Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının 10-cu bəndində Sosial Tədqiqatlar Mərkəzinə (STM) “Yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, toplu və əsərlərin, məqalələrin nəşri, kitabların buraxılması” vəzifələrinin icrası həvalə edilib.
Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) və İstanbul Universiteti Hüquq fakültəsinin (Türkiyə) birgə təşkilatçılığı ilə “2025-ci Konstitusiya və Suverenlik İli” çərçivəsində 05 noyabr 2025-ci il tarixində “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir çərçivəsində məqalə və tezislərdən ibarət 730 səhifəlik toplu müəlliflərə, konfrans iştirakçılarına və oxuculara təqdim edilib.

Konstitusiyamızın 30 illiyi və Zəfərimizin 5 illiyinə həsr olunmuş bu beynəlxalq konfransın materiallarında 19 ölkədən (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, Fransa, Çin, Yaponiya, Macarıstan, Polşa, Qətər, Gürcüstan, Pakistan, Kanada, Ukrayna, Rumıniya, Tacikistan və s.) olan müəlliflərin: hüquqşünaslıq, politologiya, sosiologiya, kulturologiya və s. elm sahələri üzrə analitik və ekspertlərin tezisləri və məqalələri əksini tapıb.
Konfransda habelə konstitusiya hüququ sahəsində tanınımış yerli ekspert və alimlər, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri, ali təhsil müəssisələrinin profil kafedralarının professor-müəllim heyəti, doktorantlar iştirak edib.
Beynəlxalq konfransın həmsədrləri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc (Azərbaycan) və İstanbul Universiteti Hüquq fakültəsinin dekanı, professor Fethi Gedikli (Türkiyə) olub.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın iddiaçı tezis və ya məqalələrini təqdim edib. Onlardan tələblərə cavab verən 152 tezis/məqalə Beynəlxalq Konfransın Elm Komitəsi tərəfindən seçilib və çapına müsbət rəy verilib. 86 tezis/məqalə xarici, 66-sı isə yerli müəlliflərindir.

Konfrans materialları plenar sessiya, “Müasir dünyada konstitutisionalizm və qlobal dəyişikliklər”, “Milli dövlətçilik və konstitusion sabitlik: Azərbaycan və dünya təcrübəsi”, “Rəqəmsal dövrdə insan hüquqları, suverenlik və sosial çağırışlar: yeni hüquqi, siyasi-iqtisadi vektorlar” olmaqla 3 panel sessiya üzrə strukturlaşdırılıb. Plenar sessiyada 18, 1-ci sessiyada 36, 2-ci sessiyada 51, 3-cü sessiyada isə 47 məqalə/tezis öz əksini tapıb.
Topluda əsasən müasir konstitusionalizmin əsas tendensiyaları və istiqamətləri; qlobal qeyri-müəyyənliklər və dövlət suverenliyinə çağırışlar; müxtəlif ölkələrdə konstitusiya islahatlarının müqayisəli hüquqi təhlili; “Yeni dünya nizamı” və konstitusional normaların inkişaf vektorları; müasir konstitusiya islahatlarının əsas tendensiyalarının müəyyənləşdirilməsi, onların gələcək inkişafına dair proqnozlara münasibət; konstitusional hüquqda milli və universal aspektlər: ənənədən postmodernizmə; türkdilli dövlətlərdə konstitusionalizm ənənələri: son otuz il və gələcəyə baxış; konstitusionalizm - suverenlik və sabitliyin hüquqi əsası kimi; iqlim dəyişikliyi və ekoloji davamlılıq: ətraf mühitin mühafizəsi prioritetləri ilə bağlı konstitusiya müddəalarının qəbul edilməsi üçün imperativlər: fərqli mövqelər; konstitusional vətəndaşlıq və milli kimlik: müasir baxışlar; vətəndaş cəmiyyətinin konstitusion prinsipləri; konstitusiyanın 30 illiyi: ənənəvi və konstitusional dəyərlər; Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası; Qarabağ Zəfəri və konstitusiyada təsbit edilən tam suverenliyin bərpası; konstitusion normalar milli maraqların və dövlət suverenliyinin qarantı kimi; rəqəmsal inqilab, informasiya və dövlət suverenliyi: müasir reallıqlar və tendensiyalar; rəqəmsal transformasiyanın hüquqi tənzimlənməsi: beynəlxalq standartlar - milli yanaşmalar; süni intellekt və rəqəmsal inqilab əsrində insan hüquqlarının dördüncü nəsli; dövlət suverenliyindən informasiya suverenliyinə və s. mövzular araşdırılıb.
Beynəlxalq konfransda iştirak edən müəlliflər, eləcə də maraqlanan şəxslər məqalələr/tezislər toplusu ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərlər: