üçün təkcə hüquqi sənədlərə deyil, həm də strateji alətlərə çevrilir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq ideologiyası” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayevanın “Milli prioritetlərin reallaşmasında azərbaycançılıq ideologiyasının rolu” məqaləsində postmüharibə dövründə milli prioritetlərin reallaşmasında azərbaycançılıq ideologiyasının rolu, cəmiyyət həyatındakı yeri tədqiq edilmiş, cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən və mövcud ictimai asayiş qaydalarını tənzimləyən, dəstəkləyən, xalqı birliyə, həmrəyliyə, vətənpərvərliyə səsləyən, milli mədəniyyəti və mentaliteti saxlayan mükəmməl dəyərlər sistemi kimi milli ideologiyalara məxsus hər üç səviyyədə - nəzəri-konseptual, proqram-direktiv və gündəlik - təhlilinə cəhd göstərilmişdir. Eləcə də məqalədə azərbaycançılığın strukturunda qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər xalqımızın təkamül prosesində topladığı ənənəvi biliklərlə yanaşı, dövrün inkişaf və transformasiyalarından irəli gələn məqamları özündə ehtiva edən əlamətlər, xalqımızın siyasi dünyagörüşünün formalaşdırılmasında, insanların siyasi proseslərdəki iştirakının dərk olunmasında, Azərbaycanın modernləşməsi və inkişafında yeri və rolu siyasi-fəlsəfi aspektdən tədqiq edilmişdir.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində ticarət nümayəndəsinin Aparatının baş məsləhətçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Natiq Xəlilovun “Azərbaycanın sekulyar mülki qanunvericiliyinə dini hüquq institutlarının inteqrasiya perspektivləri” məqaləsində Azərbaycanda dinin mülki hüququn formalaşmasında oynadığı mühüm rol təhlil edilir, ölkənin mövcud mülki qanunvericiliyində dini hüquq ənənələrinin təsiri araşdırılır və müasir dövrdə dini hüquq institutlarının mülki qanunvericiliyə inteqrasiya perspektivlərinə dair konkret təkliflər irəli sürülür. Tarix boyu din Azərbaycanda hüququn formalaşmasına mühüm təsir göstərmişdir. VII əsrdən XIX əsrə qədər Azərbaycan hüquq düşüncəsi əsasən islam hüququ prinsipləri əsasında qurulmuşdur.

XIX əsrdən etibarən ölkənin hüquq sistemində sekulyarlaşma meyilləri güclənmiş, SSRİ dövründə isə hüquq tam şəkildə dindən ayrılmış və bu tendensiya müstəqillik dövründə daha da möhkəmlənmişdir. Məqalədə müasir dövrdə dövlət və dinin ayrılığı prinsipinə baxmayaraq, dinin, xüsusilə də islam hüququnun Azərbaycanın vərəsəlik, ailə və mülkiyyət hüququ sahələrinə göstərdiyi təsirlər təhlil olunur. Eyni zamanda, sekulyarizm prinsipinin qorunması şərtilə islam hüququna məxsus bəzi institutların müasir çağırışlara uyğun şəkildə mövcud mülki qanunvericiliyə inteqrasiya perspektivləri araşdırılır. Dinin sosial ədalət, hüquq-mühafizə fəaliyyəti və insan hüquqları sahələrində uzunmüddətli və fundamental təsirinin əhəmiyyəti ön plana çıxarılır.

Ümumilikdə diqqət çəkən məsələlərdən biri də rəsmi dilin konstitusiyalarda tənzimlənməsi ilə bağlıdır. Rəsmi dilin konstitusiyalarda tənzimlənməsi milli kimlik, dövlət idarəçiliyi və vətəndaş hüquqları baxımından xüsusi əhəmiyyətə malikdir. Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Məmmədovun “Rəsmi dilin konstitusiyalarda tənzimlənməsi: müqayisəli təhlil” məqaləsində Azərbaycan və digər dövlətlərin konstitusiyalarında rəsmi dilin hüquqi statusu müqayisəli şəkildə təhlil edilir. İlk növbədə rəsmi dil anlayışına aydınlıq gətirilir, daha sonra müxtəlif dövlətlərin konstitusiyalarında rəsmi dillə bağlı qaydalara nəzər salınır, vahid rəsmi dili təmin edən, həmçinin birdən çox rəsmi dildə olan, regional və azlıq dillərinə hüquqi status verən konstitusiyalar haqqında məlumat verilir. Həmçinin Azərbaycan dilinin dövlət dili kimi tətbiqinin hüquqi çərçivəsi müəyyənləşdirilir. Məqsəd müxtəlif hüquq sistemlərinin rəsmi dilə yanaşma modellərini və bunun azlıqların dil hüquqlarına təsirini araşdırmaqdır.

“Qərbi Azərbaycan: tarixi, maddi-mədəni irsi” adlı 2-ci bölmədə 2 məqalə yer alıb. Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Gülgün Quliyevanın “Qərbi Azərbaycana qayıdış: tarixi ədalətin bərpası və müasir reallıqlar” məqaləsində Qərbi Azərbaycandan – hazırkı Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası və məcburi köçkünlüyünün tarixi-siyasi səbəbləri araşdırılır. Sovet dövründə, xüsusilə 1948–1953 və 1987–1991-ci illərdə həyata keçirilmiş sistemli deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından zorla çıxarılmışdır. Məqalədə bu hadisələr beynəlxalq hüquq baxımından qiymətləndirilir. BMT sənədləri və Avropa İnsan Haqları Konvensiyası kimi hüquqi mexanizmlərə istinad edilərək qayıdış hüququnun legitimliyi əsaslandırılır. Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "Qərbi Azərbaycan İcması"nın fəaliyyəti və 2022-ci ildə qəbul olunmuş "Qayıdış Konsepsiyası" nın əsas müddəaları təhlil edilir. Müasir geosiyasi və humanitar şəraitdə bu məsələnin regional sabitlik, sülh və tarixi ədalətin bərpası baxımından əhəmiyyəti vurğulanır. Məqalədə həmçinin Qərbi Azərbaycana qayıdış probleminin tarixi əsasları, hüquqi çərçivəsi və müasir reallıqlar kontekstində çağırışları araşdırılır, məsələnin həlli üçün potensial yollar təhlil edilir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin “Qərbi Azərbaycanın maddi-mədəni irsi” məqaləsində qeyd edilir ki, maddi-mədəni abidələr və toponimlər hər hansı bir etnosun konkret coğrafi məkanda təşəkkülünü göstərən ən tutarlı sənəddir. Ona görə də ermənilər azərbaycanlıları öz doğma yurdlarından deportasiya etdikcə ilk növbədə yer adlarını dəyişdiriblər. Demək olar ki, son dövrdə maddi-mədəniyyət abidələri ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib. Bu da azərbaycanlıların həmin torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədi güdür. Bu proses XX əsrdə qlobal şəkil alıb və o yerə çatıb ki, bu gün Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpağı olan Qərbi Azəbaycanda son siyahıyaalma və pasportlaşma prosesində bir dənə də olsun müsəlman abidəsi qeydə alınmayıb.

“Fəlsəfi və sosial tədqiqatlar” adlı 3-cü bölmədə 8 məqalə əksini tapıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Azərbaycan fəlsəfə tarixi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın “Abbasqulu Ağa Bakıxanovun “Eyn əl-mizan” traktatı islam bölgəsinin klassik məntiq ənənəsi kontekstində” məqaləsində qeyd edilir ki, böyük Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun universal irsi poeziya, fəlsəfə, tarix, əxlaq, din, astronomiya, məntiq, dilçilik kimi müxtəlif bilik sahələrini özündə ehtiva edir. Bu, onun intellektinin və elmi maraq dairəsinin genişliyinin və çoxcəhətliliyinin parlaq ifadəsidir. Dünyanın unikal bütöv mənzərəsini canlandırdığı bu irsdə onun hər bir əsərinin öz yeri vardır. “Eyn əl-mizan” XIX əsrin birinci yarısında İslam bölgəsində tərtib edilən, bəlkə də, çox az sayda məntiq traktatlarından biri olub dövrün elmi-mədəni mühitində məntiqi xüsusi elm sahəsi kimi öyrənməyin böyük əhəmiyyətinə diqqəti cəlb edirdi. Təqdim edilən məqalə oxucuları traktatın yaranma tarixçəsi, forma və məzmununun özəllikləri, həmçinin mütəfəkkirin biliyin təbiətinə baxışı və məntiqi təhlilin metodları və rolu haqqında məsələlərə münasibəti ilə tanış edir. Müəllif “Eyn əl-mizan” traktatına Abbasqulu ağa Bakıxanovun intellektual axtarışları və nailiyyətləri kontekstində nəzər salaraq, onun İslam bölgəsinin məntiqi fikir tarixində və ənənəsində yerini müəyyənləşdirməyə çalışır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, sosiologiya elmləri doktoru Səadət Məmmədovanın “Alim – elmi fəaliyyətin subyekti kimi” məqaləsində qeyd edilir ki, elmin araşdırılması, onun tarixi əsaslarının öyrənilməsi, əslində, elmi şüurun inkişafı problemi ilk növbədə praktik düşüncəni elmi idrakın süzgəcindən keçirərək yeni anlamda və tərəqqiyönlü təqdim edən insanların – ailmlərin psixologiyasının, düşüncə və təfəkkür tərzinin öyrənilməsini tələb edir. Elmlə məşğul olan deyil, məhz elmi fikri inkişaf etdirən alimin təfəkkür imkanlarının açılması elmin, elmi təfəkkürün yaranma və inkişaf imkanlarının izahını təqdim etməyə imkan verə bilər.

Bakı Dövlət Universitetinin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidovanın “Sosial elmlərdə süni intellektin tətbiqi: imkanlar, çağırışlar və perspektivlər” məqaləsində süni intellektin (Sİ) sosial elmlərə inteqrasiyası araşdırılır, onun ənənəvi tədqiqat metodologiyalarını dəyişdirmək və empirik təhlili təkmilləşdirmək potensialı vurğulanır. Genişmiqyaslı məlumatların emalı, davranış modelləşdirməsi və proqnozlaşdırma imkanlarını təmin etməklə, Sİ sosial tədqiqatlar üçün yeni istiqamətlər təklif edir. Məqalədə vurğulanır ki, Sİ klassik keyfiyyət metodlarını əvəz etməsə də, xüsusilə mürəkkəb və çoxölçülü sosial məsələlərin təhlilində onları tamamlayır. Tədqiqat həmçinin etik mülahizələr, alqoritmik qərəzlilik və institusional tənzimləmə də daxil olmaqla əsas problemləri müəyyən edir. O, şəffaflıq, akademik dürüstlük, ictimaiyyətin iştirakı və insan mərkəzli dizaynı birləşdirən "praktik etika" yanaşmasını müdafiə edir.

Ədəbiyyatın təhlili metodologiyasına əsaslanaraq məqalədə belə nəticəyə gəlinir ki, Sİ səlahiyyətlərinə və etik çərçivələrə sərmayə qoymaq tədqiqatçılar və qurumlar üçün məsuliyyətli istifadəni təmin etmək üçün vacibdir. Beləliklə, süni intellekt təkcə texnoloji alət kimi deyil, həm də sosial elmin inkişafı və qlobal sosial problemlərin həlli üçün strateji resurs kimi mövqe tutur.

Rəqəmsal texnologiyalar Dördüncü Sənaye İnqilabının əsas hərəkətverici qüvvəsi kimi qlobal sosial-iqtisadi quruluşu dərin şəkildə yenidən formalaşdırır. "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində rəqəmsal texnologiyaların sosial işlə inteqrasiyası nəinki kəmərboyu ölkələrdə yoxsulluğun azaldılmasını, sosial idarəetmə və ictimai xidmətlərdə innovasiyaların inkişafını təşviq edir, həm də texnoloji imkanlar vasitəsilə transmilli əməkdaşlıq üçün yeni modellər təqdim edir. Bakı Dövlət Universitetinin Çin Xalq Respublikasından olan doktorantı Qu Hangın “Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində rəqəmsal texnologiyaların sosial işlə inteqrasiyası” məqaləsində ağıllı kənd təsərrüfatı, yoxsulluqla rəqəmsal mübarizə, sosial idarəetmə, mədəni mübadilə kimi ölçülər əsasında, Çin praktikası və qlobal təcrübə nümunələri ilə birləşdirərək "Bir Kəmər, Bir Yol" təşəbbüsündə rəqəmsal texnologiyaların sosial işlə inteqrasiyası təhlil edilir və müvafiq optimallaşdırma strategiyaları təklif edilir.

Azərbaycanda müharibə veteranlarının sosial inklüzivliyinin təmin olunması dövlətin sosial siyasətində prioritet istiqamətlərdən biri kimi qəbul edilir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra qazilər və şəhid ailələrinin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə genişmiqyaslı hüquqi və institusional tədbirlər həyata keçirilmişdir. Dövlət tərəfindən qəbul edilən qanunlar, fərmanlar və sərəncamlar, o cümlədən “Veteranlar haqqında” qanun və “YAŞAT” Fondu kimi mexanizmlər, sosial təminatın gücləndirilməsinə və bu şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bununla yanaşı, rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) və “e-sosial” platforması sosial müdafiənin idarə edilməsində şəffaflığı və operativliyi artırır. Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Şirin Məhəmmədin “Azərbaycanda müharibə veteranlarının sosial inklüzivliyini dəstəkləyən hüquqi çərçivənin təhlili” məqaləsinin də əsas məqsədi müharibə veteranlarının sosial inklüzivliyinin təmin olunmasında hüquqi çərçivənin və institusional bazanın rolunu analiz etməkdən ibarətdir. Bu məqsədlə normativ-hüquqi sənədlərin təhlili, müqayisəli yanaşma və institusional təhlil metodlarından istifadə edilmişdir. Tədqiqat zamanı veteranların sosial hüquqlarının təmin olunmasında qanunvericilik bazasının təkmilləşdirilməsi, Prezident təqaüdünün tətbiqi və “YAŞAT” Fondunun resurslarının effektiv idarə olunması kimi əsas elementlər öyrənilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan modeli dövlət resursları ilə ictimai həmrəyliyi birləşdirərək, sosial inklüzivliyin gücləndirilməsində unikal xüsusiyyətlər nümayiş etdirir. Veteranlara təqaüdlərin proaktiv olaraq elektron sistem vasitəsilə avtomatik təyin edilməsi, sosial xidmətlərin rəqəmsal idarəetmə vasitəsilə göstərilməsi və təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi sosial siyasətin effektivliyini artıran əsas mexanizmlərdir. Nəticədə, bu yanaşma həm sosial ədalətin təmin edilməsinə, həm də dövlət və cəmiyyət arasında qarşılıqlı inamın gücləndirilməsinə xidmət edir. Tədqiqat Azərbaycanın təcrübəsinin digər ölkələr üçün nümunə ola biləcəyini göstərərək, mövzu üzrə yeni araşdırmalara töhfə verir.

Təbii fəlakətlər və fəlakətlərə hazırlıq haqqında məlumat fəlakətə meyilli ərazilərdə yaşayan icmalar üçün vacibdir. Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin İndoneziyadan olan doktorantı Reza Apriantinin “İndoneziyada yeniyetmələr arasında fəlakətlər haqqında məlumatlılığın təmin olunması: zəlzələyə meyilli ərazilərin nümunəsində” adlı araşdırması yeniyetmələr arasında xüsusən də öz bölgələrində tez-tez baş verən zəlzələlərlə bağlı məlumatlılığın necə qurulacağını müəyyən etmək məqsədi daşıyır. Tədqiqat subyektləri Cənubi Sumatra əyalətinin Pagar Alam şəhərindəki orta məktəb və orta peşə məktəbi tələbələri, eləcə də Pagar Alam Şəhər Fəlakət İdarəetmə Agentliyidir. Tədqiqatda case study yanaşması ilə keyfiyyət metodundan istifadə edilmişdir. Məlumatlar müsahibələr və fokus qrup müzakirələri vasitəsilə toplanılıb. Tədqiqat yeniyetmələrin fəlakətlər barədə məlumatlılığının artırılması prosesində ünsiyyət strategiyalarını əhatə edən risk kommunikasiyası nəzəriyyəsindən istifadə etməklə təhlil edilmişdir. Bu araşdırmanın nəticələri sosiallaşmadan, fokus qrup müzakirələrindən, sosial mediadan istifadədən və fəlakət simulyasiyası təlimindən başlayaraq, yeniyetmələrin fəlakətlər haqqında məlumatlılığının artırılması prosesində bir neçə mərhələni müəyyən etmişdir.

Müasir cəmiyyətdə uşaqlara qarşı zorakılıq həm fərdi, həm də ictimai səviyyədə ciddi təsirləri ilə qlobal bir problem olaraq qarşımızda durur. Bu cür zorakılıq uşaqların emosional, fiziki və sosial inkişafını ciddi şəkildə pozmaqla yanaşı, onların gələcək həyatlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bu problemi aradan qaldırmaq və zorakılıq hallarını minimuma endirmək üçün texnologiya və təhsilin birgə səyləri əvəzsiz əhəmiyyət daşıyır. Müasir texnologiyalar, xüsusilə süni intellekt və rəqəmsal təhlükəsizlik vasitələri zorakılığın erkən aşkarlanması və qarşısının alınması üçün yeni və təsirli həll yolları təklif edir. Eyni zamanda, təhsil müəssisələri və ictimai maarifləndirmə tədbirləri həm valideynlərin, həm də cəmiyyətin məsuliyyət hissini gücləndirərək zorakılığın köklərini aradan qaldırmağa kömək edir. Təhsil zorakılığın səbəblərinin dərindən anlaşıldığı və onların qarşısının alındığı bir mühit yaratmaq üçün əsas vasitə rolunu oynayır. Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Ayxan Qəhrəmanovun “Uşaqlara qarşı zorakılığın qarşısının alınmasında texnologiya və təhsilin rolu”  məqaləsində texnologiya ilə təhsilin inteqrasiyasının uşaqlara qarşı zorakılığın qarşısının alınmasındakı potensialı təhlil edilir. Texnoloji yeniliklər və təhsilin təsir gücü bir araya gətirilərək, gələcək nəsillər üçün daha təhlükəsiz və sağlam bir cəmiyyətin qurulmasına necə töhfə verə biləcəyi müzakirə edilir.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Sübhan Padarovun  “Kosmopolitanizmin ideoloji təşəkkülü və formaları” məqaləsində qeyd edilir ki, İ.Kantın bütün dünyaya intişar edən "polis" anlayışından meydana çıxan Qərb kosmopolitanizmi XXI əsrdə qloballaşmanın qarşısıalınmaz təsirlərinə bağlı müxtəlif proseslər nəticəsində daha böyük önəm qazandı. Qloballaşma modern erada kosmopolitanizmə maraq və onun ətrafında akademik debatların yenidən meydana çıxmasını tətikləyən təməl güc idi. Kosmopolitanizm ərazi (territorial) hüdudları aşan sosial, mədəni, siyasi transformasiyalar və təmasların təsirlərini anlama üslubu kimi yenidən ortaya çıxdı. Bu mənada müxtəlif qlobal demokratik institutlar, transmilli ədalət və vətəndaşlığın post-milli formaları kimi anlayışlardan bəhs etmək üçün ona müraciət edilir. Kosmopolitanizmin essensiyası daha geniş insan topluluğuna mənsub olmaq naminə fərdin özünün spesifik territorial, kultural, kommunal və siyasi bağlılıqlarından uzaqlaşması ideyasıdır. Bu da qaçılmaz şəkildə kosmopolitanizm ilə milli dövlətlər, milli identikliklər, bir millətin öz tarixi-mədəni dəyərlərini, etnik irsini müdafiə etmək hüququ arasında gərginliyə, hətta dərin ideoloji parçalanmaya yol açır.

“Milli və beynəlxalq təhlükəsizlik: geosiyasi araşdırmalar” adlı 4-cü bölmədə 7 məqalə yer alır. Bakı Dövlət Universitetinin doktorantı Elgün Tağızadənin “Kiberməkan və rəqəmsallaşma: beynəlxalq münasibətlər və qlobal təhlükəsizlikdə yeni paradiqmalar”  məqaləsində rəqəmsallaşma dövründə kiberməkanın beynəlxalq münasibətlərə təsiri və təhlükəsizlik paradiqmasında yaratdığı dəyişikliklər araşdırılır. Rəqəmsallaşmanın sürətlənməsi dövlətlərə yeni iqtisadi və sosial imkanlar təqdim etməklə yanaşı, kiberhücumlar, informasiya manipulyasiyası və kritik infrastrukturlara qarşı təhdidlər kimi ciddi risklər də meydana gətirir. Tədqiqat keyfiyyət və kəmiyyət metodlarının birləşdirilməsi ilə aparılmış, “Stuxnet”, “Petya”, “WannaCry” kimi kiberhücum nümunələri və “Cambridge Analytica” qalmaqalı kimi hadisələr case-study yanaşması ilə təhlil edilmişdir. Nəticələr göstərir ki, kibermüharibələr dövlətlərarası güc balansını dəyişdirən əsas amillərdən birinə çevrilmiş, beynəlxalq hüququn çevik tənzimləmələrə ehtiyacını aktuallaşdırmışdır. Məqalə həmçinin innovativ texnologiyaların hərbi məqsədlərlə istifadəsini, “Ən zəif halqa” prinsipinin mahiyyətini və rolunu, “Hücumdan müdafiəyə keçid” strategiyasının əhəmiyyətini və NATO, BMT, Aİ kimi təşkilatların təşəbbüslərinin rolunu vurğulayır. Ümumilikdə, kiberməkan XXI əsrin beynəlxalq münasibətlərində strateji prioritet olaraq çıxış edir və qlobal təhlükəsizlik arxitekturasının mərkəzi elementinə çevrilir.

Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Rumıniyadan olan doktorantı Aleksandra-Stefaniya Dinuleskunun “Döyüş meydanından kənarda milli təhlükəzsizlik: Rumıniya və Azərbaycan üçün strateji baxış” məqaləsində qeyd edilir ki, milli təhlükəsizlik ənənəvi hərbi məsələlərdən qat-qat geniş bir anlayışdır. O, iqtisadi güc, enerji müstəqilliyi və diplomatik əlaqələri də əhatə edir. Rumıniya və Azərbaycan kimi dövlətlər üçün strateji təhlükəsizlik ittifaqlar, enerji resursları və regional əməkdaşlıq arasında balans tapmaqdan ibarətdir ki, bu da həm daxili, həm də xarici təhdidlərdən qorunmağa imkan verir. Belarus, Ukrayna və Baltikyanı ölkələr enerji asılılığının təzyiq vasitəsi kimi necə istifadə oluna biləcəyinin və enerji təchizatında tək mənbədən asılılığın hansı riskləri daşıdığının nümunələridir. Bu baxımdan, sərt və yumşaq gücün uyğunlaşdırılmış kombinasiyası olan "ağıllı güc" konsepsiyasına əsaslanan müstəqillik xüsusilə vacibdir. Rumıniya və Azərbaycan üçün milli müdafiə daha az dərəcədə güc tətbiqi ilə, daha çox isə davamlılığın gücləndirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi və strateji beynəlxalq tərəfdaşlıqlar və enerji diplomatiyası vasitəsilə etimadın artırılması ilə bağlıdır. Tez və ya gec, milli təhlükəsizliyin inteqrasiya olunmuş və dinamik bir sistemə çevrilməsi Rumıniya və Azərbaycan üçün qeyri-sabit və proqnozlaşdırılması çətin olan qlobal dünyanın çağırışlarına cavab verə bilmələri baxımından zəruri addımdır.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun "Milli təhlükəsizlik və hərbi-humanitar elmlər" kafedrasının baş müəllimi, milli təhlükəsizlik üzrə fəlsəfə doktoru Zəfər Nəcəfovun “Hərbi münaqişələrin transformasiyasına dair nəzəri-konseptual baxışların inkişafı” məqaləsində hərbi münaqişələrin transformasiyasının nəzəri-konseptual əsasları təhlil edilir. Aparılmış tədqiqat nəticəsində hərbi münaqişələrlə bağlı klassik müəlliflərdən S.Tzu, K.fon Klauzevits və B.Liddel-Hartın baxışları təhlil edilir. Müasir dövrdə müharibələrin məruz qaldığı sürətli transformasiyalar üç qrup hərbi- nəzəri konsepsiyalar məcmusu fonunda araşdırılıb. Klassik müəlliflərdən S.Tzunun strategiyaya dualist yanaşması, K.fon Klauzevitsin klassik müharibə fenomeni, B.Liddel-Hartın “dolayı fəaliyyətlər strategiyası” hərbi zorakılığa və hərb sənətinə olan baxışların radikal dəyişikliyi ilə səciyyələndirilib. Lakin müasir dövrdə hərbi münaqişələrin sürətli transformasiyasının təhlili çərçivəsində E.Toffler, M.van Kreveld və M.Kaldorun tədqiqatlarına mühüm yer verilib. E.Tofflerin “ictimai inkişafın dalğaları”, M.van Kreveldin “qeyri-trinitar münaqişə” və M.Kaldorun “yeni növ mütəşəkkil zorakılıq” ideyaları müasir hərbi münaqişələrin transformasiyasının yeni aktorlar, mübarizə vasitələri və üsullar ətrafında aparılmasına zəmin yaradıb. Tədqiqat zamanı müasir dövrdə cərəyan edən hərbi münaqişələrin transformativ xüsusiyyətlərini öyrənən üç qrup hərbi-nəzəri konsepsiyanın hər birinin ayrılıqda dominant xüsusiyyətlərinin ümumiləşdirilməsinə nail olunub. Müəllif məqalədə hərbi münaqişələrlə bağlı klassik baxışlarla müasir yanaşmalar kontekstində baş vermiş radikal dəyişikliyi aktorların, qaydaların, strukturun, məqsədin və hərbi menecmentin transformasiyası kimi əsaslandırıb.

Azərbaycan Universitetinin müəllimi, Kütahya Dumlupınar Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Samir Hümbətovun “Müasir siyasi proseslərin dinamikası və Azərbaycan xarici siyasətinin bu proseslərə adekvat yanaşması” məqaləsində müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli və kompleks dəyişikliklərin xarakteri təhlil edilir və bu dəyişikliklərin Azərbaycan Respublikasının xarici siyasət strategiyasına necə təsir etdiyi araşdırılır. Qlobal güc mərkəzlərinin yenidən formalaşması, regional münaqişələrin intensivləşməsi, enerji təhlükəsizliyi, beynəlxalq hüququn selektiv tətbiqi və geosiyasi rəqabətin dərinləşməsi fonunda Azərbaycanın xarici siyasətinin adaptasiya imkanları və adekvat reaksiyaları təhlil edilir. Məqalədə Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi strateji təşəbbüslər, diplomatik fəallıq və balanslaşdırılmış xarici siyasət xətti qlobal və regional kontekstlərdə təhlil edilir. Xüsusilə, Azərbaycanın Rusiya, Türkiyə, Avropa İttifaqı, Çin və İranla münasibətləri, həmçinin Qoşulmama Hərəkatındakı rolu çoxvektorlu xarici siyasətin praktik təzahürü kimi dəyərləndirilir. Bundan əlavə, məqalədə nəzəri yanaşmalar çərçivəsində müasir siyasi proseslərin dinamikası "realist", "liberal-institusionalist" və "konstruktivist" perspektivlərdən şərh olunur və Azərbaycanın xarici siyasət doktrinasının bu nəzəri çərçivələrlə necə uzlaşdığı aydınlaşdırılır.

Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı Günay Umarovanın “Qara dəniz regionunda enerji təhalükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” məqaləsində enerji resuslarının nəqli baxımından həm qlobal, həm də regional güclər üçün kritik əhəmiyyətə malik olan Qara dəniz bölgəsində enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan Azərbaycanın enerji diplomatiyası nəzərdən keçirilir. Müəllif bu qənaətə gəlir ki, enerji uzunmüddətli təhlükəsizlik və sabitliyin əsas amilidir. Bölgə ölkələri arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq böyük potensiala və artan müsbət meyillərə malikdir. Xəzər regionu, xüsusilə də zəngin enerji ehtiyatlarına malik Azərbaycan yaranan bir çox enerji problemlərini yumşaltmaq potensialına malikdir. Azərbaycan milli maraqlarına uyğun həyata keçirdiyi praqmatik enerji siyasəti nəticəsində regional və qlobal əhəmiyyətli transmilli layihələrdə mərkəzi oyunçu kimi çıxış edir.

Naxçıvan Dövlət Universitetinin doktorantı Mirəli Seyidovun “Cənubi Qafqazda güc mərkəzi: Azərbaycanın regional və beynəlxalq siyasi rolu” araşdırmasının məqsədi Azərbaycanın Cənubi Qafqaz regionunda və beynəlxalq müstəvidə güclənən siyasi rolunu və bunun əsas səbəblərini təhlil etməkdir. Tədqiqat deskriptiv analiz metoduna əsaslanaraq siyasi, iqtisadi və diplomatik faktorları nəzərdən keçirir. Əsas nəticələr göstərir ki, zəngin enerji resursları, strateji nəqliyyat layihələri (BTQ, BTC), balanslı xarici siyasət və diplomatik fəallıq Azərbaycanın regional və qlobal aktora çevrilməsində mühüm rol oynamışdır. Araşdırmanın orijinallığı Azərbaycanın multilateral platformalarda, xüsusilə Qoşulmama Hərəkatı və enerji təhlükəsizliyi sahəsindəki fəaliyyətinin yeni baxış bucağından təhlil edilməsidir. Elmi yenilik ondan ibarətdir ki, bu fəaliyyətlərin beynəlxalq hüququn prinsipləri fonunda ölkənin siyasi çəkisinin artmasına təsiri ilk dəfə sistemli şəkildə araşdırılmışdır. Məhdudiyyət kimi geosiyasi dəyişkənliklərin nəticələrin uzunmüddətli dayanıqlılığına təsiri qeyd oluna bilər. Tədqiqatın nəticələri Azərbaycanın gələcək xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsində və regional əməkdaşlıq modellərinin inkişafında tətbiq oluna bilər.
Qloballaşma kontekstində hərbi gücdən istifadə təhdidləri ilə yanaşı, qeyri- güc fenomeni - yumşaq təhdidlər və risklər də təhlükəsizlik gündəmində xüsusi aktuallıq kəsb edir və qarşıdurmanın bu növü sön onilliklərdə genişlənməkdədir. Tədricən müharibələrin təbiətinin və hərbi zorakılıq vasitələrinin ciddi dəyişikliyə məruz qalması tendensiyası müasir hərb meydanında özünü təsdiq etməkdədir. Hərbi əməliyyatlar səhnəsindən ağır, sərt güc vasitələrini tam sıxışdıra bilməsə də, yümşaq təsir vasitələrinin rolu yüksəlməyə doğru gedir. Yumşaq güc vasitələrinin hərb işinə genişmiqyaslı nüfuzu müharibələrin taleyinin həll olunmasında və ölkələrin suverenliyinin zəiflədilməsində və ya tamamilə qəsb edilməsində heç də klassik zorakılıq alətlərindən az rol oynamır. AR Müdafiə Nazirliyinin Hərbi Elmi Tədqiqat İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Əkbərovun “Cənubi Qafqazda müasir geosiyasi çağırışlar: Azərbaycanın milli təhlükəsizliyi üçün mümkün yumşaq təhdidlər və onlara qarşı mübarizə” adlı məqaləsində araşdırılan problem həm aktuallıq, həm də tədqiqat baxımından əhəmiyyət kəsb etsə də, gündən-günə artan yeni forma və vasitələrin ortaya çıxması aspektində az öyrənilən sahə olaraq qalır. Bu istiqamətdə Azərbaycanda ciddi tədqiqatlara yeni başlanmaqdadır. Məqalədə xarici yumşaq təhdidlərin ölkə üçün nə dərəcədə təhlükəli olması və ona qarşı mübarizənin kritik əhəmiyyət kəsb etməsi izah edilir. Məqsəd İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni geosiyasi, hərbi reallıq fonunda Azərbaycana qarşı yönələn yumşaq təhdidləri müəyyən etmək və onlara qarşı mübarizə yollarını təkmilləşdirməklə bağlı qənaətlər təqdim etməkdən ibarətdir. Məqalədə ümumməntiqi idrak metodlarından - sintez, analiz, induksiya və deduksiyadan geniş istifadə edilib.

“İqtisadi tədqiqatlar” adlı sonuncu – 5-ci bölmədə 4 məqalə əksini tapıb. AR ETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin böyük elmi işçisi  Rafiq Rzayevin “Müəssisənin innovasiya və investisiya fəaliyyətinin yaxşılaşdırılması istiqamətləri” məqaləsində qeyd edilir ki, müasir dövrdə müəssisələrin rəqabətqabiliyyətliliyinin və davamlı inkişafının təmin olunmasında innovasiya və investisiya fəaliyyətinin rolu xüsusi əhəmiyyət kəsb edir. Bu məqalədə innovasiya və investisiya anlayışları təhlil olunur, müəssisələrin bu sahələrdə qarşılaşdığı problemlər araşdırılır və onların həlli yolları, habelə fəaliyyətin yaxşılaşdırılması istiqamətləri göstərilir. Elmi əsaslara söykənən təkliflər, həmçinin beynəlxalq təcrübəyə istinadlar verilir. Vurğulanır ki, müəssisələrin innovasiya və investisiya fəaliyyətinin yaxşılaşdırılması kompleks və çoxşaxəli tədbirlərin həyata keçirilməsini tələb edir. Dövlətin aktiv rolu, əlverişli hüquqi-institusional baza, güclü insan kapitalı və texnologiya yönümlü maliyyə mexanizmlərinin bu fəaliyyətin inkişafında əsas komponentlər olduğu bildirilir. Həmçinin məqalədə Azərbaycanda innovasiya və investisiya fəaliyyətinin cari vəziyyəti təhlil edilir, mövcud problemlərin aşkara çıxarılması və bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürülür.

AMEA Naxçıvan Bölməsinin dissertantı Aida Həsənlinin “Naxçıvanın iqtisadi potensialı və strateji əhəmiyyəti” adlı məqaləsində Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və strateji əhəmiyyəti təhlil edilir. Qeyd olunur ki, regionun sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl proqramlar, xüsusilə regionların inkişafına yönəlmiş dövlət strategiyaları sayəsində sürətlənmişdir. Naxçıvanın iqtisadiyyatı əsasən kənd təsərrüfatı, sənaye, duz istehsalı və sərhədyanı ticarət üzərində qurulmuşdur. Məqalədə statistik məlumatlar əsasında 2019–2023-cü illər üzrə ümumi gəlir və artım templəri qiymətləndirilir. Naxçıvanda qeyri-neft sektoru, sahibkarlıq və dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə də 2023– 2027-ci illəri əhatə edən yeni Dövlət Proqramı regionun iqtisadi müstəqilliyinin və davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı dövlətin həyata keçirdiyi məqsədyönlü proqramlar əsasında sürətlənmişdir.

Ərzaq böhranları, insanlıq tarixi boyunca cəmiyyətlərə dərindən təsir edən hadisələrdən biri olmuşdur. Təbii fəlakətlər, kənd təsərrüfatı istehsalındakı əngəllər, müharibələr və siyasi qərarlar qlobal və regional ərzaq təchizatında ciddi sıxıntılarla nəticələnib. Bu böhranlar iqtisadi və sosial nəticələrin hüdudlarından kənara çıxmış, çox vaxt beynəlxalq münasibətlərdə və qlobal siyasət dinamikasında əsaslı dəyişikliklərə səbəb olmuşdur. Müasir dövrdə iqlim dəyişikliyinin sürətlənməsi və davam edən silahlı münaqişələr fonunda məsələ yenidən aktuallıq qazanmışdır. Azərbaycan Dillər Universitetinin doktorantı Aynur Məmmədovanın “Ərzaqla bağlı tarixdə baş vermiş ən böyük böhranlar, onların beynəlxalq siyasətdə əks olunması və müasir çağırışlar” məqaləsində ərzaq böhranlarının diqqətəlayiq nümunələri araşdırılır, tarixi ərzaq çatışmazlığının ən əhəmiyyətli və geniş yayılmış xüsusiyyətləri müəyyən edilir, onların kök səbəbləri təhlil edilir və beynəlxalq siyasətə təsirləri araşdırılır. Bundan əlavə, gələcəkdə belə böhranların təkrarlanmaması üçün həyata keçirilməli olan siyasətlər və qəbul edilə biləcək potensial effektiv tədbirlər müzakirə olunur.

Sosial Tədqiqatlar Mərkəzi Sosial-iqtisadi təhlil departamentinin aparıcı məsləhətçisi Elmir Mehdiyevin “İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” potensialının dəyərləndirilməsi” məqaləsində qlobal miqyasda “yaşıl enerji” (bərpa olunan enerji) istehsalının mövcud vəziyyəti araşdırılmış, Azərbaycanda bərpa olunan enerji potensialı təhlil edilmiş, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji potensialı dəyərləndirilmiş, həmçinin beynəlxalq ekspertlərin fikirləri nəzərə alınmaqla bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi zərurətinin artması qənaətinə gəlinmişdir. 
Qeyd edək ki, beynəlxalq redaksiya heyətinə malik, ictimai və humanitar elmlərin geniş spektrini əhatə edən, rüblük dövri nəşri olan “Sosial tədqiqatlar” jurnalının yeni sayının PDF versiyasını Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytından və jurnalın internet səhifəsindən də (https://socialresearchjournal.az/)  oxumaq mümkündür.

 “Sosial tədqiqatlar” jurnalı (STJ) 2019-cu ildən Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təsis və nəşr edilir. 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. 2021-ci ilin mart ayında Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789 print və ISSN 2959-5223 online) ilə bağlı sertifikat verilmiş, Ali Attestasiya Komissiyası tərəfindən “Elm sahələri üzrə dövri elmi nəşrlərin siyahısı”na dörd elm bölməsi (“Fəlsəfə və sosiologiya”, “Siyasi elmlər”, “İqtisad elmləri”, “Tarix və antropologiya”) üzrə daxil edilmişdir. Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olması üzərində intensiv işlər aparılır.

 

KEÇİD LİNKİ

 

Beynəlxalq Elmi Redaksiya Heyətinin sədri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, müavini fəlsəfə elmləri doktoru, professor T.Allahyarova, məsul katib filologiya üzrə fəlsəfə doktoru A.Məmmədovdur.
“Sosial tədqiqatlar” jurnalının Redaksiya Heyəti